|
Новая страница 1
Rəna Mirzəzadə
Qarabağ siyasəti və mənəvi-psixoloji durum
Azərbaycanın
tale və yaşam məsələsi olan, bəzən problem, bəzən düyün, bəzən də münaqişə
adlanan QARABAĞ deyiləndə göz önünə itirilmiş ərazilər, əzablara düçar
olmuş çoxsaylı məcburi köçkün və bütün bunlara müxtəlif yanaşma tərzləri gəlir.
Nəzəri-fəlsəfi
baxımdan təhlil edərkən «problem»-«düyün»-«münaqişə» anlayışlarının
QARABAĞ FACİƏSİ kimi səciyyələndirməsi daha muvafiqdir. Bu elan olunmamış
müharibə nəticəsində torpaqların işğalı, dağılan yaşayış məskənləri, axan
qanlar, ölən-itən-yaralanan, əsir düşən insanların FACİƏ-sidir.
Siyasətdə
Qarabağ faciəsinin kökləri dərin, səbəbi hər zaman tarixi qonşularımıza
GÜZƏŞT-dir. Bu fəlsəfədə xatırlayaq ki, məlum Topxana hadisəsi ilə əzmkarlıq
göstərən millət öz faciəsini kədərlə, «filan yerin işğal günü tarixi»nin yası
ilə deyil, əbədi yaşayış məkanına qayıdış mübarizliyində formalaşdırmalıdır.
Bəzən bizim
«qəhrəman» simvolu göstəricisində – «mübarizləri» kənarda axtarır,
fəxrlə çeçenləri nümunə göstərib, cəsur türk ordusunu təqdir edir, hətta
nostalgiyaya qapılıb məlum sovet əsgərini təbliğ edərkən önəmli bir sual
yaranır: «Bəs Biz kimik?»
Təbii ki,
Qarabağ siyasətinin qaranlıq məqamları içində satqınlıq, ziyankarlıq, qorxaqlıq
kimi dəlillər də danılmazdır. Lakin bu o demək deyil ki, özümüzə qarşı
«torpaqlarını qoyub qaçan bir millət», «hərraca qoyub satan xalq» kimi ittihamı
qəbul edib, işğalçının təcavüzkarlığına «torpaqlar satılıb» fikri ilə əsas
verib, problemin ölçüyə gəlməz cinayətlərini yüngülləşdirməliyik. Bu fikir əsas
siyasətin və düşmənin diqqətdən yayınmasına xidmət edir. Bütün bunlar mühakimə
olunmalıdır: QƏLƏBƏ-dən sonra.
QARABAĞ
SİYASƏTİ
20 faiz torpaqlarımızın işğalı, erməni təcavüzkarlarının CİNAYƏTKAR ƏMƏLİDİR.
Bu siyasətin
problem olaraq hazırkı çətinliyi hər bir vətəndaşın ellikcə eyni mövqedən bu
ağırlığı dərk edərək, məsuliyyəti öz üzərinə götürməməsi, biganəliyidir. Budur
əsas problem! Qarabağ adlı elan edilməmiş savaşda şəhidi, şikəsti olmayan, evi
dağılmayan, özünün şəxsi torpaq sahəsini itirməyənlərin BÖYÜK TORPAQ
itkisinə biganəliyi, yadlığı, laqeyd soyuqluğu kimi subyektiv amillərin
reallığıdır. Bu fəlsəfənin mahiyyəti çözülməzdir.
QARABAĞ
SİYASƏTİ
– XIX və XX əsr boyu ermənilərin əsassız torpaq qoparmaq cəhdləri və bu
siyasətdə onlara dəstək verənlərin insan hüquqlarından danışa-danışa aşkar
zorakılıq fəlsəfəsidir.
Faciənin düyün
kimi çözümundə istər iqtidar, istər müxaliəfət yönlü KİV-lərin əsasən ictimai
fikrdə hamılıqla problemin Özününküləşdirilməsi fəlsəfəsi,
Yadlaşma-Özgələşmə dilemmasından çıxardıb bunun ÜMUMMİLLİ FACİƏ
olaraq, mənəvi–psixoloji istiqamətdə unudulmasına yol verməməkdir.
Bədbinlik,
məyusluq nikbinliklə əvəzlənərək, nəğməkar xalq olduğumuz kimi, mərd, qalib,
şücaətli, əzmkar, hər an torpağı xilas etməyə hazır olmaq iradəsini də hər
birimiz özümüzə təlqin etməliyik.
QARABAĞ
SİYASƏTİNİN
digər ağır bir fəsadı da əmək qabilliyətini itirmiş, işsizlik-bekarçılıq
nəticəsində ələ baxımlıq-humanitar paylar alma vərdişinə yiyələnən, ümumi
psixoloji durumu acınacaqlı olan qaçqın-köçkün ordusunun məşəqqətli güzəranıdır.
Cəmiyyət də «Ver yeyim» adətinin onların yararlılığı, GƏRƏKLİ-liyi
effekti ilə əvəzlənməsi vacibdir. Siyasətdə QARABAĞ FƏLSƏFƏSİ bu
milyonadək didəgin insan taleyidir.
Buradaca real
olan bir faktoru da qeyd edək ki, qaçqın və köçkünlər özləri də təbəqələşib:
əzəldən imkanlı olan və yaxud işbazlar yüksək həyat tərzinə malikdirlər. Od-alov
içindən bir canını və ailəsini xilas edənlər. Onlar ən adi həyati tələbatlardan
belə məhrumdurlar. Digər bir təbəqə isə müəyyən mənada başını «küçə ticarəti»
ilə saxlayanlardır. Bütün bunlar həll olunası QARABAĞ SİYASƏTİNİN görünən
və ziddiyətli fəlsəfəsidir.
Nəzər
yönəltməli bir məqam da bu siyasətdə didərgin uşaqlar, onların cəmiyyətə baxışı,
münasibətidir. Dünən doğma yurdundan, bələk də, gələn körpə artıq məktəbli,
tələbədir. Bu uşaqların öz ətrafına münasibətdə «niyə onlar yaxşı yaşayır» kimi
aqressivliklə deyil, torpağı azad etməyə məsul, vətənpərvər kimi yetişməsi də
diqqətdən yayınmamalıdır Əks halda, səfil vəziyyətdə, pərakəndə böyüyən bu
uşaqlar sabah İDARƏOLUNMAZ insan kütləsinə dönüb, cəmiyyətdə xüsusi
QƏBULOLUNMAZ-lar adlı potensial bir təbəqənin formalaşması təhlükəsini də
yaradacaq amildir Vətəndaşın mənəvi-psixoloji durumu dövlət üçün mühüm
əhəmiyyətə malik məsələdir. Çünki hər zaman ölkə əhalisinin nə düşünməsi,
əhval-ruhiyyəsi, yaşam tərzi cəmiyyətdəki hadisə və proseslərin əsas
istiqamətverici stimulu olub. Nəinki qaçqın-köçkün, bütövlükdə əhalinin bu
FACİƏYƏ uyğunlaşması kimi neqativ təzahürlər yolverilməzdir.
Qarabağ
siyasəti–vətəndaşın laqeydliyi–siyasiləşmə prosesində ziyalı passivliyinin ən
əsas səbəbi siyasi liderlərə müxtəlif yanaşma tərzi, onların cəmiyyətdə tam
qəbul olunmaması, yəni mənəmlik, ambisiya, eqoizm kimi təzahürlər.
Hər bir
partiyada vəzifə uğrunda çarpışmanın diqqəti Qarabağ amilindən yayındırmasıdır.
Əksər vaxt reallığın gerçəkləşməsində «üçüncü bir əl»in təsirini aramaq. Yaranan
çoxsaylı təşkilatların eyni şəxslərdən, yəni partiya funksionerlərindən olması
və orada bitərəf ziyalıya «yad baxış» tərzi. İtirilmiş ərazilərə münasibətdə hər
bir kəsin, vətəndaşın, ən ümdəsi ziyalının mövqesizliyi və bütün bu həqiqətlərdə
«nə etməli?» gerçəkliyi.
Cəmiyyətin
əsas strukturu dövlətdirsə, cəmiyyətin avanqardı olan ziyalının borcu isə
bitkin, sanballı, elmi konsepsiya, elmi proqramları ortaya qoymaqdan ibarət
olmalıdır. Bu da həqiqətdir… Və bu həqiqətə əməl olunurmu? Burada da ziyalı
möqeyi gərək deyilmi?
Qarabağ
siyasətinin tənzimlənməsində hər bir kəsin vətəndaşlıq borcuna əməl etməsi
mühüm şərtdir.
Əhalinin bir qismi «coşur», bir qismi sadəcə dinir, bir qismi isə «donub».
Torpaq təəsübkeşliyi «davası» dolanışıq uğrunda mübarizə həqiqətində öləziliyib,
sanki əriyib… Siyasi partiyalar öz sıralarında olan «durğunları» hərəkətə
gətirə bilmir. Kabinetlərində gününü qəzet oxumaqla keçirən bəzi partiya
liderlərini, mürgülə-mürgüləyə, qəzet oxuyan dövlət məmurları, eləcə də skanvord
həll edən vətəndaşları əslində bir amil birləşdirir: biganəlik.
İstər-istəməz düşünməli olursan ki, bəlkə, elə hər işə, hərəkətə mane olan
yaşayış üçün təminatlardır… Amma bir həqiqət də var, o da vətəndaşlıq borcu… O
borcun əsas daşıyıcısı isə ziyalı deyilmi? O öz ziyası, nuru, qayəsi ilə hadisə
və proseslərə biganəlikdən silkinib çıxmalıdır. Millətin XXI əsrə XX əsrin
əvvəlində olan tək korafəhim «sovetləşməni qəbul et, Qarabağ sənin olsun»
qaranlığı ilə yox, fəal vətəndaş kimi addım atması zamanın tələbi deyilmi?
Uzun illər ərzində Araz çayına «Ayrılıq» nəğməsi oxuyan torpaq həsrəti ilə
yanan «ƏZİZİNƏM QARABAĞ…» harayı dərk olunmayıbmı? Hansı siyasət, hansı
hakimiyyət, hansı vəzifə davası olur-olsun, torpaq xilas olmalı deyilmi? Qoy
olsun siyasiləşmiş mövzu… Təki ərazi bütövlüyü bərpa olunsun.
Adına qara kəlməsi varsa, o demək deyil ki, sən qara ilə anılmalısan, QARABAĞ!
Sən millətin, xalqın, sabaha açılan işığısan QARABAĞ, ziyasısan, istisi-odusan,
Sən qara yox, al-əlvan, çal-çağırlı torpağısan Azərbaycanın… Hər bir kəsin
açılan donu, düzələn qəddi, dinən dili, yazan əli sənsən, Qarabağ…
Qoy
siyasiləşsin sənin uğrunda bu millət – udan sənsən… Qoy siyasiləşməsin bu gün
millət, sülh davası etsin, yenə udan sənsən, Qarabağ. Budur əsil həqiqət…
QARABAĞ
SİYASƏTİ
–
bu, Cənubi Qafqazda müharibə ocağı kimi TERRORİZM YUVASI, çeşidli
PROBLEMLƏR və açılası çox məsələlərin DÜYÜNÜ olan açıq həqiqətin
təzahür fəlsəfəsidir.
|