|
Новая страница 1
Şamil Mehdi
Qarabağ düyününün
bu günkü reallıqları
Atəşkəs sazişinin imzalanmasından keçən növbəti ili yola saldıq. On ilin
nəticəsində əldə etdiyimiz reallıqlar
hansılardır?:
·Ermənistan
silahlı qüvvələri Azərbaycanın 20 %-ə yaxın ərazisini işğal edib.
·İşğal
faktı bütün dünyada Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratlarını həll etmək
hüquqlarının həyata keçirilməsi kimi qəbul edilir.
·Azərbaycan
müharibədə Ermənistana məğlub olmuş, iqtidarı onillik müddəti keçmiş atəşkəs
sazişi imzalamış, ərazilərinin işğal altında qalması faktı ilə razılaşmışdır.
·Seçki
saxtakarlığı nəticəsində hakimiyyətdə qalmış Azərbaycan hakimiyyəti, yalnız
hakimiyyəti saxlamaq haqqında fikirləşir və torpaqlarы azad edilməsi üçün heç
bir əməli addım atmır.
·Mövcud
güc mərkəzləri və beynəlxalq qurumlar Azərbaycanı reallıqları qəbul etməyə,
uduzmuş tərəf kimi güzəştlərə
getməyə və sülh müqaviləsini imzalamağa çağırırlar.
Bu siyahını bir az da uzatmaq, genişləndirmək olardı. Bu reallıqları dəyişə
biləcək, Qarabağın azad olunmasına təsir edə biləcək hadisələri şərti olaraq iki
qrupa bölmək olar: xarici və daxili proseslər. QAT-ın
2-ci “Qarabağ dünən, bu gün və sabah” konfransından keşən bir il ərzində baş
vermiş ən vacib hadisələri gözdən keçirək.
Ermənistanda prezident seçkilərindən növbəti dəfə, barışmamazlıqları ilə
seçilən, başda R.Köşəryan olmaqla Qarabağ müharibəsi “qəhrəmanları” qalib
çıxdılar. Zaman keçdikcə Ermənistanın işğal olunmuş ərazilərlə bağlı mövqeyinin
yumşalacağına olan sadəlövh ümidlər puça çıxır. Ermənistan əvvəlki kimi, Dağlıq
Qarabağın ya müstəqilliyi, ya da ən pis halda Ermənistana birləşməsi mövqeyində
durur ve bu mövqenin dəyişəcəyinə heç bir işarə yoxdur.
İqtisadi nöqteyi-nəzərdən
Ermənistanın çökməsi, əhalisinin kütləvi şəkildə köçməsi və s. bu kimi bizə xoş
gedən faktlar öz təsdiqini tapmır. Əksinə son zamanlar Ermənistan yeni enerji
layihələrinin (İran-Ermənistan-Rusiya-Avropa qaz kəməri) müzakirələrinə cəlb
olunur, Rusiyadan iqtisadi və hərbi dəstək alır, ABŞ tərəfindən daima maliyyə
yardımları görür. Vaxtaşırı, Dağlıq Qarabağa investisiya qoyulması haqqında
məlumatlar gəlir. “Erməni məsələsi“, “erməni“ genosidi ABŞ ve Avropa ölkələrində
geniş müzakirə olunur, Türkiyə Ermənistanla sərhədlərin açılmasına, diplomatik
əlaqələrin yaradılmasına, iqtisadı əməkdaşlığa başlamasına təhrik edilir.
Gürcüstanda keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına xalqın etirazı,
bunun nəticəsi kimi E.Şevarnadzenin istefası və demokratik prezident
seçkilərinin keçirilməsi, M.Saakaşvilinin başçılığı ilə legitim hökumətinin
formalaşması Gürcüstanın beynəlxalq aləmdəki mövqelərini xeyli gücləndirdi. Son
İllər ilk dəfə olaraq ölkədaxili separatçı hərəkat güc işlədilmədən və qansız
şəkildə durduruldu. Önəmli məqam – Qafqazı ənənəvi olaraq öz həyati maraq
dairəsinə aid edən Rusiyanın mövqelərinin zəifləməsi və Acarıstan məsələsində
güzəştə getməsidir.
Rusiyanın mövqelərinin Qafqazda zəifləməsinə təsir edən amillərdən ikisi də
nəzərə alınmalıdır: Avropa Birliyinin və NATO-nun 10 yeni üzv-ölkə hesabına
genişlənməsi, Rusiya Federasiyasının quru sərhədlərinə gəlib çıxması və ABŞ-ın
heç nəyə məhəl qoymadan, terrorizmlə mübarizə bayrağı altında Əfqanıstan və
İraqda hərbi əməliyyatları, Orta Asiya və Qafqaz ölkələrində hərbi bazalarının
yerləşdirməsi xüsusi rol oynayır.
Azərbaycan daxilində dönüş nöqtəsi ola biləcək prezident seçkiləri ən vacib
hadisə idi. Qarabağın azad olunması üçün son illərdə növbəti dəfə münbit şərait
yetişirdi. Seçkilərin demokratik, şəffaf, obyektiv keçirilməsi Azərbaycanın
gələcəyi üçün çox vacib idi. Lakin hakimiyyət növbəti dəfə saxtakarlıq yolunu
seçdi. Ali hakimiyyət neomonarxist rejimlərdə
olduğu kimi, atadan oğula ötürüldü. Varisin atasından fərqli siyasət yürüdəcəyi,
ölkədə vətəndaş həmrəyliyi yaradacağı, demokratik islahatlar aparacağı və ən
başlıcası Qarabağın azad olunması yolunda addımlar atacağı haqqında xülyalar
əriyərək yox olur. Hakimiyyətə yiyələnmiş prezident, sələfinin yaratmış olduğu
“məxməri” diktator reğimini (mahiyyətcə klassik diktaturadan heç nə ilə
seçilmir, dünya və ölkə ictimaiyyətinə keçid dövrünün modeli kimi təqdim edilir)
nəinki yumşaltmağa, əksinə daha da sərtləşdirməyə çalışır.
Azərbaycanda siyasi hakimiyyət faktiki olaraq bir nöqtədə - prezident aparatında
toplanıb və hakimiyyətin digər qolları buradan yönləndirilir. İqtisadiyyatda
total nəzarət mexanizmi qurtulub, oliqarx klanlardan kənar sahibkarlıq
fəaliyyəti mümkün deyil, maliyyə və maddi qaynaqlar monopoliya altındadır.
Azərbaycan iqtidarının “nou-hau”su hesab oluna biləcək idarə olunan korrupsiya
sistemi qurulub. Təhsil, səhiyyə, idarəetmə strukturları məhdud bir qrupun
mənafeyinə qulluq edir. Acanacaqlı haldır ki, digər sahələrdə olduğu kimi ordu
da başdan-ayağa korrupsiya çirkabına bulaşıb. Əfsuslar olsun ki, birbaşa
vəzifələri olduğu halda istər Milli Məclis, Nazirlər Kabineti, istər Prezident
Aparatı tərəfindən Qarabağın azad edilməsi ilə bağlı heç bir müzakirələr
aparılmır, ictimaiyyətə fəaliyyət istiqamətləri açıqlanmr. Qarabağla bağlı
məsələlər iqtidarın inhisarındadır. Muharibədə şəhid olmuş insanların
ailələrinə,
əlil və veteranlara hökumətin münasibəti göz qabağındadır.
Cəmiyyətdə mənəvi dəyərlər deqradasiyaya
uğrayıb,
yeni meyarlar yaradılıb. Əsil Sovet ənənələrinə uyğun olaraq mifik lider,
millətin “babası” obrazı yaradılır, televiziya və qəzetlər əfsanəvi
qələbələrdən, nailiyyətlərdən bəhs edir, çoxsaylı tirajlarla
bioqrafik və ensiklopedik kitablar çap olunur, filmlər çəkilir. Zəhmetkeşlərin
“kütləvi toplantıları” keçirilir, şəhər, rayon, qəsəbə mərkəzlərində, kənd
klublarında mərmərdən, qranitdən, tuncdan və gipsdən büstlər qoyulur. Hava
limanları, idman sarayları, küçələr dahi rəhbərin adı ilə adlandırılır
(maraqlıdır ki, əvvəllər bu obyektlərin çoxu V.İ.Leninin adı ilə hağlı idi).
Bütün bunların nəticəsi olaraq, Azərbaycanda iqtidarla cəmiyyətin arasında
uçurum yaranmışdır. İctimaiyyətin müxtəlif təbəqələrindən bu uçurumun üstündə
körpülər qurmaq cəhdləri iqtidar tərəfindən kütləvi represiya və həbslərlə,
insanların iradəsinin əzilməsilə qarşılanır. Siyasi müxalifətin fəaliyyəti
tamamilə məhdudlaşdırılıb, ədalətsiz məhkəmələr davam edir. Nəticə kimi,
cəmiyyətdə qorxu xofu, biganəlik, çıxılmamazlıq
əhval-ruhiyyəsi
hakim kəsilib.
Eyni münasibət Qarabağla bağlı məsələlərdə nümayiş etdirilir. Dəfələrlə QAT
tərəfindən dəvət edilmələrinə baxmayaraq, dövlət nümayəndələri bir dəfə də olsun
tədbirlərdə iştirak etməyiblər, fikir mübadiləsi aparmayıblar. Son dörd ildə bir
neçə dəfə müraciət edilməsinə baxmayaraq, Ədliyyə Nazirliyi QAT-ın qeydiyyata
alınmasından əsassız şəkildə, heç bir izahat vermədən imtina edir. Bakı şəhər
icra hakimiyyəti QAT-ın erməni nümayəndə heyətlərinin Azərbaycana gəlməsinə,
iqtidarın fəaliyyətsizliyinə etiraz olaraq keçirilən kütləvi tədbirlərinin heç
birinə razılıq vermir. QAT-ın Şuşanın işğal gününü - mayın 8-ini
Işğal olunmuş
Ərazilər Günü kimi qeyd olunmasını, Azərbaycan Respublikasının qanunlarına
əsasən Qarabağla bağlı geniş təbliğat plakatlarının, reklam löhvələrinin
hazırlanıb yayılmasını, ictimai televiziyada daimi xüsusi verilişlərin
yaradılmasını və s. təkliflərini cavabsız qaoymuşlar. AzTv-də, iqtidar
qəzetlərində QAT-ın fəaliyyətinə verilən qiymət Ermənistan tərəfindən verilən
qiymətlə üst-üstə düşür.
Tarixi təcrübə göstərir ki, analoji vəziyyətlərdə öz tarixi yaddaşını, daxili
potensialını işə sala bilən xalqlar, çətin də olsa, reallıqları dəyişə bilir.
Yaxın tarixdə, keçən əsrin 20-ci illərində Türkiyədə türk xalqının, II Cahan
savaşı zamanı fransız xalqının, savaşdan sonra alman və yapon xalqlarının
əzmlərini misal göstərmək olar. Şahidi olduğumuz dövrdə iraq xalqının ABŞ və
çeçen xalqının Rusiyaya qarşı apardıqları mübarizə ibrətamizdir.
Bu gün qarşımızda duran ən çətin məsələ məhz xalqın müqavimət gücünün bərpası
işidir. Güvənə biləcəyimiz yeganə qüvvə toplumun iradəsi, cəmiyyətin mövqeyidir.
Bunun formalaşması isə ancaq və ancaq fəaliyyətdən keçir. Siyasi müxalifət və
elita nümayəndələri, ictimai xadimlər və el ağsaqqalları, torpaq hissi olan hər
bir şəxs sözlə yox, əməli fəaliyyətlə nümunəyə çevrilməlidir. Torpaqların azad
olunmasını, Qarabağın qaytarılmasını, gələcək nəsillərimizin dünya xalqları
arasında layiqli yer tutmalarını, alnımızdakı ləkəni silmək istəyiriksə
hadisələrin bizi yox, bizim hadisələri idarə etməyimiz vacibdir...
|