|
Новая страница 1
Qorxmaz Mustafayev
XIX əsrin əvvəllərində Qarabağ və Gəncə xanlıqlarının
inzibati vahidləri
və
əhalisi
Şimali
Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları
özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm
inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi
ərazisində meydana çıxmışdı.
Xanlıqlar dövrü Azərbaycan tarixinin son dərəcə maraqlı və mühüm mərhələlərindən
biridir. Azərbaycan xanlıqlarının tarixinin müxtəlif aspektləri tədqiqatçıların
araşdırma obyektinə çevrilsə də, xanlıqlarda demoqrafik proseslərin öyrənilməsi
Azərbaycan tarixşünaslığında yeni istiqamətlərdən biridir. Əhalinin
demoqrafiyası çoxşaxəli, geniş spektrli problemləri əhalinin say dinamikası,
etnik və dini tərkibi, yerləşməsi, miqrasiyası, emiqrasiyası və s. əhatə edir.
Bütün bu problemlərin Qarabağ və Gəncə xanlıqlarında hərtərəfli araşdırılması,
Azərbaycanın xanlıqlar dövrü tarixinin bir çox qaranlıq səhifələrinin
işıqlandırılması baxımından da böyük əhəmiyyətə malikdir.
XIX
əsrin başlanğıcında I Aleksandr hakimiyyət başına gəldikdən sonra Rusiyanın
Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya imperiyası Azərbaycan
xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü ildə P.D.Sisianovun
başçılığı ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyasəti
yeridilməsinə başlandı.
I
Rusiya-İran müharibəsinin bütün döyüşlərinin Azərbaycan ərazisində getməsi
xanlıqların əhalisinin say dinamikası və digər demoqrafik proseslərdə dərin iz
buraxdı. Müharibəyə başlamasından az sonra Rusiya Azərbaycan xanlıqlarına, o
cümlədən Qarabağ xanlığına təzyiqi gücləndirdi. Yaranmış hərbi-siyasi
vəziyyətdən yeganə çıxış yolu kimi, İbrahimxəlil xan 1805-ci il mayın 14-də
Kürəkçay sülh müqaviləsini imzalayaraq Rusiya himayəsini qəbul etməyə məcbur
oldu. Traktatın bağlanması ilə Qarabağ xanlığının bütövlüyünün saxlanmasına
imperator zəmanəti verilirdi. Beləliklə, Qarabağ xanlığı öz müstəqilliyindən
məhrum oldu və Şuşada rus qoşunları yerləşdirildi. Qarabağ əhalisinin «qorumağa»
gələn rus qoşunu 1806-cı ildə mayor Lisaneviçin başçılığı altında İbrahimxəlil
xanı bir neçə nəfər əhl-əyalı və yaxın adamı ilə (17 nəfər) qətlə yetirdi
(Mir Mehdi Xəzani.“Kitabi-tarixi-Qarabağ”. Qarabağnamələr. İkinci
kitab. B.1991., s.178).
1806-cı il 13 sentyabr tarixli I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa Qarabağ
xanı təyin edildi
(T.Köçərli. Qarabağ. B., 2002. s.209-210).
Azərbaycanın şimal xanlıqlarının ərazilərinin işğalından sonra, 1813-cü ildə
müsəlman əyalətlərini idarə etmək üçün iqamətgahı Qarabağın mərkəzi Şuşada
yerləşməklə xüsusi orqan
- «Müsəlman
əyalətləri hakimi» təsis edildi. Bu orqanın yaradılması Azərbaycan
xanlıqlarının, xüsusilə də Qarabağ xanlığının tamamilə ləğvi istiqamətində
atılan mühüm addım idi. Maraqlıdır ki, «Müsəlman əyalətləri hakimi» vəzifəsinə
qatı xristian təəsübkeşi olan knyaz Mədətov təyin edildi
(T.Köçərli. Qarabağ. B., 2002. s.212).
Yermolovun «sağ əli» olan Mədətov Qarabağda «ən birinci mülkədara» çevrilmişdi.
Məlumdur
ki, Azərbaycan xanlıqları inzibati baxımdan mahallara, mahallar isə şəhər və
kəndlərə bölünürdü. Qarabağ xanlığının ləğv edilməsindən bir il sonra - 1823-cü
ildə çar məmurları Mogilevski və Yermolovun keçirdiyi kameral təsvir
materiallarında Qarabağ əyalətində 21 mahal-Sisiyan, Dəmirçihəsənli, Küpara,
Bərgüşad, Vahabyurd, Kəbirli, Tativ, Cavanşir, Talış, Xaçın, Kolanı, Çələbiyurd,
Xırdapara Dizax, Püsiyan, Dizaq Cavanşiri, Otuziki, İyirmidörd, Qaraçorlu,
Vərəndə, Dizax və Acanan-türk - qeydə alınmışdır
(Kameral
təsvir(1823).-ЦГИААР,fond24.op.1.d 143,l.12-222).
1727-ci və 1823-cü il sənədləri göstərir ki, Qarabağın inzibati-ərazi vahidləri
zaman keçdikcə bəzi dəyişikliklərə məruz qalmışdı. 1823-cü il kameral təsvirinə
əsasən, Qarabağ xanlığı ərazisində yalnız Şuşa şəhərinin olması göstərilir
(Kameral təsvir(1823).-ЦГИААР,фонд24.оп.1.д
143,l.4-11).
Görünür, 1727-ci il sənədlərində qeydə alınmış Bərdə şəhəri artıq şəhər yaşayış
məskəni kimi öz əhəmiyyətini itirmişdi. 1823-cü il kameral təsvir
materiallarını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi
səhvləri nəzərə alsaq, 1823-cü il kameral təsvirinin
yekun cədvəlinə əsasən, Qarabağ əyalətində 18563 ailənin yaşadığı məlum olur. Bu
rəqəmin üzərinə sonradan qeydə alınmış cəbrayıllıların 139 ailəsini də əlavə
etsək 18.702 ailə alınır. 1823-cü il kameral təsvir materiallarının
araşdırılmasından sonra Qarabağ əyalətində faktiki olaraq 18.769 ailənin
yaşadığı məlum olur.
Lakin ən
mükəmməl sayımlar və kameral təsvirlər belə, Qarabağ xanlığının əhalisinin dəqiq
sayını müəyyən etməyə imkan vermir. Bu faktı sayımları keçirən çar məmurları
özləri də etiraf edirdilər. Mogilyovski və Yermolov 1823-cü 2 may il tarixli, 22
saylı raportlarında yazırdılar: «Nə qədər çalışsaq da Qarabağın əhalisinin dəqiq
sayını müəyyən etmək mümkün deyildir... Bir mahala məxsus olan əhali tamamilə
başqa mahallara səpələnmişdir»
(АКАК.т.ВЫ част Ы. sənəd 1308, с.857).
Göründüyü kimi, Qarabağ əhalisinin real sayı göstərilən rəqəmlərdən daha çox
olmuşdur.
Araşdırmalar nəticəsində «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə
xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12
mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan,
Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına
mahalları qeydə alınmışdır
(Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272).
Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük
Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya,
Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları
ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü
(Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272).
Gəncə
xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir
sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq
təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda
keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım
mahallarını qeydə almışdır
(ЦГИААР.
Фонд 24. оп 1. д.10, в. 9-15).
1817-ci
ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də
bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının
olması göstərilmişdir
(ЦГИААР.
Gəncə. 1817 в. 1-267).
1831-ci
ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan
ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə
dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın
hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub
Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4)
Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ
sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə
səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı
(Обозрение…ч. ЫЫ, с.355-356.).
Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci
illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati
quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı
yaradılmışdır.
Yuxarıda
qeyd etdiyimiz kimi, «Müfəssəl dəftər»də göstərilmiş Gəncəbasan, Sunqurabad,
Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan, Danqı nahiyələrinin bütün
ərazisi, Şəmkürbasan, Aşağı Zəyəm, Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına
nahiyələrinin ərazisinin bir hissəsi Gəncə xanlığının ərazisi çərçivəsinə düşür.
Şəmkürbasan, Aşağı və Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına
nahiyələrindəki toponimik vahidlərin hansının Gəncə xanlığı ərazisinə, hansının
xanlığın ərazisi çərçivəsindən kənara düşməsini müəyyənləşdirmək mümkün
olmadığına görə, biz bu nahiyələri bütünlüklə, şərti olaraq, Gəncə xanlığı
ərazisinə şamil etmişik. Hesablamalarımıza görə, 1727-ci ildə həmin nahiyələrdə
7.450 vergi mükəlləfiyyəti daşıyan şəxs qeydiyyatdan keçmişdir
(Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri; s. 32-170;193-223;260-276).
Əgər yalnız ərazisi bütünlüklə Gəncə xanlığının tərkibinə düşən nahiyələri
götürsək, onda, «Müfəssəl dəftər»in statistik məlumatına görə, Gəncəbasan,
Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan və Danqı
nahiyələrində 1727-ci ildə 4.285 ailənin yaşadığı məlum olur
(Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri; s. 32-78;124-155;193-204.).
XVIII əsrin 30-80-ci illərində baş vermiş siyasi çəkişmələr, hərbi yürüşlər və
ara müharibələri Gəncə xanlığı əhalisinin böyük təlafata uğramasına gətirib
çıxarmışdı. 1734-1735-ci illərdə Nadirin yürüşü, 1750-1751- ci illərdə Pənahəli
xanın Gəncə şəhərinin bir hissəsini qarət etməsi, 1780-ci ildə İbrahimxəlil xan
və II İrakli qoşunlarının Gəncəni işğal etməsi, 1795-ci ildə İbrahimxəlil xanın
Gəncəyə ikinci yürüşü zamanı baş vermiş qırğınlar nəticəsində Gəncə xanlığının
əhalisi kəskin şəkildə azalmışdı.
Apardığımız araşdırmalar göstərir ki, çar məmurları burada da hesablamalarda
səhvə yol vermişlər. Belə ki, 2 mart 1804-cü il sayımı Yelizavetpolda hər iki
cinsdən olan 7.303 nəfər, Gəncədən Şəmşəddilə köçənlərin 2033 nəfər olduğunu
göstərir. Bura Şuşadan Yelizavetpola köçən 1.119 nəfəri də əlavə etsək, 10.455
nəfər alınır.
Azərbaycan Respublikası Mərkəzi Tarix Arxivi fondunun materiallarında da Gəncə
xanlığı və Yelizavetpol dairəsi əhalisinin say dinamikası ilə bağlı qiymətli
materiallar vardır. Arxiv materiallarına görə, 1804-cü il 2 mart tarixli kameral
təsviri nəticəsində Gəncə xanlığı ərazisində 2.517 ailə qeydə alınmışdır
(ЦГИААР.фонд 24.оп.1.д.10. лл.5-6).
1807-ci
ilin fevralında keçirilmiş Yelizavetpol dairəsinin kameral təsviri zamanı
dairədə 2.025 ailənin yaşadığı müəyyən edilmişdir
(ЦГИААР.фонд 24.оп.1.д.10. лл.9-15).
1808-ci ilin dekabrında Yelizavetpol dairəsində keçirilmiş sayım materialları
dairədə 8.913 nəfərin yaşadığını qeydə almışdır
(ЦГИААР.фонд 24.оп.1.д.10. лл.61-68)1817-ci
ildə Yelizavetpol qəzasında keçirilmiş ən mükəmməl kameral təsvir
materiallarının araşdırılması nəticəsində qəzada 17.901 nəfərin yaşadığı müəyyən
edilmişdir
(ЦГИААР.1817, в 1-267).
1804-cü
ilə nisbətən 1807 və 1808-ci illərdə Yelizavetpol əhalisinin sayını kəskin
şəkildə azalması birinci rus-İran müharibəsinin başlanması ilə bağlı olmuşdur.
Gülüstan sülh müqaviləsinin bağlanmasından sonra dağılmış əhalinin geri
qayıtmasının nəticəsində Yelizavetpol qəzasında əhalinin sayı 1817-ci il
siyahıya alınması zamanı demək olar ki, iki dəfə artmışdı.
1833-cü
ildə Yenizavetpol qəzasında keçirilmiş kameral təsvir materialları qəzada 5.424
ailənin (12.149 k.c) yaşadığını qeydiyyatdan keçirmişdir
(Обозрение,ч.2,с.367).
1817-ci ilə nisbətən baş vermiş bu artım ermənilərin Yelizavetpol qəzasına
köçürülməsinin nəticəsi idi.
|