|
Новая страница 1
Tofiq Həsənov
XX
əsrin I yarısında ermənilərin Şimali Azərbaycan
ərazisinə iddiaları
XIX
əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən Rusiya imperiyası onların
dövlət yaratmaq arzularının həyata keçirmələrinə yaxından kömək edirdi. Birinci
dünya müharibəsinin qızğın vaxtında rus çarı II Nikolay Fransa səfiri ilə
söhbətində ermənilərə «ən azı muxtariyyət verəcəyini» bildirmiş və öz vədinə
sadiq çıxaraq, 1917-ci il yanvar ayının 11-də Türk Ermənistanı haqqında dekret
imzalamışdır. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyəti ələ
keçirmiş bolşeviklər rus çarı II Nikolayın əksər qərarlarını tanımasalar da onun
«Türk Ermənistanı haqqında» dekretini 1917-ci il dekabrın 27-də tanıdılar.
1917-ci il dekabr ayının 16-da V. İ.Lenin tərəfindən S.Şaumyan Qafqazın
fövqəladə komissarı təyin olundu. O, Bakıda bolşevik hərəkatına rəhbərlik etməyə
və bununla bərabər Azərbaycanda yerli türk-müsəlman əhalisinə hər hansı
muxtariyyata nail olmağa yol verməmək və nəticədə «Türk Ermənistanı dekreti»ni
həyata keçirmək kimi tarixi vəzifəsini yerinə yetirmək üçün göndərilmişdi.
1918-ci ilin mart ayında Brest-Litovsk sazişindən sonra bolşevik Rusiyasının
Qarsı, Batumu və Ərdəhanı Türkiyə torpaqları olaraq qəbul etmələri bu dekretin
tətbiq olunduğu ərazini dəyişdi. Türkiyə 1918-ci ilin mart-aprel aylarında
Ərdəhan, Qars və Batum torpaqları üzərində öz siyasi dövlət quruluşunu bərpa
etdi. Anadoludan rüsvayçılıqla qovulmuş Qafqaz rus orldusu tərkibində türklərə
qarşı döyüşən erməni hərbi birləşmələri Cənubi Qafqazın qədim türk-müsəlman
əhalisi yaşayan İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında ərazi iddiaları irəli
sürərək təcavüzə başladılar. Bununla bərabər, bolşevik Rusiyasına arxalanan və
Moskvada güclü dəstəyi olan ermənilər Bakı quberniyasını Azərbaycandan və
xüsusilə dünya neft istehsalının mərkəzi olan Bakı şəhəri və onun ətraf neft
istehsal edən bölgələrini Azərbaycandan ayırmaq və erməniləşdirilmiş müstəqil
bir vilayət şəklində Rusiya tərkibinə daxil etmək barədə planları var idi.
Bolşeviklərin ermənilərlə birgə siyasəti hələ Şaumyanın rəhbərliyi altında
təşkil olunmuş Bakı kommunası dövründən üç vəzifədən ibarət olmuşdur: 1) Bakının
milliyyətcə türk-müsəlman əhalisini qırıb azaltmaq və didərgin salmaq yolu ilə
yox etmək; 2) Bakını faktiki və hüquqi olaraq Azərbaycandan ayırmaq; 3) Bakını
erməniləşdirmək. Rusiyanın Cənubi Qafqaz siyasətinin iflasa uğrayacağı ilə
qorxudan Şaumyan belə deyirdi ki, Bakı Azərbaycanın paytaxtı elan olunsa «Cənubi
Qafqaz Rusiya üçün itirilmiş olar». S.Şaumyanın qəddarlığı və erməniçilik
xəstəliyinə tutulduğu ondan görünürdü ki, o, «ancaq Sovet hakimiyyətini qəbul
edən müsəlmanların təhlükəsizliyini təmin edə biləcəyini bəyan edirdi». Bakı
kommunasının daxili işlər komissarı A.Caparidze öz vəzifə borcunu yerinə
yetirmək əvəzinə söyləyirdi ki, «əgər müsəlmanların mənə inandığına əmin
olsaydım onlara yardım edərdim». S.Şaumyan məqsədini gizlətməyərək deyirdi ki,
biz 1918-ci ildə düşünülmüş şəkildə milli qırğına getdik, «əgər Müsavat qalib
gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan olunacaqdı». 1918-ci ildə Rusiyanın
xarici işlər komissarı Q.V.Çeçerin rəsmi toplantıların birində «Bakı qəzasının
həmişəlik olaraq Rusiyada qaldığı»nı bəyan etmişdir. Bu Azərbaycanın Xəzər
dənizi sahillərindən tamamilə məhrum olması demək idi.
Siyasi vəziyyətin ağırlığını başa düşən Gəncə şəhərində yerləşmiş Azərbaycan
Xalq Cümhuriyyətinin Milli Şurasının sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri
M.H.Hacıniski 1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə dostluq müqaviləsini
imzaladılar. Bu müqavilə Azərbaycan dövlətinin beynəlxalq aləmdə təsdiq olunması
və Azərbaycan türk millətinin müstəqilliyinin ərazi bütövlüyünün qorunub
saxlanılmasında zəruri addım idi. 1918-ci il iyun ayının 11-də Gəncə şəhərində
erməni silahlı dəstələrinin tərki-silah edilməsi ilə başlanan hərbi əməliyyat,
həmin ildə sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsi ilə başa
çatmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan
Xoyski 1918-ci il sentyabrın 15-də Bakının azad olunması münasibətilə Qafqaz
İslam Türk Ordusu komandanı Nuru Paşaya teleqramında yazmışdı. «Millət Sizə
minnətdardır…».
1918-ci ilin may ayında öz azadlığına qovuşmuş Cənubi Qafqazın türk-müsəlman
əhalisi və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli sərhəd məsələlərini
siyasi yolla həll etməyə çalışırdı. Azərbaycan hökuməti 1918-ci ilin may ayında
keçirilmiş Batum konfransının nəticəsi kimi üç yeni yaranmış respublikalar
arasında müqavilə imzalandı. 1918-ci il may ayının 29-da tarixən Azərbaycanın
ərazisi olmuş İrəvan şəhəri paytaxt olmaqla 10 min kv. km. ərazi yeni yaradılan
Ararat (Ermənistan) respublikasının ərazisi kimi müəyyənləşdirildi. Lakin
Azərbaycan tərəfindən irəli atılan bu xeyirxah addım erməniləri daha da
şirnikləndirdi. Onlar «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün əlverişli
məqam olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi iddiaları irəli
sürdülər. Tarixən Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur
ərazilərinə iddia edən erməni daşnakları eyni zamanda bu torpaqlarda etnik
təmizləmə siyasətini həyata keçirməyə başladılar. Zəngəzur, Naxçıvan və
Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncdenin quldur dəstələri tərəfindən
məqsədyönlü soyqırıma məruz qalmışlar. 1918-1920-ci illərdə yeni yaradılmış
Ararat respublikası ərazisində etnik təmizləmə nəticəsində 575 min türk-müsəlman
yaşamışdırsa, 1922-ci ildə onların sayı azalaraq 10 min nəfərə enmişdir.
Qarabağın dağlıq hissəsində kök salmış erməni daşnaqları 1918-ci ilin iyul və
sentyabr aylarında keçirdikləri qurultayda bu mahalın müstəqilliyini elan
etdilər. Zəngəzurun bir hissəsində möhkəmlənən Andronik burada «paytaxtı Gorus
olmaqla» erməni qubernatorluğu təşkil etdi. Sonradan «paytaxtı Şuşa olacaq»,
«kiçik Ermənistan» dövlətini yaratmağa çalışdı. Azərbaycan ərazisinə torpaq
iddialarına və orada yaşayan yerli türk-müsəlman əhalisinə qarşı
erməni-daşnaklarının təcavüzünün qarşısını almaq üçün Azərbaycan Xalq
Cümhuriyyətinin Nazirlər Şurası 1919-cu il 15 yanvar tarixli iclasında Şuşa,
Cavanşir və Cəbrayıl qəzaları üzrə general-qubernatorluq yaradılmasını qərara
aldı. Müvəqqəti olaraq yaradılmış general-qubernatorluğa fövqəladə səlahiyyətlər
verdi. Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru vəzifəsinə təsdiq olundu.
Azərbaycan hökuməti Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə
Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar bölgələrinin müvəqqəti
general-qubernatorluğu təşkil olundu. Bəhram xan Naxçıvanski general-qubarnator,
Kərim xan İrəvanski və Hacı Mehti Bağırov isə onun köməkçiləri təyin olundular.
Qarabağda olan daşnak erməni təşkilatları müvəqqəti siyasi dövr üçün yaradılmış
Qarabağ general-qubernatorluğuna etiraz olaraq 1919-cu il aprel ayında
keçirdikləri beşinci qurultayında Azərbaycana qarşı olan münasibətlərini
müzakirə edib, daşnak ünsürlərinin təzyiqi altında Azərbaycan hökuməti ilə
əlaqəsi olan hər hansı bir dövlət idarəçiliyini qəbul etməyəcəkləri barədə qərar
qəbul etdilər.
Erməni daşnaklarının Azərbaycanın ərazisinə qarşı olan iddiaları hərbi təcavüzə
çevrilirdi. Erməni təcavüzünün qarşısını almağa gücü çatmayan Azərbaycan
kəndlərinin əhalisi yurdlarını tərk etməyə məcbur olurdular. 1919-cu ilin
oktyabr ayında ermənilər Zəngəzurun 110 böyük türk-müsəlman kəndlərini məhv
etmişdir. Bu kəndlərin sakinlərini qırmış, qaçqın düşmüş 60 minə yaxın əhalisi
Qarabağa pənah gətirmişlər. Ermənilər Dilicandan 7 min, İrəvan quberniyasının
Yeni Bəyazid qəzasından Zəngəzura xeylı silahlı qüvvə gətirmişdilər. Qarabağı
ələ keçirmək üçün çox saylı erməni silahlı dəstələri yola düşmüşdü. 1919-cu il
noyabr ayının 23-də Tiflisdə imzalanmış sülh sazişinə görə Azərbaycan və
Ermənistan hökumətləri öz qoşunlarını Zəngəzurdan geri çəkməli idilər.
Azərbaycan hökuməti müqaviləyə əsasən öz hərbi qüvvələrini Zəngəzurdan çıxarsa
da, Ermənistan öz hərbi qüvvələrini nəinki geri çəkmədi, əksinə daha da
gücləndirdi. Sülh sazişi imzaladıqdan təxminən iki ay keçmiş az bir müddətdə
Zəngəzurun daha 40 kəndi talan edilib sakinləri qətlə yetirildi.
1920-ci il mart ayının 22-də gecə saat 3-də erməni daşnaklarının üsyançı
dəstələri Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan
hökumətinin qoşun bölmələri üzərinə basqınlar etdilər. Mart ayının 29-da
Azərbaycan qoşunları Ağdamdan Əsgərana doğru hücuma keçdi. Hücuma keçən Ağdam
dəstəsi, Zaqatala piyada alayı, Şirvan alayı və Tərtər süvari alayının hissələri
ilə gücləndirilmişdi. Aprel ayının 3-də hücuma keçən Ağdam dəstəsi gərgin
döyüşlər nəticəsində erməni qüvvələrini məğlub edib Əsgəran və Xocalını azad
etdi. Aprel ayının 5-də Şuşaya daxil oldu. Aprel ayının 9-dan 11-dək Şuşa
yaxınlığındakı Keşişkənd ətrafında gərgin döyüşlər baş verdi. Bu döyüşlərdə
Qarabağdakı erməni-daşnak qüvvələrinə sarsıdıcı zərbə vuruldu və çox güclü
möhkəmləndirilmiş bazası məhv edildi. Azərbaycan Ordusunun təzyiqinə davam
gətirməyən erməni hərbi hissələri ailələrini Zəngəzura köçürüb kiçik dəstələrlə
Azərbaycan kəndlərinə hücum edirdi. Ağdam silahlı dəstələri bəzi ərazilərdə
fəallaşan erməni silahlı dəstələrini susdururdu. Aprelin 18-dən 19-na keçən gecə
erməni silahlı dəstələri Qaybalı kəndinə daxil olub onun bir hissəsini yandırdı.
1920-ci ilin əvvəlində Şimali Qafqazda qırmızı ordunun uğurlu hərbi
əməliyyatları erməni silahlı dəstələrinin fəallığını daha da artırdı. 1920-ci
ilin yanvarından Ermənistan hərbi əməliyyatları yenidən gücləndirdi. Sovet
Rusiyası Azərbaycan Xalq Cumhuriyyətinə qarşı fitnəkar bir siyasət aparmışdır.
Rusiya ermənilərin torpaq iddialarını daha da qızışdırmaqla onları Zəngəzur və
Qarabağda Azərbaycan dövlətinə qarşı müharibəyə təhrik edirdi. Nəticədə
Azərbaycan ordusunun böyük bir hissəsi erməni hərbi hissələrinə qarşı Qarabağ və
Zəngəzurda döyüşlərə cəlb olunurdu. Azərbaycan ordusu 1920-ci il aprelin
sonunadək ölkənin ərazi bütövlüyünü qorumaqla öz vəzifə borcunu şərəflə yerinə
yetirdi.
Tarixi sənədlərdən aydın olur ki, XI Ordu Bakını işğal edərək buranı
Azərbaycandan ayırıb sovet Rusiyasının ərazisi elan etməyə çalışırdı. Lakin
sonradan Lenin bu fikirdən əl çəkdi. Onun göstərişinə əsasən, Qafqaz cəbhəsinin
komandanı M.Tuxaçevski XI Ordunun komandanı M.Levandovskiyə göndərdiyi 1920-ci
il 23 aprel tarixli teleqramında; «490 №-li göstərişimizə dəyişiklik olaraq, əmr
edirəm ki, ordunun son məqsədi ancaq Bakı quberniyası deyil, bütün Azərbaycana
keçirməkdir».
1920-ci il aprel çevrilişindən 1933-cü ilin əvvəllərinə kimi Azərbaycan K(b)P
MK-nın birinci katibi yabançı qeyri türk-müsəlman xalqların nümayəndələrindən
olması ermənilərin Azərbaycan ərazisinə olan torpaq iddialarını təmin olunması
ilə nəticələnmişdir. 1929-cu ildə Azərbaycanın Zəngilan rayonunun üç kəndi
qeyri-qanuni olaraq Ermənistana verilmişdir. Bu illərdə Qazax qəzasının dağlıq
hissəsi – Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə əks olaraq
Ermənistana verildi.
N.Nərimanovun vermiş olduğu bəyanata görə, Zəngəzurun 4504,5 kv.km ərazisi
Ermənistana birləşdirildi, daha doğrusu hədiyyə verildi. Bu məsuliyyətsiz
bəyanatın nəticəsində Azərbaycan 11 min kv. km ərazisindən məhrum oldu. Buraya
əsasən Zəngəzur, Şərur-Dərələyəz və Göyçə torpaqları daxil idi.
Azərbaycan MİK-nin 7 iyul 1923-cü il tarixli dekreti ilə Azərbaycan SSR-nin
tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. DQMV-nin sahəsi 4372 kv.km
olmaqla Şimali Azərbaycanın Qarabağ bölgəsinin: Şuşa şəhəri və Xankəndi daxil
olmaqla 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd,
Qubadlı qəzasından isə Qaladərəsi kəndi, torpaq fondu hesabına yaradılmışdır.
Erməniləri dəstəkləyən Moskva 1931-ci ildə ermənilərin xarici ölkələrdən Cənubi
Qafqaza köçüb gəlmələri barəsində qərar çıxarmışdır. Nəticədə Yaxın Şərq,
Balkan ölkələrindən yüz minlərlə erməni köçüb gəlmişlər. XX əsrin 20-30-cu
illərində Cənubi Qafqazda yaşayan türk-müsəlman əhalisi və XIX əsrin axırı və XX
əsrin əvvəllərində təşkil olunmuş alman koloniyalarından sürgün olunmuş
kəndlərdə ermənilər yerləşdirilirdi. Ermənistan ərazisindən köçüb gətirilən on
minlərlə erməni nəinki DQMV-nin ərazisində, həm də Gəncə, Şəmkir, Samux
bölgələrindən sürgün olunmuş almanların kəndlərində yerləşdirilmişdilər. Şura
hökumətinin siyasi və inzibati cəza orqanlarında, Sovet ordusu tərkibində
qulluğa götürülmüş erməni-daşnakları Cənubi Qafqazı türk-müsəlmanlardan
təmizləmək məqsədilə heç bir günahı olmayan yüz minlərlə türk-müsəlman
əhalisinin sürgünlərə və kütləvi qırğınlara məruz qoymuşlar. Onlar 1941-1945-ci
illərdə Azərbaycan əhalisinin kütləvi surətdə Orta Asiyaya, Qazaxıstana və
Sibirə sürgün olunması planını hazırlamışdılar. Onların kütləvi olaraq sürgünə
dair alçaq planları baş tutmadıqda 1945-ci ilin payızında Ermənistan KP MK-nın
birinci katibi Arutyunov DQMV-nin Ermənistan SSR tərkibinə daxil olunması
haqqında təklifini ÜİK(b)P MK-nın sərəncamına vermişdir. Azərbaycan hökumətinin
əməli tədbirləri nəticəsində ermənilərin həyasız tələbləri həyata keçirilmədi.
Ermənilərin DQMV-nə dair qaldırdıqları iddiadan iki il keçmiş, onların
Moskvadakı havadarları SSRİ Nazirlər Sovetinə 1947-ci il 23 dekabrında
«Ermənistan SSRİ kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan
SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarı qəbul etdirdilər. Bu
qərara əsasən 1948-1950-ci illərdə Ermənistan SSRİ-dən 150 min azərbaycanlı öz
doğma yurdlarından zorla çıxarıldı.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə Şimali Azərbaycanın 114 min kv. km ərazisi
olmuşdursa, 1920-ci il aprel çevrilişindən sonra azalaraq 86,4 min kv. km
olmuşdur. Şura hökuməti dövründə xalqların dədə-babadan yaşadığı ərazi
məsələlərinin birtərəflli, daşnak-bolşevik sayağı «həlli» Ana vətənimizin 27599
kv.km sahəsi qonldarma Ermənistan dövləti tərəfindən zəbt olundu.
|