|
Новая страница 1
Mərziyyə
Nəcəfova
Müasir
poeziyamızda «Qarabağ» mövzusu
80-90-cı illər
dünyamızın mürəkkəb, təzadlı olması, dövrümüzün bir cəmiyyətdən digərinə keçid
mərhələsi, yaşadığımız faciələr müasir ədəbiyyatımızın qarşısına daha qəliz və
ağır bir vəzifə qoydu. Ədəbiyyatımız 80-90-cı illərdə müəyyən qədər bu
hadisələrə münasibət bildirdi. Bu gün də müasir ədəbiyyatımızda (hansı canrda
yazılmasından asılı olmayaraq) Qarabağ mövzusunda əsərlər yaranır, məlum
məsələlərə münasibət bildirilir. Ancaq 1941-1945-ci illər müharibəsində olduğu
kimi, ədəbiyyatımızın publisistika və poeziya canrı elə ilk günlərdən daha fəal
və çevik olub. Düzdür, poeziyamızda azadlıq hərəkatı ilə bağlı ideyalar 60-cı
illərdən tədricən yaranmağa başlamışdı. Ancaq 60-cı illərdə azadlıq, müstəqillik
arzuları cücərməyə başlasa da, söz demək azadlıq arzularını dilə gətirmək çətin
olmuşdur, lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı uzun mübarizədən
sonra azadlıq arzularına qovuşdu. 80-ci illər rus ordusunun günahsız xalqın
övladlarının qanına qəltan etdiyi vaxtdan poeziyamızda və publisistikamızda
azadlıq mövzuları ədəbiyyatımızın başlıca mövzularına çevrildi. O, qanlı 20
yanvar gecəsinı xatırladıqca ilk öncə xalq şairi Qabilin «Mərsiyyə»si yada
düşür. Şair 20 yanvar gecəsində yaşadığımız, şahidi olduğumuz faciəni Kərbəla
müsibətinə bənzədir, o dəhşətdən qeyzlənir, üsyan eləyirdi:
«Mərsiyə»də
hirsindən, hikkəsindən od püskürən, hiddətindən partlamaq dərəcəsinə çatan bir
şairin ürək naləsi duyulurdu. O ağır günlərdə Qabillə bahəm N. Xəzri, C. Novruz,
B. Vahabzadə, X. Rza Ulutürk, M. Araz, S. Rüstəmxanlı, Z. Yaqub və başqaları
hadisələrə, müsibətlərə öz münasibətlərini poeziya dili ilə bildirirdilər.
Şübhəsiz ki, bu poeziya nümunələrində məqsəd, məram bir idi. Xalqın çətin və
ağır günündə onlara dayaq olmaq, bu xalqın günahsız övladlarının gülləbaran
edilməsində səslərini ucaltmaq, bu xalqın haqqını ədalətlə müdafiə etmək. Ancaq
o dövrün poeziyasında haqsızlığa, nankorluğa, qaniçənliyə, vəhşiliyə nifrət
hissləri daha da güclü idi. «Zəlimxan Yaqub» «Qalmaz» rədifli şerində bu qədər
qəddarlığı, bu qədər günahı yerdə bəndə götürsə də, göydə Allahın
götürməyəcəyini qəlb yanğısı ilə hiddətlə, ürək ağrısı ilə yazırdı:
Sınar dağların
beli, bu qədər ah götürməz,
Adi insan olan kəs belə günah götürməz,
Yerdə bəndə götürsə, göydə Allah götürməz,
Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz (Z.Yaqub)
Və yaxud Sabir Rüstəmxanlının poeziyasındakı birliyə çağrış, azadlığa,
müstəqilliyə çağırış arzuları güclü və təsirli idi. Şair müstəqilliyin nə qədər
bənzərsiz olduğunu vurğulayır, azad olmaq üçün müstəqilliyi qiymətləndirir və
əsas sayırdı.
Müstəqillik! ilk inamım, ilk həsrətim!
Müstəqillik! Xalqın məslək bayrağıdır
Müstəqillik – yarışlarda inanmaqdır
Öz südünlə çörəyinlə dolanmaqdır.
Şair müstəqillik anlayışını poetik ifadə ilə çox təsirli şəkildə əxz
elətdirirdi.
Bu illərdə yaranan poeziya içərisində Bəxtiyar Vahabzadənin «Şəhidlər» poeması
xüsusi ilə seçilirdi. Poemada müəllifin keçirdiyi hiss-həyəcan daha canlı ifadə
olunur. Əsərdə şairin bu faciələrin içərisində olduğu, hadisələri əsl vətəndaş
kimi, qəlb ağrısı ilə duyması, yaşaması əsərin təsirini daha da artırır.
Ədəbiyyatşünas Elçin Mehrəliyevin «Müharibə və ədəbiyyat» adlı monoqrafiyasında
«Şəhidlər» poemasını ədəbiyyatımızın, o cümlədən poeziyamızın 90-cı illər
mərhələsinin diqqətəlayiq bədii hadisəsi kimi qiymətləndirir. Əsrin sonunda
poeziyamıza, bütövlükdə bütün ədəbiyyatımıza «şəhidlər» mövzusunun müəyyən
mənada bu poema ilə daxil olduğunu etiraf etmək mümkündür.
Poemanın başlıca bədii-sənətkarlıq xüsusiyyətlərindən bəhs edərkən, ilk növbədə
burada həmin məsum tarixi günlərdə xalqın keçirdiyi hisslərin son dərəcə təsirli
və yüksək poetik həyəcanla ifadə olmasını ayrıca vurğulamaq lazımdır. Şübhəsiz
ki, bunun ilk səbəblərindən biri həmin hadisələrin baş verdiyi, cərəyan etdiyi
günlərdə şairin bilavasitə bu hadisələrin içərisində olması, həm qanlı yanvar
gecəsi ərəfəsində, həm də ondan sonrakı vaxtlarda həyata keçirilən
ictimai-kütləvi tədbirlərdə, mitinqlərdə, Ali Sovetin iclaslarında, müxtəlif
səviyyəli görüşlərdə fəal iştirakıdır; hadisələrin doğurduğu ağrı və
iztirabları, məhrumiyyət və itkilər kədərini bilavasitə yaşamasıdır. Buna görə
də şair poemada ümumxalq kədərini öz şəxsi kədərindən, öz vətəndaş «Mən»inin
ağrı və iztirablarından çıxış edərək ifadə etmək yolu ilə getmişdir ki, bu cəhət
poemanın yalnız məzmununu, ideyasını yox, müəyyən mənada həm də canr və
formasını təyin etmişdir (E.Mehrəliyev).
Müasir dövr Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazıb-yaradan
şairlərimiz içərisində Ələmdar Quluzadə xüsusilə seçilir. Bu, bəlkə də, Ələmdar
Quluzadə poeziyasındakı yanğıdan, təbiilikdən irəli gəlir. Ələmdar Quluzadə
poeziyası Xocalı faciəsinin törədilməsində erməni vəhşiliklərinin şahidi olub və
bütün bu faciəni yaşamaq, poeziyaya gətirmək Ələmdar Quluzadənin tale yazısı
olmuşdur. Elə buna görə də Ələmdar Quluzadə haqqında yazırlar: «Ələmdar Quluzadə
dünyanın dərdlərinin içində yaşayan, zamanın ağrılarını içində yaşadan, Vətən,
torpaq duyğularını, bəşəri sevgi hisslərini xalq hikmətləri ilə yoğuraraq
poeziyaya çevirməyi bacaran şairimizdir» (M.Yusif).
Şair Məmməd Araz yazdığı kimi, «Müəllif öz dərdini, hamımızın dərdini böyük bir
məharətlə ümumiləşdirib, bu xalqın övladlarını ayıq-sayıq olmağa çağırıb».
Milli qəhrəmanlarımızın döyüş yolunu əks etdirən yazarlardan biri də Abdulla
Qurbanidir. A.Qurbani oxuculara hələ «Şəhidlər dastanı», «Gültəkin qayası»,
«Kərki həsrəti», «Naxçıvan şəhidləri», «Gedin deyin Xan çobana», «Ana, Murovdan
gəlirəm», «Koroğlunun Ağdərə səfəri» və s. vətənpərvərlik ruhunda yazdığı
əsərlərdən tanışdır. Şair A.Qurbaninin poeziyasındakı təb daha da fərqlidir.
Çünki şair illərlə «Murovdağ» cəbhə bölgəsində döyüşlərdə olmuş, gördüklərini,
yaşadığı ağrını və acını poeziyaya gətirmişdir. Müəllifin «Ana Murovdağdan
gəlirəm» şerlər kitabı isə onun Murovdağ səngərlərində yazdığı qəm dastanı,
şəhidlərimizin xatirəsinə ehtiramıdır. Şairin meyitləri Miras dağlarından
çıxarılmayan şəhidlərin xatirəsinə yazdığı «Ağlamasın analar» şerində
şəhidlərimizin ölməzliyi, şəhid vüqarı vurğulanır, «şəhid analara» şəhidlərin öz
dilləri ilə açıqlanır, analarımızı başlarını dik tutmağa, səbirli, dəyanətli
olmağa çağırır.
Gedər, qalmaz qara bulud,
Göz yaşın sil, qəmi unut,
Şəhidəm, başını dik tut,
Ağlama, anam, ağlama (A.Qurbani)
Son illərdə nəinki bədii yaradıcılıqda eyni zamanda elmi məqalə və əsərlərdə,
diplom və kurs işlərində Qarabağ mövzusunda əsərlər yazılır, məlum məsələlərlə
bağlı yazılmış bədii ədəbiyyat nümunələri təhlil olunur, onlar haqqında fikirlər
söylənilir. Bu baxımdan Saleh bəyin «Dünyanın taleyi», Elçin Mehrəliyevin
«Ədəbiyyat və müharibə», Mərziyyə Nəcəfovanın «Qarabağ mövzusu bədii
publisistikada», Hicran Nəsibovanın «Müasir Azərbaycan poeziyasında milli
azadlıq hərəkatı», Almaz Bünyadzadənin «Poeziyada milli azadlıq duyğuları»
əsərləri nəşr olmuşdur.
|