|
Новая страница 1
Almaz Zülfəliqızı
Qarabağ
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
1917-ci il oktyabr çevrilişi ölkədə vəziyyəti daha da gərginləşdirdi və
Azərbaycanda da hakimiyyət uğrunda mübarizəyə təkan verdi. Bakıda
eser-menşevik-daşnak bloku ilə bolşeviklər arasında gedən mübarizə bolşeviklərin
qələbəsi ilə nəticələndi. Bakı sovetinin 1917-ci il 31 oktyabr və 2 noyabr
tarixli iclasları bolşeviklərin qələbəsinin ilkin mərhələsini təmin etdi və
Bakıda Sovetlərin hakimiyyəti elan edildi.
1917-ci il noyabrın 15-də Tiflisdə Cənubi Qafqaz komissarlığının yaranması ilə
Azərbaycanda ikihakimiyyətlilik meydana gəldi. Hakimiyyətin birini Bakı Soveti
digərini isə Cənubi Qafqaz komissarlığı təmsil edirdi. Bakı və onun ətraf
kəndləri Bakı Soveti tərəfindən, qalan yerlər isə Cənubi Qafqaz Komissarlığı
tərəfindən idarə olunurdu.
1917-ci ilin dekabrında Bakı Sovetinə keçirilən seçkilər nəticəsində
bolşevik-daşnak ittifaqının yaranması Azərbaycanda siyasi vəziyyəti xeyli
kəskinləşdirdi.
1917-ci ilin dekabrında S.Şaumyanın Qafqaz işləri üzrə fövqəladə komissar təyin
edilməsi Azərbaycanda, o cümlədən Zəngəzur qəzasında və Qarabağın digər
bölgələrində yeridilən siyasət ermənilərin burada törətdikləri zorakılıqlara
zəmin yaradırdı. Bolşevik Rusiyasından dəstək alıb şirnikləndirilən ermənilər
Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq planını reallaşdırmaq
istiqaməti götürmüşdülər və buna nail olmaq üçün hər cür ən iyrənc müəyyən
vasitələrə də əl atırdılar.
Onlar hətta Qarabağda kəndlilərin etiraz çıxışlarının təşkilində də iştirak
edirdilər. S.Şaumyan dəfələrlə Cənubi Qafqazın bütün müsəlman əhalisinə müraciət
edərək, onları bəylərin torpaqlarını zəbt etməyə çağırırdı.
1918-ci ilin əvvəllərində Şuşa və Cavanşir qəzalarının kəndlərində başlayan
kəndli hərəkatı xeyli davam etmişdi. Yevlax, Qaryagin (Füzuli) və başqa yerlərdə
kəndlilər yerli orqanlara qarşı hücuma keçir, bəy torpaqlarını tutur, bəzi
hallarda da mülkədarları, bəyləri öldürürdülər.
Ermənilər Qarabağda siyasi qarşıdurma yaratmaqla öz məqsədlərinin həyata
keçirilməsini asanlaşdırmağa çalışırdılar.
S.Şaumyan və başqalarının vasitəsilə Rusiyanın himayəsinə arxalanan ermənilər,
xüsusi ilə də daşnak general Andranikin silahlı quldur dəstələri Qarabağa
soxulmuş, Şuşanın 35 kilometrliyinə gəlib çatmışdılar. Andronik Xaçın rayonunun
bir hissəsində, Cerabert, Vərəndə, Dizak ərazilərində özbaşınalıq və talançılıq
hökmranlıq edirdi, yerli türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirirdi.
Bundan sonra Andranik Zəngəzura hücum etdi. 1918-ci il may-avqust aylarında
Zəngəzurun Sisyan hissəsində Azərbaycan torpaqlarını ələ keçirərək, orada
genosid - «etnik təmizləmə» aparmaqla məşğul oldu.
Zəngəzur qəza rəisi M. Namazəliyevin 1918-ci il sentyabrın 11-də AXC Daxili
İşlər Nazirliyinə göndərdiyi raportda qeyd edilirdi ki, Andranikin silahlı
quldur dəstələri tez-tez müsəlman kəndlərinə basqınlar edir və cinsinə, yaşına
heç bir fərq qoymadan hamını qırırlar.
Azərbaycanlıları xilas etmək üçün Osmanlı Türkiyəsi 1918-ci ilin payızında
Şuşaya 400, Xankəndinə 2 min nəfərə qədər kontingenti olan qoşun göndərmiş və
azərbaycanlılara qarşı törədilən vəhşiliklərin qarşısını almağa çalışmışdı.
1918-ci il 30 oktyabr Mudros sazişinin tələsinə görə, türk qoşunları Azərbaycanı
tərk etdi, ermənilərə himayədarlıq edən ingilis qoşunları noyabrın 17-də Bakıya
daxil oldu. 1918-ci il dekabrında ingilislər öz dəstələrini iki zirehli maşınla
Şuşaya göndərdi. Şuşada eyni zamanda ingilis hərbi missiyası yerləşmişdi.
Missiyanın məqsədi Qarabağda yaradılmış hakimiyyət orqanlarına nəzarət etmək
idi. Bir qədər sonra Şuşada «Yaxın Şərqə Amerika Köməyi Komitəsi»nin də şöbəsi
yaradıldı. ABŞ həmin şöbə vasitəsilə Qarabağı siyasi və iqtisadi cəhətdən öz
təsiri altına almaq istəyirdi. Amerika komitəsinin fəaliyyəti də Qarabağda yerli
əhalinin narazılığına səbəb oldu.
1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində Qarabağda çox mürəkkəb bir şərait
əmələ gəlmişdi. Burada müsəlman və erməni milli şuraları da fəaliyyət
göstərirdi. Erməni milli şurası ingilislərə yaltaqlanır, onların tapşırıqlarını
danışıqsız yerinə yetirirdi. Digər tərəfdən ermənilər Azərbaycan höküməti
tərəfindən görülən bir çox işlərə də müdaxilə edir, aranı qarışdırmağa səy
göstərirdilər. Andranikin quldur dəstələrinin Zəngəzurun bir sıra kəndlərinə
hücumları, dinc əhalini qırmaları 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində
daha da gücləndi. Şuşa, dağıdılmış türk-müsəlman kəndlərdən gəlmiş qaçqınlarla
dolu idi. Burada 8300-ə qədər, Cavanşir qəzasında isə 2500 qaçqın var idi.
Qarabağda vəziyyətin mürəkkəbliyini görən AXC Höküməti Zənqəzur, Şuşa, Cavanşir
və Cəbrayıl qəzalarını əhatə edən mərkəzi Şuşa şəhəri olan müvəqqəti
general-qubernatorluq yaradılmasını zəruri hesab etdi. Azərbaycan hökümətinin
1919-cu il yanvarın 29-dakı iclasında «Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur
qəzalarına general-qubernator təyin edilməsi haqqında» məruzə dinlənildi və
Xosrov bəy Sultanovun general-qubernator təyin edilməsi, nazirliyin 20 mln.
manatlıq fondundan general-qubernatorluğun ehtiyacları üçün 5 mln. manat
ayrılması haqqında qərar qəbul edildi.
1919-cu il fevralın 12-də X. Sultanov Şuşaya gəlmiş və öz vəzifəsini icra
etməyə başlamışdı. Ermənistan höküməti isə bunu etirazla qarşıladı. Ermənistan
xarici işlər naziri S. Tiqranyanın etiraz notasına cavab olaraq, Azərbaycan
xarici işlər nazirinin əvəzi A. Ziyadxan 1919-cu il yanvarın 31-də Ermənistan
Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda bildirirdi ki,
general-qubernatorluğun yaradılmasına hər hansı bir etiraz əsassızdır, çünki
həmin ərazilər AXC-nin ayrılmaz tərkib hissələridir. A. Ziyadxan teleqramında
Ermənistan hökümətinin etirazını daxili işlərə qarışmağa cəhd göstərmək kimi
qiymətləndirirdi.
Qeyd etmək lazımdır ki, 1919-cu ilin iyun ayında Qarabağda bolşeviklər
partiyasının Mahal Komitəsi də təşkil edilmişdi. Bu təşkilatın yaradılmasında
Bakı partiya təşkilatı tərəfindən göndərilən Kamran Ağazadənin böyük rolu
olmuşdu. Mahal Partiya Komitəsinin işində Ocaqqulu Musayev, Hüsü Hacıyev,
Nəriman Abdullayev, Suren Şadunts və b. fəal iştirak etmişdilər. Qarabağ mahal
və qəza komitələri partiya özəklərinin yaradılmasına xüsusi fikir verirdilər.
Qoçəhmədli, Xatınbulaq, Pirəhmədli, Horadiz, Babı, Qaryagin, Cuvarlı, Hadrud və
b. kəndlərdə partiya özəkləri yaradılmışdı. 1919-cu ilin payızına yaxın
Qaryagində 18, Hadrudda 20 partiya özəyi var idi. Qarabağ partiya
təşkilatlarının əsas vəzifələrindən biri də «beynəlmiləl tərbiyəni» gücləndirmək
idi.
1920-ci il martın sonu, aprelin əvvəllərində erməni silahlı dəstələrinin
hücumları yenə də davam edirdi. Həmən hücumlar bir sıra kəndlərin əhalisinin öz
yaşayış yerlərini tərk etməsi ilə nəticələndi. Deməli, 1918-1920-ci illərdə
ermənilərin Qarabağ və Zəngəzur ərazilərinə arası kəsilməyən silahlı basqınları
olmuşdur.
Qarabağda vəziyyətin mürəkkəbliyi ilə bağlı AXC Höküməti oraya xeyli qoşun
hissəsi yeritmişdi. Əsas hərbi qüvvə Xankəndində yerləşirdi. Bundan başqa
Şuşada, Xocalıda, Ağdamda, Əskəranda, Cəbrayılda və b. yerlərdə də batalyon və
rotalar dayanırdı.
Azərbaycan Xalq Cumhuriyyəti Höküməti tərəfindən müəyyən tədbirlərin görülməsi
nəticəsində ermənilərin torpaq iddialarının və etnik təmizləmə siyasətinin
həyata keçirilməsi istiqamətində edilən ilkin səyləri dəf olunmuşdu.
1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal etdikdən sonra
ermənilər daha da fəallaşdılar. Sovetləşmədən sonra da onlar Naxçıvana,
Qarabağa, Zəngəzura sahib olmaq üçün ərazi iddiaları irəli sürdülər. Rusiyanın
ermənilərə yardımı nəticəsində, daha doğrusu, Sovet Rusiyasının strateci
maraqları tələb etdiyinə görə Azərbaycan Zəngəzur mahalını ermənilərin xeyrinə
itirməli oldu. Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qəti rədd
edildikdən sonra isə ona muxtariyyət verilməsi ön plana keçirildi.
|