|
Новая страница 1
Nail Əliyev
XX
əsrin əvvəllərində Qarabağda türk-müsəlman soyqırımı:
problemin mənbəşünaslığına dair
XX
yüzilliyin əvvəllərində ermənilər tərəfindən Qarabağda da dəhşətli türk-müsəlman
soyqırımları törədildi. Bunu çoxlu sayda qaynaqlar, yəni arxiv sənədləri, dövrü
mətbuat və şifahi tarix materialları da yetərincə təsdiqləyir.
Onları
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Osmanlı və
Rusiya imperatorluqlarının, RSFSR, Qərb dövlətlərinin hakimyyət strukturlarının
sənədləri;
2. Transqafqaz
Seyminin və onun milli fraksiyalarının toplantılarının materialları
(protokolları, yazışmaları və s.);
3. Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC-nin) müəyyən orqanlarının fəaliyyətinə dair sənədlər;
4. Azərbaycan,
Rusiya və Avropa mətbuatında özünə yer alan rəsmi məlumatlar, analitik yazılar,
faktiki materiallar, jurnalist araşdırmalarının nəticələri və s;
5. Qanlı
hadisələrin şahidlərinin sifahi və yazılı xatirələri, müxtəlif ictimai-hüquqi
qurumlara verdikləri ifadə-izahatlar və s.
Birinci qrup
qaynaqlar
sırasında Osmanlı Xarici İşlər nazirliyinə aid xeyli sənəd diqqəti cəlb edir.
1905-ci il 9 seyntabr və 4 oktyabr tarixli iki sənəddə (Osmanlı Devleti ile
Azerbaycan Türk Hanlıkları Arasındakı Münasibetlere Dair Arşiv Belgeleri, Cilt
I (1578-1914), Ankara, 1992, səh.233-235, 237-238) ermənilərin həmin dövrdə
Şuşada müsəlmanlara qarşı törətdikləri zorakılıq hərəkətlərindən bəhs olunur.
Xarici İşlər naziri Tevfik paşa və sədr-əzəm Fərid paşanın məktublarından ibarət
olan həmin sənəd Rusiya hökumətinin erməniləri dəstəklədiyini də açıqlayır.
Çarlığın yerli hakmiyyət orqanlarının (Qafqaz canişinliyi, Gəncə
general-qubernatorluğu və s.) müxtəlif sənədləri 1905-1906-cı illərdə Qarabağ
mahalında yüzlərlə müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığını
təsdiqləyir.
İkinci və
üçüncü qrupa
aid olan mənbələr arasında özünə yer alan sənədlər sırasında aşağıdakıları
xüsusilə vurğulamaq lazımdır:
-
Transqafqaz Seyminin 1918-ci il 17 mart tarixli iclasının protokolu. Bu və digər
müzakirələrdən bəlli olur ki, ermənilər 1917-ci ilin əvvəllərindən 1918-ci ilin
martınadək olan müddətdə təkcə Qarabağın 157 azərbaycanlı kəndini dağıtmış və
əhalisinin bir hissəsini qırmış, qalanını isə qovmuşdular. Həmin iclasın
materialları erməni qulduru Andranikin S. Şaumyanla hərtərəfli əlaqələrindən də
xəbər verir;
-
AXC Fövqəladə İstintaq Komissiyasının (FİK-in) təhqiqat materialları. FİK-in,
ermənilərin törətdikləri türk-müsəlman soyqırımlarını əks etdirən materialları
3500 səhifədən ibarət olmaqla 36 cilddə toplanmışdır. Onun 2 cildi (80 səh.)
bilavasitə Qarabağ general-qubernatorluğunun Zəngəzur qəzasında törədilən
vəhşiliklərdən bəhs edir (Azərbaycan Dövlət Arxivi, fond 100, siyahı 2, iş 791,
v. 132). FİK-in materialları arasında, onun üzvü Mixaylovun ermənilərin Şuşa,
Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarındakı müsəlman kəndlərini dağıtmalarına
və əhalisini qırmalarına dair məruzəsi xüsusi yer tutur;
-AXC
parlamentinin Qarabağla əlaqədar məsələləri ayrıca müzakirə edən iclaslarının
(15, 20.XII. 1918, 22.1.1920) materialları. Həmin materiallar erməni silahlı
dəstələrinin Qarabağda və Zəngəzurda törətdikləri türk-müsəlman soyqırımlarına
dair çoxlu faktları aşkarlamağa imkan verir;
-AXC-nin Paris Sülh konfransındakı nümayəndə heyətinə göndərilən məlumatlar.
Onların bir hissəsi digər sənədlər və materiallarla birlikdə «Ermənilərin
müsəlman əhalisi üzərində etdikləri vəhşiliklər haqqında» adı ilə nəşr
olunmuşdur (İstanbul, 1919).
Dördüncü və beşinci qrup
qaynaqlar da çoxşaxəlilikləri və zəngin faktiki materialları ilə seçilir. Burada
öncə «Həyat», «Azərbaycan» və s. qəzetlərdə dərc olunan müxtəlif yazıları qeyd
etmək lazım gəlir. Bu kimi materiallar sırasında Ə. Ağayevin (Ağaoğlunun)
«Həyat»da (1906-cı il; №47) məqaləsində ermənilərin 1905-1906-cı illərdə
Qarabağda və digər bölgələrimizdə müsəlmanları qırmaları, öz tarixi yurdlarından
qovmaları və s. qələmə alınmışdır. Bizcə, Ü. Hacıbəylinin «Andranik məsələsi»
məqaləsi («Azərbaycan» qəzeti, türkcə, 15 dekabr 1918-ci il) bu baxımdan çox
önəmlidir və ayrıca nəzərdən keçirilməlidir. Bu yazıda Andranikin quldur
dəstələrinin Qarabağda və s. yerlərdə törətdikləri zorakılıqlara da toxunulmaqla
onun birbaşa Ermənistan tərəfindən yönləndirilməsi vurğulanır.
«Azərbaycan» qəzetinin (rusca) Qarabağda həyata keçirilən türk-müsəlman
soyqırımları ilə əlaqədar yazıları arasında Q.Xəlil İbrahimin «Qarışıq günlərdə
Qarabağın vəziyyəti» başlıqlı məqaləsində (21, 23, 28 oktyabr, 1 noyabr 1918-ci
il; 14, 16, 20, 24 saylı) çoxlu konrket faktlar qələmə alınmışdır. Qəzetin (17
iyun 1919-cu il, 123 saylı) «Qarabağda son hadisələr» yazısında mahalın
general-qubernatoru X.Sultanovun məlumatları əks olunmuşdur. Burada Xosrov bəyin
ermənilərin törətdikləri soyqırımların qarşısının alınması, ümumiyyətlə, Qarabağ
probleminin həllinə dair mülahizələrinə də yer verilmişdir.
Ermənilərin 1917-1921-ci illərdə Qarabağın türk-müsəlman əhalisini qırmaları
həmin vaxtlarda bölgələrdə olan Qərb jurnalistlərinin yazıları tərəfindən də öz
təsdiqini tapır. Bunlardan S.Liddelin yazdığı «Erməni-tatar sazişi. Qarabağda
dinclik yaranması» diqqəti çəkir. Bəzi yanlış cəhətlərinə baxmayaraq məqalə
ermənilərin planlarını açıqlamağa imkan verir, onların törətdikləri antibəşəri
hərəkətlərin regionda millətlərarası münaqişələrin gərginləşdirilməsinə xidmət
etdiyini isbatlayır.
1905-1906-cı və 1917-1921-ci illərdə Qarabağda ermənilərin müsəlmanlara qarşı
etdikləri zorakılıq hərəkətlərini çoxsaylı acı xatirələr, şahid ifadələri də
kifayət qədər təsdiqləyir. Onların xeyli hissəsi FİK-in təhqiqat materialları
arasında, habelə bəzi toplularda və s. öz əksini tapmışdır.
Bütövlükdə isə, bu məsələ ilə əlaqədar xeyli aşkarlanmamış, yerətincə
araşdırılmamış qaynaqlar mövcuddur. Onların üzə çıxarılması və təhlili
ermənilərin törətdikləri türk-müslman soyqırımlarının daha ətraflı
araşdırılmasına və «erməni genosidi»nə dair təbliğatın zərərsizləşdirilməsinə
müsbət təsir göstərə bilər.
|