|
Новая страница 1
Qasım Hacıyev
Erməni təcavüzü
və metodoloji yanaşma məsələlərinə dair
Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağın tarixi-coğrafiyası, etnoloji
quruluşu, siyasi, iqtisadi və mədəni tarixi kompleks şəkildə və hərtərəfli
tədqiq edilir. Qarabağın son dövrlərdə münaqişə zonasına çevrilməsinin səbəbləri
araşdırılır. Dağlıq Qarabağ probleminin əsl mahiyyəti şərh edilir. Dağlıq
Qarabağ düyünün obyektiv və subyektiv səbəbləri təhlil edilir. Bu gün dünya
dövlətlərinin terrora qarşı ciddi mübarizə apardığı bir dövrdə Ermənistanın
dövlət səviyyəsindəki terrora göz yumulmasının təəccüb doğurması açıq bəyan
edilir.
Beynəlxalq aləmdə yayılmış «erməni məsələsi» , «məzlum erməni», «genosid» kimi
uydurma fikirlər altında gizlənən məkrli niyyətlər açıqlanır. Dünya xalqları
artıq ermənilərin əsl simasını görür. Azərbaycanlıların ermənilər tərəfindən
deportasiyaya məruz qoyulması dünya ictimaiyyətinə çatdırılır. Bu təbliğatın
intensivləşdirilməsinə təşəbbüslər artırılır. Böyük dövlətlərin bir çoxunun
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla
yanaşması, Azərbaycan Respublikasının, onun xalqının hüquqlarının pozulmasına
göz yumulması müşahidə olunur və buna qarşı geniş təbliğat aparılır.
Dağlıq Qarabağ probleminin həlli sülh yolu ilə mümkün olmadığı halda, nəyin
bahasına olursa-olsun, Azərbaycanın öz torpaqlarını azad edəcəyi fəal şəkildə
gündəmə gətirilir. Ermənistan xarici havadarlarından aldığı dəstək hesabına
anti-Azərbaycan, anti-Qarabağ fəaliyyətini genişləndirməsinə imkan verməmək üçün
artıq müdafiə mövqeyindən hücum mövqeyinə keçilməsinə üstünlük verir. Burada
elmi, siyasi, intellektual və nəhayət, hərbi sahələrdə aktiv fəaliyyət nəzərdə
tutulur. Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatlar tərəfindən həll
edilməməsi bəşəri bir səhvə yol verilməsi kimi qiymətləndirilir.
Beynəlxalq aləm Dağlıq Qarabağ probleminin həll edilməməsini azərbaycanlıların
hüquqi və mənəvi haqlarının tapdalanması kimi anlamaqdadır. Bu problemin
Azərbaycanın ərazi bütövlüyünə toxunulmaması şərti ilə həll edilməsinin
tərəfdarı olduğunu bildirməkdədir. Qarabağ probleminin həllinin bu qədər
uzanması müasir qloballaşma prosesinə ziddir. Bu halın davam etməsi iqtisadi
cəhətdən potensial imkanlara malik olan Azərbaycana təsir etdiyi halda,
dotasiyalarla yaşayan Ermənistanı dünyada gedən proseslərlə necə ayaqlaşacağı
barədə düşünməyə vadar etməkdədir.
|