|
Новая страница 1
Həcər Qasımova
Qarabağ konflikti beynəlxalq problem kimi
Dağlıq Qarabağ konfliktinin sosial-fəlsəfi kontekst və tədqiqi aktual
elmi-metodoloji əhəmiyyət kəsb edir. Problemin bu aspektinin nəzərdən
keçirilməsi bütövlükdə politoloji tədqiqatlarda xüsusi yer tutur. Bu konflikt öz
xarakteri və təbiətinə görə müəyyən universallıq kəsb edir, ona görə ki, belə
bir konflikt polietnik cəmiyyətlərdə üzə çıxa bilər. Əlbəttə, biz bunu heç də
bütün polietnik cəmiyyətlər üçün tipik saymırıq və hesab edirik ki, geosiyasi
əhəmiyyət daşıyan regionlarda (məsələn, Qafqaz) belə bir problemin meydana
çıxması müəyyən regional səbəblərlə bağlıdır.
Lakin başlıca məsələ budur ki, Qarabağ konflikti baş verəndən bir qədər sonra
beynəlmiləlmiş və buna görə də onun həlli daha da mürəkkəbləşmişdir. Cənubi
Qafqazda gedən geosiyasi oyunlarda iri dövlətlərin, xüsusilə ABŞ ilə Rusiyanın
mənafelərinin toqquşması problemin həllindən çox meydan açmışdır.
«Qarabağ kartı» adı altında gedən diplomatiyaya burada Birləşmiş Ştatların
siyasi iştirakı müstəsna əhəmiyyət kəsb edir. ABŞ-ın siyasi sisteminin üstünlüyü
bundadır ki, bu superdövlət öz siyasi-iqtisadi potensialından rasional istifadə
etməyi bacarır. Üstəlik də bu dövlətin digər iri dövlətlərlə müqayisədə hərbi
üstünlüyü belə bir qənaətə gəlməyə əsas verir ki, Birləşmiş Ştatlar hər bir
konfliktin, o cümlədən Qarabağ konfliktinin həllində aparıcı rol oynaya bilər.
Lakin hadisələrin göstərdiyi kimi, bu ölkə Qarabağ konfliktinin həllində maraqlı
olsa da, məsələyə qədərincə müdaxilə edə bilmir, ya da ola bilsin ki, müdaxilə
etməyi önəmli saymır.
Vəziyyəti realistcəsinə qiymətləndirsək, qeyd etməliyik ki, beynəlxalq
təşkilatların konfliktlərin tənzimlənməsində və idarə edilməsindəki rolu
müstəsna əhəmiyyət kəsb edir. Başlıca məsələ həmin beynəlxalq strukturlarla
faydalı əməkdaşlıq münasibətləri qurmaqdır. Beynəlxalq təşkilatlar proseslərin
gedişində belə bir proqnoz vermişdilər ki, keçmiş Sovetlər İttifaqında və Şərqi
Avropada konfliktlərin başlıca səbəbləri həmin bölgələrdəki dövlətlərin sosial
və siyasi strukturlarıdır. Hər halda bu ölkələrdə baş verən böhran konfliktlərin
meydana çıxmasının vahid faktorudur. Bu da maraqlı cəhətdir ki, həmin
konfliktlərin qarşısını alan faktorlar sosializm sisteminin süqutu ilə məhv
edildi.
Qarabağ konfliktinin həllində maraqlı olan dövlətlərin diplomatik səyləri nə
qədər pozitiv və faydalı olsa da, beynəlxalq təşkilatların yüksək statusu belə
konfliktin həllində müsbət irəliləyiş yaratmır. Məsələn, ATƏT-in konfliktin
həllində heç bir real iş görə bilməməsi təkcə bu qurumu nüfuzdan salmır, həm də
ictimaiyyətin Avropa siyasi institutlarına etimadını da azaldır. Bununla yanaşı,
Beynəlxalq təşkilatların konfliktlərin həllinə səmərəli təsir göstərmək səyləri
maneələrlə üzləşir və həmin institutların özlərinin böhrana düşməsinə gətirib
çıxarır. İkinci mürəkkəb məsələ budur ki, Avropada gedən siyasi inteqrasiya
prosesi Avropadan kənarda gedən etnosiyasi konfliktlərə nəzarət etməyə imkan
vermir. Bu isə istər-istəməz onsuz da Qafqaz regionuna can atan Birləşmiş
Ştatların fəaliyyətinə geniş meydan açır. Qərbi Avropa ilə ABŞ-ın Qafqazda milli
mənafelərinin toqquşması regionda tam sabitliyin yaranmasına əsas vermir. Və
deməli, bu zaman Qarabağ konfliktinin həlli yolunda da maneələr yarana bilər.
Belə ki, iri dövlətlər arasında mənafelər toqquşması dərinləşəcəyi təqdirdə
zorakaılıq faktlarının da meydana çıxacağını istisna etmir.
Buna görə ATƏT-in təhlükəsizlik məkanı genişlənməlidir. Lakin təcrübə göstərir
ki, ATƏT bu gün postsovet məkanını özünün etnosiyasi konfliktləri sınaqdan
çıxararaq laboratoriyasına çevirmişdir. Bütövlükdə götürülsə, ATƏT bütün Avropa
məkanında konfliktlərlə bağlı təhlükəsizliyi təmin edən, sülh işinə təhlükə
yaradan maneələri aradan qaldıran yeganə siyasi institutdur. Bu institut
önləyici (preventiv) diplomatiyada önəmli rol oynayır və Sovetlər İttifaqının
dağılması bu institutun fəaliyyətinə yeni təcrübə əlavə etmişdir.
Lakin, təəssüflə qeyd edilməlidir ki, ATƏT bu günədək Qarabağ konfliktinin
həllində heç bir pozitiv iş görə bilməmişdir. Ən düşündürücü hal budur ki, həmin
siyasi institut özünün başlıca funksiyasını – vasitəçilik funksiyasını yerinə
yetirmək keyfiyyətini itirməkdədir. Bunu ATƏT nümayəndəsinin: «tərəflər öz
aralarında razılığa gəlməsələr, konfliktin həlli prosesi uzanacaqdır» -
deməsi bir daha təsdiqləməyə əsas verir. Halbuki Dağlıq Qarabağ konfliktinin
tənzimlənməsində ATƏT-in preventiv diplomatiya rolu indi xüsusi əhəmiyyət kəsb
edir. O bu gün bütün resurslarından istifadə etsə də, BMT-nin Təhlükəsizlik
Şurasının Qarabağ konfliktinin həlli ilə bağlı 4 qətnaməsindən heç birinin
həyata keçirilməsi sahəsində önəmli iş görə bilməmişdir.
Qarabağ konfliktinin tənzimlənməsi «Sülhü qorumaq» konsepsiyasının
reallaşmasının bir çalarıdır. Bu mənada ATƏT-in vasitəçilik missiyasının
gücləndirilməsi, bu işdə Azərbaycan diplomatiyasının səylərinin artırılması son
dərəcə aktual məsələ olaraq qalmaqdadır.
|