|
Новая страница 1
Xeyirbəy Qasımov, Ramil Niftəliyev
Qarabağ problemi: İmperiya siyasəti və Azərbaycanın
tarixi gerçəklikləri
XX
əsrin sonlarına doğru yenidən siyasi müstəqillik qazanmış Azərbaycanın mövcud
problemlər məcmusuna Dağlıq Qarabağ problemi də əlavə edildi. Həmin problem
artıq dünya ictimaiyyətinin, bir sıra dövlətlərin, beynəlxalq təşkilatların
müzakirə obyektinə çevrilmişdir. BMT-nin Dağlıq Qarabağ probleminə aid olan dörd
qətnaməsi ilə nə erməni separatçıları, nə də münaqişədə təcavüzkar, işğalçı
tərəf olan Ermənistan Respublikası hesablaşır. Azərbaycanın normal inkişafına
böyük əngəl olan bu problem əslində sovet hakimiyyəti illərində (1920-1991)
yaradılmışdır. Bu, imperialist, şovinist düşüncəli Rusiya dövlət xadimlərinin
«uzaqgörən siyasətinin» labüd nəticəsidir.
Dağlıq Qarabağ problemi rus şovinistlərinin əlində Sovet (rus) imperiyasının
əsarətindən qurtulmuş Azərbaycana perspektiv təsir vasitələrindən biridir. Sovet
hakimiyyəti illərində bir çox potensial (bəziləri artıq reallaşmış) milli
münaqişə ocaqları SSRİ-nin başqa respublikalarında da yaradılmışdı və hazırda
beynəlxalq miqyasda öz mövqelərini qorumağa, bərpa etməyə, möhkəmləndirməyə
çalışan Rusiya «bu ocaqların istisinə qızınmağa» can atır. Bu hal imperiya
mərkəzi, metropoliya mövqeyini itirmiş iri dövlətlərin tarixi keçmişi və müasir
gerçəkliyi üçün səciyyəvidir. Təbiidir ki, Dağlıq Qarabağ probleminin böyüyərək
Azərbaycanın daxili problemindən beynəlxalq səviyyəyə çıxmış məsələyə
çevrilməsində xarici amillərlə yanaşı daxili səbəbləri də nəzərə almaq
zəruridir.
Sovet rejiminin banisi (V.İ.Lenin) və onun ardıcılları Azərbaycanda sosial
eksperimentlər sahəsində xeyli uğurlar qazanmışdılar. 1923-cü ilin iyulunda
DQMV-nın yaradılması və onun tədricən Azərbaycan tabeçiliyindən çıxarılaraq daha
çox Moskvanın daimi, qayğıkeş nəzarəti altına keçirilməsi prosesinə yerli
«siyasi xadimlər» də yardımçı olmuşlar. N.Nərimanovun Azərbaycan mənafeyinə daha
çox bağlı olduğunu nəzərə alan «yeniləşmiş imperiya» rəhbərləri onu S.M.Kirovla
(1921-1926) əvəz etdilər. Ümumiyyətlə, sovet hakimiyyəti dövründə imperya
mərkəzi Azərbaycanda milli kadrlara etibar etməmişdir. Yardımçı, tabe
vəziyyətinə salınmış yerli «dövlət xadimləri» (H.Sultanov, R.Axundov, M.Bağırov,
M.B.Qasımov, Q.Musabəyov və b.) isə «proletar beynəlmiləlçiliyi» ruhunda
fəaliyyət göstərdilər və bu zaman ərzində ermənilərin xəyallarının bir qismini
DQMV-nın yaradılması ilə gerçəkləşdirirdilər. O zaman Azərbaycanda imperiya
mərkəzinin canfəşanlığına etiraz edən şəxslər meydana çıxdılar. Azərbaycan
Kommunist Partiyasının rəhbərlərindən olan Əyyub Xanbudaqov «milli
sapıntıçılara» başçılıq edərək 1924-cü ildə bu cərəyanın istəklərini aşağıdakı
şəkildə izhar etdi:
1)
Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmmalıdır;
2)
Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin
idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz
keçilməlidir;
3)
Azərbaycan milləti özünü idarə etmək iqtidarındadır, Moskvadan təyin olunan
şəxslər milli kadrların müstəqil fəaliyyətinə əngəllər törədirlər, bu hala
qətiyyətlə son qoyulmalıdır.
4) İşçi
birlikləri, kooperativlər və digər dövlət müəssisələri sözdə deyil, əməldə
türkləşdirilməlidir;
5) Azərbaycanı
Rusiyadan gətirilmiş köçkünlərlə məskunlaşdırmaq istəyən sovet hökumətinin bu
siyasətinə son qoyulmalıdır;
6) Cənubi
Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını təmin etmək üçün
Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə
qanunu dəyişdirilməlidir.
Ə.Xanbudaqovun bu çıxışı Moskvanın zorakı tədbirləri ilə qarşılandı. Onu
Azərbaycandan sürgün etdilər. İlk cəza tədbirləri nəticəsiz qalmadı:
Təcrübəsiz
(bir çox hallarda karyerist) Azərbaycan «siyasi xadimləri» imperiya mərkəzindən
gələn bütün yazılı və şifahi göstərişləri can-başla yerinə yetirməyə başladılar.
Sovet rejimi şəraitində yaşayıb fəaliyyət
göstərə
bilməyən vətənpərvərlər isə
Azərbaycanı
tərk etməli oldular.
Yenicə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ictimai-iqtisadi, mədəni
durumu Azərbaycan «kommunistlərinin» başlıca qayğılarından birinə çevrilmişdi.
Dağlıq Qarabağda yaşayan erməni əhalisinin ikiqat qayğı ilə əhatə olunması
tədricən bu vilayətin Azərbaycandan uzaqlaşmasının bünövrəsini qoymuşdu. Bir çox
tarixi sənədlər bunu aydın surətdə təsdiqləyir. DQMV-nın yaradılması prosesində
yeni Rusiya rəhbərlərinin böyük himayəçiliyinə arxalanaraq fəal iştirak etmiş,
1920-ci ilin mayında Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin olunmuş,
«Qizil Ordu» hərbi inqilab şurasının səlahiyyətli nümayəndəsi kimi fəaliyyət
göstərmiş A.N.Karakazov (1890-1938) 1923-cü ilin 19 iyulunda «Bakinskiy raboçiy»
qəzetinə verdiyi müsahibəsində erməni hiyləgərliyi ilə qeyd etmişdir: «Qarabağ
iqtisadi baxımdan Azərbaycanla sıx bağlıdır. Buna görə də o, muxtar vilayət kimi
ayrılaraq ASSR-nin tərkibində qalır»
(К
истории образования НКАО Азербайджанской ССР. 1918-1925. Документы и материалы.
Баку, 1989, с. 155).
Bu erməni avantüristi 1923-1928-ci illərdə DQMV İcraiyyə Komitəsinin sədri,
1928-1930-cu illərdə isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi olmuş,
sonralar Moskvada SSRİ Su Təsərrüfatı İdarəsinin, habelə Azərbaycan pambıq
tədarükü idarəsinin rəisi vəzifələrində «çalışmışdır». Sovet rejimi illərində
minlərlə bu cür erməni «dövlət və təsərrüfat xadimi» Azərbaycanda və
Azərbaycandan kənarda imperiya rəhbərlərinin himayəçiliyi, yerli «rəhbərlərin»
isə müşahidəçi və icraçı mövqeyi tutmaları sayəsində vətənimiz, xalqımız
əleyhinə fitnəkar, avantürist fəaliyyət göstərmişdir. Bu «fəaliyyətin»
nəticələri gec-tez zahirə çıxırdı.
Azərbaycan «millətçilərinə» amansız divan tutan imperiya mərkəzi Cənubi
Qafqazda, Azərbaycanda çoxlu cinayətlər törətmiş «Daşnaksütyun» üzvlərini,
erməni «hərbi xadimləri»ni azad edir, onların SSRİ-dən xaricə getmələrinə şərait
yaradırdı
(Bax:
К истории образования,
s.158).
«Millətçilərə» qarşı amansız mübarizədə lazımi, zəruri məqamadək istifadə
olunmuş «yeni Azərbaycan rəhbərləri»
(Q.Musabəyov, M.D.Hüseynov, Ə.Qarayev, S.Ağamalıoğlu, H.Sultanov, Ç.İldırım və
b.)
XX
əsrin 30-cu illərində «millətçi» damğası ilə imperiya dairələrinin
repressiyalarına məruz qaldılar. Halbuki onlar son məqamadək «proletar
benəlmiləlçiliyi» ideyasına sadiq olmuş, Sovet dövləti rəhbərlərinin bütün
göstərişlərini can-başla yerinə yetirmişdilər. Bu məqamda da erməni fitnəsi
«həlledici rol» oynamışdı. Mühüm bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan
əleyhinə daha canfəşanlıqla fəaliyyət göstərmiş erməni «siyasi və təsərrüfat
xadimlərindən» bir çoxu əslən Qarabağın dağlıq hissəsindən olmuşdur. Sovet
rejiminin varlığının 20-ci ilinə doğru «Azərbaycan millətçiləri» kimi «zahirə
çıxmış» bu şəxslərin cəzalandırılmasının əsas təşəbbüskarı Dağlıq Qarabağ
ermənisi Levon İsayeviç Mirzoyan (1897-1939) idi. O, hakimiyyət dəyişikliyi
ərəfəsində Azərbaycanda bolşevik təşkilatına soxulmuş, sonralar imperiya
mərkəzinin fəal yardımı ilə mühüm vəzifələrə yiyələnmiş çoxsaylı erməni
fitnəkarlarından idi. L. Mirzoyan 1920-1929-cu illər ərzində Azərbaycan
Həmkarlar İttifaqları Şurasının katibi, sədri, xalq əmlak komissarı, AK(b)P-nin
Bakı Komitəsinin və AK(b)P MK-nın katibi vəzifələrini tutaraq, Azərbaycan
əleyhinə fəaliyyət göstərmişdi. İmperiya mərkəzinin etimadını qazanmış bu şəxs
1929-1933-cü illərdə Perm və Uralda vilayət partiya komitələrinin ikinci katibi,
1933-1938-ci illərdə isə Qazaxıstan ölkə KPMK-nın birinci katibi vəzifələrində
sınanılmışdı. O, hələ 1923-cü ildə Bakı Partiya təşkilatında bəyan etdiyi
raportunda «bəzi yerli kommunistlərin Azərbaycanın sənayeləşdirilməsi planının
dəyişdirilməsini tələb etdiklərini» göstərmişdi. Erməni fitnəkarı bildirmişdi
ki, «bəzi yerli kommunistlərin» irəli sürdüyü alternativ plana əsasən, ölkənin
iqtisadi müstəqilliyi tamamilə təmin olunmalı, Azərbaycandan toplanan vergilər
yerli ehtiyacların ödənilməsinə yönəldilməli, rusların Azərbaycana köçürülməsi
siyasətinə son qoyulmalı, ölkəyə rus köçkünlərinin deyil, Volqaboyu tatarların
cəlb olunaraq yerləşdirilməsi təmin edilməlidir. Bu «siqnal» imperiya mərkəzinin
diqqətindən yayınmamışdı. AKP-nin Moskvadan təyin olunmuş rəhbəri Polonski
1932-ci ildə Azərbaycanın Rusiyadan ayrılmasını və müstəqil bir dövlət olmasını
istəyən «yerli millətçiliyin» öhdəsindən gəlməyi qərarlaşdırdı: 1937-ci ildə
R.Axundov, M.Hüseynov, M.Qasımov, X.Balayev, K.Abdullayev və bir çox Azərbaycan
«millətçisi» siyasi və bioloji həyatdan uzaqlaşdırıldı….
İmperiya mərkəzinin çoxsaylı sosial-siyasi və iqtisadi eksperimentlərindən biri
də Zaqafqaziya Federasiyasının (1922-1936) yaradılması idi. Bu eksperimentdən də
daha çox ermənilər faydalandılar. Təbii ehtiyatlar baxımından yoxsul olan
«Ermənistan» əhalisinin bir qismi bu dövrdə zəngin iqtisadi potensialı olan
Azərbaycana köçdü, bu potensialdan bəhrələnərək, fitnəkar erməni xislətinin
yayılma arealını genişləndirdi. «Ermənistan»ın Azərbaycan iqtisadi potensialı
hesabına inkişafı Azərbaycanda müxtəlif mühüm vəzifələrə yiyələnmiş erməni
«siyasi xadimləri»nin fəal himayəçiliyi təmin edirdi. Bu zaman ərzində
Azərbaycanda erməni əhalisinin daha yığcam halda yaşadığı DQMV başlıca «qayğı
obyektlərindən» birinə çevrilmişdi. Azərbaycan «mərkəzi hökuməti»nin Dağlıq
Qarabağda gündəlik qayğısı nəzərdən keçirilən dövrün rəsmi sənəd və
materiallarından da bəlli olur (Bax:
К истории образования НКАО).
Azərbaycan «hökuməti»nin bu sahədəki fəaliyyəti imperiya mərkəzinin daimi
nəzarəti altında idi. Dağlıq Qarabağın erməni separatçıları bu «qayğıdan» və
Moskvanın himayəçiliyindən ruhlanır, azğınlaşır, Bakıdan daha artıq maliyyə
vəsaiti, yanacaq, «qayğı» tələb edirdilər. Vilayət rəhbərləri daim narazılıq
nümayiş etdirirdilər. Məsələn, 1923-cü ilin 12 oktyabrında «Vilayətin siyasi
vəziyyəti haqqında» məlumat verən AKP-nin Qarabağ Vilayət Komitəsinin katibi
Manutsyan qeyd edirdi: «Əksinqilabi qüvvələrin işi tamamilə hiss olunmur və hər
hansı bir fitnəkar şayiə yoxdur. Yalnız vilayət mərkəzinin Şuşadan
köçürülməsindən narazı olan Şuşa sakinləri ümumi dissonans (qarışıqlıq, – red.)
yaratmışlar (Yenə orada, s. 203). Azərbaycan SSRİ hökumətinin illik
hesabatlarında DQMV-nın inkişafının nəticələri xüsusi olaraq nəzərə
çatdırılırdı. «Dövlətin qayğısı» sayəsində ermənilər Azərbaycanın maarif,
mədəniyyət obyektlərində əlverişli mövqelər qazanmışdılar
(Yenə
orada, s. 322-324).
Beləliklə, XX-əsrin 20-30-cu illərində Azərbaycan əsasən milli siyasi kadrlar
tərəfindən deyil, «yeni» Rusiyanın imperialist düşüncəli «xadimləri» və erməni
fitnəkarları tərəfindən idarə olunmuş DQMV-nın Azərbaycandan tədricən ayrılması
prosesinin əsasları məhz bu dövrdə qoyulmuşdur. Adları dövrün rəsmi
sənədlərində, materiallarında hallanan Q.Musabəyov, H.Sultanov, M.B.Qasımov,
S.Ağamalıoğlu, H.Hacıyev və digər milli «siyasi xadimlər» əslində rus-erməni
qruplaşmalarının sərt nəzarəti altında olmuş, onlar tərəfindən idarə edilmişlər.
Əsrin 40-80-cı illərində isə imperiya mərkəzi milli respublikalarda «partiyanın
ikinci katibi» funksiyalarını yerinə yetirmiş şəxslərin yardımı ilə sərt nəzarət
prinsipinə üstünlük vermişdir. AKP MK-nın son katibi olmuş V.Polyaniçkonun
«fəaliyyəti» buna parlaq misallardan biridir. Əsrin 20-30-cu illərində fəal
olmuş Dablıq Qarabağ erməniləri 80-ci illərin sonunda yeni fitnəkar çıxışlara
başladılar, əlverişli regional, lokal və qlobal şəraitdən istifadə edərək
məskunlaşdıqları ərazidə qondarma «respublika» yaratdılar, bu «respublikanı»
münaqişədə bilavasitə iştirak etmiş «Ermənistana» tanıtdılar, fəal təbliğat
sayəsində beynəlxalq miqyasda onları dəstəkləyən qüvvələrdən istifadə etməyə
başladılar…
Öncə
(1988-ci ildə) Azərbaycan «rəhbərliyi» Dağlıq Qarabağ problemini «süni,
uydurulmuş problem» kimi qələmə verməyə çalışırdı. Sonra məlum oldu ki, bu,
həqiqətən müşkül problemdir və Azərbaycanın inkişafı üçün böyük əngəldir.
Hazırda Azərbaycanda belə bir fikir qərarlaşmaqdadır ki, Dağlıq Qarabağ
probleminin ən azı 80 illik tarixi vardır və həlli təxirə salındıqca bu problem
böyüməkdədir. Mühüm bir cəhəti də qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ
probleminin xüsusi tarixi araşdırma obyektinə çevrilməsi böyük aktuallığa malik
olan, labüd zərurət kimi qarşımıza çıxmışdır. Bu problemin həllinin başlıca
təşəbbüskarları Azərbaycan rəhbərliyi, vətəndaşları (beynəlxalq təşkilatların
konstruktiv yardımı istisna olunmamaq şərtilə) olmalıdırlar. Mövcud olan hər şey
məhvə məhkumdur. Dağlıq Qarabağ problemi də bu baxımdan istisna olunmur. O,
aradan qalxmalı, ədalət bərpa edilməlidir. Azərbaycan cəmiyyətinin, mütərəqqi
beynəlxalq ictimaiyyətin bu problemi tezliklə həll etməyə kifayət qədər qüdrəti
vardır.
Əzmi varmı?
Bu suala isə cavabı Zaman verəcək…
|