|
Новая страница 1
Sakit
Hüseynov,Rəna Ərəbxanova
Ermənilərin ekoloji cinayətləri davam etməkdədir
Erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, nəinki
kənd və şəhərlərimizin dağılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv
edilməsinə, ərazilərimizdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.
Ermənistan tərəfi bu əraziləri işğal etdikdən indiyə kimi orada mövcud olan
təbii sərvətlər və mədəni-tarixi abidələri cinayətkarcasına dağıtmağa davam
etdi.
İşğal edilmiş ərazilərin ekoloji vəziyyətinin gərgin olması haqda kifayət qədər
faktiki materiallar mövcuddur və onlar barəsində bir çox beynəlxalq təşkilatlara
məlumat verilmişdir.
Müxtəlif vasitələrlə əldə etdiyimiz məlumatlara görə, son vaxtlar ermənilər
Ermənistan ərazisində toplanan təhlükəli tullantıları işğal olunmuş Azərbaycan
ərazisinə daşıyaraq orada basdırırlar. Bu zərərli maddələrin bir müddətdən sonra
Dağlıq Qarabağ ərazisində ətraf mühitin ekoloji vəziyyətinə vuracağı ziyanı dərk
etmək o qədər də çətin deyil.
Fikrimizi açıqlamaq üçün faktlara müraciət edək. Son vaxtlar (fevral-mart
2004-cü il) Ermənistan hökuməti parlamentdə təsdiq etmək üçün «Tullantılar
haqqında» qanun layihəsi hazırlamışdır. Bu qanun layihəsinin hazırlanması son
illərdə Ermənistanda zərərli və təhlükəli tullantıların miqdarının çoxalması ilə
əlaqədardır. Bu fikri erməni rəsmiləri mətbuatda təsdiq etmişlər. Məsələn,
Ermənistan Təbiəti Mühafizə naziri V. Ayvazyan 2003-cü ilin martında kütləvi
informasiya vasitələrinə verdiyi müsahibədə demişdir ki, təkcə 2002-ci ildə
Ermənistanda 327,8 min ton zərərli tullantı yığılmışdır ki, bunların da 1,2 min
tonu ekoloji cəhətdən təhlükəli tullantı hesab olunur.
Ümumiyyətlə, erməni mənbələrinin məlumatına görə, 1985-1990-cı illərdə
Ermənistan ərazisində 36,7 milyon ton sənaye tullantısı toplanmışdır ki,
bunlardan da 33 milyon tonu metallurgiya, 0,3 milyon tonu yeyinti sənayesi, 0,11
milyon tonu ağac emalı, 0,1 milyon tonu isə kimya müəssisələrinin payına
düşürdü. Ümumi tullantılar içərisində məişət tullantıları 1,5 milyon ton təşkil
etmişdir. Ermənistanda toplanan ümumi tullantıların 20 min tonu tərkibində civə,
qurğuşun, nikel, xrom, ftor və başqa zərərli maddələr olan ekoloji cəhətdən
təhlükəli tullantılardan ibarət olmuşdur. Hələ 80-ci illərdən başlayaraq
ermənilər təhlükəli tullantıları Oxçuçayla axıdaraq Araz çayını zəhərləyirdilər.
Tədqiqatlar göstərir ki, ermənilər Azərbaycana qarşı hələ 80-cı illərdə
başladıqları cinayətləri indi də davam etdirməkdədirlər.
Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdikləri ekoloji
cinayətlər haqqında həm tədqiqatçılarımız, həm rəsmilərimiz, həm də
respublikanın əlaqədar orqanları, qeyri-hökumət təşkilatları həyəcan təbili
çalmaqdadırlar. Ermənilərin ərazilərimizdə törətdikləri ekoloji cinayətləri
Beynəlxalq Zirvə toplantılarında qəbul edilmiş öhdəliklərə əsaslanmaqla
beynəlxalq təşkilatların diqqətinə çatdırmağa ciddi ehtiyac vardır. Məsələn,
Cənubi
Afrika respublikasının Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə
Ümumdünya Sammitinin (4 sentyabr 2002) yekun sənədlərində təhlükəli
tullantıların dövriyyəsi ilə əlaqədar ölkələr üçün müəyyən öhdəliklər irəli
sürülmüşdür. Ermənistan da bu sammitdə iştirak edərək həmin öhdəlikləri öz
üzərində götürmüşdür. Yohannesburq Sammitinin yekun sənədlərində deyilir:
«Təhlükəli Tullantıların Sərhəd Zonasında Dövriyyəsinə və İstifadəsinə Nəzarət
üzrə Bazel Konvensiyası kimi müvafiq beynəlxalq müqavilələr çərçivəsində
götürülmüş öhdəliklərə uyğun olaraq, kimyəvi maddələrin və təhlükəli
tullantıların istifadəsinin beynəlxalq səviyyədə qanunsuz satışının və təhlükəli
tullantıların sərhəddə dövriyyəsi və istifadəsinin qarşısının alınmasına
yönəlmiş cəhdləri gücləndirmək» əsas vəzifələrdən biridir. Buradan göründüyü
kimi, təhlükəli tullantıların sərhəd zonasında dövriyyəsi və istifadəsinin
qarşısının alınması və ona nəzarət edilməsi beynəlxalq Sammitin yekun sənədində
öz əksini tapmışdır. Buna baxmayaraq, Ermənistan beynəlxalq sənədlərdə irəli
sürülən tələblərə məhəl qoymur və Azərbaycana qarşı ekoloji cinayətkarlığını
davam etdirir.
Digər beynəlxalq ekoloji sənədlərdən biri də «Ətraf mühit ilə bağlı məsələlərdə
məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və
ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» BMT-nin Orxus Konvensiyasıdır.
Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan Orxus Konvensiyasına
qoşulmuşlar. Orxus Konvensiyasının tələblərinə görə Ermənistan işğal olunmuş
ərazilərimizin ekoloji vəziyyəti haqqında məlumatları dünya ictimiyyətindən
gizlətməməlidir. Qeyd edək ki, beynəlxalq təşkilatlar başqa sahələrdə olduğu
kimi ekoloji məsələlərdə də Azərbaycana qarşı
ikili standarlarla yanaşdığına görə işğal olunmuş ərazilərimizin ekoloji
vəziyyəti ilə maraqlanmırlar.
Azərbaycan Respublikasının həm elm adamları, həm də dövlət nümayəndələri işğal
olunmuş ərazilərin ekoloji vəziyyəti haqqında bir çox beynəlxalq konfranslarda
məlumat vermişlər. Lakin həmin müvafiq təşkilatlar indiyə qədər bu çağırışlara
reaksiya verməmişlər. Məsələn, 2003-cü ilin noyabr ayında ATƏT xətti ilə Qafqaz
Regional Ekoloji Mərkəzinin Tbilisi şəhərində «Qafqazda ekoloji təhlukə
mənbələri» mövzusunda keçirdiyi elmi konfransda biz ermənilərin günahı
ucbatından Qafqazda yaranmış ekoloji təhlükə mənbələrini xəritə üzrə
göstərmişdik. Lakin erməni ekoloqları bütün bu faktları inkar edirdilər. Həmin
konfransda Rusiyadan Ermənistana Gürcüstan ərazisindən təhlükəli tullantıların
daşınması haqqında gürcü ekoloqları da faktlar göstərdilər. Lakin erməni
ekoloqları bundan xəbərsiz olduqlarını bildirirdilər.
Milli Məclisin Beynəlxalq və parlamentlərarası münasibətlər üzrə komissiyasının
sədr müavini G.Hacıyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə
Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti «İşğal
olunmuş Azərbaycan torpaqlarında yaranmış ekoloji vəziyyət» adlı sənədin
müzakirəsini dəfələrlə qaldırsa da, hələlik bir nəticə olmadığını söyləmişdir.
G.Hacıyeva qeyd etmişdir ki, Ermənistan tərəfin sənaye tullantıların,
Azərbaycanın işğal olunmuş torpaqlarında, o cümlədən Mesamor AES-in radioaktiv
tullantılarının basdırması haqqında dəqiq məlumatlar vardır. Respublikanın
Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırov bu yaxınlarda NATO-nun təşkil
etdiyi iclasdakı çıxışında ermənilər tərəfindən Ağstafa su anbarının zəhərli
maddələrlə çirkləndirildiyini vurğulayaraq demişdir: «Son aylarda Ağstafa su
anbarında nəinki çirkli, hətta yüksək toksik elementlərin mövcudluğu aşkara
çıxarılıb. Biz bu barədə beynəlxalq təşkilatlara da məlumat vermişik. Bəlkə də,
elə bunun nəticəsi idi ki, sularda toksiklik azaldı. Amma bizə heç kim zəmanət
vermir ki, analoji vəziyyət təkrarlanmayacaq».
Bundan başqa, Ermənistan tərəfin təhlükəli tullantıları işğal olunmuş Füzuli və
Cəbrayıl
rayonlarının ərazisinə göndərdiyini təsdiq edən sənədlər də AŞ PA-ya təqdim
edilmişdir. Azərbaycan nümayəndələrinin AŞ PA-ya təqdim etdiyi sənədlər
Ekologiya və Kənd Təsərrüfatı Komitəsinə verilmişdir. Hələlik həmin sənədlərə
baxmamışdır. Çünki Azərbaycan tərəfin təqdim etdiyi sənəddə göstərilən faktları
sübut etmək üçün ciddi faktiki dəlillər yoxdur. Təəsüf ki, Azərbaycan
ekoloqlarının məlum səbəblərə görə radioaktiv tullantıların basdırıldığı yerləri
aşkar etmək üçün monitorinq keçirmək imkanları yoxdur. Buna görə də Azərbaycan
mütəxəssisləri beynəlxalq təşkilatların bu məsələyə müdaxilə etməsinə, o
cümlədən, radioaktiv və digər təhlükəli tullantılara nəzarəti həyata keçirən
Beynəlxalq Atom Enerjisi
Agentliyinin (MAQATE) işə qarışmasını istəyir.
İşğal olunmuş ərazilərdə baş verən ekoloji cinayətləri ermənilər ört-basdır
etsələr də, bəzən dolayı yolla onlar bunu etiraf edirlər. Məsələn, Qarabağ
separatçılarının özündən bəy olan guya «xarici işlər naziri» Masis Mailyan
jurnalistlərə verdiyi müsahibələrinin birində işğal olunmuş ərazilərdə narkotik
maddələr əkilməsini təkzib etsə də, son beş ildə Qarabağın işğal edilmiş
ərazilərində narkotiklərin yetişdirilməsi və satışı ilə bağlı 156 cinayət
hadisəsinin qeydə alındığını təsdiq edib. 2004-cü ilin mart ayında Azərbaycan
Respublikası hüquq-mühafizə orqanlarının Füzuli rayonu ərazisində apardıqları
əməliyyat zamanı tutulan cinayətkarlardan biri Dağlıq Qarabağ ərazisində
narkotik maddələrin becərildiyini təsdiq edib. Deməli, ermənilərin işğal olunmuş
ərazilərdə narkotik bitkilərin əkilməsi və daşınması haqqında artıq beynəlxalq
təşkilatların məlumatı vardır. Buna görə də BMT-nin Mütəşəkkil cinayətkarlıq və
narkotiklərlə mübarizə üzrə Vyana Ofisinin ekspertləri Ermənistan nümayəndələri
ilə birlikdə Dağlıq Qarabağda monitorinq keçirilməsini qərara almışlar.
Azərbaycanın ekologiya üzrə ekspertləri beynəlxalq hüquq müdafiəçiləri ilə
birlikdə, beynəlxalq hüquq qaydalarını nəzərə alaraq işğal olunmuş
ərazilərimizdə ekoloji monitorinq keçirilməsinə nail olmalı və ermənilərin
ekoloji cinayətkarlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar.
|