|
Новая страница 1
İsmayıl Musayev
Azərbaycanla ermənistan arasında diplomatik qarşıdurma
(aprel-iyun
1920-ci il)
Aprel istilasının ilk günlərindən etibarən Azərbaycanla
Ermənistan arasında çox gərgin bir
“diplomatik savaş” dönəmi yaşanmağa başladı. Daşnak hökumətinin XİN-i
H.Ohancanyan hələ 1920-ci il aprelin 29-da AİK-in sədri N.Nərimanova 2886 saylı
teleqram (nota) göndərdi. Orada Ermənistanın sərhədlərində yerləşən Azərbaycan
hərbi hissələrinə Sovet qoşunları adı altında yeni qüvvələr göndərilməsi barədə
məlumatlar alındığı yazılırdı. Notada habelə Azərbaycanın yeni rəhbərliyinin
Qarabağ və Zəngəzurda hərbi əməliyyatları dayandıraraq öz qoşunlarını həmin
bölgələrdən çıxaracağına inam bildirilirdi.
Azərbaycan XXİK-in müavini M.Hüseynov Ermənistana cavab notasında (30.IV.1920)
ondan üç gün müddətində: 1) Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləməyi;
2) öz sərhədlərinə çəkilməyi; 3) millətlərarası qırğına və ədavətə son qoymağı
tələb etdi. Əks təqdirdə Azərbaycan İnqilab Komitəsinin özünü Ermənistan
Respublikası hökumətilə müharibə vəziyyətində hesab edəcəyi bildirildi
(“Kommunist” qəzeti (rusca, 4.V.1920; №2) yazırdı ki, Ermənistanın Zəngəzuru və
Qarabağı boşatlmaqdan imtina etməsi sovet qoşunlarının onun üzərinə hücumuna
səbəb ola bilər).
Eyni zamanda Azərbaycanın Qarabağ və Zəngəzurdakı qoşun hissələrinə hücumu
dayandıraraq əlverişli mövqe tutmaq və müdafiə vəziyyəti almaq əmr olundu.
S.Kirov, Q.Orconikidze və b. imzası ilə İrəvana vurulan teleqramda (1.V.1920)
“24 saat ərzində” qoşunları Sovet Azərbaycanının ərazilərindən çıxartmaq tələb
olunurdu. Bunun icra edilməməsinin Sovet Rusiyasına meydan oxumaq kimi başa
düşüləcəyi və erməni silahlı qüvvələrinin onun ordusu tərəfindən həmin
bölgələrdən kənarlaşdırılacağı yazılırdı.
Ermənistan rəhbərliyi Azərbaycan hökumətinin məlum notasını aldıqdan dərhal
sonra Sovet Rusiyasına müraciət etdi. Ermənistan XİN-i G.Çiçerinə teleqram
(30.IV.1920; 2659 saylı) göndərərək qırmızı
əsgərlər dəstəsinin Qarabağ və Zəngəzura irəlilədiyini və bu yolla da
Türkiyə ilə birləşməyə çalışdığını qeyd edir, habelə Sovet Rusiyası ilə
danışıqlar aparılması üçün parlamentin üzvləri L.Şant və b. ibarət nümayəndə
heyətinin müəyyənləşdirildiyini bildirirdi. Daha sonra
G.Çiserinə (surəti V.Leninə) ünvanlanan
teleqramla (3.V.1920) Güney Qafqazda müstəqil respublikaların yarandığı
dövrdə Zəngəzur və Qarabağın Ermənistandan ayrı düşməsi göstərilir, həmçinin
orada erməni qoşun hissələrinin olması inkar edilirdi.
H.Ohancanyan Qafqaz cəbhəsinin Hərbi-İnqilab şurasına (Q.Orconikidzeyə) mayın
1-də göndərdiyi notada (surətləri V.Leninə, G.Çiçerinə, Azərbaycan İnqilab
Komitəsinə də yollanılmışdı) mübahisəli ərazilərdə nə əvvəllər, nə indi erməni
qoşunlarının olmadığını yazır, ondan Azərbaycana hərbi hissələrini həmin
bölgələrdən çıxarmağı tapşırmağı xahiş edirdi. Həm bu, həm də digər sənədlərdən
göründüyü kimi, Ermənistan onunla Azərbaycan arasındakı mübahisəli məsələlərin
həllində Sovet Rusiyasının “vasitəçiliyi”ni istəyir və buna çalışırdı.
Bu arada, mübahisəli məsələlərlə əlaqədar olaraq, Azərbaycanın XXİK-i ilə
Ermənistan XİN-i arasnıda notalar mübadiləsi genişləndi. H.Ohancanyan mayın 3-də
M.Hüseynova yolladığı notada (surətləri V.Leninə, G.Çiçerinə, Q.Orconikidzeyə)
Azərbaycan hökumətinin 30 aprel tarixli nota-ultimatumundakı
məsələlərlə bağlı yenə də riyakarcasına nə əvvəllərdə, nə də indi Azərbaycan
ərazisində erməni qoşunlarının olmdaığını söyləyir, Qarabağ-Zəngəzuru
özlərininki sayaraq, Azərbaycanın hərbi hissələrinin orada yerləşməsindən
narahatçılığını bildirirdi.
Notada daha sonra yazılırdı ki, Azərbaycan öz hakimiyyətini heç vaxt Zəngəzura
yaymamışdır, buna görə də onu öz ərazisi saymaq üçün hər hansı bir hüquqi və
faktiki əsası yoxdur; Zəngəzur öz kəndliləri, Şura tərəfindən idarə olunur və
özünü Ermənistanın ayrılmaz hissəsi hesab edir. Özünü sülhsevər kimi qələmə
verən H.Ohancanyan notasının sonunda gələcəkdə yeni silahlı toqquşmaların baş
verə bilməsi imkanını aradan qaldırmaq məqsədilə: a) bütün hərbi əməliyyatları
birdəfəlik dayandırmağa; b) iki qonşu respublika arasındakı sərhədlər haqqında
məsələnin yekunlaşdırılması üçün danışıqlara başlamağa çağırırdı.
Azərbaycan hökuməti Ermənistan rəhbərliyinə cavab notasında (8.V.1920) onun
yuxarıdakı “dəlilləri”lə razılaşmadığını və danışıqlara isə hazır olduğunu
bildirdi. Mayın 9-da Azərbaycan XXİK-i “Erməni xalqına və erməni hökumətinə,
Çiçerinə və hamıya, hamıya…” başlıqlı müraciət etdi. Həmin müraciətdə vaxtilə
Zəngəzur, Naxçıvan, Şərur və Ordubadda baş verən qarşılıqlı erməni-azərbaycanlı
qırğınları xatırlanır, Ermənistanın da sovetləşəcəyi təqdirdə onunla dil
tapmağın xeyli asanlaşacağı (?! – İ.M.) fikri vurğulanır, bütün mübahisəli
məsələlərin həlli məqsədilə danışıqlar aparmaq üçün öz səlahiyyətli
nümayəndələrini mayın 15-dən gec olmayaraq Bakıya göndərmək təklif edilirdi.
Ermənistan XİN-i mayın 12-də Azərbaycan XXİK-in müavini M.Hüseynova və
Azərbaycan xalqına ünvanlanan (surətləri G.Çiçerinə və V.Leninə) nota göndərdi.
Bu notada çoxlu “maraqlı mülahizələr” vardı. Orada göstərilirdi ki,
Azərbaycandakı yeni hökumətin birinci addımı Qarabağ və Zəngəzur ermənilərinin
qətiyyətlə və dəfələrlə iradələrini ifadə etmələrinin əksinə olaraq, onları
zorla öz əsarətinə salmaq istiqamətinə yönəldilmişdir. Notada Mustafa Kamala,
Ənvər paşaya və Nuru paşaya böhtanlar atılır (onlar öz ölkələrində və Qafqazda
erməni qırğınlarının təşkilatçıları kimi qələmə verilirdilər) və belə şəxslərlə
əlaqələr saxladığına görə Azərbaycan hökumətinə iradlar tutulurdu.
Bu nota ilə Azərbaycan tərəfi yalnız Ermənistanda müsəlmanlara qarşı edilən
vəhşiliklərdən danışmaqda və Naxçıvanda dinc erməni əhalisinə (?!-İ.M.)
münasibətdə törədilən zorakılıqlar barədə isə susmaqda ittiham edilirdi. Notanın
axırında Ermənistan hökuməti AİK-in bütün mübahisələrin həlli üçün danışıqlara
başlamağa dair təklifini qəbul etdiyini və bu məqsədlə də səlahiyyətli
təmsilçilər kimi Bakıdakı diplomatik nümayəndə M.Arutyunyantsın və digərlərinin
təyin olunduqlarını bildirirdi.
Şimali Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinin ələ keçirilməsinə
böyük siyasi və strateji əhəmiyyət verən Sovet Rusiyası onların tutulması üçün
həm diplomatik vasitələrdən istifadə edir, həm də xüsusi hərbi əməliyyatların
planlarını işləyib hazırlayır. Habelə daxildəki bəzi qüvvələrlə birlikdə buna
əlverişli ideoloji zəmin yaratmağa çalışırdı.
Məhz bu məqsədlə də RSFSR XXİK-in müavini, milliyyətcə erməni olan Qaraxan mayın
15-də İrəvana (1101 saylı) və Bakıya (1102 saylı) teleqramlar göndərdi. Həmin
teleqramlarda: a) Ermənistan hökumətinin, Azərbaycanla onun arasındakı
mübahisəli məsələlərin həllində vasitəçi rolunu öz üzərinə götürmək barədə,
Sovet Rusiyasına edilən təklifinin qəbul olunduğu və b) digər tərəfin də buna
razılığının zəruriliyi (şübhəsiz bu formal səciyyə daşıyırdı və protokol naminə
idi) bildirilirdi.
Sovet Rusiyasının rəhbərliyi əsas məqsədini bu teleqramlarla açıqlayaraq
mübahisəli ərazi məsələləri nizamlananadək –
guya millətlərarası toqquşmalara və qırğınlara yol verməmək üçün – Naxçıvan,
Zəngəzur, Qarabağın Qızıl ordu tərəfindən tutulacağını bəyan etdi. Azərbaycanın
XXİK-i öz cavabında Sovet Rusiyasının bu vasitəçilik missiyasına razılığını
bildirdi. Habelə ona öz nümayəndələrinin təyin olunmasını sürətləndirməyi,
danışıqların yeri kimi Ermənistanın təklif etdiyi Qazaxın əvəzində isə (dəmir
yolundan kənarda – hər iki respublikanın paytaxtından aralı olması və s. görə)
Bakını məsləhət gördü.
Yenidən Rusiyanın asılılığına keçməsinə baxmayaraq, onun qoşunları bəzi
mülahizələrə görə ermənilərin iddia etdikləri və hərbi hissələr saxladıqları
Azərbaycan ərazilərini tutmağa hələ ki tələsmirdilər. Bu fikri G.Çiçerinin
Q.Orconikidzeyə teleqramı (2.VI.1920) da təsdiqləyir. Teleqramda deyilirdi:
“Azərbaycan hökumətinə bildirin ki, biz Şuşa və Cəbrayılı tutmaqla kifayətlənmək
zərurəti qarşısında qalmışıq… Bakı hökumətinə Naxçıvan və Culfanı indi tutmağın
mümkün olmadığını və hərbi status kvo ilə kifayətlənmək məcburiyyətində qalmağın
obyektiv səbəblərini bildirməyi xahiş edirəm… Bakıdakı böyük nüfuzunuzdan
istifadə edib Azərbaycan hökumətinin Şərur-Dərələyəz qəzasını deyil, Qarabağ və
Zəngəzuru mübahisəli ərazi kimi etirafına nail olmağı xahiş edirik”.
Daha sonra G.Çiçerin 1920-ci il iyunun 19-da 168/174 saylı teleqramla bildirirdi
ki, Qarabağ, Zəngəzur, Naxçıvan və Culfa nə Ermənistana, nə Azərbaycana
birləşdirilməməli, yerli sovetlərin razılığı ilə Rusiya qoşunlarının işğalı
altında olmalıdır. Lakin Q.Orconikidzenin ona ünvanlanan teleqramından
(21.VI.1920) bu da ayıdn olur ki, G.Çiçerinin Qarabağ və Zəngəzura dair
N.Nərimanova vurduğu teleqramda həmin ərazilərin Azərbaycana birləşdrilməsindən
danışılırdı.
Bizcə, bu cür qeyri-müəyyən (ziddiyyətli) mövqe Sovet Rusiyasının “mübahisəli”
elan etdiyi Azərbaycan torpaqlarının hesabına Ermənistanı da özünün bilavasitə
asılılığına keçirmək, həmçinin XI ordunun işğalı ilə razılaşmayaraq, üsyanlara
və çıxışlara başlayan xalqımıza təzyiqi artırmaq niyyətilə izah oluna bilər.
N.Nərimanovun, PK (b) P Qafqaz Ölkə komitəsinin üzvü R.Mdivaninin, AK(b)PMK
üzvü A.Mikoyanın və PK (b) P Ermənistan komitəsinin üzvü A.Nuricanyanın
imzaları ilə G.Çiçerinə və Q.Orconikidzeyə göndərilən 1920-ci il tarixli məlumat
çox əhəmiyyətlidir.
Məlumatda yazılırdı: “Artıq Sovet Azərbaycanın tərkibinə daxil olan, guya
mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə billdiririk ki,
bu yerlər mübahisəsizdir və bundan sonra da Azərbaycanın hüquqdlarında
yerləşməlidir. Başdan-başa müsəlmanlarla məskunlaşan, bir ildən artıqdır ki,
ayrı düşən (?! – İ.M.) və yerli əhalinin qüvvələrilə daşnak hökumətindən müdafiə
olunan Culfa və Naxçıvan rayonları həm hərbi cəhətdən, həm də Türkiyə ilə
bilavasitə əlaqə məqsədlərilə bizim qoşunlarla tutulmalı və Azərbaycana
birləşdirilməlidirlər. Daşnak hökuməti ilə hər hansı danışıqları öz
tərəfimizdən... vaxtsız hesab edirik”.
N.Nərimanov bu məlumatdakı fikir və mülahizələri inkişaf etdirərək yazırdı:
“Dünyada heç kəs göstərilən vilayətlərin (Qarabağ və Zəngəzurun) əhalisinin
Azərbaycanla birləşməsinə rəylərini bildirmələrinə təsir göstərməyimizə mane
olmaq imkanında deyildir”. “İndi bu vilayətlərin güzəştə gedilməsi
(Ermənistana)… Sovet hakimiyyətinin nəinki Azərbaycanda, həm də İranda və
Türkiyədə nüfuzdan düşməsi olacaqdır” (Göründüyü kimi, torpaqların əldən getməsi
təhlükəsi deyil, Sovet hakimiyyətinin nüfuzunun itirilməsi daha çox narahatçılıq
doğururdu).
Yuxarıda göstərilən nöqteyi-nəzər bu məsələlərin həllində zahirən obyektiv və
bitərəf (ən yaxşı halda ziddiyyətli), əslində isə ermənipərəst mövqe tutan
(N.Nərimanovun “Qafqazdakı canişin”, M.Məmmədzadənin “Rusiya ordusunun yeni
Sisianovu” adlandırdıqları) Q.Orconikidze tərəfindən əvvəlcə müdafiə edildi.
Belə ki, o V.Leninə, İ.Stalinə, G.Çiçerinə ünvanladığı məlumatda: a)
Naxçıvan-Ordubad rayonunun və onun şimal hissəsinin Türkiyənin Bəyazid
diviziyası tərəfindən tutulduğunu; b) Dronun qoşunlarının bu bölgəni ələ
keçirmək üçün ciddi təhlükə yaratdığını; c) Qabrielyanın “Azərbaycan
Şərur-Dərələyəz qəzasından və Naxçıvan rayonundan imtina edərsə erməni
nümayəndə heyəti Qarabağ və Zəngəzurun dərhal Azərbaycana birləşdirilməsinə
razılaşacaqdır” mülahizəsilə əlaqədar N.Nərimanovla danışıqlar aparılacağını
yazırdı.
Həmin məlumatdan göründüyü kimi, Q.Orconikidze Azərbaycanda Sovet hakimiyyətinin
möhkəmlənməsi və Bakının əldə saxlanması naminə Dağlıq Qarabağın Azəbaycana
birləşdirilməsinə, onun torpağı olan Zəngəzur və digər yerlər barədə isə heç
söhbətin belə gedə bilməməsinə dair qəti inamını bildirmişdi. Həmçinin bu
ərazilərin erməni əhalisinin təhlükəsizliyinə başı ilə təminat verdiyini və
burada müxtariyyət elan etməklə – müsəlman hərbi hissələrini oraya yeritmədən –
erməni əhalisini təşkil edəcəyini vurğulamışdı.
O belə bir cəhəti də xüsusilə diqqətə çatdırmışdı ki, məsələnin başqa cür həlli
bizim Azərbaycanda vəziyyətimizi dayanıqsız edir və bununla Ermənistanda heç nə
udulmur (Əlbəttə məlum siyasi şəraitdə sonuncunun bizə gərəkli olması istisna
edilməməklə); Azərbaycana belə münasibət bizi onun geniş kütlələrinin gözündən
çox salar və əleyhdarlarımızın işi üçün yüksək səviyyədə zəmin yaradar.
Daha sonra birbaşa telefon rabitəsi zamanı N.Nərimanovun “Siz deyirsiniz: digər
vilayətlərə iddia etməyin. Bilmək maraqlıdır, bunlar hansı vilayətləndir…
(Sənəddə anlaşılmazdır – İ.M.). Qarabağ və Zəngəzur Azərbaycanın mübahisəsiz
vilayətləridir… Mən şəxsən məsələnin sizin təklif etdiyiniz şəkildə qoyuluşu ilə
razıyam” fikrilə bağlı Q.Orconikidze bunları bildirmişdi:
·Siz
Zəngəzur və Qarabağdan savayı həm də Naxçıvan, Şərur-Dərələyəz qəzası və
Ordubada da iddia irəli sürmüşsünüz;
·Mən
indi Qarabağ və Zəngəzurla əlaqədar Çiçerinlə danışdım, təcili və şərtsiz olaraq
bu vilayətlərin Azərbaycana birləşdirilməsini, sizin isə digər vilayətlərə dair
iddialardan daşınmağınızı, Qarabağ və Zəngəzura müxtariyyət verilməsini, həm də
bunun heç bir halda sülh müqaviləsində (Ermənistanla RSFSR arasındakı nəzərdə
tutulur – İ.M.) göstərilməməsini və mütləq sizin tərəfinizdən həyata
keçirilməsini təklif edirəm.
Q.Orconikidze G.Çiçerinə göndərdiyi sənədlərdən birində isə onun Azərbaycanla
Ermənistan arasındakı mübahisəli vilayətlər haqqındakı teleqramını aldığını,
buna görə də B.Leqran və Ter-Qabrielyanla görüşdüyünü, Azərbaycanın Qarabağ və
Zəngəzurun təcili, şərtsiz ona birləşdirilməsinə təkid etdiyini, bununla
razılaşmaq lazım gəldiyini çatdırdı.
Yaranmış müvafiq siyasi şəraitdə tutduğu mövqeyini açıqlayan Q.Orconikidze
yazırdı ki, “hər iki qəza iqtisadi cəhətdən Bakıya can atır və İrəvandan
tamamilə ayrılmışdır (Burada da məsələ tarixi və hüquqi baxımdan deyil, iqtisadi
əlaqələr və İrəvandan ayrı düşmək kimi cəfəng nöqteyi-nəzərdən əsaslandırılır;
bu da həm o vaxt, həm də indi əsassız iddialara və müharibələrə gətirib
çıxarmışdır – İ.M.). Xüsusilə də hazırda Bəyazid diviziyası paz kimi araya
girməkdədir və belə bir vəziyyətdə bölgələrin mübahisəli durumda saxlanmaları
onların türklər tərəfindən tutulmaları və bütün erməni əhalisinin qırılması ilə
nəticələnər, biz isə heç vəchlə bunun qarşısını ala bilmərik”.
Serqoya görə, göstərilən ərazilərin Azərbaycana birləşdirilməsi onun
kommunistlərinə güclü üstünlük verər və rəsmi Bakını digər vilayətlərə
iddialarından çəkinməyə vadar etməyə şərait yaradardı. Buna görə də teleqramda
son olaraq deyilirdi ki, mənim fikrim belədir: Qarabağ və Zəngəzuru təcili
Azərbaycana birləşdirmək; mən Azərbaycanı bu vilayətlərə muxtariyyət verməyə
məcbur edərəm, lakin bu onun tərəfindən olmalıdır və heç bir halda müqavilədə
yazılmamalıdır. Q.Orconikidze V.Lenin və G.Çiçerinə yolladığı bir teleqramında
(19.VI.1920) isə bunları bildirirdi:
·Azərbaycan
Qarabağa, Zəngəzura, Naxçıvan və Şərur-Dərələyəz qəzalarına iddia edir;
·Qarabağ
və Zəngəzurda Sovet hakimiyyəti elan olunmuşdur və yuxarıda göstəridən ərazilər
özlərini Azərbaycan Sovet respublikasının hissəsi sayırlar. Naxçıvan artıq bir
neçə aydır ki, üsyançıların – müsəlmanların əlindədir (?! – İ.M.) və
Şərur-Dərələyəzə aid məndə məlumatlar yoxdur;
· Azərbaycan
heç bir halda Qarabağ və Zəngəzursuz keçinə bilməz;
· Ümumiyyətlə,
fikrimizcə, Azərbaycanın nümayəndəsini Moskvaya çağırmaq, Azərbaycana və
Ermənistana dair bütün məsələləri onunla birlikdə həll etmək lazım gəlir. Bunu
Ermənistanla müqavilə imzalanadək etmək lazımdır.
Q.Orconikidze belə fikirləri V.Leninə, İ.Stalinə və G.Çiçerinə vurduğu
teleqramda (16.VII.1920) də təkrarlamışdı. Eyni zamanda iyulun 14-də G.Çiçerinə
digər bir teleqramında isə Zəngəzuru mübahisəli ərazi elan edərək digər
bölgələrin… Ermənistana birləşdirilməsi fikrini ortaya atmışdı. Bütün bunlardan
göründüyü kimi, Q.Orconikidzenin bu ziddiyyətli, əslində ermənilərin mənafeyinə
xidmət edən, mövqeyi Naxçıvan və Zəngəzurun Ermənistana verilməsinə dair 1920-ci
ilin sonlarında elan ediləcək sənədlər və görüləcək tədbirlər üçün çıxış
nöqtəsi, müəyyən bir zəmin idi.
|