|
Новая страница 1
Guldanə
Nəcəfli
XVIII əsrin I yarısında ermənilərin Qarabağ ərazisində
dövlət yaratmaq cəhdlərinə təkan verən amillər
Demokratik, müstəqil Respublikamızın ərazisi artıq neçə illərdir ki, erməni
qəsbkarlarının təcavüzünə məruz qalmış, soydaşlarımız öz tarixi-etnik
torpaqlarından didərgin salınmışdır.
Əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasətin
kökləri daha qədim dövrlərə gedib çıxır. Vaxtilə Cənubi Qafqaz regionunda bir
qarış da belə torpağı olmayan ermənilərin Azərbaycan torpaqları hesabına dövlət
yaratmaq üçün göstərdikləri canfəşanlıqları əks etdirən sənəd və materialları,
şişirdilmiş saxta faktlarları ifşa etməyin aktuallığı bu gün üçün olduqca
vacibdir.
Tarix boyu ən böyük saxtakarlığa məruz qalan, müxtəlif yollarla şişirdilmiş,
uydurma faktlarla özgəninkiləşdirilməyə (erməniləşdirilməyə) çalışılan tarixi
torpaqlarımızdan biri də Qarabağdır. Bildiyimiz kimi, Səfəvilər dövründə ölkə
inzibati cəhətdən bəylərbəyliklərə (vilayətlərə) bölünmüşdü. Onlardan biri də
mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər
qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər.
Qarabağın ilk bəylərbəyi Qacarlar tayfasından olan Şahverdi Soltan Ziyadoğlu
olmuşdu.
Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri
idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin
ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı H.Məmmədov bu barədə yazır: «İstər XVI
əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin
ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca
davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə
doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) və buradan da şimal
istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru,
Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə
həmsərhəd olan Lori qəzasına qədər uzanırdı».
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi
vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların
digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin
rolunu şişirtməyə, hər bir məlikliyi az qala «erməni milli dövlətçiliyi»nin
nümunəsi, «əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan,
yaşadan» qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni
əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə
çalışırlar. Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan
torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi «tarixi Ermənistan
ərazisi» adlandırmaqla yanaşı, Nadir
şah dövründə Qarabağ ərazisində olan
xristian məlikləri «faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam
ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar» kimi təsvir
etmişdir.
İlk olaraq məliklərin özləri haqda:
XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəyə
görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu
mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan
– Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu-
Mağavizdən, Gülüstan (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu
məlikliklərdən yalnız birinin - Xaçının məlikləri Həsən Cəlalyan övladıdır.
Digər «Qarabağnamə» müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi
Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa
gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində «Təzkirət-əl-mülk»də
…Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu
məlikliklər «ölkə»yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi
məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların
irsi mülklər kimi statusu hələ tam tanınmırdı».
Qarabağın xristian məlikliklərinin əhalisi haqqında:
erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə
belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən
ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü
ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman
Azərbaycanda yaşayan xristianlar özlərini alban (avqan) adlandırmışlar.
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan
ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən
başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən
müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən
ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar.
H.Məmmədov İbrahim Rəhimizadənin «Gəncineyi-fəthi-Gəncə» əsərinə istinadən
köstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı
ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50
minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda
yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini
bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni
torpaqlar da aldılar.
Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin «Böyük Ermənistan» dövləti
yaratmaq xülyası «xristian himayəçiliyi» pərdəsi altında müstəmləkəçilik
siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdi. Hindistanı və Yaxın
Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan
sərhədləri qovşağında etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait
yetişən kimi həmin ərazidən hərbi plastarm kimi istifadə edə bilsin.
Ermənilər Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan ilk növbədə öz milli
mənafeləri üçün istifadə etməyə çalışırdılar. Buna görə də, tarixi sənədlərdə,
məktublarda Gənubi Qafqaz, onun xalqları, iqtisadiyyatı, yolları, becərilən
məhsullar və s. məlumatlarla yanaşı, xüsusilə müxtəlif regionlarda məskunlaşmış
ermənilərin sayını çoxaldaraq, guya məhz xristian olması səbəbindən müsəlmanlar
tərəfindən incidilməsi barədə uydurma məlumatlar yazırdılar.
XVIII əsrin I rübündə «erməni milli azadlıq hərəkatının görkəmli xadimi» kimi
qələmə verilən, azərbaycanlılara qarşı məkrli niyyətlərlə yaşayan İsrail Ori
adlı birisi istər Qərbi Avropanın, istərsə də Rusiyanın yuxarı dairələrilə olan
görüşlərində erməniləri «əzabkeş», «acı taleli», «kafirlərin zülmü altında
olan» xalq kimi qələmə verərək, onları buna inandırmağa, müsəlmanlara böhtan
atmaqla ermənilərin təhrikçilik fəaliyətinə bir növ haqq qazandırmağa çalışırdı.
İstər XIX əsr, istərsədə müasir erməni tarixçiləri isə öz əsərlərində Qarabağ
ərazisində yaşayan ermənilərin «kafirlərin zülmü altında əzab-əziyyət
çəkdiklərini, aclıq və səfalət içində yaşadıqlarını» vurğulayan məktubları
xüsusilə qabarıq şəkildə izah edir və rus qoşunlarının onları «kafirlərin
zülmündən xilas edəcək» bir qüvvə kimi
Cənubi
Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşünə haqq qazandırırlar.
Lakin onlar sosial-iqtisadi vəziyyətin ağır olduğundan xəbər verməyən digər
məktublaradakı faktlara nədənsə göz yumurlar. Faktlara diqqət edək:
Məliklərin1799-cu il 9 aprel tarixli knyaz Platinə yazmış olduğu məktubda qeyd
olunur: «Bizim hər şeyimiz-pulumuz, əmlakımız, silah daşımağa qadir adamlarımız
var. Yalnız ölkəmizə rəhbərlik edənimiz yoxdur. Allahdan çox arzu edirik ki, bu
borcumuz da yeinə yetirilsin. Sizin gəlişiniz naminə əmlakımızla, qanımızla və
canımızla sizə xidmət etməyə hazırıq». Digər bir məktubda isə rus qoşunları
Qarabağa gəldiyi halda, ermənilərin onlara 60 min pud un və 10 min öküz
verəcəkləri vəd olunur.
XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi, Rusiya dövlətinin
qüdrətinin artması və imperator I Pyotrun öz nəzərini Cənubi Qafqaza yönəltməsi
ilə alban katalikosu və məliklər siyasi oriyentasiyalarını dəyişdilər,
«xristian kartını» işə salaraq «xristian qardaşlarından» əl tutmağı rica
etdilər.
Qarabağın xristian məliklərinin «biz xristianlar kafirlərin zülmü altında
günbə-gün öz xristianlığımızı da itiririk» kimi müraciətləri o zaman Rusiya
dövlətinin Cənubi Qafqazla bağlı strateji məqsədlərini ört-basdır etmək üçün
əvəzolunmaz bəhanə idi. Məhz bu bəhanələr I Pyotrun Azərbaycanın Xəzərsahili
bölgələrinə yürüşü zamanı ermənilərə
«xüsusi qayğı» göstərməsinə zəmin yaratmışdı. Belə ki, I Pyotr ermənilərlə bağlı
1724-cü il 10 noyabr tarixli xüsusi fərman imzalamışdı. Həmin fərmanda
göstərilirdi ki, «Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin köçürülüb
gətirilməsi üçün yer ayrılsın və general Matyuşkinə tapşırılırdı ki, …ermənilərə
mehribanlıq göstərmək, mühafizələrini yaxşı təşkil etmək, boşalmış evləri,
münbit torpaqları onlara vermək lazımdır. Şübhələndiyiniz müsəlmanları dərhal bu
yerlərdən çıxarmalı və orada xristianlar yerləşdirilməlidir. …. erməniləri hər
vasitə ilə bu ərazilərə dəvət etməyə çalışın, müsəlmanların isə mümkün qədər
sayını azaldın. Lakin bunu elə edin ki, onlar heç nə başa düşməsinlər».
Pyotrun verdiyi bu fərmandan aydın olur ki, o yalnız Rusiyanın mənafeyi naminə
ermənilərə belə diqqət göstərir və himayədarlıq edirdi. Xəzərsahili əyalətlərdə,
xüsusilə müsəlmanlar yaşayan regionlarda ermənilərin məskunlaşmasına razılıq
verməsi onun gələcəkdə həyata keçirmək üçün nəzərdə tutduğu Şərq siyasətinin
tərkib hissəsi idi.
Ermənilər Aşağı Xaçın monastırının baş keşişi vardapet Minasın da iştirak etdiyi
I Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik
keçirməyə başladılar. Yürüşün planına əsasən rus qoşunları Dərbəndi tutulduqdan
sonra, I Pyotr Şamaxıya gedərək orada olan erməni və gürcü hərbi hissələrilə
birləşməli idi. Bununla bağlı Qanzasar katalikosu Yesai I Pyotra müraciətində
yazırdı: « …erməni məliklərinin başçılıq etdiyi 12 min(?) nəfərə yaxın hərbi
birləşmə… Gəncə yaxınlığında gürcü qüvvələri ilə birləşərək rus çarının Şamaxıya
gəlişini gözləyirlər.
Erməni müəllifləri I Pyotrun yürüşü ərəfəsində yazılmış bu məktubdakı «saxta
rəqəmdən» geniş şəkildə istifadə edərək Qarabağ ərazisində erməni əhalisinin
sayını süni şəkildə çoxaltmağa çalışırlar. Halbuki Qarabağ məliklərinin əhalisi
haqda ilk tutarlı statistik məlumat Qarabağ xanlığının ləğv edilməsi ilə bağlı
1823-cü ildə keçirilən kameral sayımda verilmişdir. Həmin sayım üzrə bütün
Qarabağ əyalətində 18 min 563 ailə qeydə alınmışdı, onlardan beş xristian
məlikliyinin payına yalnız 1 min 559 ailə və ya bütün ailələrin 8,4 faizi
düşürdü.
Beləliklə, ermənilər öz məkirli siyasətlərini gerçəkləşdirmək üçün başlıca
olaraq xarici dövlətlərə, o cümlədən çar Rusiyasına arxalanmışlar. Onlar həmin
dövlətlərə ünvanlanmış məktublarında torpaqlarımızı özününküləşdirməyə
çalışılmışlar. Lakin bu məkirli siyasətin heç ğir tarixi kökləri olmadığı üçün
ermənilərin hələ bir neçə əsr bundan qabaq XVIII əsrin I yarısında Azərbaycan
torpaqlarında, əsasən də Qarabağ bölgəsində özlərinə dövlət yaratmaq xülyası baş
tutmamışdı.
|