|
Новая страница 1
Əbülhəsən Fərhadoğlu
Qarabağ problemi: millətləşmə və dünyaya çıxış
Qarabağ savaşı başlayandan indiyə qədər bu problem barədə çox yazılıb, çox da
deyilib. Ancaq bir mühüm məsələ, bəlkə də, ən
vacib amil, ümumiyyətlə, diqqət
mərkəzindən kənarda qalıb. Nə problemin səbəblərinin araşdırılmasında, nə də
münaqişənin doğurduğu nəticələrin aradan qaldırılması yollarının
müəyyənləşməsində bu məsələyə toxunulmayıb. Şübhəsiz ki, belə vəziyyətin
alınması bütövlükdə problemin pozitiv həllinə öz mənfi təsirini göstərməyə
bilməz. Bəs söhbət hansı məsələdən, vacib amildən gedir?
Fikrimcə, Qarabağ münaqişəsinin, Azərbaycanla Ermənistan arasında baş verən
kəskin qarşıdurmanın başlıca səbəbi bütövlükdə bizim regionda, Cənubi Qafqazda
millətləşmə prosesinin başa çatmamasından və bu amildən başqa
dövlətlərin, dünyanın ayrı-ayrı güc mərkəzlərinin öz məqsədləri üçün istifadə
etməsindədir. Qafqaz regionuna nəzərən millətləşmə prosesinin ləngiməsi, lazımi
səviyyədə həyata keçirilməməsinin, şübhəsiz, öz səbəbləri vardır. Bu səbəblər
regionun tarixi, coğrafi yerləşməsi, geosiyasi əhəmiyyətliliyi, ərazidə yaşayan
xalqların mədəni-irsi, mental, etnopsixoloji xüsusiyyətləri ilə mütəmadi olaraq,
yadelli qüvvələrin, işğalçı dövlətlərin təcavüzünə məruz qalması ilə bağlıdır
ki, biz burada onların üzərində dayanmayacağıq. Sadəcə olaraq, qeyd etməliyik
ki, səbəblər həm daxili, həm də xarici səciyyə daşımışdır.
Millətləşmə dedikdə, biz nəyi nəzərdə tuturuq, bu prosesə nələr daxildir, onun
məzmun-mahiyyəti nədən ibarətdir?
Öncə onu xatırladaq ki, «millət» məfhumu Qərbi Avropa anlayışıdır və tarixən
millətləşmə prosesi məhz Avropada ilk dəfə təşəkkül tapmış və reallaşmağa
başlamışdır. Dünyanın digər ölkələri ilə müqayisədə Qərbi Avropa dövlətlərinin
ümumi inkişaf baxımından önə keçməsi və istərsə ictimai həyatın təşkili və idarə
olunması, istərsə də elm, texnika və texnologiya sahəsində böyük uğurlar
qazanması məhz əsaslı millətləşmə ilə bağlıdır.
Millətləşmə milli dövlətin və dövlətçilik ənənələrinin bərqərar olub, davamlı
fəaliyyət göstərməsini, siyasi və hüquqi cəhətdən xalqların, etnik qrupların
ümumi səviyyədə vahidləşməsini, xalq və milli süverenliyin təyinatına uyğun
məzmun-mahiyyət daşımasını, cəmiyyətin təşkilində və idarə olunmasında effektli,
bilavasitə subyektiv amillərdən asılı olmayan norma və prinsiplərin, forma və
moddellərin rəhbər tutulmasını, milli mənlik və milli qürur hissinin nizamlı
tərzdə ifadəsini, fərdi istək və arzuların ümumxalq maraqları çərçivəsində
reallaşmasını, ümumi mənafelərin tənzimləyici və istiqamətverici status
daşımasını, ictimai və fərdi həyatın bütün istiqamətləri üzrə hüquqi
müəyyənləşmənin mövcudluğunu ehtiva edir. O, insanların milli ideya zəminində
nizamlı birliyini, millətin bugününə və gələcəyinə birgə məsuliyyəti nəzərdə
tutur. Millətləşmə-etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə
səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir.
Millətləşmə-xalqların əqlintellektual, ruhi və fiziki gümrahlaşma, intibaha
qovuşma yoludur. Bu intibah isə M.Ə. Rəsulzadəyə görə, millətin hüquq və
şərəfini müdafiə etməyə qadir gücdür, dünyaya məhəbbətdir.
«Millət» mərhələsi və statusu yalnız milli dirçəliş və vahid mədəniyyətə
mənsubluq vasitəsilə mümkündür ki, bu da hər şeydən öncə milli müstəqillik
zəminində gerçəkləşə bilər. Qafqaz regionu isə, bildiyimiz kimi, uzunmüddətli
bir dövr ərzində həqiqi müstəqillikdən məhrum edilmiş, Rusiyanın əsarəti altında
yaşamışdır və bu müstəmləkəçiliyin həyata keçirilməsində rus imperiyasının əsas
«yerli köləsi» məhz ermənilər olmuşlar. Azərbaycanlıların da millətləşmə yolunda
cəhdlərinin qarşısını Rusiya elə həmin ermənilər vasitəsilə almışdır.
Ermənilərin Azərbaycana qarşı ərazi-torpaq iddiası, əslində, Rusiyanın
azərbaycanlıların tarixən böyük enerciyə malik arzusunun qarşısını almaq
cəhdinin konkretləşmiş bir formasıdır.
Elə bu səbəbdən də Dağlıq Qarabağ probleminin, zənnimcə, yalnız Azərbaycana
qarşı yönəlmiş torpaq iddiası, ərazi işğalı prizmasından işıqlandırmaq düzgün
olmazdı. Bəli, ermənilər zaman-zaman bizim torpaqları mənimsəyiblər və yenə də
bu istəkdədirlər. Lakin başlıca səbəb ondadır ki, bu mənfur, xəstə istəyin
arxasında daha da məkrli, qəddar bir imperiyapərəst siyasət dayanıb: necə
olur-olsun, Azərbaycanda millətləşmənin qarşısını almaq! Və bu siyasətin
müntəzəm həyata keçirilməsində Rusiya ilə yanaşı, İranın da rolu az olmayıb,
çünki Vahid Azərbaycan idealı bu dövlət üçün həmişə təhlükə mənbəyi sayılıb.
İran dövləti üçün Vahid Azərbaycan idealının, azərbaycanlıların milli bütünləşmə
arzusunun reallaşması qəbul edilməz olaraq qalmaqdadır.
Azərbaycan, beləliklə, iki hissəyə (Şimali və Cənubi Azərbaycana) bölündüyü
andan faktiki olaraq mühasirə vəziyyətinə düşmüş, Rusiya, İran və Ermənistanın
arası kəsilməyən təzyiqləri ilə üzləşmişdir. Bu təzyiqlər qarşısında bir çox
güzəştlərə də getməyə məcbur olmuşdur və yenə də edilir. Zaman-zaman qonşuların
xeyrinə itirilmiş ərazilər, daşınmış təbii sərvətlər, Ermənistan
Respublikasından azərbaycanlıların deportasiyası və s. bu güzəştlərə aid edilə
bilər. Ona görə, N. Nəsibzadənin haqlı olaraq göstərdiyi kimi, «Azərbaycan
məsələsi bölünmüş xalqlar problemi olmaqdan əlavə və daha çox bu gün məzlum
xalqlar qrupuna aiddir».
Deyilənləri nəzərə alsaq, bu həqiqəti qəbul etmək zorundayıq: son 16 ildə
Azərbaycanın başına gətirilən fəlakətlər, Dağlıq Qarabağ faciəsi elə bu üçlüyün
(Rusiya, Ermənistan və İranın) birgə həyata keçirdiyi məkrli siyasətin
nəticəsidir və burada, ermənilərin ərazi iddiaları ilə yanaşı, Rusiya və İranını
bizim millətləşmə və bütövləşmə istəyimizə, haqqımıza qarşı yeritdikləri
fəaliyyət müstəsna rol oynayıb. Bu səbəbdən də Qarabağ probleminin həllindən
danışarkən, biz bu mühüm faktoru nəzərdən qaçırmamalıyıq, məsələyə münasibətdə
təhriflərə, birtərəfliliyə yol verməməliyik. Təəssüflər olsun ki, təhriflərə,
səhv yanaşmalara bu gün də rast gəlirik. Ən vacibi: anlamalıyıq ki, problem elə
əvvəldən (bəziləri düşündüyü kimi, sonradan yox!) mahiyyəti etibarilə lokal, iki
ölkə (Azərbaycan və Ermənistan) arasındakı münasibətlərdən doğan səciyyə
daşımayıb–nə yaranma səbəbləri, nə də gediş xarakteri baxımından. Problem, hər
şeydən öncə, beynəlxalq, dövlətlərarası məsələdir və onun həlli də bütün digər
vasitə və üsullarla yanaşı, bu kontekstdə axtarılıb həyata keçirilməlidir.
Göstərilən istiqamətdə nə etməli? Başlıca vəzifə nədən ibarətdir?
Düşünürəm ki, bir mühüm, ümdə vəzifə olaraq beynəlxalq aləmdə, dünya xalqları və
dövlətlərində məsələyə həssas və obyektiv münasibət formalaşdırmalıyıq, nəyin
bahasına olursa, olsun! Düzdür, müasir dünyanın mövcud davranış kodeksi,
əxlaq normaları bizi heç də qane etmir və bu mənada təkcə biz gileyli deyilik.
«Soyuq müharibə» qurtarsa da ikili standartlar, xüsusən müsəlman aləminə qarşı
ədalətsizliklər, qəddarlıq qalmaqdadır. Ola bilsin ki, bu ədalətsizliklər bir
qədər də artıb. Ancaq nə etməli, belə dünyada yaşayırıq, hesablaşmalıyıq! Lakin
bu, heç də passiv müşahidəçi, yaxud başqa ölkələrə yarınmaq yolunu tutmaqdan
ibarət olmamalıdır. Xalqımıza, milli-mədəni irsimizə məxsus yüksək, alicənab
dəyərlər səviyyəsindən beynəlxalq münasibətlər sisteminə varmalı, müdaxilə
etməli, öz haqq sözümüzü deməli və hüquqlarımızı tələb etməliyik. Anlayıb
həssaslıq göstərənin sinəsindən itələməməli, başa düşməyəni düz yola çəkməliyik.
Dövlət də, hər bir Azərbaycan vətəndaşı da bu yolda çalışmalı, səlis və
məqsədyönlü fəaliyyətin həyata keçməsində maraqlı olmalıdır. Milli mənafe üstün
tutulmalı, eqoistik mahiyyətli şəxsi və qrup maraqlarının rəvac tapmasına imkan
verməməliyik. Necə deyərlər, qonşuları özümüzə güldürməməliyik. Dünya qarşısında
sağlam və rasional düşüncəmizi nümayiş etdirə, milli mənliyimizi və milli
qürurumuzu saxlayıb möhkəmləndirə biləcəyiksə, Qarabağ probleminin ədalətli
həllinə nail olacayıq.
Unutmamalıyıq ki, sivil dünyaya yol öz içimizdən keçir. Bəşəriyyətə təsir
ölkədaxili vəziyyətin səliqə-sahmanından, ahəngdarlığından asılıdır. Özümüz
bir-birimizi necə eşidiriksə, dünya da bizi o qədər eşidəcək!
Dünyaya ağıllı və sanballı çıxış məqamıdır, milli səfərbərlik anıdır. Və bu
səfərbərlik direktiv, yaxud subyektiv hökmdən doğan «irəli!» şüarı ilə əvəzlənə
bilməz. Azad vətəndaşların maraq və ehtiyaclarının sərbəst, rasional uzlaşması
əsasında sistemli fəallıq və konkret fəaliyyət gərəklidir. O fəaliyyət ki,
cəmiyyətin prioritet maraqlarına qarşı çıxmır, əksinə, onların təmin olunmasının
ən optimal və təbii forması kimi həyata keçirilir.
|