|
Новая страница 1
Elçin
Əhmədov
Ermənistan-Azərbaycan münaqişəsi
Cənubi Qafqazda ən uzunmüddətli münaqişə kimi
XX
əsrin 80-ci illərinin sonunda Sovetlər İttifaqında yaranmış vəziyyətdən istifadə
edən ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə
"Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. Ermənilərin bu ərazi
iddiaları xaricdəki erməni lobbisi və onların ilhamvericiləri tərəfindən uzun
illər hərtərəfli plan əsasında hazırlanmışdı.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər
olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan
Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc
sakinlər qətlə yetirilmiş yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və
yandırılmışdır.
Bu
illərdə Sovetlər İttifaqının rəhbər orqanları regionda vəziyyəti sabitləşdirmək
üçün səmərəli tədbirlər hazırlamaq və onları həyata keçirmək iqtidarında
olmadılar. Münaqişəyə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi
(kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları)
açıq-aşkar özünü göstərirdi. 1988-ci il hadisələri başlayan göndən Dağlıq
Qarabağ məsələsi ittifaq mətbuatının səhifələrində geniş şərh olunur, mərkəzin
təbliğat maşını hadisələri birtərəfli işıqlandırmaqda davam edir, informasiya
blokadası Azərbaycanının mövqeyini görünməyə qoymurdu.
SSRİ
hökümətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycana
qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq etməsi
səbəbindən hadisələr getdikcə mürəkkəbləşdi və hər iki respublika müharibə
vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın hakim dairələrində ermənilərin
müdafiə olunması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da
genişlənməsinə gətirib çıxartdı.
1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq
hissəsində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini də zəbt
etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi
olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan silahlı qüvvələri tərəfindən bütün
yuxarı Qarabağ işğal edildi. Bundan snora erməni hərbi qüvvələrinin qarşısında
duran vəzifə işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək və Qarabağın
dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün Laçın rayonunu də
ələ keçirmək idi. Az sonra Laçının işğalı müharibənin Dağlıq Qarabağ
hüdudlarından çıxdığını və Ermənistanın işğalçılıq niyyətinin böyük oldduğunu
göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Qarabağa külli
miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Nəticədə, 1993-cü il
ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın hüdudlarından
kənarda yerləşən Azərbaycanın Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və
Zəngilan bölgələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Çox
təəsüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu
və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü
illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan
müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvüləri olan böyük
dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin,
xarakterinin və məzmununun qiymətləndirilməsinə birmənalı yanaşmadılar.
Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Erməinistanın
Azərbaycana qarşı təcavüzü bu dövlətlərin böyük "səyləri" nəticəsində "Dağlıq
Qarabağ reqionunda və onun ətrafında münaqişə " kimi qiymətləndirdi. Şuranın
daimi üzvüləri olan ABŞ, Rusiya, Fransa münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ
arasında olan münaqişə kimi baxırdılar. BMT TŞ-nın 822, 853, 874, 884 saylı
qətnamələri qəbul edilirkən həmin ölkələrin, xüsusilə Fransanın təkidi ilə
Azərbaycan ərazisinə edilən hücum "Dağlıq Qarabağ ermənilərinin hərkətləri" kimi
qiymətləndirildi və Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Erməni silahlı
qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal çıxmasına deyil,
münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə
həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan
istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4
qətnaməyə də məhəl qoymadı.
Münaqişənin dinc vasitələrlə nizama salınması üçün 1992-ci ilin martında
yaradılan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran
tərəflər arasında ziddiyyətlərin qalması ilə yanaşı, Minsk qrupunun üzvü olan
dövlətlərin də mövqeyində yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə
və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.
Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu
şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər bir xeyli dərcədə
Rusiya-Qərb qarşıdurmasının nəticəsi idi. ATƏT-in Minsk qrupu yaradılan zaman bu
qurumun vasitəçiliyi bir növ Rusiyaya alternativ kimi qəbul edilirdi. 1993-cü
ilin ikinci yrısından 1994-cü ilin dekabrına -yəni Budapeşt sammitinə qədər olan
dövr Rusiyanın reqionda nüfuzunun daha da artması ilə xarakterizə olunurdu.
Budapeşt sammitindən sonra Rusiya və ATƏT-in vasitəçilik fəaliyyəti
birləşdirildi və Minsk qrupunda Rusiyanın daimi həmsədrliyi möhkəmləndirildi.
Güman edilirdi ki, Minsk qrupunda iki həmsədrin olması, Rusiya ilə ATƏT arasında
rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq. Lakin Qərbin reqionda
fəallığının artması, xüsusi ilə Lissabon sammitindən sonra Fransa və ABŞ
nümayəndələrinin Rusiya ilə yanaşı Minsk qrupuna həmsədr təyin olunmaları
Ermənistan-Azərbaycan danışıqlarına öz təsirini göstərdi.
1997-ci ildə Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanan bir neçə təkliflər
planı irəli sürüldü. Lissabon sammitinin sənədində öz əksini tapan prinsiplər
əsasında hazırlanan "paket" (bu variant Dağlıq Qarabağın statusu da daxil
olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsini nəzərdə tuturdu) və
"mərhələli" (bu variant isə münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə
tuturdu) planları Azərbaycan tərəfi əsas kimi qəbul etmiş, Ermənistan isə
təcavüzkar niyyətindən əl çəkməyərək bunun əleyhinə çıxmışdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri 1998-ci ilin noyabrın 9-da Azərbaycanın
mənafeyinə zidd və danışıqların davam etdirilməsinə imkan yaratmayan növbəti
təklifi irəli sürdülər. Dünya praktikasında mövcud olmayan bu prinsip "ümumi
dövlət" ideyasına əsaslanırdı ki, bu da ATƏT-in Budapeşt və Lissabon Zirvə
toplantılarının təsdiq etdiyi qərarlardan və prinsiplərdən geri çəkilmək demək
idi.
ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə
imtina e1tdi. Sonuncu təklifdən imtina edilməsindən 6 ilə yaxın vaxt keçməsinə
baxmayaraq, Minsk qrupu bu günə qədər yeni təkliflə çıxış etməmişdir.
1999-cu ilin aprelindən başlayaraq Azərbaycan və Ermənistan prezidentləri
ikitərəfli və vasitəçilərin iştirakı ilə 25-dən çox keçirilən danışıqlarda da
hələlik heç bir nəticə əldə olunmamışdır.
Cənubi Qafqazda ən "uzunömürlü" münaqişə olan Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınması reqionun təhlükəsizliyinin təmin edilməsində
başlıca maneədir. Bunu artıq ATƏT də, Avropa Şurası da, Avropa İttifaqı da rəsmi
şəkildə bəyan etmişdir. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin (ABŞ,
Rusiya, Fransa) rəsmi şəxsləri də münaqişənin tezliklə aradan qaldırılmasında
maraqlı olduqlarını bildiriblər.
2004-cü ilin əvvəlindən başlayaraq ATƏT-in Parlament Assambleyasının Dağlıq
Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin, AŞPA-nın Dağlıq Qarabağ üzrə
məruzəçisi Terri Devisin reqiona səfərlərinin müntəzəm xarakter alması, eyni
zamanda Avropa Parlamentinin işğal edilmiş 5 rayonun azad edilməsi təklifi ilə
çıxış etməsi münaqişənin nizama salınması prosesində vasitəçilərin bir qədər
fəallaşdığını göstərir.
Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll, daha sonra isə Vaşinqtondakı Mərkəzi
Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru, reqion üzrə tanınmış
ekspert-mütəxəssis Frederik Starrın münaqişənin nizama salınmamasından
narahatlıqlarını bildirərərk, onun Cənubi Qafqazda inkişafa maneə olduğunu dilə
gətirmişlər.
Azərbaycan hətta torpaqlarına təcavüz olduqdan sonra da vasitəçilik
missiyalarından imtina etməyərək münaqişənin ATƏT-in Minsk qrupu çəpçivəsində
həllinə tərəfdar olduğunu bildirdi. Azərbaycan beynəlxalq təşkilatların, xüsuslə
də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in
sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli
şəkildə iştirak edir.
Çox
təəsüf ki, münaqişənin dinc vasitələrlə aradan qaldırması sahəsində ATƏT-in
Minsk qrupunun və dünya birliyinin göstərdiyi səylər təsirli nəticələr
verməmişdir. Buna səbəb, bir tərəfdən Ermənistan Respublikasının
qeyri-konstruktiv mövqedən çıxış edərək güzəştə getmək istəməməsidirsə, digər
tərəfdən beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun qarşılıqlı
güzəşt prinsipini üstün tutaraq, ikili standartlar mövqeyindən çıxış etməsidir.
Bundan başqa, ATƏT-in başlıca çatışmamazlıqlarından biri də, ATƏT çərçivəsində
və onun himayəsi altında müqaviləni pozan, eyni zamanda onu yerinə yetirməkdən
imtina edən tərəfə sanksiya tədbiqetmə mexanizminin olmamasıdır.
Böyük dövlətlər və beynəlxalq təşkilatların regionda sülhpərvərlik fəaliyyətinin
uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan
Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır.Ona
görə də bu münaqişədə Ermənistanın Azərbaycana təcavüzü faktlarını etiraf
etmədən, qəbul edilən beynəlxalq sənədlərdə bu barədə heç nə söyləmədən
münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir.
Ermənistan Respublikası BMT Nizamnaməsin 1-ci və 2-ci maddələrində və ATƏT-in
Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini pozmasına
baxmayaraq adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq üçün
münaqişə bölgələrindəki çoxsaylı missiyaları öz nəticələrini çıxararkən
Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitədə iştirakını etiraf
etməyin mürəkkəb olduğunu bildirirlər. Halbuki, BMT Təhlükəsizlik Şurasının
məlum qətnamlərində Ermənistanın münaqişədə bu və ya başqa formada iştirakı
etiraf olunur. Deməli, Ermənistan bu münaqişədə bitərəf olmayıb, dolayı yolla
olsa da, hərbi təcavüzə rəvac verib. Bu isə, beynəlxalq cinayətdir və BMT Baş
Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasına təcavüzün istənilən forması
(birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilib. Ona görə də beynəlxalq
birlik təcavüzün qarşısını almaq üçün BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq
tədbirlər görməlidir.
Əgər
böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın
qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı
beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.Təcavüzkarın qarşısı
alınmazsa, son vaxtlar Avropanın mərkəzində, o cümlədən Cənubi Qafqazda
sabitliyin bərqərar edilməsinə yönəldilmiş səylər münaqişənin bütün regiona
yayılması nəticəsində heçə endirilə bilər.
|