|
Новая страница 1
Qeyrət Quliyev
«Hər gün Qarabağ, hər yer Qarabağ!», «Allahu-əkbər, Xankəndinə
qədər!»
Şüarları vergülə qədər və sonra sistemli yanaşmada
(Problem əksliklərin vəhdəti və mübarizəsi müstəvisində gələcəyimizin təminatı
kimi)
“Külli
Qarabağın
abu-həyatı sərtbəsərt müharibədir
müharibə” (Bizim nəzirə)
Tarix onlarla klassik misallara şahiddir ki, cahanşümul proseslər, tarixi
dəyişən hərəkatlar, zamanı qabaqlayan hadisələr, xalqı, milləti səfərbər edən
aksiyalar, kütləni yaxşı mənada qarşısıalınmaz vəziyyətə gətirən zaman kəsikləri
şüarlardan başlayıb. Onlar dövlət rəmzlərinə, millətlərin totemlərinə,
sərhədlərinə bərabər tutula biləcək qədər əhəmiyyətlidir. Təbii ki, onların
müəllifi və ya müəllifləri olur. Bu partiya da, hərəkat da, hansısa başqa
formalı qurum da ola bilər.
Əsas bu deyil, odur ki, həmin şüarlar ümummilli ola bilir, ya yox? Şüarların
müəllifi və ya müəllifləri arxivlərdə itib-bata da bilərlər. Onları tapıb
dəqiqləşdirmək tədqiqatçıların işidir. Şüarlar elə belə yaranmır. Xalqın,
millətin başı daşdan daşa dəyir, onlar ümumi təhlükəyə məruz qalırlar. Ortaya
mövcud olub-olmamaq məsələsi çıxır. Şüarla dövlət yarana, qurula, həm də dağıla,
parçalana bilər. Onlar şüura hesablandığı kimi, psixikaya, emosiyaya, kütlənin
bəzən zəruri olan idarəolunmazlığına da hesablanıb...Biz şüarlarla bağlı ən
ümumi, ancaq prinsipial müddəalar üzərində dayandıq. Qısası, dövlət, xalq,
millət ayrılıqda və birlikdə ümummilli şüarlara malik olmaya bilməz. Bu onlara
hava kimi, su kimi zəruridir. Yuxarıdakı bütün müddəaları onlarla misallarla
təsdiq eləmək olar. Amma bəzi nümunələrlə kifayətlənək. Məgər dünyanı kiçildib
balaca bir otağa sığışdıran internet özü şüara çevrilmiş bir gerçəklik deyilmi?
Axı o cahanşümul bir prosesin əsasını qoydu. Yəni informasiyanı gizlətməyə son,
həlledici zərbəni vurdu. Onun sərhədlərini vurub dağıtdı. «Ortaqlaşdırmaya
doğru!» şüarı dövlətlərarası nazirlik tərəfindən həyata keçirilsə, türkdilli
dövlətlərin tarixini dəyişən hərəkata çevrilməzmi? Çevrilər. Hələ 1974-1975-ci
illərdə «Bu quruluş dağılacaq!» demək zamanı qabaqlayan şüar irəli sürməyə
bərabər idi. Elçibəy mərhələsi belə başlamışdı. Berlin divarının sökülməsinə
qədər mənim xalqım quş belə səkə bilməyən imperiya sərhədini söküb xalqı,
milləti səfərbər edən aksiya həyata keçirmişdi. Hara çevirsələr də bu «Bütöv
Azərbaycan!» şüarının təzə doğuluşudur. Rübabə Muradovanın «Doldurun Arazdan
piyaləmi mənim» oxuması da artıq şüar kimi səslənir. İndiki Xankəndində o vaxt
erməniləri «Miatsum!» şüarı müalicəsi mümkün olmayan kütləyə çevirməmişdimi? Biz
sərhəd qülləmizdə tək-tənha, ayıq-sayıq dayanmış Əsgərimizi totemimiz tənha boz
qurddan fərqləndirmirik. Onlar da şüar qədərdirlər. «C.Qaribaldimi ümummilli
şüarlar yaratdı, yoxsa ümummilli şüarlar onu» sualı tədqiqatçılar üçündür. Əsas
odur ki, İtaliya birləşdirildi. İndi biz «can bədəndən ayrı» vəziyyətindəyik.
Qarabağ bəzi beynəlxalq güclərin köməyilə əsir götürülüb. Dəfələrlə dövlətimizə
təklif etmişik ki, təqvimdən bir gün ayırıb «İşğal edilmiş ərazilər günü» kimi
qeyd etmək haqqında qərar versin. Verməyiblər və müxalifətdən də lazımi dəstək
almamışıq. O hakimiyyətə bu məsələdə davamlı təzyiq belə etməyib. Bizə bu günün
qeyd edilməsi həm də Qarabağla bağlı ümummilli şüarlar formalaşdırmaq üçün
zəruridir. Yaponiya dəli deyil ki, indiyə qədər «Şimal əraziləri günü»nü qeyd
edir. Almaniya isə bəzi vağzallarında elan edir ki, «Qatar müvəqqəti olaraq
Köniqsberqdən keçmir». Kalininqrad nəzərdə tutulur. İstənilən auditoriyada sübut
etməyə hazıram ki, ümummilli səviyyədə rəsmiləşdirilməmiş şüarlar olmasa, ərazi
bütövlüyümüzü bərpa edə bilməyəcəyik. Əslində xəritəyə qoyulan Qarabağ yox,
bütövlükdə Azərbaycan dövləti, xalqı, millətləri və onların mövcud
olub-olmayacağıdır. Biz nə təklif edirik? Hansı təcrübəyə əsaslanırıq? Beləliklə
1.İqtidar-müxalifət sisteminin baxışı və yekunu hər iki postda iflasın
nəticəsi rolunda
1998-ci ilin payızında məlum oldu ki, ölkə iqtidarı və müxalifəti yeni
qüvvələrin qarşısını almaqda birgə fəaliyyət göstərirlər. Təkzibedilməz dəlillər
ortaya çıxmışdı. Bu yeni şey olduğundan anlayışla adlanmaq - yəni formulə
edilmək tələb edirdi və biz ciddi araşdırmalardan sonra «iqtidar-müxalifət
sistemi» anlayış-ifadəsini ortaya qoyduq. Axı onlar sistem əlamətlərilə
birləşiblər və yeni sistem qurmaq istəyən yeni qüvvələrlə ermənilərlə
vuruşmadıqları kimi vuruşurlar. Niyə də birləşməsinlər, vuruşmasınlar. İndiki
iqtidar da, indiki müxalifət də həm iqtidarda, həm də müxalifətdə iflasa
uğrayıblar. Xalq 6-7 ildir «İlanın ağına da lənət, qarasına da lənət»
deyir...Təkcə bunlara görə siyasətdə qalmaq üçün bunların birləşməkdən başqa
əlacı qalmır. Dəfələrlə iqtidar müxalifəti, müxalifət isə iqtidarı
biabırçılıqdan qurtarıb. İMS (bizim «iqtidar-müxalifət sistemi»
anlayış-ifadəmizi bundan sonra mötərizənin əvvəlindəki mürəkkəb ixtisar şəklində
oxuyun- Q.Q) Qarabağ probleminə necə baxıb və hansı yekunlar əldə edib? İlk
növbədə hakimiyyət dəyişiklikləri ilə rayonlarımızın işğalı üst-üstə düşüb. Bu o
deməkdir ki, hakimiyyət uğrunda mübarizə onlara ərazilərimizin işğalından vacib
olub. Şübhəsiz, bəzi hallarda rayonların işğalı hakimiyyətə gəlməyin şərti olub.
9 dövlət vəd edibmiş ki, filan namizədin (guya başqaları da var idi)
«seçilməsi»nin arxasında «Qarabağ probleminin həlli durur» (bu Milli Məclisdəki
naşı, şok çıxışdan sitatdır- Q.Q). H. Əliyev hakimiyyətə gələndə daha böyük
ərazi işğalı oldu. Şərtləri bütün hallarda Azərbaycandan qıraqda
müəyyənləşdiriblər...
Daha sonra bunlar problemin həllini tam həcmdə fövqəldövlətlərin və beynəlxalq
güclərin ixtiyarına təqdim etdilər. ATƏT-in Minsk qrupunun yaradılması həm də
atəşkəsə razılıq vermək idi. H.Əliyev nöqtə qoyub ona imza atdırdı. İnsaf
naminə, fərqlər də var. AXC-Müsavat hakimiyyətsizliyi dövründə ordumuz
Xankəndinin həndəvərində idi, xalq «Qarabağ» hayqırırdı, kimisə müharibə
təbliğatına görə mühakimə etmirdilər. H.Əliyevin dövründə isə xalqın döyüş
ruhunu qırmaq, təslimçilik siyasəti xətti aparılırdı. Xalqı «Barı Naxçıvan»a
oynatmağa çalışırdılar. Bu hakimiyyətin məşhurlaşdırdığı maddələr (57- Vətənə
xəyanət, 220- qanunsuz silah saxlama) kütləvi şəkildə tətbiq edilərək əslində
özünəməxsus represiyalara çevrildi. Müharibə təbliğatına görə məhkəmələr qurmaq
cəhdindən əl çəkmirdilər. Fərarilik ən yüksək səviyyədə bağışlandı.
Yadınızdadır, H.Əliyev Prezident Aparatında fərarilərlə zal dolu bir görüş
keçirdi. Bu müharibə tərəfdarlarına mesaj idi. H.Əliyevin bir müstəsna xidməti
də olub. O atəşkəsi səskəsə çevirib cəmiyyətin təpəsinə çırpıb. Onun yaratdığı
sabitliyi (biz buna həmişə «məzarlıq sükunəti» demişik) haqqında adi tənqid
deyəni o saat sıxışdırıblar ki, bəs atəşkəsi pozursan. Yəni bu ölkədə atəşkəs
müharibədən başqa hər şeyə aid olub. Onu daxili siyasi rəqibləri əzmək üçün
istifadə ediblər. Ordunu möhkəmləndirməkdən ötrü yox. H. Əliyev özü hava
limanında bir az da fəxrlə dedi ki, «Bir tank da almamışıq»...Bir müddət hər iki
tərəf işğal günlərində işğal olunmuş rayonun ictimaiyyətilə görüşmək yarışına
girişdilər və sonra bunu da unutdular...Və, nəhayət, İMS ölkə Avropa Şurasına
daxil olanda yazılı, imzalı öhdəlik götürdü ki, müharibə etməyəcəklər. Ötən ilki
prezident seçkilərində bunu xaricdəki ağalarına çox yaxşı nümayiş etdirdilər.
Dönə-dönə deyirdilər ki, müharibə etməyəcəklər. Biri o birisini şantaj edəndə
deyirdi ki, filankəs gəlsə, müharibə edəcək, pullarınız batacaq. Bax, burda
əksliklərin vəhdəti var, amma mübarizəsi yoxdur.
Beləliklə, bunlar heç nəyə nail olmayıblar. Sülh deyib durublar. Təfəkkürləri də
belədir ki, nəyinsə həllini nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaqdan
və ona gəlməkdən qıraqda görmürlər. Bunlardan ötrü belə məsələlər yoxdur ki,
onlarla müqayisədə hakimiyyət məsələsi çox kiçik görünsün. İçlərində elələri var
ki, bir rayondan ibarət ölkənin belə prezidenti olmağa razı olarlar. Bunlar
«dSxS»dirlər. Bizim bu mürəkkəb ixtisar belə açılır – «daxildə Səddam, xaricdə
Samosa». Öz postlarına, xalqa münasibətdə Səddam olan bu adamlar xaricin əsiri
olduqlarından Samosadırlar. ABŞ və fövqəlgüclər qarşısında Samosa olmaq uğrunda
təhqiramiz yarışırlar. Yenə də əksliklərin vəhdəti var, amma mübarizəsi yoxdur.
Onlar isə müharibədən danışmağı gerilik əlaməti, az qala vəhşilik sayırlar. Bu
yaxınlarda təxminən belə AŞ-dan V. Şvimmer danışdı. Dedi ki, «Azərbaycanla
Ermənistan siam əkizləridirlər. Ayırsan qan tökülər» Biz İMS-dən prinsipial
olaraq ayrıldığımızdan, onların hər iki tərəfinə müxalifətdə olduğumuzu rəsmən
elan etdiyimizdən onlara «nöqtə» işarəsini çoxdan qoymuşuq. Qarabağ məsələsində
də bütün digər məsələlər kimi bitiblər. Amma bu ölkədə onların yaratdığı xeyli
«üç nöqtə» qoyula biləcək suallar var. Bizim onları həll etməyə iddiamız da var,
müddəamız da. Bəs Qarabağ məsələsində bu müddəalar nədən ibarətdir? Yəni
2. İki şüarın iki vergülünün, iki nidasının mahiyyəti baxışın və yekunun
dəyişəcəyinə təminat yolu
«Hər gün Qarabağ, hər yer Qarabağ!»… «Allahu-Əkbər, Xankəndinə qədər!»…İllərdir
biz bu şüarları ictimai şüura yeridirik. Nəticə də var. Dəfələrlə tanımadığım
adamlar bəndənizi küçədə, telefonda, tədbirlərdə bu şüarlarla salamlayıblar.
Amma partiya sədri olub ki, B. Dadaşovanın konsertinin fasiləsində bəndənizlə
rastlaşanda şüarı ələ salıb və cavabını artıqlaması ilə alıb. Bu adam prezident
olmaq iddiasındadır… Biz hesab edirik ki, Azərbaycan siyasətinin konsepsiyası,
modeli, texnologiyası, adət-ənənələri dəyişməsə, ərazi bütövlüyümüz bərpa
olunmayacaq. Ölkə hakimiyyətində və müxalifətində sistem islahatları da
aparılmalıdır. Bunlar birlikdə ölkənin islahatı demək olacaq. Keçək şüarlara.
Biz nə sadəlöhv, nə də fanatik deyilik ki, təkcə şüarlarla Qarabağı almağın
mümkünlüyünə inanaq. Amma dəqiq bilirik ki, xalqın təfəkkürünə oturmuş, qanına
hopmuş, iliyinə işləmiş şüarlarsız bu mümkün deyil. Bunlarla yanaşı, bizim
şüarlarda başqa fəlsəfə var. Nədən biz şüarı «Hər gün Qarabağ, hər yer Qarabağ!»
kimi formulə etmişik? Vergüldə dayanıb, onun yerinə «nida» qoymaqla qurtarmaq
olmazdımı? Yoxsa bu improvizə tamlığını («Hər gün Aşura, hər yer Kərbəla!»
şüarından improvizə nəzərdə tutulur – Q.Q) qoruyub saxlamalıdır.? Yox və yox.
Söhbət prinsipial müddəalardan gedir. Bizim bu vergülümüz «iqtidar-müxalifət
sistemi» anlayış-ifadəmizdə olan tiremiz kimi ciddi əhəmiyyət kəsb edir. Tire
orada sistem əlamətlərilə birləşməni simvolizə edirdi və edir. Vergül isə o
deməkdir ki, ölkənin ermənilərdən qalan 80 faizi də işğal edilib. Yəni
iqtidar-müxalifət sistemi tərəfindən. Ölkədə onların ictimai don geyindirdikləri
şəxsi iddialarından qıraqda hər qüvvəni amansızcasına, əxlaqa, sivil mübarizə
prinsiplərinə məhəl qoymadan məhv edirlər. Son 6-7 ildə bu alınmadığından
«isterika» vəziyyətindədirlər. Yeni qüvvələri əvvəl ələ salıb inkar etdilər,
sonra perspektivləri yoxdur dedilər, sonra avanturistcəsinə bleflədilər ki, yeni
qüvvə də bizik. Ən maraqlısı və fəndgiri seçkilərdə baş verdi. Öz seçki
orqanlarında, bəyanatlarında müstəqil siyasətçilərə yer verməyə hazır
olduqlarını vurğuladılar… Heç bir həqiqi müstəqil siyasətçi onların bu tələsinə
düşmədi. Seçkidən sonra seçicilərin səslərini qoruya bilməmələrinə,
fəaliyyətsizliklərinə haqq qazandırmaq üçün yenə də blefə əl atdılar ki, bəs
yeni qüvvələrə vaxt versək də, onlar üzə çıxa bilmədilər. Bunun arxasında o dəli
inam durur ki, bu ölkədə onların razılığı olmadan heç bir qüvvə siyasi səhnəyə
çıxa bilməz… Əlbəttə, özlərindən başqa heç kim bu mifə inanmadı. Amma bunları
qınamaq da olmaz. Axı əksəriyyəti iqtidarın və xaricin razılığı olmadan «mık»
belə eləmirlər. Qayıdaq şüara. Onun vergüllə ayrılan tərəfləri arasında
prinsipcə «bərabərlik» işarəsi qoymaq olar və heç nə dəyişməz. Kəsəsi, ölkə
bunların işğalından azad edilməsə, Qarabağ azad edilməyəcək. Bunu biz edəcəyik.
Artıq ictimai şüuru İMS-in əlindən almış kimiyik. Bəzən belə mesajlar gəlir ki,
biz folklorda deyildiyi kimi «iynə ilə gor qazırıq»… Bəli, bəli, razıyıq, bizim
belə vaxtımız olub. Amma arxada qalıb. Biz o vaxt and içmişdik ki, iynə ilə olsa
belə bu iqtidarın, bu müxalifətin siyasi gorunu qazacağıq. İndi hansı əmək aləti
ilə işlədiyimizi qoy xalq desin. Lakin bu 100 faiz iynə deyil. Onların öz
içərisində müstəqillər əmələ gəlib. Məsələn, onlardan biri müsahibəsində deyir
ki, KİV-dən ona gündə 15-20- müraciət olur və heç biri həmin partiyanın
funksioneri olması ilə bağlı deyil, müstəqil siyasətçi kimi qəbul edilməsiylə
bağlıdır. Kim desə ki, bu həm də bizim Azərbaycan cəmiyyətində 1999-cu ilin
aprelindən planlı şəkildə işləməyə başladığımız iynə ilə bağlı deyil, bilin ki,
səmimi deyil.
«Allahu Əkbər, Xankəndinə qədər!» şüarına görə başımız çox çəkib. Bunların nə
gündə olduğu apreldə olmuş müzakirədən göründü. Hələ də «Stepanakert»
deyib-yazırlar. Ermənilər Əli İnsanova Yerevanda elə-belə deməmişdilər ki,
«Bizim yeganə ümidimiz Heydər Əliyevədir». Antiiçi müxalifət o vaxt lağa qoydu.
Biz isə tam ciddi yazdıq ki, «Bəli, bəli ermənilərin bu ölkədə ümid edə biləcəyi
yeganə quvvə H. Əliyev və komandasıdır». R. Mehdiyevin, F. Abdullazadənin və
digərlərinin oturduğu aparat ancaq belə müzakirə təşkil edə və erməniləri
sevindirə, xalqımızın, millətimizin isə bağrını çatlada bilərlər. Prezident
Aparatındakı tragikomik tamaşa göstərdi ki, ermənilərin rəhmətliyə olan ümidləri
özündən sonra da doğrulur. Professor İ. Vəliyevin də məsuliyyəti var. Amma onun
əsas günahı İMS-dən ayrılmaması, onun içində olmasıdır. 32 kitabı, 700 məqaləsi
var. Üst-üstə yığsan bəzi adamların boyundan və çəkisindən artıq olar… Dəxli
olan haşiyədən qayıdaq şüara. Təbii ki, İslam irsinin, təcrübəsinin istifadəsini
nəzərdə tuturuq. Kiminsə inkar etməsindən asılı olmayaraq, dünyada dini zəmində
nəhəng qarşıdurma var. Bunu etiraf etməyənlər «qarşıdurma» əvəzinə «rəqabət»
deyirlər. Biz folklorda buna «Həsən keçəl, keçəl Həsən» deyirik. Xristian
təəssübkeşliyi, islama (müsəlmanlığın olduğu ölkələrə) ən azı soyuq münasibət
beynəlxalq güclərin (BMT, DB, BVF, ÜDTT, AŞ və..) əsas qeyri-rəsmi fəaliyyət
prinsipidir. Papa özü V.Putinə deyib ki, «ötən minillikdə Amerikanı
xristianlaşdırdıq, bu minillikdə də Asiyanı xristianlaşdıracağıq». Biz torpaq
davasına din davası kimi baxmağın qəti əleyhinəyik. Baxmayaraq ki, faktik olaraq
buna çəkilmiş kimiyik. Dünyanın enerci ehtiyatları əsasən müsəlmanların
ölkələrindədir. Qərbdə, ABŞ-da, Avropada isə həm enerci ehtiyatları tükənir, həm
də total mənəvi böhrandır. Yəni təkcə təbii ehtiyatlarımza sahib olmaq üçün
marionetləri iqtidarda və müxalifətdə saxlamaqla kifayətlənmirlər. Həm də
millətimizi məxluqatlaşdırmaq, xalqımızı zombiləşdirmək, dövlətimizi
sifətsizləşdirmək yolunu tutublar. Biz bütün bunlara müharibə elan etməliyik.
«Allahu-Əkbər» sədası bizdə var, amma Xankəndində olmadığından şüarda vergüllə
dayanıb, sizləri qərar qəbul etməyə dəvət etmişik. Bizim qərarımız belədir ki,
dinimizi ərazimizdə bərpa etməliyik. Məscidimiz bərpa olunacaq. İlahidən gəlmə
musiqi, saat olan azan səslənəcək. Yaxşı, axı biz müharibə vəziyyətindəyik. Bu
müharibədir, yoxsa biznes? Yəni
3. Müharibə üstündə biznesdən müharibəyə və ya epiloq proloq yerinə
İstənilən səviyyədə sübut edə bilərik ki, bizdə müharibədən çox müharibə faktoru
üstündə biznes olub, var və yeni qüvvəllər bu ölkəni İMS-dən alıb camaatımıza
qaytaranda olmayacaq. Müharibə üstündə biznesin əsas tezisi nədir? Odur ki, ölkə
iqtidarı da, müxalifəti də hər şeyi olmayan müharibə ilə izah edir. Bu artıq
dərin kök salmış istiqamətdir. Ən adi işləri görməmələrinə haqq qazandırmaq üçün
camaata deyirlər ki, «keçid dövrüdür». Bu nömrə keçməyən kimi yalandan
əsəbləşirlər ki, «müharibə vəziyyətindəyik». Ölkə qəddarcasına talanır və
söhbətsiz bunu həm də müharibə vəziyyətinin adına sənədləşdirirlər, silirlər,
süpürürlər… Adını qoyurlar «inventarlaşdırma». Zavodların avadanlığını söküb
satıb-dağıdıblar ki, hərbi məhsul istehsalına keçirik. Ermənistana yanacaq
göndərib ölməyə qoymurlar. Həlak olanlar, əsir düşənlər, girov götürülənlər
üstündə də uzun müddət milyardlar qazananlar olub. Minlərlə saxta əlil
sənədləşdiriblər. Bir-iki şəkil çəkdirib «döyüşmüşəm» deyə bu millətin boğazına
keçən siyasətçilər var. Bir dəfə rəhbərlik etdiyim şöbənin müxbiri bir
siyasətçinin belə bir şəkilini gətirdi ki, əlimə keçib, gedim özündən bunun
tarixini öyrənim. Düz bir səhifə danışmışdı ki, ay belə döyüşmüşük… Biləndə ki,
müxbirə şəkili özü verib sarsıldım və müxbiri işdən uzaqlaşdırdım…Uzatmaq
istəmirəm. Sadəcə qeyd edim ki, bizdə müharibə biznesi dövlət aparatı ilə
çulğalaşmış kölgə iqtisadiyyatının tərkib hissəsidir və onun qalmasında həmin bu
dairə maraqlıdır. Onlar müharibə etməyəcəklər ki, milyardlarla pulu
itirməsinlər… Hələ danışıqlar prosesinə sərf olunan maddi-texniki vəsaiti
demirəm. Bu da beynəlxalq biznesdir. Turist biznesi. Belə eybəcər vəziyyətə
baxmayaraq, bizdə müharibə tərəfdarları ilə əleyhdarlarının açıq mübarizəsi hələ
başlamayıb. Bəs başlayacaqmı? Biz sözümüzü məlum şairdən etdiyimiz improvizədə
demişik – «KÜLLİ QARABAĞIN ABU-HƏYATI SƏRTBƏSƏRT MÜHARİBƏDİR MÜHARİBƏ!» Bu
epiloqu təhlilin proloqu kimi səsləndirib keçirik sintez mahiyyətli nəticələrə.
İşğaldan
azadlıq müharibəsinə və azad, demokratik, ədalətli Azərbaycana!
Nəticələrə qoyduğumuz ümumi ad şüar kimi səslənir və epiloq kimi verilmiş
nəzirəni də nəzərə alanda artıq 4 şüarımız olur. Başqa ümummilli şüarlar təklif
edilərsə, onlar da müzakirə edilə bilər. Amma indiki şüarsızlıqla qurtarmağın
vaxtı çoxdan keçib. Biz dövlət, xalq, millət olaraq ümummilli şüarların yaxşı
mənada əsiri olmalıyıq. İMS-dən xilas olmağın yeganə yolu azad, bərabər,
demokratik, ədalətli seçkidir. Bizim istəyimiz, tələbimiz də budur. Belə seçkidə
uduzsaq, qalibi tanıyacaq və müxalifətdə qalmaqla dövlətin, xalqın, millətin
talyei ilə bağlı məsələlərdə iqtidarla əməkdaşlıq edəcəyik. Lakin BMT-nin
üzvüyük və onun bizim də qoşulduğumuz rəsmi sənədində belə bir müddəa nəzərdə
tutulur ki, xalqın onu qane etməyən rejimə qarşı üsyan etmək hüququ var.
Politologiyada buna «məxməri inqilab» deyirlər. Biz son saniyəyə qədər də bunun
əleyhinə olacağıq. Amma İMS ölkəni küçə variantına sürükləyir. Xalq buna gedəndə
onun qarşısında biz də daxil olmaqla bütün qüvvələr çox aciz qalacaq. Ən son
variant kimi bu baş verəndə seçki ilə qanuniləşəcək. Qısa müddətdən sonra
azadlıq müharibəsinə qalxıb torpaqlarımızı azad edəcəyik. Burada beynəlxalq
hüquqa zidd olan heç nə yoxdur. Bütün bunlarla yanaşı, İMS-dən fərqli olaraq
bizim üçün bir sıra məsələlər hakimiyyətlə müqayisədə çox kiçikdir.
Bunu
həmişə nəzərə almışıq,
alırıq, alacağıq da.
|