|
Новая страница 1
Fəzail İbrahimli
Qarabağ düyünü
Sovetlər birliyinin dağılması ərəfəsində xalqımızın tarixində ən ağrılı
məsələlərdən olan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Ermənistan
beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozaraq? Azərbaycanın tərkib
hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə məkrli
fəaliyyətə başladı. Lakin bu istək təkcə DQMV hüdudları ilə məhdudlaşmadı, ərazi
iddiası Dağlıq Qarabağ ərazisində yaradılmış DQMV-nin ərazisindən 4 dəfə böyük
olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini də əhatə
etdi və Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildi. Nəticədə, yüz minlərlə (qaçqınlarla birlikdə 1 milyondan artıq)
azərbaycanlı qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur edildi.
Çox təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu təcavüzkarlığa
beynəlxalq təşkilatlar etinadsızlıq göstərir, dünyanın böyük dövlətləri isə
ikili mövqedən yanaşırlar. Beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini
pozan Ermənistana qarşı bu günə kimi nəinki heç bir ciddi tədbir görülməmiş,
hətta BMT Təhlükəsizlik Şurası təcavüzkarı öz adı ilə adlandırmağa belə təşəbbüs
göstərməmişdir.
Arxasında böyük gücün durduğu və cəzasızlıq mühitinin olduğunu görən Ermənistan
BMT-nin münaqişəyə dair 4 qətnaməsinə də (30 aprel 1993-cü il tarixli 822 №-li;
29 iyul 1993-cü il 853№-li; 14 oktyabr 1993-cü il 874№-li və 11 noyabr 1993-cü
il 844№-li) məhəl qoymur.
1992-ci ilin əvvəllərindən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq
təşkilatların müntəzəm olaraq müzakirə obyektinə çevrilmiş və bu günə kimi də
davam edir.
Azərbaycan beynəlxalq təşkilatların, xüsusən bu münaqişəni dinc yolla nizama
salmaq məqsədilə yaradılmış ATƏT-in sülhyaratma təklifinə hörmətlə yanaşır, onun
işində müntəzəm və əməli şəkildə iştirak edir. Çox təəssüf ki, münaqişənin dinc
vasitələrlə aradan qaldırmaq sahəsində ATƏT-in Minsk prosesi çərçivəsində dünya
birliyinin yarımçıq səyləri heç bir nəticə vermir.
Ümumiyyətlə, problemin səbəbləri ciddi düşünüldükdə aysberqin görünməyən bir
çox tərəfləri üzə çıxır. Dünyanın gözü qabağında işğalçılıq siyasəti yeridən
Ermənistan nə üçün cəzasızlıq mühitində yaşayır?
Tarixə nəzər saldıqda məsələnin mahiyyəti tam üzə çıxır. Bu gün baş verənlərin
əsası hələ I Pyotr dövründə qoyulmuşdu. Belə ki, 1723-cü ildə Bakını işğal edən
I Pyotr 1724-cü ildən şəhəri rus komendantı knyaz Bryatinskinin idarəsinə
tapşırdı. Bakı və ona yaxın yerlərə
xaçpərəstləri köçürmək siyasəti yeridən I Pyotr 1724-cü il 10 noyabrda üç
erməni katalikosunu qəbul edib Xəzəryanı vilayətlərdə yerləşmək barədə onların
xahişini dinləmişdi. Bu məsələ ilə bağlı I Pyotrun verdiyi göstərişdə deyilirdi
ki, ermənilərin Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və başqa yerlərdə
yerləşdirilməsinə çalışın, bu bölgədəki yerli müsəlman əhalini isə imkan
düşdükcə sıxışdırıb çıxarın.
Tarixə “Pyotrun vəsiyyəti” (Qafqazı işğal etmək, islam əqidəsini Asiyadan
uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada yaymaq) adıyla
daxil olan “böyük siyasət” bu gün “Qarabağ düyünü” kimi taleyimizə daxil
olmuşdur.
Pyotrun ölümündən sonra onun “vəsiyyətləri” dövlət səviyyəsində həyata
keçirilməyə başlandı. 11 fevral 1925-ci ildə Rusiyanın Xarici İşlər Kollegiyası
ermənilərin köçürülməsi haqda fərman verdi. Bu günə qədər davam edən və tarixin
sərt anlarında müxtəlif formada davam etdirilən “erməni siyasəti” məkrli
istəklərin reallaşmasına imkan verdi.
Bu məkrli və işğalçılıq siyasətinin reallaşması bir neçə mərhələdə başa gəldi.
İlk mərhələ Türkmənçay sülhünün (1928-ci il 9 fevral) bağlanması ilə başladı.
Azərbaycan Rusiya və İran tərəfindən zorla ikiyə parçalandı. Çar I Nikolayın
1828-ci il 21 mart fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, bu
ərazidə “Erməni vilayəti” yaradıldı. Bu addım, yəni Türkiyə və İranın sərhədləri
boyunca “xristian dövləti”nin yaradılması Rusiyanın Şərq siyasətinin
tərkib hissəsi idi. Yaradılmış “erməni vilayəti”ndə əhalinin etnik tərkibinin öz
xeyirlərinə dəyişdirmək üçün bu planın müəllifləri ciddi addımlar atdılar.
1826-1828-ci illərdə Cənubi Qafqaza 40 mindən çox İran və 84.600 nəfər Türkiyə
ermənisi köçürüldü. Bu köçürmə ilə bağlı rus müəllifi N.Şavrov yazırdı: “Biz
müstəmləkəçilik fəaliyyətinə Güney Qafqazda rus əhalisinin deyil, bizə yad olan
xalqların yerləşdirilməsindən başladıq. İrandan və Türkiyədən köçürülən
ermənilər onların sayının az olduğu Yelizavetpol (Gəncə) və İrəvan
quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200 min desyatindən
çox xəzinə torpağı ayrıldı və 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın
alınıb verildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq
Qarabağ) və Göyçə gölünün sahilində həmin ermənilər yurd saldı”.
1890-cı ildə Tiflisdə “Daşnaksutyun” partiyasının yaradılması ilə “Böyük
ermənistan” iddiaları yeni mərhələyə daxil oldu.
XX əsrin əvvəllərində dünyada baş verən geosiyasi dəyişikliklər ermənilərin
dövlət yaratmaq istəyini reallaşdırdı. 1918-ci ildə beynəlxalq ictimaiyyətin
təzyiqi altında Azərbaycanın qədim şəhəri olan İrəvan ermənilərə paytaxt kimi
güzəşt edildi. Lakin bununla kifayətlənməyən ermənilər Azərbaycana qarşı ərazi
iddialarından əl çəkmədilər. 1920-ci ildə Azərbaycanın XI ordu tərəfindən işğalı
ermənilərin yeni ərazi iddialarını “ruhlandırdı”. 1920-ci il noyabrın 29-da
Ermənistanda “inqilab” baş verdi. Noyabrın 30-da AK(b)P MK-nın Siyasi və
Təşkilat bürosunun birgə keçirilən iclasında qəbul edilmiş qərarla Azərbaycanla
Ermənistan arasında sərhəd məsələsinin mövcudluğu inkar edildi. Əslində bu o
demək idi ki, AK(b)P Zəngəzurun bir hissəsinin işğalı ilə razılaşır. Bəyanatın
digər prinsipinə əsasən, AK(b)P Qarabağın dağlıq hissəsinə öz müqəddəratını
təyin etmək hüququ verirdi. Lakin bununla da razılaşmayan ermənilər öz
havadarlarının köməyinə arxalanaraq, Qarabağın dağlıq hissəsinin Ermənistana
birləşdirilməsi məsələsini irəli sürdü. 1921-ci il iyulun 27-də Azərbaycan K(b)P
MK-nın siyasi və təşkilat bürosunun iclasında bu məsələyə baxıldı. Bu dəfə
milliyətcə azərbaycanlı olan kommunistlər birləşərək Ermənistanın iddialarını
rədd etdi.
Lakin RK(b)P Qafqaz bürosu rəhbərlərinin erməni və gürcü çoxluğu Qarabağ
məsələsinin ermənilərin xeyrinə həll etmək fikrinə düşdü. 1921-ci il iyulun 4-də
keçirilən PK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olundu.
İclasda səs çoxluğu ilə Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil
edilməsi haqqında qərar qəbul edildi. Lakin bu qərarla razılaşmayan
N.Nərimanovun təkidi ilə məsələ PK(b)P MK-nın müzakirəsinə verildi.
Bu məsələ ilə bağlı N.Nərimanovun V.İ.Leninə yazdığı məktubda deyilirdi:
“Vladimir İliç! Teleqramda göstərdiyimizi təkrar etməyə məcburam. Vəziyyət
dözülməzdir. Mərkəz Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini
qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana
verir… Bütün vaxtlar Denikini müdafiə edən Ermənistan müstəqillik, əlavə olaraq
ərazi alır… Sovet Rusiyasına ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini,
həm də ərazisini itirir. Mən qəti bildirirəm: Əgər bizim fikirlərimizə əhəmiyyət
verməsəniz bizim geri çağırılmağımız haqqında məsələ qaldıracağam… mən sizin
diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa müddətdə daşnak
kommunistlərinin iyrəncliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz
döndərəcəkdir (APSPİH Dövlət arxivi f.609, s.1, iş 71, v.1-7)”. Belə təkidli
tələbin qarşısında mərkəz geri çəkilməli oldu. İyulun 4-də Qafqaz bürosunun
Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərarı bir gün sonra, yəni
iyulun 5-də dəyişdirildi.
1922-ci ildə SSRİ-nin yaradılması ilə Azərbaycan öz formal müstəqilliyini
itirdi. Artıq məsələlər məsləhətləşmə yolu ilə deyil, ultimatum yolu həll
edildi.
PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyulun 27-28-də keçirilən
plenumu Orcenikidzenin təzyiqi ilə ultimatum formasında bir ay ərzində Dağlıq
Qarabağa vilayət muxtariyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi.
Həmin qərarı yerinə yetirməyə məcbur edilən Azərbaycan MİK “Dağlıq Qarabağ
Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi.
Beləliklə, Qarabağın dağlıq hissəsində muxtariyyat statusunun verilməsi
Azərbaycan tərəfindən bu torpaqların itirilməsi yolunda bir addım, Ermənistana
və onun himayədarlarına gələcək SSRİ təşkili zamanı Azərbaycan üçün süni surətdə
yaradılmış Dağlıq Qarabağ probleminin SSRİ dağıldığı ərəfədə yenidən gündəmə
gəlməsi təsadüfi deyildi. Moskvanın köməyi ilə XX əsrin əvvəllərində
Azərbaycanın Zəngəzur ərazisinə yiyələnən ermənilər elə əsrin sonunda da öz din
qardaşlarının köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal etdilər. Məhz buna
görə də dünyanın gözü qabağında Azərbaycan torpaqlarını işğal edən ermənilər
cəzasız qalır, Azərbaycan üçün yaradılmış “Qarabağ düyünü” açılmır.
Ancaq tarixin qəti qanunları var. Tarixin sərt sınaqlarından şərəflə çıxan
Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytaracaq, xalqımız öz halal
müstəqillik taleyini şərəflə yaşayacaqdır.
|