|
Новая страница 1
Təzəgül Qasımova
Qarabağ probleminin demoqrafik xüsusiyyətləri
Azərbaycan
müxtəlif etnik azlıqların mövcud olduğu bir ölkədir. 1989-cu il əhalinin
siyahıya alınmasına əsasən, etnik azlıqlar Azərbaycan əhalisinin 20%-ni təşkil
edirdi. Azərbaycanın bir çox dövlətlər və qonşu ölkələrin strateci maraqlarının
kəsişdiyi yerdə yerləşmiş geopolitik mövqeyi ölkənin etnik problemlərinin həlli
üçün əlverişli deyil. Öz məqsədlərinə çatmaq istəyən bu ölkələr müxtəlif etnik
azlıqlar arasında separatçı hissləri alovlandırmaqdan ötrü Azərbaycanın etnik
problemlərindən istifadə edirdilər. Qarabağ münaqişəsi bunun təzahürüdür.
Qarabağ Muxtar
Vilayətinin sosial-mədəni problemlərinin həllinə çağıran dinc nümayişlər və
mitinqlərlə başlayan bu mübarizə tez bir zamanda hərbi münaqişəyə çevrildi,
həyatın bütün sahələrinə böyük təsir göstərdi və demokratik dövlətin
formalaşmasının ilkin mərhələlərində Azərbaycanın mövqeyini sarsıtdı. Hərbi
münaqişə nəticəsində, ölkə ərazisinin 20%-i işğal olunmuş, 20000 nəfər həlak
olmuş, 50000-dən çoxu yaralanmış və 4000-ə qədəri əsir , girov və ya döyüş
əməliyyatları zamanı itkin düşmüşdür. (1997-ci il insan inkişafı haqqında
hesabat). 1 milyona qədər əhali evlərini tərk etməli olmuşdur. Münaqişə, ölkə
iqtisadiyyatına qədəri dəqiq ölçülə bilməyən ziyan vurmuşdur. Ölkənin qərbində
və şimal-qərbində yerləşən yüzlərlə, sənaye kompleksləri, kənd təsərrüfatı və
nəqliyyat infrastrukturu obyektləri dağıdılmışdır.
Azərbaycan
keçmiş Sovet İttifaqı Respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk
ölkə oldu. İlk dəfə yüzlərlə azəri 1987-ci ilin payızında Ermənistandan
Azərbaycana qaçdılar. 1988-ci ilin yanvarında bu rəqəm 4000-ə çatdı. 1989-cu
ilin fevralında Azərbaycan-Ermənistan münaqişəsinin başlanmasından sonra bu
Sovet Respublikalarının hər ikisi qaçqınlarla həddən artıq dolmuşdu. 1990-cı
ilin yanvarında artıq bütün azəri və kürd müsəlmanlar, həmçinin rusların bir
hissəsi birlikdə 185,5 min nəfər Ermənistandan qovulub çıxarılmışdır. Öz
növbəsində 279 min nəfər Azərbaycandan Ermənistana və 44 mini isə Rusiyaya
qaçdı. 1988-ci ildən 1990-cı ilədək hər iki respublikadakı qarətlər nəticəsində
216 azəri və 119 erməni öldürüldü.
Ermənistandan
və Özbəkistandan olan qaçqınlarla eyni zamanda 1988-ci ildə Dağlıq Qarabağ
Vilayətindən ilk məcburi köçkünlər qaçıb gəldilər. Keçmiş Sovet İttifaqının
süqutu və 1991-ci ildə Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan
etməsi Qarabağ münaqişəsini beynəlxalq münaqişəyə çevirdi. Ermənistanın silahlı
qüvvələri 1991-ci ilin payızından 1992-ci ilin yayına qədər bütün yerli azəri
əhalini Dağlıq Qarabağdan qovub çıxardılar. Elə həmin vaxtdan Azərbaycanda ölkə
daxili didərginlərin qeydə alınması başlandı və bu rəqəm 212-220 min nəfər oldu.
1993-cü il
martın sonu və fevralın əvvəlində Kəlbəcər zonasının işğalından sonra
qaçqınlarla bağlı vəziyyət pisləşdi. Bunun ardınca 1993-cü ilin oktyabrına qədər
Ağdam, Füzuli, Jəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.
1987-1990-cı
illər müddətində qaçqınların sayı nisbətən az olduğundan onları hakimiyyət
orqanları qeydə almağa qadir idilər. Lakin, Azərbaycanın 6 rayonunun işğalı ilə
nəticələnən hərbi münaqişə didərgin axınına səbəb oldu. 1993-cü il aprelin
əvvəlində Kəlbəcər rayonunun işğalından sonra 243 min didərgin rəsmi olaraq qeyd
olunmuşdur, lakin həmin ilin dekabrının əvvəlinə Dövlət Statistika Komitəsi
778,5 min nəfər qeydə almışdır. 1997-ci ilin yanvarına olan ən son rəsmi
məlumata istinad etsək, Azərbaycanda 843 min nəfər qaçqın və məcburi köçkün var
ki, bu da ölkə əhalisinin 11%-ni təşkil edirdi.
Dövlət
orqanlarının qaçqın və məcburi köçkünlərə münasibəti ildən-ilə dəyişməyə
başladı. 1992-ci ilin sentyabrın 29-da Respublika Parlamenti keçmiş sovet
respublikaları içərisində birinci olaraq qaçqınların status və hüquqlarını təyin
edən qanun qəbul etdi. 1992-ci ilin dekabrın 8-də Azərbaycan 1951-ci il
Konvensiyası və 1967-ci il Qaçqınların Statusu üzrə protokolu ilə razılaşdı.
1988-ci ildə
başlanmış Qarabağ münaqişəsindən bir qədər sonra aparılmış 1989-cu il əhalinin
ümumi siyahıya alınmasının nəticəsinə görə, o vaxt Azərbaycanda 7,021 mln nəfər
əhali yaşayırdı ki, onun 83%-ni azərbaycanlılar təşkil edirdilər. Sonrakı qanlı
hadisələr və minlərlə insanların respublikaya, ondan kənarlara miqrasiyası
Azərbaycandakı demoqrafiq vəziyyəti kəskinləşdirdi. Azərbaycanda yaşayan 390000
ermənidən 323000-i respublikanı 1988-ci ildə tərk etdi. Yerdə qalan 67000-i hələ
də Dağlıq Qarabağda yaşayanlardır və bir neçəsi Bakı sakinləridir.
Miqrasiya
slavyan əhalisinə, xüsusilə ruslara da təsir göstərdi. Rəsmi məlumatlara görə,
169000 rus, 15000 ukraynalı və 3000 belarus ölkəni tərk etmişlər. Onların
əksəriyyəti 1990-1992-ci illərdə köçmüşlər. Həmin dövrdə əsas səbəb ölkədəki
qeyri-sabit siyasi vəziyyət idi. Lakin sonralar rusların miqrasiyası əsasən
sosial və iqtisadi səbəblər üzündən baş verirdi.
Dövlət
Statistika Komitəsinin məlumatına görə, 1997-ci ilin yanvarına qədər Azərbaycan
əhalisinin sayı 7566000 nəfərə çatmışdır. Ölkədə azərbaycanlıların sayı 6750000
nəfər olmuşdur ki, bu da əhalinin 90%-ni təşkil edirdi.
Qarabağ
münaqişəsi başladıqdan sonra baş vermiş miqrasiya prosesləri azərbaycanlılara da
təsir etmişdir. Birincisi, «rus dilli» Azərbaycan əhalisi, əsasən Bakı
sakinləri, 1988-1990-cı illərdə Rusiyaya köçdü. Miqrasiyanın əsas səbəbələri
qeeyri-sabit vəziyyət, milli-vətənpərvər qüvvələrin güclənməsi üzündən öz
gələcəkləri barədə qorxu və xeyli sayda qaçqın-kənd əhalisinin axını nəticəsində
şəhərin sosial strukturunun dəyişməsi idi.
Bundan başqa,
1994-dən başlayaraq, ölkədən kənara gedən qaçqın və məcburi köçkünlərin sayı
hiss olunacaq dərəcədə artdı. Azərbaycandakı işsizlik üzündən onlar xaricə,
ələlxüsus da Rusiya, Türkiyə və İrana getdilər.
Türkiyə,
əsasən, Naxçıvandan olan əhalini və orada yaşayan qaçqınları qəbul edirdi.
İranda onun Tehran, Təbriz, Ərdəbil və Urmiya kimi şəhərlərində çoxlu məcburi
köçkünlər yaşayırlar.
Bəzi
hesablamalara görə, 1991-1996-cı illərdə 1,5 milyon nəfərdən çox əhali Rusiyaya
köçüb və hələ də orada çalışır. Azərbaycanlıların əksəriyyəti Moskva və onun
ətrafında cəmləşib. Onların arasında xüsusilə Fizuli və Ağdam rayonlarından olan
məcburi köçkünlərin sayı daha çoxdur.
Ümumiyyətlə,
Qarabağla bağlı müzakirələrə, ayrılıqda isə Azərbaycan qaçqınlarının
problemlərinə beynəlxalq reaksiya da müxtəlif idi və bu da respublikada sosial
iqlimə təsir göstərdi. Azərbaycan çoxlu sayda qaçqın və məcburi köçkünlərin
ehtiyaclarını ödəmək problemi qarşısında qalmışdı.
Respublika
əhalisinə nisbətdə qaçqınların və məcburi köçkünlərin sayının çoxalması, ölkə
ərazisinin 20%-nin işğal altında olması Azərbaycanda sosial mütəşəkkilliyə nail
olmanı çətinləşdirir.
|