|
Новая страница 1
Firidun
Ağasıoğlu
Qarabağ «Böyük Ərməniyə» çağında
Qarabağda türklərin yerli xalq olduğunu və sonralar «erməni» adlanan hayların
bura gəlmə xalq olduğunu göstərən tarixi bəlgələrdən biri də m.ö. II əsrə aid
yazılı daşlardır. Belə ki, bu çağda Erməniyə hökmdarı Artaşeslə bağlı olan bu
tarixi bəlgələr azər türkcəsində yazılmışdır.
Selevki dövlətinin m.ö. II əsrdə Erməniyə ölkəsindəki strategi Artaşes idi. O,
Axuryan (Arpa) çayının Araza qovuşduğu yerdə salınmış Armavir (keçmiş Kürdüklü)
şəhərində otururdu. Selevki hökmdarı III Antiox romalılara m.ö. 190-da məğlub
olanda onun canişini Artaşes bu fürsətdən istifadə edib özünü çar elan etdi və
ona tabe olan Ərməniyənin ərazisini böyütmək üçün qonşu İber (Gürcüstan) və
Alban (Azərbaycan) ölkələrindən müvəqqəti də olsa, bir-iki bölgə qopara bildi.
Beləliklə, Artaşes ömrü uzun olmayan ilk Erməniyə dövlətini qurdu.
Adı türkcə Ərtaş (Artaş) olan bu Erməniyə çarı Artaşesin (m.ö.189-160)
milli mənsubiyəti bəlli olmasa da, onun midiya (mada) soylarından birinə aid
olması mümkündür, çünki M. Xorenatsi onu mar, yəni madalı adlandırır.
Hər halda Artaşesin hay olmadığını əksər tarixçilər söyləyir.
Qədimdə ayrı-ayrı məbədlərə, mülkədara və ya hökumətə aid torpaqların hüdudu,
bölgə və ölkə sınırları, müəyyən işarələrlə nişanlanırdı. Erməniyədə bu ənənə
Artaşesin vaxtında ortaya çıxmışdı. Onun vaxtında yeni siyasi-inzibati ərazilər
yaratmaq, ayrı-ayrı feodallara verilən torpaqların sərhədlərini müəyyən etmək
üçün başı üçdiş şəklində yonulmuş sınır daşlarından istifadə olundu və uzun
müddət bu daşlar «Artaşesin mərz (sınır) daşı» kimi yaddaşlarda qaldı.
Bu olaydan 700 il sonra V əsrdə M. Xorenatsi yazırdı ki, torpaq reforması aparan
Erməniyə hökmdarı Artaşesin vaxtında feodal mülklərini və ayrı-ayrı bölgələri
bir-birindən ayırmaq üçün sınırlarda torpağın üstündə azacıq başı görünən
dördkünc şəkildə yonulmuş daş bəlgələrindən istifadə olunurdu. Üzərində yazısı
olan bu sınır bəlgəsi daşlarından ikisi Göyçə gölü yaxasındakı Qulalı və Yuxarı
Qaranlıq kəndlərindən 1906 və 1932-ci illərdə
tapılmışdır. Aramey hərflərilə yazılmış həmin yazıları müxtəlif dillərdə
oxumaq istəyən uzmanlar (Dupont-Sommer, Borisov, Kokovtsov, Payazat,
Türo-Dancen, Dyakonov və Starkova, Perixanyan, Tirasyan və başqaları) hələlik
qəbul olunası bir nəticə əldə edə bilməmişlər.
Yalnız ilk iki sözün Artaşes məlik olduğunu əksər tədqiqatçılar təsdiq
etmiş və burada Artaşesin adının yunan-makedon deyiminə uyğun Artaxşasi
(Artaksati) yazılması qeyd olunmuşdur.
A.Dupont-Sommer bu yazının aramey dilində olub guya Göyçə gölündə Artaşesin
«balıq tutması» haqqında məlumat verdiyini qeyd edir. Əvvəla, yazı aramey
əlifbası ilə olsa da, aramey (sami) dilinin qaydalarına uyğun gəlmir, ikincisi
də, bu yazılı sınır daşı ilə K.Trever
demişkən, balıq tutmağın heç bir əlaqəsi yoxdur. İ.Dyakonov ilə K.Starkovanın
birgə yazdığı məqalədə daşın üzərindəki yazıda kiməsə torpaq sahəsi ayrılması və
ya kiminsə torpaq sahəsinin sınırlanması haqqında məlumat olduğunu qeyd edirlər,
lakin aramey dilinin qaydalarına uyğun gəlməyən bu yazıda hansısa yerli dilə aid
ideoqramların aramey hərfləri ilə verilməsini də istisna etmirlər. A.Borisov isə
yazının güya arameycə başlanıb hay və ya fars dilində davam etdiyini yazsa da,
cümləni bu dillərin heç birində tamamlaya bilmir. Beləliklə, kiçik bir mətnin
şərhində irəli sürülən müxtəlif fərziyələr biri digərini təkzib edir.
Birinci daşın üzərindəki yazı tamdır, ikinci daşın yazısında isə sağdakı
işarələr zədələndiyi üçün yarımçıqdır. Yarımçıq yazıların gümanlarla
oxunuşu həmişə mübahisəli olur. Buna baxmayaraq, birinci bütöv yazının
oxunuşuna yardım edəcəyini düşünüb, hər iki daşın və onların üzərindəki
yazıların müxtəlif qaynaqlarda verilən şəkillərini əldə edəndən sonra onu
oxumaq mümükün oldu.
Sağdan sola yazılan bu yazıların m.ö. II əsrə aid olduğunu təsdiq edən uzmanlar
onun soldansağa
transkripsiyasını və müxtəlif oxunuşunu
verir, lakin belə oxunuşların mənasız
söz yığını olduğunu da etiraf edirlər. Burada həmin oxunuşları təkrar etməyə
lüzüm yoxdur, yalnız əksər uzmanların daha
elmi saydığı semitoloq A.Borisovun transkripsiyasını və oxunuşunu verək:
Burada 1-ci daşın yazısındakı son sətirin ilk işarəsi «r» hərfilə
verilmişdir (bunu «d» və «n» sayanlar da var), halbuki daşdakı yazıya diqqətlə
baxanda onun «b» hərfi olduğunu seçmək olur. Aramey yazısında bəzən
eyni və ya oxşar işarə iki ayrı-ayrı səsi bildirir, özəlliklə Arşak (Arsaq)
sikkələrində «z» və «y» səsləri işarəsi ilə verilir. Bu yazıların
aramey əlifbası ilə olduğunu söyləyən tədqiqatçılar yazının
hansı dildə olmasını müəyyən edə bilmir,
yalnız «yerli dillərdən biri» olacağını söyləyirlər. Onu udi, hay, iran
və aramey dilində oxumağa cəhd edənlər hələlik qəbul olunası nəticə əldə
etməmişlər.
Yazının tapıldığı bölgədə Urartu və Saqa eli çağından protoazər
boylarının yaşadığını «Azər xalqı»
kitabında vermişdik, Artaşesin vaxtında da (m.ö. II əsr) burada azər
boyları yaşayırdı. İlk Ərmən dövlətinin formalaşdığı həmin çağda bu bölgəyə
başqa etnik boyların sızması şübhə
doğurmur, lakin adı çəkilən yazı yerli
aborigenlərdən olan azərlərin dilində oxuna bilir. Belə ki, uzmanların
verdiyi transkripsiyada yalnız bir hərfi dəyişməklə (z/y) aşağıdakı yazılış və
oxunuş alınır:
Buradakı bryi kimi yazılmış söz barıyı (barısı), bəriyi,
beriyi və birəyi şəklində oxuna bilir. Qədim türk dilində barık
«görünən nəsnə» (M. Kaşğari, I. 456-2; DTS, 84), berik «bərkidilmiş»,
birə «ölçü» (DTS, 95,101) və beri «bu tərəf, sağ, güney» sözləri olsa
da, bunlardan yalnız ölçü anlamlı birə (mərz) sözü mətnin məzmununa daha
uyğun gəlir. İkinci daşın üzərindəki yazıda isə sözlərin ilk hissələri
pozulduğundan onu oxumaq olmur. Ancaq həmin daşın da sınır bəlgəsi olub,
üzərindəki yazının məzmunca əvvəlki yazıya yaxınlığı görünür: [ar]tğşsi
[ml]k bryi [yr]itr ğl[…]nbin […]i.
Qaynaqlarda I və II sınır daşlarının şəkilləri və üzü köçürülmüş I və II yazılar
belə verilmişdir:

Göründüyü kimi, bizim variantda yalnız 4-cü sətirin ilk hərfi şəkildə olduğu
kimi cizgisi azacıq əyilmişdir. Bu isə başqalarının r, n, d kimi oxuduğu
səsi deyil, b səsini bildirən işarədir və həmin hərf 2-ci sətirin
dördüncü işarəsində də özünü göstərir. Qalan işarələr isə digər uzmanların
verdiyi işarələrdən fərqlənmir: 
Göründüyü kimi, o çağlarda Ön Asiyanın müxtəlif bölgələrində işlək olan aramey
yazısı Göyçə bölgəsinə də gəlib çatmışdı. Artaş məliyin göstərişilə mərz daşının
iki sahə arasındakı sınırda qoyulması haqqında olan bu yazı isə hələlik azər
dilinin ən qədim yazı nümunəsidir. 2000 ildən artıq torpaq altında qalan bu
yazılı daş kimi bəlgələr tapıldıqca tarixin gerçək üzü də aydın görsənəcəkdir.
Beləliklə, Ermənistan Elmlər Akademiyasında saxlanan bu bəlgə daşların Göyçə
bölgəsinin qədim əhalisi haqqında verdiyi bilgi çox önəmlidir. Bu yazılı daşlar
aydın göstərir ki, hay tayfalarının Güney Qafqaza ayaq açdığı illərdən çox əvvəl
indiki Ermənistan azər türklərinin yurdu idi. Ona görə də bu türklərin
torpaqları üzərindən hayların hoppanıb Qarabağa keçməsi fikri gülünc görünür.
Əslində isə, haylar yalnız Ermənistanda məskunlaşandan sonra Qarabağa keçə
bilərdilər. Yazılı daşlar göstərir ki, Artaşesin vaxtında yaranan mifik «Böyük
Ərməniyə» dövlətinin Arpa çayından doğuda hay əhalisi yox idi.
|