|
Новая страница 1
Məhərrəm Zülfüqarlı
Azərbaycanda erməni təxribatlarına qarşı
mübarizənin tarixşünaslığı
(XX
əsrin
40-50-ci
illəri)
Azərbaycanın
ərazi bütövlüyünə qarşı bütün dövrlərdə olduğu kimi, XX əsrin 40-50-ci illərində
də erməni təxribatları baş vermişdi. Bu təxribatlara qarşı Azərbaycan
vətəndaşlarının mübarizəsinə bir sıra kitab və məqalələr həsr olunmuşdur.
E.İsmayılovun
2003-cü ildə rus dilində nəşr olunmuş «Hakimiyyət və xalq.
Azərbaycanda müharibədən sonrakı stalinizm (1945-1953)» kitabında buna aid bir
sıra faktlar var.
1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyasının rəhbərliyi Stalinə
məktubla müraciət edib yenidən Dağlıq Qarabağ məsələsini qaldıraraq bu ərazinin
Ermənistana verilməsini tələb etmişdir. Stalin həmin məktubu G.M.Malenkova, o da
M.C.Bağırova göndərmişdir. M.C.Bağırov cavab məktubunda aşağıdakıları
bildirmişdir: «... ÜİKP(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki,
DQMV-nin Etmənistan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə baxılarkən,
Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən
azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının
Azərbaycan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır...
Gürcüstanlı yoldaşlar Azərbaycan SSRİ-in Baləkən, Zaqatala və Qax rayonlarının
Gürcüstan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən
rayonlarda əhalinin ümumi sayı 79 min nəfərdir ki, bunlardan cəmi 9 min nəfəri
gürcü-ingiloylardan ibarətdir. Gürcüstan SSRİ-nin demək olar ki, yalnız
azərbaycanlıların yaşadığı və Azərbaycan SSRİ-yə bitişik olan Borçalı rayonunun
Azərbaycan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Nəhayət
biz Dağıstan SSRİ-nin keçmişdə Azərbaycanın bir hissəsi olan, Bakı
quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSRİ-yə bitişik
Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR-nin tərkibinə daxil
edilməsi məsələsinə baxmağınızı xahiş edirik.»
1947-ci ildə yenidən Azərbaycanın gürcü və ingiloy əhalisi arasında separatçı
təbliğatın aparılması haqqında xəbərlər daxil olan kimi təcili həmin rayonlara
Azərbaycan rəhbərliyinin göstərişi ilə səlahiyyətli komissiya göndərilmişdir.
Komissiya Azərbaycan və gürcü xalqları arasında düşmənçilik ideyalarını yayan
Gürcü Patriarxının nümayəndəsi və Gürcüstan Nazirlər Sovetinin provoslav kilsə
şurasının səlahiyyətli nümayəndəsi Aleksey Natadzeni təcili olaraq Azərbaycan
ərazisindən çıxarmağa nail olmuşdu. Stalin və Beriyanın gürcü olmasından
çəkinməyərək, o zaman məsələyə bu cür kəskin reaksiya vermək asan məsələ
deyildi. M.C.Bağırov diplomatik manevr edərək, Gürcüstan K(b)P MK-nın birinci
katibi Q.Çarkivaniyə məktubla müraciət etmişdir. Məktubda xahiş olunurdu ki,
gələcəkdə antisovet təbliğat üstündə məhkum olunmuş və indi də antisovet
təbliğatla məşğul olan şəxsləri həmin rayonların məktəblərinə işləmək üçün
göndərilməsin.
M.C.Bağırov müharibə dövründə bütövlükdə Azərbaycan xalqını sürgün olunmaqdan
qurtara bilsə də, 1948-1953-cü illərdə Ermənistanda yaşayan soydaşlarımızın
deportasiya olunmasının qarşısını ala bilmədi. Lakin buna baxmayaraq,
müharibədən sonrakı illərdə o, erməni saxtalaşdırıcılarının xalqımıza qarşı
irəli sürdükləri ideoloji təxribatların dəf edilməsi sahəsində mühüm işlər
görmüşdür. Bu dövrdə ermənilər M.C.Bağırova xoş gəlmək üçün ona şerlər qoşmuş,
Qafan seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa onun namizədliyini irəli
sürürdülər. M.C.Bağırov bütün bu erməni hiyləgərliyinin arxasında nələrin
gizləndiyi dəqiq bilir və onların məkirli niyyətlərinə qarşı barışmaz mübarizə
aparırdı. Məsələn, M.C.Bağırov 1946-cı ildə Marietta Şaqinyanın 20-ci illərdə
yazdığı «Sovet Zaqafqaziyası» kitabının yenidən nəşr olunmasına etiraz etmiş və
bu barədə ÜİK(b)P MK-nın katibi A.Cdanova məktub yazaraq, bu kitabın
yığışdırılmasını tələb etmişdi. Bundan sonra kitab yığışdırılmış və erməni
yazıçısından izahat tələb edilmişdi. O, da Azərbaycan SSRİ Nazirlər Soveti
sədrinin müavini Mirzə İbrahimova məktub göndərərək səhvlərini etiraf etmiş və
Azərbaycan xalqına dost münasibəti bəslədiyini bildirməyə məcbur olmuşdur.
Bundan başqa 1947-ci ildə Xolopovun 1947-ci ildə Moskvada nəşr olunmuş «Buxtada
alov» kitabına da etiraz edilmişdir. Kirovun Azərbaycandakı fəaliyyətinə həsr
olunmuş bu kitabda bir nəfər də azərbaycanlı müsbət qəhramanın olmaması, əsas
mərkəzi fiqurun erməni olması və azərbaycanlıların ermənilərin qaniçəni kimi
ittiham olunması M.C.Bağırovu hiddətləndirmiş və bu barədə ÜİK(b)P MK-nın katibi
G.Malenkova məktub göndərilmişdi. Digər məsələ 1951-ci ildə Azərbaycan KP MK
Ermənistan KP MK-ya göndərdiyi məktubla bağlıdır. Məktubda Mortirosov adlı
şəxsin «Bakıda 1918-1919-cu illərdə ingilis işğalı» mövzusunda yazdığı
dissertasiyada böyük elmi və siyasi səhvlər olduğu üçün müdafiəyə buraxılmasına
etiraz etmişdi. Məktubda bildirilmişdi ki, bu iş Azərbaycan Dövlət Universiteti
tərəfindən rədd edildikdən sonra Yerevan universitetində müdafiə üçün qəbul
edilməsi yolverilməzdir. Ermənistan KP Azərbaycan tərəfinin etirazını qəbul
etməyə məcbur olmuş və bu barədə Ali Atestasiya Komissiyasına xəbər vermişdir.
C.Bəhramovun «Tarix və onun problemləri» jurnalının 1998-ci il tarixli 1-ci
sayında dərc olunmuş «Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranmasının
naməlum səhifələri (1949-1960-cı illər)» adlı məqaləsində erməni təxribatlarına
aid sovet tarixşünaslığında işıqlandırılmamış faktlar öz əksini tapmışdır.
Məqalədə göstərilmişdir ki, dünya təcrübəsində ilk dəfə olaraq 1949-cu il
noyabrın 7-də uzun illər ərzində Azərbaycan alim və mühəndislərinin apardıqları
elmi-praktik axtarışların nəticəsində Xəzər dənizinin «Neft daşları» rayonunda
gündəlik debiti 100 ton olan 1 saylı quyu fontan vurmuşdu. Bu uğurlu nəticədən
sonra 1949-cu il dekabrın 11-də SSRİ Nazirlər Soveti «Azərbaycan SSRİ-də dəniz
neft yataqlarının kəşf edilməsi və istifadəyə verilməsi tədbirlərinin
yaxşılaşdırılması haqqında» qərar qəbul etmişdir. Müəllif Xəzər neftinin fəth
edilməsi prosesinə yaradılan maneələri faktlarla işıqlandırmışdır. O qeyd
etmişdir ki, SSRİ Neft Sənayesi Nazirinin referenti, 1948-ci ilədək «Azərneftin»
baş geoloqu işləmiş Helkvistin Azərbaycana düşmən olan qüvvələrin köməyi ilə
nazir N.K.Baybakovu əsas neft yataqlarının dənizdə deyil, Gəncə və Şamaxı
ərazilərində yerləşdiyinə inandırmışdır. 1954-cü il iyulun 29-da Bakıda
keçirilmiş müşavirədə nazir çıxış edərək 1948-1953-cü illərdə Azərbaycan neft
sənayesində əsaslı tikinti üçün ayrılmış 10,2 milyard manatın lüzumsuz olduğunu,
bu qədər maliyyə vəsaitinin M.C.Bağırovun İ.V.Stalinlə dostluğu nəticəsində
Azərbaycana ayrıldığını sübut etməyə çalışmışdır. Azərbaycan neftçilərinin
gətirdikləri əsaslı dəlillərə baxmayaraq, nazir müşavirədəki çıxışında 1955-ci
il üçün nəzərdə tutulan əsaslı vəsaiti 2,2 dəfədən çox azaldılaraq 700 milyon
manata endirildiyini və Azərbaycanı iqtisadi cəhətdən perspektivsiz neft
rayonları qrupuna aid edildiyini bildirmişdir. Bunun da nəticəsində Azərbaycanda
1955-ci ildə 1954-cü ilə nisbətən neftçıxarmanın səviyyəsi 2,2 dəfə, kəşfiyyat
qazma işlərinin səviyyəsi 4,4 dəfə azalmışdır. Müəllif qeyd etmişdir ki,
Azərbaycanda neft sənayesinin inkişafına düşmən olan qüvvələr əsas vəsaitin
SSRİ-nin şərq rayonlarına qoyulmasına çalışırdılar. 1956-cı ildə SSRİ Dövlət
Plan Komitəsinin sədr müavini Mkırtıçyan Partiya Nəzarəti Komitəsinin sədri
N.Şvernikə məktub göndərərək Azərbaycan neft sənayesinə və ilk növbədə Xəzərdə
neft çıxarılmasına vəsait ayırmağın mənasız olduğunu bildirmişdir. Lakin
Azərbaycan KP MK-nın 1-ci katibi İ. D.Mustafayevin 1957-ci ilin fevralında
Azərbaycan neft sənayesinin, o cümlədən Xəzər neft yataqlarının iqtisadi
cəhətdən perspektivliyini sübut edən 13 səhifəlik sənədlə Moskvaya gedərək, SSRİ
rəhbərliyini inandırması Azərbaycana qarşı irəli sürülən təxribatın baş
tutmasına imkan verməmişdi.
Bütün bu faktlar göstərir ki, hətta SSRİ daxilində Azərbaycan sərvətlərinin
istismar edilməsi ilə onun şöhrət qazanmasına düşmən münasibət bəsləyən qüvvələr
də var idi ki, bu cür qüvvələrin təsiri ilə sovet rejimi daxilində Azərbaycana
qarşı yeridilən ayrı-seçkilik siyasəti bəzən daha kəskin şəkil alırdı.
B.Nəcəfovun 1998-ci ildə nəşr olunmuş «Deportasiya» kitabının əvvəlində
Azərbaycan Respublikası Prezidentinin «1948-1953-cü illərdə Azərbaycanlıların
Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında» 18 dekabr 1997-ci il tarixli fərmanının tam mətni
verilmişdir. Fərmanda göstərilmişdir ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23
dekabr tarixli 4083 nömrəli və 1948 ci il 10 mart tarixli 754 nömrəli qərarları
Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar
əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSRİ
ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün
olunmuşdur... Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin
cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin də öz xalqının
taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və
həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən
deportasiya olunması faktı ötən 50 il ərzində araşdırılmamış, bu hadisələrə
hüquqi-siyasi qiymət verilməmişdir”.
Kitabın «Giriş sözü əvəzi» başlıqlı hissəsində müəllif yazır: «... 1947-1953-cü
illər deportasiyası heç də fərdi akt, Stalin rejiminin iradi qərarı deyildir, bu
deportasiya - Ermənistan «sovet» (oxu «daşnak») rəhbərliyi ilə «Daşnaksütyun»
partiyasının xaricdəki mərkəzlərinin birgə şəkildə həyata keçirdikləri
təcavüzlər, provokasiyalar, böhtanlar və siyasi şantajlar silsiləsindəki növbəti
qanunauyğun halqası idi. Bu fikrin ... həqiqət olduğunu bilmək üçün sənədləri, -
«Daşnaksütyun»-un X1V konqresinin Direktivini (iyun, 1947-ci il) və bundan az
sonra azərbaycanlıların Ermənistandan köçürülməsi haqqındakı sovet direktiv
orqanlarının qərarlarını xronoloji baxımdan müqayisə etmək kifayətdir”.
Kitabın birinci fəsli «Avanturist niyyətləri həyata keçirmək üçün geniş meydan»,
ikinci fəsli «Köçürmə-erməni şovinizminin təzahürü kimi», üçüncü fəsli «Pambıqla
kəsilən başlar». Deportasiyanın başa çatması», nəticə isə «Faciənin qanlı
dərsləri» adlanır.
Kitabın əlavələr hissəsində SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli
4083 nömrəli və 10 mart 1948-ci il tarixli 754 nömrəli qərarlarının tam mətni ,
1948-1956-cı illərdə Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına
və digər ərazilərə köçürülənlərin sayı haqqında arayış verilmişdir.
Y.Pompeyevin 1992-ci ildə Bakıda rus dilində nəşr olunmuş «Qarabağ qan
girdabında» kitabında Dağlıq Qarabağ probleminin yaranma səbəbləri göstərilmiş
və erməni terrorçuluğu tarixi faktlarla ifşa edilmişdir.
Kitabda göstərilir ki, ermənilər A.Mikoyanın köməkliyi ilə 50-ci illərin
axırlarında da Dağlıq Qarabağ məsələsini qaldırmağa cəhd etmişlər. Onların
müracətinə N.S.Xuruşov belə cavab vermişdir: «Mən Dağlıq Qarabağ ermənilərinin
Ermənistana bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük
maşını ayrılmasını təklif etməyə hazıram». N.S.Xuruşovun bu sözləri onları geri
çəkilməyə məcbur etmişdir.
Bu cür faktlar onu göstərir ki, başqa dövrlərdən fərqli olaraq, 1985-ci ilin
aprelindən irəli sürülmüş yenidənqurma siyasəti ermənilərə öz məkrli
məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaratmışdır.
Fikrimizcə, müasir dövrdə erməni təxribatlarına qarşı müvəffəqiyyətlə mübarizə
aparmaq üçün Azərbaycan tarixinin bütün dövrləri, o cümlədən XX əsrin 40-50-ci
illəri də yenidən tədqiq olunmalıdır.
|