|
Новая страница 1
Səbirə İsgəndərova
Qarabağ müharibəsi, məcburi miqrasiya və urbanizasiyanın bəzi
məsələləri
Ermənistan tərəfindən Azərbaycana aparılan təcavüz siyasəti minlərlə insanın
ölümü ilə bərabər, onun xalq təssərüfatına və təbiətinə güclü zərbə vurmuşdur.
Bu baxımdan “ekosid” anlayışı - təbiətin məhvinə yönəldilmiş ekoloji müharibə
anlayışı xüsusilə diqqəti cəlb edir. Çünkü Qarabağın misilsiz təbiətinə qarşı
xüsusi amansızlıq, bu işğalçı müharibəni, eyni zamanda ekoloji müharibə
adlandırmağa tam əsas verir. Bu barədə Azərbaycan Respublikası ətraf mühiti və
təbiəti mühafizə komitəsinin dünya birliyi təşkilatlarına, qabaqcıl elm
xadimlərinin, ziyalıların dünya ictimaiyyətinə müraciəti çox aktualdır.
Azərbaycan BMT-nin tamhüquqlu üzvü olduğu üçün onun təbiətini dağıdan, ekoloji
fəlakətə sürükləyən bu müharibəyə qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar
öz sözünü deməlidir. Belə müharibə yalnız Azərbaycana qarşı deyil, bütün
bəşəriyyətə qarşı cinayət hesab edilməlidir. Çünkü Azərbaycana qarşı aparılan
ekoloji müharibənin əks-sədası dünyanın istənilən nöqtəsində öz acı nəticələrini
göstərə bilər.
Hazırda Ermənistan-Azərbaycan müharibəsindən məğlub çıxmış Azərbaycan ərazisinin
20 faizindən çoxu (17min kv.m) işğal altında, bir milyon Azərbaycan vətəndaşı öz
torpaqlarında qaçqın vəziyyətindədir.
Məlumdur ki, qaçqın və məcburi köçkünlərin məcburiyyət qarşısında tərk etdikləri
daimi yaşayış yerləri onların formalaşmasında, təşəkkül tapmasında bilavasitə
həlledici təsirə malik olmuşdur. Bu təsir özünü əmək alətlərində, məişət
predmetlərində, özünəməxsus adət və ənənələrində göstərmişdi. Təbii mühit
geyimin və mənzilin xüsusiyyətlərini müəyyənləşdirmiş, bu və ya digər
məhsulların istehsalını şərtləndirmişdi. Yaşadıqları torpaqların əsasın daşlıq
zonalarından ibarət olması onların əmək fəaliyyətində əks olunmuşdur.
Yaşadıqları dədə-baba torpaqlarının coğrafi mühiti onların mənəvi
mədəniyyətlərində, düşüncə tərzlərində silinməyən dərin, xarakterik iz buraxmış,
müəyyən vərdiş, adət və ənənələri qərarlaşdırmışdır. Eyni zamanda bu təbii mühit
formalaşmış sosial davranış üsullarını inkişaf etdirmişdir.
Bu xüsusda qaçqınların əsas məşğuliyyəti üçün kənd təsərrüfatı, əkinçilik,
maldarlıq səciyyəvi olmuşdur. Son dövrlərdə onların həyat tərzi istər forma,
istərsə də məzmunca dəyişməlidir. Təbii mühitə, torpağa bağlı insanlar, əsasən,
şəhərlərdə, şəhər tipli qəsəbələrdə yerləşdikləri üçün kənd təsərrüfatından
uzaqlaşmışlar.
Şəhər yerlərində məskunlaşmış müvəqqəti məcburi köçkünlər yuxarıda göstərdiyimiz
çoxlu sayda faktorların təzyiqinə məruz qalaraq sosial-ictimai həyat tərzini
dəyişməli oldular. C.Dorstun sözlərilə desək: “İnsan təbii kompleksin ayrılmaz
hissəsi olmaqla mühitə qarşı münasibətdə müəyyən mənada rəqib rolunu oynasa da,
o, mühitin tələblərinə tabe olaraq məskunlaşdığı ərazinin iqliminə və şəraitinə
uyğun şəkildə öz həyat tərzini dəyişir”.
Qaçqınların böyük hissəsinin iri şəhərlərdə mərkəzləşməsi ilə bağlı urbanizasiya
problemləri, elmi texniki tərəqqinin doğurduğu sosial-mənəvi nəticələr ictimai
həyatın bütün sahələrində kəskin şəkildə özünü büruzə verdi. Bu proseslə bağlı
mənzil, işsizlik, xidmət, ekologiya və s. sahələrdə həlli çox mürəkkəb
problemlər yarandı. Bu problemlər isə öz növbəsində əhalinin demoqrafik
vəziyyətinin əsas göstəriciləri kimi doğum təbii artım səviyyəsinin tədricən
aşağı düşməsinə, bir yaşınadək və bir yaşından yuxarı uşaqlar arasında ölüm
səviyyəsinin artmasına səbəb olmuşdur.
Əhalinin sağlamlığı sahəsində, milli genefondumuz sahəsində narahatçılıq doğuran
digər səbəb 1990-1996-cı illərdə hər 1000 min nəfərdən diri doğulan uşağa düşən
ana ölümünün 9 nəfərdən 44 nəfərə və ya 4,9 faizə qədər artması
tendensiyasıdır.
Demoqrafik vəziyyətin inkişaf meyllərini səciyyələndirən ən mühüm
göstəricilərdən digəri əhalinin nikah və boşanma səviyyəsindən asılıdır. Bu
sahədə mövcud olan problemlərin, belə demək mümkündürsə, ən yenisi Azərbaycan
mentalitetinə xas olmayan belə bir haldır ki, hazırda 25-29 yaşlı gənclərin
arasında subayların sayına görə respublikamız MDB ölkələri arasında ilk
yerlərdən birini tutur.
Bütün bunlar erməni təcavüzünün demoqrafik duruma göstərdiyi acınacaqlı
nəticələrdir, hazırda demoqrafik vəziyyətin göstəriciləri sayıla bilən ən mühüm
amillərdən biri də əhalinin miqrasiyasıdır. Bu qaçqınlar və kənd əhalisinin
miqrasiyası, yəni urbanizasiyanın ekstensiv inkişafı prosesi hesabına baş
vermişdir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində hər şeyi
sıfırdan başlamağa məcbur olan, psixoloji sarsıntı keçirən insan axını miqrasiya
prosesini tənzimləməyə imkan vermədi. Nəticədə bu prosesin kortəbii inkişaf
şəklində davam etməsi təbiətimizi və iqtisadiyyatımızı acınacaqlı hala saldı.
Vəziyyət elə bir dərəcəyə çatmışdır ki, son illərdə miqrasiya edən əhalinin
miqdarı, respublikamızdakı artımın miqdarından çox olmuşdur. Hazırda
respublikanın sosial-mədəni fondunun 70 faizinin və iqtisadi imkanlarının
yarıdan çoxunun Abşeron iqtisadi rayonunda yerləşməsi vəziyyəti daha da
çətinləşdirmişdir. Bu prosesə təsir edən başlıca səbəb urbanizasiya səviyyəsinin
yüksəlməsidir. Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət sahələri bu
gün təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu
regionlarda dörd milyona yaxın adam cəmləşmişdir. Bu isə istər demoqrafik,
istərsə də ekoloji cəhətdən qətiyyən məqsədə müvafiq deyil. Bu cür intensiv
axınlar həmin rayonlarda onsuz da dözülməz olan ekoloji şəraiti son həddə
çatdırmaqla, bu rayonları yeni sosial münaqişə və partlayışı mənbəyinə çevirir.
Bunun da əsas amilləri çox yüksək əhali sıxlığı fonunda, əmək ehtiyatlarının və
iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji fərqlər və s. problemlərdir.
Bütün bunlar insanların mənəvi-psixoloji həyatını zəhərləyir, onların ağır
sosial, iqtisadi və ekoloji stresslər şəraitində yaşamasını şərtləndirir.
Məcburi köçkünlərin müəyyən bir hissəsi respublikamızın bəzi rayonlarında xarici
ölkə və beynəlxalq təşkilatların köməyi ilə salınmış çadır şəhərciklərində
məskunlaşmışdılar. Onlar Beyləqan, İmişli, Biləsuvar, Bərdə, Saatlı, Sabirabad,
Ağcabədi rayonlarında yerləşən bu çadır şəhərciklərində insanlar yayın
qızmarında, qışın şaxtasında normal insan həyatından çox uzaq bir vəziyyətdə
yaşamağa məcburdurlar. Elementar məişət şəraitinin minimum həddi,
sanitar-gigiyena şəraiti, içməli suyun və ərzağın aşağı keyfiyyəti və eyni
zamanda qıtlığı bəzi yaşayış məskənlərində nəfəs yollarının yoluxucu
xəstəlikləri, kəskin bağırsaq infeksiyaları, difteriya, vəba, malyariya, vərəm
və sair xəstəliklərin yayılması və daha da böyük zonaları əhatə etməsinə səbəb
olmuşdur. Əhali sıxlığının artması ilə epidemioloji nəzarətin zəifləməsi, hər
sahədə olduğu kimi, bu sahədə də özünün gücsüzlüyünü göstərmiş oldu.
Bütün bunlar erməni təcavüzünün cəmiyyətimizə və təbiətimizə vurduğu ağır
yaraların nəticəsidir. Erməni işğalı bir milyona qədər soydaşımızı həyatın
dəhşətləri qarşısında gücsüzlüklərini dərk etmələrinə, həyatları boyu
qazandıqları hər şeyi bir anın içərisində itirib, xilas olmaq üçün dərbədər
olmağa vadar etdi. Öz xəstə millətçiliyinin əsiri olan Ermənistan Azərbaycana
olan torpaq iddiası ilə milyondan artıq insanın həyatını cəhənnəmə çevirdi.
Doğrudur, həyatın bu problemləri aradan qaldırmaq üçün respublikamızda Qaçqınlar
və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bundan
başqa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının respublikamızdakı
nümayəndəliyi də müəyyən işlər görür. Beynəlxalq təşkilatların digər
nümayəndələri, xarici ölkələrin müxtəlif firma və assosiasiyaları, ayrı-ayrı
xeyriyyəçilər qaçqın və məcburi köçkünlərə müəyyən humanitar yardımlar
göstərirlər. Lakin problemin həlli uzandıqca bu təşkilatlar donorluq
funksiyasını olduqca könülsüz yerinə yetirirlər. Nəticədə, həyatın
çətinliklərindən doğan sadə bir məntiq problemdən çıxış yolunu yalnız və yalnız
torpaqlarımızın geri qaytarılmasında tapır.
|