|
Новая страница 1
Sevda
Süleymanova
XX
əsrin əvvəllərində Qarabağ bölgəsində milli oyanış
XX əsr milliyyət və hürriyyət əsridir. Azərbaycan da XX əsrə yetkin bir xalq
olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoymuşdur. Bu dövrdə
inkişaf etməkdə olan sənaye, ticarət, bank sahəsində çalışan milli burcuaziya və
görkəmli ictimai-siyasi xadimlər, ziyalılar öz həyat və fəaliyyətlərini
Azərbaycan xalqının savadlanması, milli şüurunun oyanması, milli istiqlal və
demokratiya uğrunda mübarizəyə sərf etmişlər.
Milli istiqlal ideyasının banisi M.Ə.Rəsulzadə ilk milli mətbuat olan “Əkinçi”
qəzetinin 50-ci ildönümü münasibətilə yazdığı “Azəri mətbuatının şanlı xatirəsi”
adlı məqaləsində göstərirdi ki: “Milli şüur bir ünsiyyət içərisindən çıxan
rəhbər zümrənin digər zümrə və fərdlərlə daim və üzvi bir münasibət və ixtilat
təmin etməsilə doğar. Qəzetlərin bu xüsusdakı rolu aşkardır”
(“Yeni Qafqazya”, №9, 1926, İstanbul.).
Həqiqətən də “Əkinçi” qəzeti Azərbaycanda milli oyanışın başlanğıcını qoymuşdur.
Bu ilk türk qəzetinin işıq üzü görməsi ilə əlaqədar böyük mütəfəkkir Həsən bəy
Zərdabiyə göndərilən təbrik teleqramlarının arasında Şuşa sakini Y.Tahirovun da
teleqramı vardır. O, yazırdı: “Möhtərəm Həsən bəy!
Vətənpərvərlik və maarifə məhəbbət hissi ilə geridə qalmış millətimizi artıq,
hamının bəhrələndiyi mədəniyyət və mənəviyyat xəzinəsinə qovuşdurmaq üçün
gördüyünüz bütün işlərə görə sizə ürəyin dərinliklərindən gələn səmimi
minnətdarlığımı bildirirəm…”
(Məlikova
H. Həsənbəy Məlikov –Zərdabinin bioqrafiyası. Bax: “Xəzər”, №2, 1990, s.170).
İxtisarla verilmiş bu tarixi sənəd Azərbaycanın dilbər guşəsi olan Qarabağda da
milli şüurun oyanmasından xəbər verir.
1900-1915-ci illərdə Qarabağın incisi olan Şuşa şəhərinin əhalisi 25,6 min
nəfərdən 43,8 minə çatmış və o, Qafqazda ən böyük xalça istehsalı mərkəzinə
çevrilmişdi
(Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001, s.87, 89).
Azərbaycanın böyük şəhərlərindən olan Bakı və Gəncə ilə yanaşı Şuşada da 1898-ci
ildən özünüidarə orqanları mövcud idi. Qarabağ bölgəsinin sosial-iqtisadi və
mədəni inkişafında bu orqanların mühüm rolu olmuşdur. Bu orqanların üzvləri
arasında Azərbaycanın görkəmli ziyalıları – dramaturq Əbdürrəhim bəy
Haqverdiyev, jurnalist Haşım bəy Vəzirov, həkim Əbdülkərim bəy Mehmandarov da
var idi. 1904-1907-ci illərdə Cavad bəy Səfərəlibəyov Şuşa şəhərinin başçısı
olmuşdur
(Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001,
s.92).
Bütün Rusiyanı bürüməkdə olan inqilabi hərəkatın Azərbaycana da yayılması çar
hökumətini məcbur etdi ki, 1881-ci ildə qəbul etdiyi azadlıq hərəkatını boğmağa
yönəldilmiş “Müvəqqəti əsasnamə”ni Azərbaycanın şəhər və qəzalarına da şamil
etsin. Beləliklə, 1903-cü ilin sentyabrından bu əsasnamə Qarabağa da tətbiq
edildi. Bu, o demək idi ki, Bakı və Yelizavetpol quberniyaları “ictimai
qaydalara və asayişə zidd olan yığıncaq və toplantıların iştirakçılarını,
gücləndirilmiş mühafizə haqqında əsasnaməni “pozan” digər şəxsləri 500 rubladək
cərimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilərdilər”
(Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001, s.98)
Belə ki, həqiqətən də ötən əsrin əvvəllərində milli oyanışın və ictimai-siyasi
hərəkatın başlıca
mərkəzləri həmin
quberniyaların
Bakı, Gəncə və Şuşa qəzaları idi.
Bakıda yaradılmış,demək olar ki, bütün siyasi partiya və ictimai təşkilatların
özəkləri Şuşada da fəaliyyət göstərirdi. 1904-cü ilin fevralında Şuşa real
təhsil məktəbində eser dərnəyi yaradılmışdı
(ARDTA, f.62, s.1, iş 39, s, s.9).
Həmin ildə yaradılmış “Müsəlman sosial demokrat fraksiyası “Hümmət”in də Şuşa
bölməsi fəaliyyət göstərirdi. Bu partiyanın yaradıcılarından olan Əhməd bəy
Ağaynv Şuşada doğulub ilk təhsilini burada almış, sonra isə Tiflis, Peterburq və
Parisin Sorbonna universitetində davam etdirmişdir. Şərq və Avropa xalqlarının
dillərini öyrənərək yüksək təhsil və bacarığa malik olan görkəmli ictimai-siyasi
xadim Ə.Ağayev Azərbaycanın, o cümlədən Qarabağın ictimai-siyasi həyatında mühüm
rol oynamışdır. Ensiklopedik biliyə malik olan bu adam Avropa, rus və erməni
mətbuatında islam dininə qarşı edilən hücumların qarşısını dərin məzmunlu elmi
məqalələri ilə alırdı. Sovet tarix elmi bu fəaliyyətinə görə Ə.Ağayevi
“panislamist” adlandırsa da, əslində o, sözün əsl mənasında Azərbaycanda islamın
ideoloqu idi.
1904-cü ildə bir sosialist kimi çıxış edən Ə.Ağayev bir çox Azərbaycanlı
ziyalılar kimi 1905-ci ildən liberal cərəyana qoşulmuşdu. Sosializmdən
liberalizmə dönüşün başlıca səbəbi 1905-ci ilin fevral ayında Bakıda alovlanan
erməni-Azərbaycanlı münaqişəsi zamanı sosialist partiyalarının ermənipərəst
mövqe tutmaları və Azərbaycanlıları meydanda tək qoymaları idi.
Millətlərarası münaqişə tezliklə bütün Qafqazı bürüdü. Daha qanlı toqquşmalar
Qarabağda baş verdi. Ermənilər Azərbaycanlılara divan tutaraq onları Şuşadan
sıxışdırıb çıxarmağa çox ciddi hazırlaşmışdılar. Bu məqsədilə onlar çox baha
qiymətə tüfəng, tapança alaraq yaxşı silahlanmışdılar.
1905-ci ilin yayında daşnaklar Şuşada şayiə yaydılar ki, müsəlmanlar Zarıslı
kəndində dörd ermənini qətlə yetirmişlər. Bunu bəhanə edən ermənilər şəhərdə
qarət və qətllərə başlayaraq şəhərin Azərbaycanlılar yaşayan Köçərli və Xəlfəli
məhəllələrində 20-yə yaxın ailəni qətlə yetirdilər
(Bax:
Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, 1997, s.110).
Yalnız dörd gündən sonra yaxın kəndlərdən köməyə gələn Azərbaycanlılar erməni
silahlılarını tamamilə məğlub etdilər. Avqustun 21-də erməni arximandriti və
qubernatorun iştirakı ilə sülh bağlandı. Lakin az sonra ermənilər yenə də sülhü
pozub Şuşa real məktəbini təmir edən 17 iranlı fəhləni işgəncə ilə öldürdülər.
Şəhərdə çoxlu ev və dükan talan edilib yandırıldı.
1905-ci ilin axırlarında Cavanşir qəzasının Azərbaycanlılar yaşayan kəndləri də
erməni talanlarına məruz qaldı. Sağ qalanlar Umudlu kəndinə qaçmağa məcbur
oldular. Lakin erməni yaraqlıları onları mühasirəyə alaraq qırdılar.
Qarabağın ermənilər tərəfindən qarət edilən müsəlman kəndlərinin əhalisi bərk
aclıq içində idi. Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Qazan, Aşqabad
və Cənubi Azərbaycandan Şuşaya ərzaq, pul göndərilirdi. Təkcə H.Z.Tağıyev 750
pud un, 105 pud qənd və çay, 600 pud neft, iki yeşik şam, M.Muxtarov 600 manat
pul vermişdilər
(Bax:
Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, 1997, s.112).
1905-1906-cı illərin erməni-müsəlman münaqişəsi zamanı ev-eşiyindən didərgin
düşən Şuşa, Zəngəzur, Cavanşir qəzalarının qadın, uşaq və qocalarına, aclıq
çəkənlərə “Müsəlman xeyriyyə cəmiyyətləri” və hətta Azərbaycan qadınları da
əllərindən gələn yardımı edirdilər. Bu cəhətdən Əhməd bəy Cavanşirin qızı Həmidə
xanım ürək açıqlığı, yüksək mədəniyyəti, savadı və xeyriyyəçiliyi ilə bütün
Qarabağda məşhur idi.
Mir Mövhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabında
Həmidə xanımın bir dəstə atlı və sürsatla birlikdə Ağdamın köməyinə gəldiyini
yazır. O, Ağdamın xeyriyyə məclisinə 200 manat pul, 200 pud un və arpa vermişdi
(Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı,
1993, s.83).
Qarabağın nüfuzlu ictimai-siyasi xadimləri milli qırğının tezliklə
dayandırılması məqsədilə yaradılmış barışdırıcı komissiyalarda da fəal iştirak
edirdilər. Hər iki xalqın qabaqcıl nümayəndələrindən təşkil edilmiş bu
komissiyanın xalqa müraciətnamələr tərtib etmək üçün yaratdığı redaksiya
heyətinə Əhməd bəy Ağayev, Yengibarov, Zaxaryan, M.H.Hacınski və Bıkov daxil
idi. Müraciətnamələrdən birində deyilirdi ki: “… Siz Allahın və vicdanın
qanunlarına İncilin və Quranın kəlamlarına zidd gedirsiniz!!… Nə ermənilər bütün
müsəlmanları qıracaq, nə də müsəlmanlar bütün erməniləri … qarşılıqlı inamla siz
bir-birinizə daha yaxşı qalib gələrsiniz, nəinki nifrətlə, çünki məğlub olmuş
düşmən ayağa qalxar, bağışlanılmış düşmən isə həqiqətən məğlub olar…”
(“Baku”, 28 iyun 1905 №66.
Bax: Süleymanova S.Y. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX
yüzilliyin sonu-XX əsrin əvvəlləri), Bakı, 1999, s.294-295)Lakin
nə barışdırıcı komissiyalar və onların müraciətləri, nə də 1906-cı ilin
fevral-mart aylarında Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkovun çağırdığı
sülh məclisi bu qanlı münaqişəni dayandıra bilmədi. Sülh məclisində fəal iştirak
edən Ə.Ağayev əsəbi halda demişdi ki, “… cənab Xatisov … aşkar dedi ki, bu
Daşnaksütyun Rusiyanın böyük şəhərlərinin, generallarının və hətta Qafqaz
canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki,
təşkil olunub və onun qoşunu, xəzinəsi, saldatı da vardır. İndi ki, belədir, …
bizim istər hökumətdən, istər ermənilərdən belə partiyanın götürülməyini
təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də
gərək mükəmməl və müsəlləh partiyalarımız olsun…”
(Ordubadi M.S. Qanlı illər. Bakı, 1991, s.115)
Həqiqətən də Qafqazda, o cümlədən Qarabağda sülh, əmin-amanlıq, asayiş bir çox
cəhətdən erməni terrorunun aradan qaldırılmasından çox asılı idi. Məclis bununla
əlaqədar qətnamə qəbul etdi. Bütün bunlara baxmayaraq, 1906-cı ilin yayında
Şuşada Azərbaycanlıların kütləvi şəkildə qırılması geniş miqyas aldı.
Azərbaycanlıların Qarabağda vəhşicəsinə güllə-boran edilməsindən hiddətlənən
M.A.Şahtaxtanski, O.F.Nemanzadə, H.Həsənzadə, X.Hüseynov, M.B.Mirheydərzadə,
İ.Hüseynov və b. Tiflisdən Peterburqa, baş nazirə teleqram vuraraq Yelizavetpol
quberniyasının general-qubernatoru cəllad V.N.Qoloşapovun dərhal Şuşadan geri
çağırılmasını xahiş etmişdilər. Şuşalıların Ağdamdan Nazirlər Şurasının sədri
P.A.Stolıpinə göndərdikləri 16 iyul tarixli teleqramda baş verən hadisələr
haqqında məlumatda bildirilirdi ki, kazak yüzliyinin komandiri erməni Qazarov
general-qubernator Qoloşapovun Azərbaycanlılar yaşayan hissəni güllə-boran
etməsindən ruhlanaraq onları başdantutma qırır. Nəticədə minlərlə Azərbaycanlı
qətlə yetirilmiş, sağ qalanları isə Şuşanı tərk etməyə məcbur olmuşdular.
1905-ci ilin avqust münaqişəsindən sonra Şuşada müvəqqəti erməni hökuməti
yaradan “qatı inqilabçılar” Baqaturov, Şahnazarov və b. Əsgəran qalasından gedən
yolu bağlayaraq Şuşanı
mühasirə vəziyyətində saxlamışdılar
(RFDA,
DP-00, 796, f.102, siy.233, sax.vah.1350, h.68, 32 (Bax: Süleymanova S.Y.
Göstərilən əsəri, s.297).
Faktlardan göründüyü kimi, o zaman da indiki kimi milli münaqişənin əsas ağırlıq
mərkəzi Qarabağ bölgəsinə və onun qəlbi Şuşanın üzərinə düşdüyündən Şuşa və
Gəncənin ziyalıları və digər nüfuzlu adamları MK-si Bakıda yerləşən “Qafqaz
Ümummüsəlman “Difai” partiyası”nı, “Qarabağ birlik məclisi” və “Hidayət”
müsəlman xeyriyyə cəmiyyətini yaratdılar.
1906-cı ilin avqust ayının əvvəllərində son qırğın zamanı Şuşaya gələn Ə.Ağayev
Qarabağın nüfuzlu adamlarının yığıncağını keçirtdi. Doktor Ə.K.Mehmandarov və b.
çıxışlarında general Qoloşapovun erməni xumbaları ilə birləşərək şəhərin
Azərbaycanlılar yaşayan hissəsini darmadağın etdiyini bildirdilər. İclasda onun
geri çağırılmasının hökümətdən xahiş edilməsi və müraciətnamə buraxılması qərara
alındı
(ARDTA,
f.524, siy.1, iş 59, v.164 (Bax: Süleymanova S.Y. Əhməd
bəy Ağayev və onun “Dİfai” partiyasının fəaliyyəti proqramı.
Сборник статей по общественным наукам.
Баку,
1996,
с.52)
Müraciətnamədə deyilirdi: “Bu dəhşətli fəlakətdən qurtarmaq üçün hökumətə və
özünü xalqın rəhbəri adlandıranlara ümid bağlamaq mənasızdır. Hökumət adamları
qorxaqcasına “Daşnaksütyun”un bomba və güllələri qarşısında boyun əyərək onların
Qafqazda alətinə çevrilmişlər… Nəticədə is “Daşnaksütyun”un planı həyata
keçirilmişdir. Qoloşapov, Kleşşinski, Mitskeviç, Smoradski və b. yaramazların
rəhbərliyi ilə Zəngəzur, Şuşa, Cəbrayıl və Cavad qəzaları darmadağın edilmiş,
faktiki olaraq ermənilərin əlinə keçmişdir. Külə dönmüş ocaqlarından didərgin
düşmüş minlərlə müsəlman kəndli ailəsi heç yerdə özünə nə sığınacaq, nə müdafiə,
nə yemək, nə də ev tapmayaraq Yelizavetpol quberniyasında səfil-sərgərdana
dönüblər…”
(ARDTA,
f.524, siy.1, iş 59, v.164 (Bax: Süleymanova S.Y. Əhməd bəy Ağayev və onun
“Dİfai” partiyasının fəaliyyəti proqramı.
Сборник статей по общественным наукам.
Баку,
1996, s.53)
Yaranmış vəziyyəti nəzərə alaraq İclas, erməni yaraqlılarının hücumlarını
dəf etmək üçün “Difai” partiyasının
yaradılması haqqında qərar qəbul etdi. Partiyanın, nəinki Qarabağın hər
yerində, hətta bütün Qafqazda özəkləri var idi.
1907-ci ilin mart ayında Gəncədə partiyanın bəzi taktiki və proqram məsələlərini
işləyib hazırlamaq üçün Cənubi və Şimali Qafqaz, eləcə də Krımın müsəlman
əhalisinin nümayəndələrinin qurultayı keçirildi. Qurultay partiyanın “Qafqaz
ümummüsəlman “Difai” partiyası” adlandırılmasını qərara aldı. Görünür buna görə
partiyanın Şuşa komitəsi “Qarabağ birlik məclisi” kimi fəaliyyət göstərirdi.
Belə ki, hər ikisinin üzvləri Ə.K.Mehmandarov (sədr), Cahangir xan Nurubəyov
(müavin), Xuduş Quliyev (katib) və b. idi. Məhz bu təşkilatların yaranması ilə
erməni hücumlarının qarşısı alındı. Bu hadisələr Qarabağda, eləcə də bütün
Azərbaycanda milli oyanışa və milli hərəkata təkan verdi. M.B.Məmmədzadənin
təbirincə desək, 1905-1906-cı illərin erməni-Azərbaycanlı münaqişəsi
Azərbaycanda milli-mədəni hərəkatın div addımlarla irəliləməsinə səbəb oldu
(Bax: Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı, Bakı, 1991,
s.17).
|