Новая страница 1
Niyazi Mehdi
Qarabağ üzrə Uppsala diskussiyasından çıxarışlar
O diskussiyada erməni tərəfinin yeritmək istədiyi tezislər bunlar idi:
1.
Azərbaycan Dağlıq Qarabağla danışığa getməlidir
2.
Buna tələsmək gərəkdir (konfliktin qalması nə sizə, nə bizə sərfəlidir)
3.
Dağlıq Qarabağ müstəqilliyinin əvəzində sizin qazanacaqlarınız olacaq
4.
Dağlıq Qarabağın müstəqilliyinə arqumentlər var
Azərbaycan Dağlıq Qarabağla danışığa getməlidir və buna qarşı azərbaycanlı
tərəfin arqumentləri
Erməni tərəfdən deyilənlərin yığcamı:
Hazırda güclü Qarabağ ordusu var. Onunla Ermənistan ictimai rəyi arasında
ittifaq yaranıb, çünki onun etdiklərini camaat da bəyənir. Öncələr bilinirdi və
biz özümüz də inanırdıq ki, Dağlıq Qarabağ ordusu və hakimiyyəti Ermənistana
tabedir. Ancaq indi aydın olur ki, belə deyil. Dağlıq Qarabağda siyasi
strukturlar hərbi komandanlığa tabe olan əlavələrdir. Siyasətçilər ordunu yox,
ordu siyasətçiləri idarə edir. Hətta Ermənistan prezidentinin qərarı da Qarabağ
komandanlığının vizası olmadan keçmir. Bütün bunlar onu göstərir ki, Dağlıq
Qarabağı Ermənistandan asılı saymaq düz deyil və bu səbəbdən birbaşa danışığa
getməlisiniz.
Lyudmila Arutunyan:
Hər yerdə konfliktlər zamanı çöl (səhra) komandirləri ilə danışırlar. Bu, artıq,
dünyada dəfələrlə sınaqdan çıxıb. Siz də Dağlıq Qarabağla masa arxasında
oturmalısınız.
(Bir
erməni iştirakçısının «öz aramızda» ilə dedikləri: Dağlıq Qarabağla, artıq,
Rusiyanın, Iranın güclü ilişgiləri var. Dağlıq Qarabağ hər iki ölkənin Qafqazda
platsadarmına çevrilib. Ermənistanda Rusiyadan qopmaq istəyənlər var. Şəxsən
məni Dağlıq Qarabağ yox, Ermənistanın taleyi maraqlandırır. Ancaq Dağlıq Qarabağ
güclüdur, bizə əngəl olur. Bu durumda onu neytrallaşdırmaq üçün və onu
Rusiyanın əlindən almaq üçün Azərbaycanla Ermənistanın arasında ilişgilər,
anlaşmalar olmalıdır).
Lyudmila Arutunyan:
Irəlilər Israil açıqca İordaniya və başqaları ilə danışırdı, Fələstin Qurtuluş
Hərəkatını isə ayrıca tərəf kimi tanımırdı (gizli danışıqlar getsə də rəsmi
danışıqlar olmurdu). Tanıyıb danışıqlara başlayanda sonra barış prosesi də
irəliləməyə başladı.
Niyazi Mehdi:
Çöl, səhra komandirləri ilə çölün, düzənin problemlərini danışarlar. Yoxsa elə
bilirsiniz ki, Azərbaycan Dağlıq Qarabağın separatçı komandirləri ilə ölkənin
bütövlüyü, sınırları kimi siyasi məsələləri çözəcək?!
Qoy,
Ermənistan öydüyünüz güclü ordunu Dağlıq Qarabağdan çıxarsın (necə çıxarsın
məsələsi danışıqlar mövzusu ola bilər). Bundan sonra Azərbaycanın borcudur ki,
içindəki milli azlıqla öz vətəndaşları kimi danışsın və ortaya çıxan problemləri
çözsün.
Dağlıq Qarabağda Ermənistan ordusunun olmasını isə, məsələn, o fakt doğrulayır
ki, Ermənistan ora öz ərazisi kimi baxır və elə ona görə də «mədəsində» Dağlıq
Qarabağ separatçılarının başçısının Ermənistana prezident seçilməsini çox yaxşı
əritdi. İndi düşünün, fələstinlilərin başçısı Yasir Ərafat Misirə prezident
seçilə bilərdimi?!
Bir
məsələni də deyim. Siz hesab edirsiniz ki, Dağlıq Qarabağın güclü ordusunun
olması onun danışıqların tərəfi olmasına əsas verir. İndi soruşuram: bu «güclü»
ordu ilə separatçılar nə edəcəklər? Gəlib Bakını tutacaqlar?!
Lyudmila Arutunyanın
tələsik reaksiyası: Yox.
Niyazi Mehdi:
Qoy, Dağlıq Qarabağ ordusu (əslində, dedik, Ermənistan ordusu) tutdugu ərazidə
«əzələlərini» oynatsın, şişirtsin. Biz başqa problemlərimizlə məşğul olacağıq.
Bizim vəziyyətimiz elədir ki, ayrı yol olmayanda tələsməyə də bilərik. Gələcəkdə
Qarabağ probleminin çözümünə işləyəcək o qədər məsələlər var ki. Tutalım,
Azərbaycanın yerdə qalan kəsiminin iqtisadiyyatı ilə məşğul olmaq olar.
Çingiz Sultansoy:
Azərbaycan, iqtisadiyyatına olan yatırıma görə, əski Sovet məkanında Rusiyadan
sonra ikinci yeri tutur. Əgər bunu adambaşına götürsəniz, biz hətta birinci yerə
çıxarıq.
Tahir Fərhadov:
Əgər hərbi gücün "uğurlarının" qarşısında durmasaq, onda bütün Qafqaza belə bir
inam aşılanar ki, kim güclüdürsə, o da haqlıdır.
Niyazi Mehdi:
Bir də siz bilin, ABŞ kimi super dövlətlərin öz hərbi potensialını durmadan
artırmaq, həmişə irəlilətmək üçün Kosmosdan tutmuş Okeanın dərinliyinəcən,
Avropadakı bazalardan tutmuş Asiya, Afrika bazalarınacan geniş məkanı,
fantastik iqtisadi və elmi-texniki imkanları var. Dağlıq Qarabağ isə, necə ki
Ermənistan sıxılıb, qalıb dağların arasında. Ona görə də indi separatçıların
ordusu irəlidədirsə, bu o demək deyil ki, Azərbaycan vaxtı həmişəlik əldən
buraxıb və «yürüş yarışında» heç cürə erməni hərbinə çata bilməyəcək.
Tahir Fərhadov:
Siz deyirsiniz ki, Dağlıq Qarabağ separatçıları ilə danışığa gedək. Gedən kimi,
bununla da onların müstəqilliyini tanıyacağıq. Tanıyandan sonra nəyin
danışıqlarını aparacağıq?! Dağlıq Qarabağ «müstəqil» dövləti ilə Azərbaycanın
ilişgilərindən danışacağıq?! O biri yandan, Ermənistanla Dağlıq Qarabağ
arasında qeyri-müəyyənlik var: gah Ermənistan deyir, Dağlıq Qarabağla danışın,
gah da deyir, danışın, ancaq bizim veto hüququmuz var.
(Diskussiyaların arasında kofe süfrəsinin başında və ya kluarda söhbətlər bizim
üçün ermənilərin müzakirələrdə səsləndirmədikləri önəmli bilgiləri ortaya
çıxarırdı. Məsələn, bu söhbətlərdən aydın olurdu ki, Azərbaycaniçi hər hansı
uğur onlarda yaman gərginlik, qorxu yaradır. Bizdən bir nəfər bildirəndə ki,
Azərbaycanda elə müsətqil qəzetlər var ki, öz qazanclarına çıxırlar,
müxbirlərinə dövlət məmurlarına baxanda daha yüksək maaş verirlər,
jurnalistlərin çoxunun cib telefonları var və s. L. Arutunyan əməlli-başlı pərt
oldu.
Erməniləri bizim neftimiz də yaman paxıllandırırdı. Çox vaxt belə çevirirdilər
ki, sizin nə uğurunuz varsa, bəxtinizə düşmüş neftin uğurudur, özünüzün
bacarığınız deyil.
Bunun cavabında Niyazi Mehdi söyləmişdi: bizim iqtisadi şüurumuzda neft o qədər
də öndə deyil. Nigeriya təcrübəsi göstərir ki, neft dollarları inflyasiya
problemlərini yarada bilər, hərçənd Azərbaycan iqtisadi şüuru bu vəziyyəti ağır
etməmək potensialına malikdir. Bizim üçün iqtisadiyyatın başqa problemləri daha
aktualdır.
Lyudmila Arutunyan:
yəni deyirsiniz, yeni qüvvələr hakimiyyətə gəlsə, korrupsiya olmayacaq?
Niyazi Mehdi:
Olacaq, ancaq xeyli az.
Ermənilər: tələsmək gərəkdir
(konfliktin qalması nə sizə, nə bizə sərfəlidir)
Erməni tərəf Qafqazda iqtisadi, sosial, mədəni inteqrasiyanın gərəkliyini qoyub
onun qarşısına çıxan problemlərdən danışdı.
Yeridilən arqument bu idi:
İnteqrasiyanın hamımıza xeyri olacaq, onun üçün də bizim ölkələr arasında
ticarət olmalıdır. Dağlıq Qarabağla bağlı durum isə inteqrsiyanın başlamasına
əngəl olur. Dağlıq Qarabağın müstəqilliiyini tanıyın ki, başımızdan açılsın və
keçək inteqrasiyaya. İlkində bəlkə də inteqrasiya üçün münasibətləri düzəltmək
çətin olacaq. Onun üçün də sadə şeylərdən başlamaq olar. Məsələn, biz
dərsliklərdən genosidlə bağlı bəzi şeyləri çıxara bilərik.
Niyazi Mehdi:
Ticarət hələ inteqrasiya deyil. Özünüz də demisiniz ki, inteqrasiya üçün
Qafqazda dövlətlərüstü qurumlar olmalıdır. Bəlkə də haçansa Qafqazda
Avropasayağı inteqrasiya olanda ümumi Qafqaz Məhkəməsi yaradılacaq və bu məhkəmə
həm İnsan Haqları, həm də etnik, milli azlıqların haqları pozulacaqsa, onların
qarşısını alacaq. Bəlkə də Qafqazda Ümumi parlamentə oxşar nəsə yaradılacaq və
orada milli azlıqların nümayəndələri kvota əsasında, özü də veto hüququ ilə
iştirak edəcəklər. Parlament isə bütün Qafqaza aid qanunları çıxaracaq,
proqramları qəbul edəcək.
Qafqazda inteqrasiya olsa, Azərbaycan Türk dünyasından, İslam dünyasından
Qafqaza kapitalın axması üçün kanal olacaq. Ermənistan Rusiyadan, İrandan, bəzi
Ərəb ölkələrindən, Qərbdən kapitalı cəlb edən ölkə olacaq. Gürcüstanın da öz
yeri olacaq.
İnteqrasiya olanda, məsələn, sərhədlə bağlı atavizmdən qurtulmaq lazım gələcək.
Azərbaycan üçün bu atavizm ondadır ki, biz sınırlara nəsə möhkəm, dəmir qurşaq
kimi baxırıq. Başqaları üçün atavizm odur ki, xalqın sərhədləri onlar üçün
tamah obyektidir. İnteqrasiya proseslərində bu atavizmlərdən qurtulmaq gərək
olacaq.
Ancaq inteqrasiyanı yaxın zamanların məsələsi saymaq olmaz. İnteqrasiyadan
qabaq hər ölkənin iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə qarantlar sistemi
olmalıdır. Çünki kapital acgözdür, bir az sonra siyasəti əlinə almaq istəyir.
İnteqrasiya mühitində kapitalların miqrasiyasında elə ola bilər ki, bir ölkənin
kapitalı başqa ölkədə hakimiyyəti ələ ala bilər. Bütün bunlara görə də
inteqrasiya gələcəyin işidir, hərçənd indidən onun təbliğatını aparmağın ziyanı
yoxdur.
(Sonradan erməni tərəfi məhkəmə ideyasını Ermənistanla Azərbaycanın yaxınlaşması
üçün ilk addıma çevirdilər. L. Arutunyan söylədi ki, Sumqayıt və Xocalı
cinayətləri ilə bağlı məhkəmələrin keçirilməsi bizi yaxınlaşdırardı. Niyazi
Mehdi isə cavabında söylədi ki, düzdür, ancaq Sumqayıt üzrə, artıq, məhkəmə
olub, kimlərsə tutulub, bir nəfər də güllələnib. Xocalı üzrə isə belə şey hələ
ki yoxdur).
Dağlıq Qarabağın müstəqilliyi əvəzində erməni tərəfi nələri Azərbaycanın
qazancı sayır
Lyudmila Arutunyan:
Siz
bizə kömək edin Rusiyadan qopaq (yəni Dağlıq Qarabağı saxlamaq üçün ermənilər
Rusiyaya möhtac olurlar).
Niyazi Mehdi:
Rusiyadan qopmaq sizin problemdir. Rusiyanın sizi itirməklə Qafqazda zəifləməsi
elə şey deyil ki, onu biz Dağlıq Qarabağı itirməyin əvəzində böyük mükafat,
fayda sayaq.
(Kluarda Dağlıq Qarabağdan çıxmış bir erməni iştirakçısı Niyazi Mehdiyə söylədi
ki, mən istəyirəm Türkiyə ilə yaxınlaşaq. Köçəryana təklif etmişdim ki,
Ermənistandakı kürd düşərgələrini bağlayaq, kürd terrorçularını Türkiyəyə təhvil
verək, genosid məsələsini yığışdıraq. Ancaq buna güclü müqavimət var. Dağlıq
Qarabağ məsələsi çözülsəydi müqavimət də zəifləyərdi.
O
biri söhbətdə başqa erməni iştirakçısı bildirdi: Dağlıq Qarabağ müstəqil olsa,
siz də neftin gəlirindən rahat istifadə edərsiniz. Bir də, axı, qələbə çalmış
Dağlıq Qarabağ öncəki statusa, muxtar vilayət statusuna necə qayıda bilər?!
Niyazi Mehdi:
Dağlıq Qarabağ separatçıları hələlik qələbə qazanıblar, ancaq bilmirlər bu
qələbə ilə neyləsinlər. Neft isə bizim üçün elə mərkəzi problem deyil. Bir də
ermənilər neftin gəlirindən Azərbaycanın «rahat» istifadə etməsinin qarşısını
nə ilə ala bilərlər ki, almayanda sevinək, bunu mükafat sayaq?!).
Ermənilərə görə Dağlıq Qarabağın müstəqilliyinə nələr arqumentdir
Ermənilərdən kimsə:
Dağlıq Qarabağ onsuz da ayrıca tərəfdir. Indiki Azərbaycan Respublikası
Müsavatçı Respublikanın bərpası, varisi kimi özünü elan edib və bildirib ki,
Sovet Azərbaycanının irsindən imtina edib. Müsavatçı Azərbaycan Respublikası
Dağlıq Qarabağla ayrıca tərəf kimi danışıqlar aparırdı. Ortada hətta müqavilə də
var. Indi niyə danışıqlar olmasın?! (Bir neçə bağlaşmanın adını çəkir. Sezilir
ki, onun çıxışı Dağlıq Qarabağda hazırlanmış mətnə söykənir).
(Açıqlama: Bizdən heç kim onun adını çəkdiyi sənədlərlə bağlı tutarlı bir şey
deyə bilmədi, çünki onların məzmunundan və doğru, ya girdirmə olmasından
xəbərimiz yox idi. Ümüd edirik ki, bu etirafımızdan sonra mütəxəssislər nəzərə
alacaqlar ki, ermənilər mövqelərini güclü etmək üçün Demokratik Cümhuriyyət çağı
ilə bağlı nəsə mifikmi, ya nəmi sənədlərə göndəriş verə bilərlər).
Niyazi Mehdi: Axı, öncədən danışmışdıq ki, tarixə
müraciət etməyəcəyik.
Lyudmila Arutunyan:
Bu, tarix deyil, gücdə olan sənədlərdir. Məsələn, Qars muqaviləsi də gücünu
saxlayır.
Niyazi Mehdi:
Tarixin magiyası var, özunə çəkib burulğana salaraq batırır. Nədir, istəyirsiniz
biz də Şah Abbasdan, başqalarından qalma sənədləri çıxaraq? Sizin dediyiniz
müqavilələr və başqa tarixi faktlar haqqında Ermənistanda da, Azərbaycanda da,
ən azından, çoxlu savadlı tekstlər yazılıb. Bu savadlı diskussiyalara görə də
"gerçək haradadır?" məsələsi problematik vəziyyətdədir. Indi biz hazır deyilik
sizə cavab verək. Ancaq mənim və ya onun yadında oimamaq hələ Azərbaycanın
haqsızlığı deyil. Nə olar. Gəlin, bu məsələ üzrə mübahisəni növbəti görüşə
saxlayaq. Arxayın olun ki, onun cavabı olacaq
(Açıqlama: ancaq hər halda pis oldu ki, bu məsələ ilə bağlı həməncə faktları
ortaya qoya bilmədik. Hətta dialoqu aparan Piter Vallensteyn desə də ki,
tarixdəki muqavilələrin dürlü yozumları olur, ona görə də onlara belə
məsələlərdə söykənməyin mənası yoxdur.
Bu yerdə erməni iştirakçılarından birinin diskussiyaya gülüş gətirmiş anekdotunu
gətirmək istəyirik. Lətifə belədir: Müəllim şagirdlərə xəritədə Ermənistanı və
Qara Dəniz həndəvərini göstərib deyir, bura Ermənistandır. 50 il keçir, müəllim
xəritədə daha böyuk dairəni - Moskvaya çatan dairəni göstərib deyir, bura
Ermənistandır. 50 il də keçir. Müəllim bütün qlobusu göstərib deyir: bura
Ermənistandır.
Şagirdlərdən biri soruşur: müəllim, bəs o deşik kimi qara ləkə haradır? Müəllim
deyir: ora Dağlıq Qarabağdır, hələ də bizə verməyiblər. Hamı gülüşdü.
Özünəgülüş çox az hallarda alçaldır, çox vaxt isə adamı yaxşı, effektli
göstərir. Erməni iştirakçısı, bəlkə də bunu duyaraq öz xeyirlərinə olmayan
lətifəni danışdı).
Diskussiyanın axırında baş vermiş gərginlik
«Dəyirmi Masa» bithabitdə ortaya məsələ çıxdı ki, yeni görüşün gündəliyini
hazırlayaq.
İsveç təşkilatçıları Dağlıq Qarabağ haqqında rəsmi danışıqlarda Ümumi dövlət
variantının mümkünlüyündən çıxış edib gələcək dartışmada bu anlayışı da
diskussiya etməyi təklif etdi: bizim müzakirələrimiz elmi-akademik xarakter
daşıyır. Gəlin baxaq, görək, bu anlayışın məzmununda nələr var və nələr ola
bilər?
Niyazi Mehdi:
Ümumi dövlət ideyası ATƏT tərəfindən səsləndirilib və Azərbaycan toplumunun
bütün kəsimlərində, qatlarında bu ideya ya hiddət, ya da kinayə doğurub. Bundan
sonra onu müzakirə etməyin nə mənası var?! Hətta kimsə müzakirə etmək istəsə də
bunu gələcək seminarların iş planına salmayıb da edə bilər. Bizim bu akademik
mühitdə erməni həmkarlarımızla nə qədər mədəni, nəzakətli münasibətimiz olsa da
bir-birimizə tam etibar etməyə əsasımız yoxdur. Ola bilər ki, Ümumi dövlət
ideyasının iş planına rəsmi salınmasından sonra onlar təbliğat üçün istifadə
etsinlər.
(Ermənilər Umumi dövlət anlayışının iş planına salınması və gələcəkdə müzakirəsi
üstündə çox durdular).
Niyazi Mehdi:
Axı, Azərbaycan dövləti də bu variantı rəsmi inkar edib.
Azərbaycan tərəfindən kimsə:
İnkar edibsə, deməli, danışıqların gündəliyindən çıxıb, aktual deyil. Bizim
müzakirəmizə nə ehtiyac var?!
Erməni tərəfi:
Biz də Isveç təşkilatçılarının hesabatındakı bəzi şeylərlə razı deyilik,
məsələn, «erməni isğalı» ifadəsi ilə. Yazmaq olardı «Azərbaycan tərəfinin
deyimincə, erməni işğalı» və s. Eləcə də «Ümumi dövlət» anlayışını işlətməyin
formasını tapmaq olar.
Niyazi Mehdi:
Gələcək seminar üçün onsuz da çox məsələlər təklif olunub. Bunların hamısına biz
vaxt sərf edib hazırlaşmalıyıq. Öncədən uğursuz saydığım bu anlayışa mən hədər
vaxt sərf etmək istəmirəm, eləcə də mənim həmkarlarım. Niyə onu gündəliyə salaq.
Yazmaq olar «muxtəlif dövlət, avtonomiya formalarının müzakirəsi». Erməni tərəf
istəyər, gələn «Dəyirmi Masada» bu rubrikanın içində Ümumi dövlət modelinə
toxunar, bəlkə o zaman biz də bir şey taparıq deməyə. Bir də bu simptomatik
deyilmi ki, bir tərəf onu müzakirəyə salmaq istəyir, o biri tərəfsə yox?!
Deməli, burada gələcək seminarların toqquşma üslubunda keçməsi üçün təhlükə
gizlənib.
Axırda, Isveç təşkilatçıları Azərbaycan tərəfinin söylədikləri ilə razılaşdılar.
Uppsala diskussiyasınının dərsləri
Görünür, azərbaycanlılar gələcəkdə ermənilərlə hələ çox «Dəyirmi Masalarda»,
seminarlarda dartışmalar yapmalı olacaqlar. Onun üçün də mən iştirak etdiyim
diskussiyanın əsasında bizimkilərə aşağıdakıları məsləhət verərdim:
Onlarla diskussiyalarda təkcə tarixi faktları, sənədləri bilmək bəs etmir.
Danışanlar mütləq çıxışlarını ifadəli, mədəniyyətin dürlü simvolları, olayları,
hətta qatları ilə oynayan diskurslar üstündə qurmalıdırlar. Bu, formal üslub
deyil. Bu diskussiyada sayrışan semantikaların ovsununu yaratmaqdır. Komandada
ayrı-ayrı istiqamətlər üzrə xüsusi hazırlığı olan adamlar olmalıdır.
Komandada xarakter tipləri də bölünməlidir: sərt cavab verən, xətrə dəyməkdən
çəkinməyən üzv (Isveç görüşundə bu funksiyanı Cingiz Sultansoy yerinə yetirirdi)
oldugu kimi, söhbəti başqa maneralarda aparanlar da olmalıdır.
Danışıqlar üçün müdafiə planı ilə yanaşı hücum planı da olmalıdır (Uppsalada
bizim hücum, ittiham planımız yox idi) Danışanlar mütləq danışıqlarına effektli
təklifləri səpələməlidirlər.
Xalq diplomatiyasında Azərbaycan tərəf göstərməlidir ki, Dağlıq Qarabağ erməni
əhalisinin İnsan Haqlarının qorunmasını, onların demoqrafik təhlükəsizliyini,
iqtisadi özünüidarəsini muzakirə etməyə, bütün bunlara qarantiyalar axtarmağa
tam açıqdır.
|