|
Новая страница 1
Məsud
Şükürov
Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi və
onun həlli yollarının axtarılması
Dağlıq Qarabağ münaqişəsi regional bir problem kimi, yəni Azərbaycanın daxili
bir məsələsi kimi yaranmışdır. Lakin bir sıra obyektiv və subyektiv amillərin
təsiri nəticəsində ermənilər onu əvvəlcə SSRİ zamanı sovet dövləti səviyyəsinə,
sonra isə beynəlxalq aləmə səs salaraq beynəlmiləlləşdirməyə nail oldular. Burda
erməni ideoloqları, siyasətçiləri, xaricdəki erməni diasporası və lobbisi,
habelə Rusiyada, ABŞ-da, Fransada və s. ölkələrdə mövcud olan tərəfdarları və
himayədarları köməklik göstərdilər. İkinci bir tərəfdən ermənilər Moskvanın əli
ilə Azərbaycanda tez-tez hakimiyyət dəyişiklikləri edib, buradakı siyasi
qüvvələrin biri-birilə barışmazlığından da məharətlə istifadə etdilər. Ermənilər
yaxşı bilirlər ki, müasir dünyanın inkişaf mənzərəsi elədir ki, orada baş verən
hər hansı bir milli konfliktə artıq ikinci dərəcəli bir münaqişə kimi baxmaq
qeyri-mümkündür. Böyüklüyündən və kiçikliyindən asılı olmadan bütün millətlər və
xalqlar dünyanın taleyüklü məsələlərində həlledici nümunə göstərmək, onun tarixi
inkişafına həlledici təsir göstərmək imkanlarına malikdirlər.
Bu mənada Rusiyanın cənub qonşuları olan Cənubi Zaqafqaziya Respublikalarındakı
siyasi hadisələrdə Rusiyanın iştirakı, burada baş verən təhlükəli oyunlar və
ziddiyyətlər, münaqişə ocaqları alovlanıb dünya ölkələrini də öz orbitinə cəlb
edə bilər, böyük regional, hətta dünya müharibəsinə səbəb olar. Rusiya bu
regionda öz prestijini qoruyub saxlamaq üçün buradakı siyasi stabilliyin
pozulması tərəfdarıdır. Ermənistan-Azərbaycan münaqişəsi, Elçibəy iqtidarının
devrilməsi, qurama DQR kimi qurama bir respublikanın Rusiya rəsmi dairələri
tərəfindən «de-fakto» tanınması faktları buna misal ola bilər.
Xəzər dənizinin neft sərvəti və neft kəmərlərinin marşrutları ikili nəticələr
vermişdir. Bu, bir tərəfdən, beynəlxalq müqavilələr yolu ilə sülh yaratmağa,
digər tərəfdən isə burada möhkəmlənmək uğrunda mübarizə aparmağa səbəb olur. Ona
görə də iri dövlətlər bu işə kapital qoyduqlarından onların maraqları tələb edir
ki, bu zonada etnik konfliktlər aradan qaldırılsın. Lakin bu heç də o demək
deyildir ki, onlar bu zonaya birbaşa sülh gətirəcəklər. Onların bu işdə öz
maraqları olduğundan bu etnik zidiyyətlərdən onlar bir kart kimi istifadə
edirlər. Məsələn, Rusiya erməni amilindən istifadə edərək və regionda öz
qoşunlarının olmasına istinad edərək öz iradəsini Azərbaycana qəbul etdirməyə və
neft kəmərinin Avropaya nəqlini uzaq olsa da və baha başa gəlsə də,
Novorossiyskdən keçirməyə cəhd göstərir. Digər dövlətlərin də hərəsinin öz
maraqları var. Hətta ermənilər müəyyən güzəştə getmək şərtilə neft kəmərinin
Ermənistandan keçməsini israr edirlər. Hadisələrin inkişafı və İstanbul sammiti
Bakı-Ceyhan neft kəməri sazişinin bağlanması Rusiyanın planlarını alt-üst etdi.
Son illərdə siyasi ab-havanın yumşalması Ter-Petrosyanın «Barış yoxsa savaş»
məqaləsində də öz əksini tapmışdır. Lakin bütövlükdə ziddiyyətli fikirlər
söyləyən sabiq prezident məqalənin sonunda yazır: «Bütün ermənilər bilməlidir
ki, Dağlıq Qarabağ ermənilərinin imzası olmayan sənədə Ermənistan qol
çəkməyəcək», yaxud elə bu məqalədən bir müddət sonra verdiyi bəyanatda
azərbaycanlılara məsləhət görürdü ki, «Qarabağ fikrini birdəfəlik başlarından
çıxarıb atsınlar» və Lissabon Sammitinin «Azərbaycan tərəfinin cidd-cəhdlə
diplomatik qələbə kimi təqdim etdiyi vəziyyət, əslində, təbliğat müharibəsində
qələbədir». Yeni prezident Koçaryanın da buna uyğun verdiyi ziddiyyətli
bəyanatlar, müsahibələr Azərbaycan ictimaiyyətini çaşdırmaq, Qarabağ siyasəti
istiqamətində götürülmüş sülh və danışıqlar yolu kursunu pozmaq, regiondakı bu
müharibə ocağını yenidən yandırmaq və Rusiya-Ermənistan xəttinin və estafetinin
həyata keçirilməsi üçün Azərbaycana müxtəlif təsirlər göstərmək məqsədini güdür.
Rusiyanın Qafqazdakı ekspansiyasının əsas hərəkətverici qüvvəsi lap əvvəllərdən
ideoloji və ticarət amilləri olmamış və o, geopolitik və strateji xarakter kəsb
etmişdir. Üç əsr ərzində Rusiya öz ərazisini genişləndirib, nəhayət Qafqaza
gəlib çatmışdır. Bu yolda o, İran və Türkiyə ilə qanlı vuruşmalar aparmış, yerli
xalqların müqavimətini qırmalı olmuşdu. Onun Qafqaza gəlişi heç də «səlib
müharibəsi» xarakterində deyildi. Qafqaz İran, Rusiya və Türkiyə arasında bir
növ «bufer zonası» idi və tərəflərin hər üçü tarixən bu zonada möhkəmlənməyə,
Qara dəniz və Xəzər dənizi arasında strateji mövqe tutmağa çalışmışlar.
Rusiyanın bu regiona olan geopolitik maraqları SSRİ dağılandan sonra da
yaşamaqdadır. Rusiya regiondan çəkilən kimi oranı milli qarşıdurmalar və
münaqişələr bürüdü. Ora yenidən qayıdan Rusiya bu dəfə başqa paltarda idi, o
artıq xalqları barışdıran sülh məramlı qüvvələr donunda zühur etmişdi.
Məsələn, Dağlıq Qarabağın baş inzibatçısı A.Volski 1992- ci ildə yazırdı ki,
Rusiyanın geopolitik maraqları Qafqazda XIX əsrdə olduğu kimi qalır. Ona görə
də, hətta biz istəsək belə, indi Qafqazdan çıxıb gedə bilmərik.(128, 1992, 4
oktyabr) Rusiya ondan ehtiyat edir ki, Qafqazda böyük dövlətlərdən hansı birisə
(məsələn, ABŞ, İran, Türkiyə və b.) onun yerini tuta bilər. Bu da onun həyati
maraqlarına zərbə vura bilər. Rusiyanın öz siyasətinin mahiyyətini bir sıra
ortasəviyyəli çinovniklər həll etmişlər.
Rusiya iqtisadiyyatı və eləcə də onun hərbi sənayesi üçün əhəmiyyətli
obyektlərin bir çoxu məhz Cənubi Zaqafqazda yerləşir. Məsələn, neft qazma
avadanlığının üçdə ikisi Azərbaycandan gedirdi, Su-25 qırıcı təyyarələri
Tbilisidə yığılır, hissələri isə Ermənistanda hazırlanırdı. Ermənistanda digər
hərbi texnika növləri də hazırlanırdı. Keçmiş müdafiə naziri Vazqen Manukyan
yazırdı ki, SSRİ dağılanda onun ölkəsinə böyük hərbi zavodlar miras qoyub
getmişdir. Blokadaya baxmayaraq, onlar mütəmadi olaraq Rusiyaya ixrac olunurdu.
AXC hakimiyyəti dövründə Azərbaycanın Rusiyadakı səfiri H.Hacızadə deyirdi ki,
bir sıra Azərbaycan müəssisələri hələ də Rusiyanın sifarişini yerinə yetirir
(117, 1993, 9 iyul). Rusiyanın Qafqazdakı maraqlarından biri də burada etnik
rusların yaşaması və onların təhlükəsizliyinin qorunmasıdır. Qafqaz
Respublikalarından heç biri antirus milli siyasət yeritməmişlər, Ermənistandan
başqa. Məsələn, Azərbaycanda yaşayan 528 min rusun çox az bir hissəsi
respublikanı tərk etmişdi. Lakin Ermənistanda yaşayan 66 min rusun hamısı çıxıb
getmiş, hətta onlardan müəyyən qismi də Azərbaycanda məskunlaşmışdılar.
Asiya ilə Avropanın qovuşuğunda yerləşən Qafqaz, o cümlədən Azərbaycan həm də
strateji-hərbi əhəmiyyət kəsb edir. MDB hərbi qüvvələrinin Ali Baş Komandanı
Marşal Şapoşnikov elan etmişdi ki, əgər Ermənistan-Azərbaycan münaqişəsində
Türkiyə iştirak edərsə, bu üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola
bilər.
1993-cü ilin ortalarında Azərbaycandan çıxan rus hərbi qüvvələri ona yenidən
Türkiyə və İran sərhədlərini qorumaq üçün təsir göstərməyə başladı. Həm də o,
bir qayda olaraq, erməni kartından istifadə edir. Ermənistan isə Azərbaycanı və
Türkiyəni qorxu altında saxlamaq üçün rus ordusunu öz ərazisində saxlayır. Rus
ordusu yenidən Gürcüstana, Abxaziya və Cənubi Osetiyaya gətirildi - bu dəfə sülh
məramlı qüvvələr kimi. Yəqin ki, Qafqazın hər hansı bir yerində haçansa xarici
bir orduya ehtiyac olacaqsa bu yenə də birinci növbədə rus ordusu olacaqdır.
Çünki Gümrüdə yerləşən 123-cü motoatıcı diviziyasının qarşısında duran əsas
vəzifə keçmiş SSRİ sərhədlərinin qorunmasıdır. 1992-ci ilin mayında Daşkənddə
bağlanmış müqaviləyə əsasən, Qafqaz respublikalarına rus hərbi texnikası
verilmişdir. Bu müqavilə bu üç respublikanı həmin hərbi texnikanın ehtiyat
hissələrlə təmin olunması və onları idarə etməyi öyrənmək üçün istər-isətəməz
yenə də Rusiyaya bağlamışdır. Bu respublikaların hərbi kadrları yenə də Rusiyada
hazırlanmalıdır. Belə ki, Rusiyanın bu respublikalardan uzaqlaşması yalnız
zahiri illüziyadan başqa bir şey deyildir.
1998- ci ilin iyul ayının ikinci yarısında Rusiyanın müdafiə naziri İ.Sergeyevin
Ermənistana səfəri zamanı belə bir fakt bir daha təsdiqləmişdir ki, Ermənistan
regionda Rusiya mənafelərinin təmsilçisi rolunda çıxış etməkdədir. Səfərin əsas
məqsədi Rusiyanın buradakı silahlı qüvvələrinin döyüş hazırlığını yoxlamaq olub.
İ.Sergeyev bundan razı olduğunu bildirib. O, həmçinin Ermənistan prezidenti, baş
naziri və müdafiə naziri ilə də danışıqlar aparıb. Səfərin nəticəsi kimi birgə
bəyanat və protokol imzalanıb. Xüsusilə də bəyannamədə vaxtilə 1997-ci il
avqustun 28-də imzalanmış Rusiya ilə Ermənistan arasında «Dostluq, əməkdaşlıq və
qarşılıqlı hərbi yardım haqqında» Moskva müqaviləsinə əsasən ikitərəfli hərbi
və hərbi-texniki əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi bildirilib.
Belə bir əməkdaşlığın regionda strateji qüvvələr nisbətinin Ermənistanın xeyrinə
doğru istiqamət götürməsinə səbəb olmuşdur. «Türk təhlükəsi» və
«azərbaycanlıların birləşməsinə mane olmaq» məqsədilə son illər İran da bu
hərbi-siyasi ittifaqa daha çox cəlb olunmaqdadır. Rusların S-300 tipli
raketlərinin Ermənistanda və DQR- də yerləşdirilməsi, rus ordusunun Gürcüstandan
çıxarılması ilə eyni vaxta düşür. Ermənistanın hərbi potensialının
yüksəldilməsi bu missiyanın Gürcüstanda yaşayan ermənilər üzərinə qoyulacağına
işarə verir. Habelə, neft kəmərinin Gürcüstandan keçməsi faktı da burada rus
mənafelərinin qorunması zərurətini meydana çıxarır. Deməli, Gürcüstandan çıxan
rus ordusunun vəzifəsini də indi burada ermənilər yerinə yetirə bilər. Rus
hakimiyyət orqanları 90-cı illərin əvvəllərində Azərbaycanda da belə bir manevr
etmişlər. Onlar Azərbaycandan öz ordularını çıxaran kimi, erməni qoşunlarını
müdafiəsiz qalmış Azərbaycan şəhərləri və kəndləri üzərinə göndərmişlər. Analoji
hadisə rus ordusu çıxarılandan sonra Gürcüstanı da gözləyə bilər. Rusiyanın
İranla sövdələşməsi, Xəzər dənizinin bölüşdürülməsi və digər məsələlərdə
ruslarla yaxınlaşması prosesində şübhə yoxdur ki, əsas amil Azərbaycan
məsələsidir. Ruslar və iranlılar Azərbaycanı ya diz çökdürmək, ya da parçalamaq
xəttini yeridirlər.
ABŞ özünün Qafqaza münasibətində hələ lap əvvəllərdən ehtiyatlı mövqe tutmuş və
hətta onun Rusiyanın təsir dairəsinə daxil olduğu faktını qəbul etmişdir. BMT,
ATƏT, ATƏM kimi beynəlxalq təşkilatların da bir sıra səylərinə baxmayaraq,
problemin Rusiya tərəfindən həlli gözlənilir.
Dağlıq Qarabağ barədə ABŞ-ın mövqeyinə gəldikdə isə o, regionda əldə olunmuş
atəşkəsin mümkün qədər daha çox uzadılması və bundan istifadə edərək problemin
sülh yolu ilə həll edilməsinə tərəfdardır. 1997-ci il avqust ayında Azərbaycan
prezidenti H.Əliyev Vaşinqtonda olarkən ABŞ prezidenti Bill Klintonla mühüm
danışıqlar aparılmış və «Amerika Azərbaycan münasibətləri haqqında birgə
bəyanat» imzalanmışdı. Burada göstərilir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü,
demokratik inkişafını, müstəqilliyini və suverenliyini dəstəkləyir. ABŞ bu
münaqişədə ədalətli və uzunmüddətli sülhün əldə edilməsi məqsədilə ATƏT-in Minsk
qrupunda Rusiya və Fransa ilə birlikdə işləmək əzmindədir. Hər iki tərəf qeyd
etdilər ki, münaqişənin həlli ATƏT-in Lissabon Sammitinin üç prinsipinə
əsaslanmalıdır.
Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən
dəstəklənir. Onlar aşağıdakılardır:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddaratını təyin etməyə
əsaslanan bir razılaşma ilə müəyyən edilən, Dağlıq Qarabağ üçün ən yüksək
özünüidarəetmə dərəcəsində hüquqi status;
3. Məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün
tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün
əhalisinin təhlükəsizliyinin təminatı;
Bundan başqa hər iki tərəf bildirdilər ki, «Azadlığı müdafiə aktının 907-ci
maddəsi ABŞ və Azərbaycan arasında əməkdaşlığın imkanlarını məhdudlaşdırır və
ona görə də prezident Bill Klinton 90-ci maddənin ləğv olunmasının adminstrasiya
tərəfindən qətiyyətlə dəstəklənməsini bir daha təsdiq etdi».
SSRİ-nin dağılması ilə əlaqədar olaraq, İranın geopolitik vəziyyəti xeyli
yaxşılaşdı. İranla həmsərhəd olan və yeni müstəqillik qazanmış Azərbaycan,
Gürcüstan, Türkmənistan İranla Rusiya arasında bir bufer zona yaratmış olurdu.
İran dövləti bu ərazilərdən iqtisadi xeyir güdməyə, orada öz malları üçün geniş
bazarlar əldə etməyə səy göstərdi. İran habelə Türkmənistandan və Azərbaycandan
gəlib İrandan keçəcək neft-qaz kəmərinin çəkilməsi təklifi ilə çıxış etdi. Lakin
İran beynəlxalq aləmdə və Qafqazda yaranmış siyasi vəziyyətlə razılaşmalı oldu.
Bir tərəfdən Rusiya ilə yaxınlaşma meyli, digər tərəfdən bu respublikalara,
xüsusən Azərbaycana edilən xarici təsirlər İranı məcbur etdi ki, o öz xarici
siyasətində bəzi düzəlişlər etsin. Belə ki, azərbaycanlıların birləşmək meyli və
burada yeridilən türkpərəst siyasət İranın ermənilərlə iqtisadi-siyasi və mədəni
əlaqələrini möhkəmlətməyə və Azərbaycana qarşı sərt mövqe tutmağa gətirib
çıxardı. Azərbaycana və Türkmənistana edilən ABŞ və Qərb təsirləri nəticəsində
İranın təklifləri bu ölkələrdə qəbul edilmədi və İran da öz növbəsində
Azərbaycana qarşı öz münasibətində erməni kartından istifadəyə üstünlük verdi.
Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün regionda stabilliyi poza
biləcək bir amil kimi çıxış edə biləcəyindən qorxan İran Rusiya ilə hərbi sahədə
də əməkdaşlığı genişləndirdi. İran həm də bununla regionda ABŞ-ın iştirakına
qarşı Rusiya ilə birlikdə bir cəbhədə çıxış etməyi nəzərdə tuturdu. 1991-
1994-cü illərdə İran Cənubi Qafqazda siyasi stabilliyi nizamlamaq üçün bir neçə
dəfə cəhd göstərdi və təkliflər verdi.
Onun Qafqazda İslamı geniş yaymaq cəhdləri o qədər məhdud idi ki, ruslar
Çeçenistana hərbi müdaxilə edəndə İran zəif bir etirazla kifayətləndi. Görünür,
İran üçün Rusiya ilə iqtisadi və hərbi əlaqələr panislamist prinsipləri hələ o
vaxt qabaqlamışdı.
Rusiyanın səyləri və onunla bağladığı çoxlu müqavilələr İranı məcbur edir ki,
Ermənistana qarşı siyasətində müəyyən qədər neytral mövqe tutmuş olsun. AXC
hakimiyyəti illərində İranın vasitəçiliyindən imtina edilməsi, azərbaycanlıların
birləşməyə çağırılması, antiİran siyasətinin yeridilməsi İran-Azərbaycan
münasibətlərində soyuqluq yaratmış və nəticədə cəbhələrdəki məğlubiyyətlərimiz,
İranla olan 160 km-lik sərhədlərin ermənilər tərəfindən işğalı İranın ciddi
etirazlarına səbəb olmamışdı. Naxçıvana ermənilərin hücumu zamanı İranın
Aərbaycanla müştərək mühəndis qurğularını qorumaq bayrağı altında öz əsgərlərini
bu obyektlərə göndərməsi isə əksinə, Rusiyanın ciddi etirazına səbəb olmuş və o,
İrandan tələb etmişdi ki, bu münaqişəyə qoşulmasın. Lakin bütün bunlara
baxmayaraq, sadə iranlılar ermənilərin bu vəhşi hərəkətlərini pisləyir və
dövlətə təsir göstərib onu bu məsələyə dair siyasətində düzəlişlər aparmağa
çağırırdı.
Ərazisi üç yüz il ərzində öz böyük şimal qonşusu Rusiya tərəfindən həmişə təqib
və hücumlara məruz qalmışdır. Ona görə də SSRİ-nin dağılması və Qafqazda
müstəqil respublikaların yaranması İran üçün böyük əhəmiyyətə malik olan bir
hadisə idi. Nəhayət, İran bu regiona öz iqtisadi və mənəvi təsirini gücləndirə
bilərdi.
Əhalisinin böyük bir qismini Azərbaycan türkləri (azərilər) təşkil etməsi faktı
da Dağlıq Qarabağ hadisələrinə İranın biganə qala bilməməsinin əsas səbəbidir.
Lakin İran hər iki Azərbaycanın birləşə bilməsi imkanını aradan qaldırmaq üçün
onun heç birini güclü görmək istəməzdi. Cənubi Azərbaycan ərazisinin ostanlara
bölünməsi, Dağlıq Qarabağda azərbaycanlıların məğlub olub zəifləməsi də İranın
təhlükəsizliyi üçün normal sayılan hadisələr olduğundan İran, öz vətəndaşlarının
səylərinə baxmayaraq, ermənilərə qarşı elə ciddi bir təäbirə əl atmadı. Şübhə
yoxdur ki, İran ermənilərin də güclü olmasını istəmir, amma İran böyük iqtisadi
potensiala və böyük əraziyə malik olan bir dövlət olsa da, güclü hərbi maşına
malik deyil, ona görə də istər Ermənistan, istərsə də Azərbaycan həmişə onun
vasitəçilik missiyasına ehtiyac görməmişlər.
İran bu konfliktlərin həlli yolunda özünün imkanlarını yaxşı
qiymətləndirdiyindən və Türkiyənin regionda nüfuzunun artmasından qorxub Rusiya
ilə yaxınlaşır və münaqişənin həllində onun gücünə arxalanır. Bundan başqa, İran
Qafqaz və Orta Asiya problemləri üçün Avropa Şurası ilə də əlaqələr saxlayır.
İranda bu problemin həlli üçün əməkdaşlıqda Türkiyəni Rusiyadan üstün tutan
qüvvələr də var. Amma ABŞ və NATO amili buna mane olur.
Ümumiyyətlə, Dağlıq Qarabağ problemi hər üç dövlətin – Rusiya, İranın və
Türkiyənin birgə vasitəçiliyi ilə həll oluna bilər.
SSRİ-nin dağılması Türkiyə-Azərbaycan əməkdaşlığı qarşısında böyük perspektivlər
açdı. Türk xalqlarının müstəqillik qazanması bu respublikaların siyasi cəhətcə
yaxınlaşmasına və Avrasiyada yeni bir türk-islam mərkəzinin yaranmasına səbəb
olardı. Lakin Türkiyənin Orta Asiya və Azərbaycan üçün Avropanın forpostu rolunu
oynamaq, habelə, özünün Avropa ilə Yaxın Şərq arasında bir bufer zona təşkil
etmək ümidi özünü doğrultmadı. Çünki Qərb ölkələri bu yolda Türkiyənin
vasitəçiliyindən istifadə etməkdənsə, özlərinin siyasətlərini bu regionda elə
özləri yerinə yetirməyə başladılar. ABŞ-ın «türk siyasi amilindən» istifadə
etməklə onu Çin və Rusiya kimi iri qüvvə mərkəzlərinə qarşı qoymaq cəhdləri də
bəzi Qərb ölkələri tərəfindən dəstəklənmədi. Bu mənada «türk siyasi birliyi» bir
eyforiya kimi qaldı. Bu birlik hər bir türk respublikasının öz milli maraqları
ilə uyğun gəlmədiyindən onların özləri tərəfindən də müdafiə edilmədi.
Türklərin elə dairələri vardı ki, onlar SSRİ-nin dağılması ilə 120 milyondan çox
türkü özündə birləşdirə biləcək Turan ideyasının reallaşa biləcəyinə
inanırdılar. Belə bir dünyəvi dövlətin yaranması, onun Türkiyə kimi Şərqlə Qərb
arasında bir körpü rolunu oynaması Avrasiyada qüvvələr nisbətinin türklərin
xeyrinə dəyişilməsilə nəticələnə bilərdi. İkinci bir tərəfdən belə bir güclü
dövləti slavyan dünyasına və eləcə də Çinə qarşı qoymaq olardı. Adriatik
dənizindən Çinə qədər uzanacaq bu dövlət bütün türk-tatar xalqlarının yüz ildən
çox tarixi olan türkizm ideyalarını həyata keçirə bilərdi. Hətta xristian dinli
qaqauzlar belə xilas yolunu Ankaradan gözləyirdilər. İslam Kərimov bütün türk
dünyası üçün vahid parlamentin yaranması ideyasını irəli sürdü. Qərb ölkələrinin
türklərin bu planını müdafiə etməsində iki moment vardı. Nə qədər ki, SSRİ
mövcud idi, Qərb üçün Türkiyə böyük strateji əhəmiyyət kəsb edirdi. Çünki onun
özündəki silahlı qüvvələrindən, ərazisindən, iqtisadi imkanlarından SSRİ-yə
qarşı istifadə etmək olardı. Bundan başqa, Türkiyə İsrailin əleyhdarları
(Suriya, İraq) və ABŞ- ın düşməni olan İranla həmsərhəd idi və istənilən vaxt
Türkiyəni onlara qarşı da yönəltmək olardı. İran körfəzindəki müharibə zamanı
Türkiyə ərazisinin qiyməti birə-beş artdı. 1992-ci ilin noyabr ayında «Uoel-
strit jornal» Türkiyəni Qərbin həyatındakı rolunu belə qiymətləndirirdi:
«Türkiyə yeni yaranan İslam ölkələrinə dünyəvilik və demokratiya yolunda kömək
edir. O, Qərb, Balkanlar və Yaxın Şərq arasında bir körpü rolunu oynayır. O,
Qərbin təhlükəsizliyi üçün böyük rol oynayır və ona görə də onunla Qərbin
dostluğu zəruridir».
Lakin Türkiyənin bu ölkələrlə həmsərhəd olmaması, İran və Ermənistanın, digər
amillərin törətdiyi əngəllər, Rusiya imperiyasının yaşarılığı, keçmiş SSRİ
məkanında Turan əvəzinə Moskvanın rəhbərliyilə yeni bir MDB qurumunun
yaradılması, türk ölkələrilə Moskvanın keçmiş əlaqələri və bağlılığı kimi
amilləri bunun reallaşmasına imkan vermədi. Həm də Qərb SSRİ-dən sonra Turan
kimi güclü bir dövlətin meydana gəlməsilə özünə qarşı yeni bir təhlukə mənbəyi
yaranacağına inandı.
|