|
Новая страница 1
Akif Nağı
Münaqişələrin həllində güc amili
Dünya uluslararası və daxili münaqişələr, irqi, etnik, dini, iqtidar-müxalifət
münaqişələri şəraitində yaşamaq, mövcud olmaq zorunda qalmışdır. Gah bu
münaqişələri həll etməyə çalışır, onlardan yaxa qurtarmağa cəhdlər edir, gah da
reallıqla hesablaşıb münaqişələrin möcvudluğu ilə barışır. Daha doğrusu,
mübarizədən usanıb, münaqişələr şəraitində heç nəyə dəymədən, status-kvonu
saxlamqla yaşamağa öyrəşir. Bu halda münaqişəli şərait norma olaraq qəbul
edilir. Münaqişə durumu adiləşir. Ancaq bu hal münaqişə tərəflərindən birinin,
yaxud - bir neçəsinin mübarizədən kənara çəkilib öz taleyi ilə barışdığı
hallarda olur və az-az rast gəlinir.
Əksər hallarda tərəflər münaqişənin bu və ya digər yollarla həllinə çalışırlar.
Orta rəngləri nəzərə almasaq, minilliklərlə, ta ibtidai-icma dövründən
başlayaraq, iki əsas yol, metod, üsul, yanaşma tərzi ortada olmuşdur:
a)
dinc, danışıqlar yolu, tədricilik, təkamül, barışqanlıq, vasitəçilik, kompromis,
qarşılıqlı güzəştlər və s.
b)
zorun, gücün tətbiqini nəzərdə tutan yol, hərbi müdaxilə, radikallıq,
dözümsüzlük, maksimalizm, kompromislərdən, yarımaddımlardan imtina, barışmazlıq
və s.
Bu günə qədər hər iki yolun kifayət qədər müdafiəçisi və davamçısı vardır.
Onların arasında kəskin mübahisə və mübarizə davam edir.
Mən ikinci yolun tərəfdarıyam. Hesab edirəm ki, birinci yol zəif tərəfi öz
iradəsinə tabe etdirmək, zəifi öz vəziyyəti ilə barışmağa məcbur etmək,
status-kvonu saxlamaq istəyən güclü tərəfin, yaxud vəziyyətin dəyişməz olaraq
saxlanılmasında marağı olan tərəfin fırıldağıdır. Dinc vasitələrlə, danışıqlar
yolu ilə hər hansı ölkənin daxilində, yaxud uluslararası münasibətlərdə
münaqişənin nizamasalınmasına dair heç bir ciddi fakt yoxdur. Hətta bəzən
çəkilən misallar reallığı o qədər də əks etdirmir, daha çox təbliğat xarakteri
daşıyır. Dinc vasitələrlə gedən proses münaqişə tərəflərindən birinin öz
vəziyyəti ilə barışmasına, təslim olmasına sıradan çıxmasına doğru aparır. Bu
yol tərəflərdən birinin səfərbər olub, qüvvələrini cəmləşdirib müqavimət
göstərmək imkanını heçə endirir. Bu yol qalibin, güclünün təntənəsinə doğru
aparır. Bu yol zəifin, azlığın, məğlubun hüquqlarının tapdalanması, ta-nınmaması
deməkdir. Burada demokratiyadan danışanların nəzərinə çatdırırıq ki,
demokratiyanın da prinsipləri pozulur.
Zorun, gücün tətbiq edilməsini şərtləndirən arqumentlərdən biri odur ki,
istənilən münaqişə vəziyyəti tərəflərdən birinin zor tətbiq etməsi ilə yaranır.
Azərbaycan-Ermənistan münaqişəsi Ermənistanın silahlı zor, müdaxilə tətbiq
etməsi ilə bağlıdır. İngilis-irland, yəhudi-fələstinli, ispan-bask, təzəcə
cücərməkdə olan türkmən-kürd münaqişələrindən hər biri tərəflərdən hansınınsa
zor, güc göstərməsi ilə birbaşa bağlıdır. Deməli, istənilən münaqişənin
mahiyyəti tərəflərdən birinin gücə, zora əl atması ilə izah olunur. Əgər
belədirsə, yəni zor, güc nəticəsində münaqişə yaranırsa, onda onu başqa yolla,
dinc vasitələrlə necə həll etmək olar? Və olmur da! Bu nə təbiətin, nə də
cəmiyyətin qanunlarına uyğun gəlir. Təsir əkstəsirə bərabərdir. Yoxsa dünya
çoxdan dağılıb getmişdi. Dünyanın özü də ilk təkandan, yəni ilk zordan sonra
yaranıb. Hər bir yenilik özünə yolu zorla açır. Dünya əksliklərin vəhdəti,
ziddiyəti və mübarizəsi qanunu üzərində dayanır. Döyüşən, vuruşan dünya yaşayır,
möhkəmlənir, inkişaf edir. Ona görə də dünyada münaqişələrin olmasından yox,
olmamasından, yaxud onların döyüş, mübarizə yolu ilə həll edilməməsindən qorxmaq
lazımdır. Münaqişə dünyanın, təbiətin, cəmiyyətin mahiyyətindən irəli gəlir.
Münaqişə dünyanın hələ də yaşamağa, möhkəmlənməyə qadir olduğunun
göstəricisidir. Münaqişə dünyanın daxili ehtiyatlarının tükənmədiyini nümayiş
etdirir. Sadəcə olaraq, insanların üzərinə bu münaqişələri açıq meydanda, güclə
həll etməklə, dünyanın ömrünü uzatmaq missiyası düşür. Passiv, münaqişəsiz,
mübarizəsiz bir dövrə qədər yaşayıb çata bilsəniz, bilin ki, dünyanın axırı,
yaxud Fukuyamanın təbirincə “tarixin sonu” çatıb.
Dinc yolun tərəfdarları çox vaxt Hindistanda M.Qandi hərəkatının, yaxud ABŞ-da
Martin Lüter Kinq hərəkatının adını çəkirlər. Bu hərəkatların qısa tarixini
xatırladım. Mahatma Qandinin hərəkatı 1919-cu ildən başladı, yalnız 30 ildən
sonra nəticə verdi. Bu hərəkatda qeyri-zorakı metodlardan istifadə olunurdu.
Qandi bu metodlara “satiyaqraxa” – həqiqətə inad adını vermişdi. M.L.Kinq fəal
müqavimətdən imtina edir, zənciləri zora zorla cavab verməməyə çağırır, daha çox
müxtəlif boykotlardan istifadə etməyə (məsələn, ağlarla qaraların bir avtobusda
getməsinə imkan verməyən şirkətin boykot edilməsi və s.) üstünlük verirdi.
a) Bu
hərəkatın tərəfdarlarının nəzərinə aşağıdakıları çatdırıram:
Hindistan müstəqilliyə uzun müddətdən sonra və natamamlıq kompleksi ilə nail
oldu, indi də vəziyyətdən xilas ola bilməmişdir. Müqayisə üçün onun qonşuları
(Pakistan və Çin) sıçrayış və zorakılıqla müstəqilliyə nail oldular. Və bu gün
onların inkişaf səviyyəsi ilə Hindistanınkını heç müqayisə etməyə dəyməz
b) Qandi
hərəkatında da başa düşdülər ki, yalnız qeyri-zorakı yolla nəticəyə gəlmək
çətindir. Ona görə də öz hərəkatlarını “həqiqətə inad” kimi xarakterizə
edirdilər. Vaxtaşırı isə zora əl atırdılar, yaxud onların qeyri-zorakı addımları
zorakı elementlərlə zənginləşdirilirdi. Təsadüfi deyil ki, vaxtaşırı onların
üzvlərindən eyni vaxtda 25-30 min adam həbsdə olurdu.
c) Qandi
hərəkatının nəticəsidir ki, Hindistan cəmiyyəti hələ bu gün də özünü təsdiq
prosesini başa çatdırmamışdır. Qeyri-zorakı metodlara üstünlük verən Hindistanda
M.Qandi də daxil olmaqla ölkə rəhbərləri yalnız zorakı yolla, qətllə
hakimiyyətdən uzaqlaşdırılır. Cəmiyyətin natamamlıq kompleksini göstərən
paradoks!
d) M.L.Kinq
hərəkatının nəticəsidir ki, ABŞ-da zəncilər hələ də özünü təsdiq prosesini
yaşayır, özlərinə cəmiyyətdə yer tapa bilmir, hələ də cəmiyyətin tör-töküntüləri
rolunda qalırlar. Amerika mühitinə az-çox bələd olanlar bilirlər ki, zəncilər
özlərini hər yerdə çox pis aparır, nümayişkaranə şəkildə qaydalara əməl etmir,
“pis oğlan” olduqlarını qəsdən gözə soxurlar. Bu, özünütəsdiq prosesinin davam
etdiyini göstərir. Zəncilərin müxtəlif vəzifələrə, hətta yüksək dövlət
vəzifələrinə çəkilməsi həmin disbalansın süni şəkildə aradan qaldırılmasına
xidmət edir. Müqayisə üçün, radikal mübarizə yolu ilə getmiş Cənubi Afrika
Respublikasında zəncilərin vəziyyəti, əldə etdikləri nəticələr başqalarını
dəfələrlə qabaqlayır. Burada zənci dövləti, zənci cəmiyyəti anlamı hətta
əhalisinin hamısı zəncilərdən ibarət olan ölkələrə nisbətən daha bitkin və
yüksək formasına çatıb. Əlcəzairi də misal çəkə bilərəm. Heç kim oranın yenidən
nə vaxtsa ərəb ölkəsi olacağına inanmırdı. Zorakı metodlarla mübarizə aparan
əlcəzairlilər az vaxt ərzində nəticəyə nail oldular.
Zora qarşı yalnız zor müsbət nəticə verə bilər. Yuxarıda qeyd etdiyimiz kimi
münaqişə ən azından bir tərəfin zora əl atması nəticəsində meydana gəlir. Zora
əl atmış tərəf isə öz mövqeyindən danışıqlar yolu ilə imtina etmir. Əgər imtina
etmək fikri olsaydı, heç zora əl atmazdı. Fələstinlilər İsrailin zoruna qarşı
zora əl atmasaydılar, bu gün Fələstin məsələsi, ümumiyyətlə, gündəmdə dayanmazdı
və yəqin ki, fələstinliləri artıq çoxdan unutmuşdular. Y.Ərəfata qədər
fələstinlilərlə heç kəs hesablaşmırdı. Y. Ərəfatı xeyli müddət terrorçu adı ilə
heç bir dövlət yaxına buraxmırdı. Ancaq sonra bütün dövlətlər onu tanıdılar,
onunla hesablaşdılar. Bu gün onun ölümündən sonra da dünya fələstinliləri
dinləyirsə, bu ilk növbədə Y. Ərəfat fenomeninin nəticəsidir.
Azərbaycan-Ermənistan münaqişəsi 11 ildir dondurulub, danışıqlar gedir, ancaq
heç bir nəticə yoxdur. Azərbaycan 1992-1993-cü ildə ilk dəfə ciddi zorakı
metodlara, hərbi gücə əl atdı. Dərhal nəticə əldə olundu. BMT Təhlükəsizlik
Şurasının Qarabağla bağlı 4 məlum qətnaməsi, 1993-cü ilin iyununda Ermənistan
rəhbərliyinin Kəlbəcərdən çıxmaq haqqında sənədə imza atması – bunların hamısı
Azərbaycanın zora əl atması, yaxud real zorla hədələməsinin nəticəsi idi.
Bəzən güclə, zorakı metodlarla daha tez və daha təmiz nəticələrə nail olmaq
mümkündür. İstənilən münaqişənin həllnidə dinc vasitələr, danışıqlar yolu çoxlu
yeni elementlərin ortaya çıxmasına, yeni çalarların əlavə olunmasına gətirib
çıxarır. Bu isə məsələnin mahiyyətini dəyişir, diqqəti ilkin mövqedən
uzaqlaşdırır, təhriflərə səbəb olur. Vaxt heç vaxt münaqişənin ədalətli həllinə
işləmir. Vaxt keçdikcə, güclü tərəf daha da, güclənir, müttəfiqləri və maraqlı
tərəfləri işə cəlb edir. Həmçinin az vaxt ərzində ictimai-maraq, beynəlxalq rəy,
akuallıq kimi kateqoriyalar arxa plana keçir.
İngiltərə Folklend adaları ilə bağlı hadisəyə dərhal reaksiya verdi, hərbi güc
tətbiq olundu, az vaxt ərzində nəticə əldə olundu. Belə cəld reaksiya
verməsəydi, indi hələ də ATƏT-in Minsk qrupuna oxşar hansısa Avropa-Amerika
vasitəçilik missiyasi İngiltərə ilə Argentina arasında yol ölçərdilər. Bir sıra
İngiltərə mətbu orqanları, diplomatları bəzən bu addımı təqdir etməyən mövqedən
çıxış edirlər. Ancaq ərazisini basqa ölkənin təcavüzündən qorumuş bir dövlətin
nümayəndələri, məncə, səmimiyyətdən uzaq danışırlar. Türkiyə adalarını zəbt
etməyə cəhd göstərmiş Yunanıstana qarşı bir günün içərisində bütün qüvvələrini
səfərbər edib hərəkətə başladı. Xorvatiya 4 gün ərzində hərbi güc tətbiq etməklə
torpaqlarını Serbiya işğalından azad etdi. Düzdü, buna görə beynəlxalq
təşkilatlar tərəfindən bəzi sanksiyalara məruz qaldı. Ancaq daha vacib nəticəyə
nail oldu. 30 ildən artıq İraq rejimini danışıqlar yolu, dinc vasitələrlə
dəyişməyə çalışan ABŞ heç nəyə nail ola bilmədi və sonda hərbi zorun tətbiqinə
üstünlük verməli oldu.
Tanınmış Çin hərbi nəzəriyyəçisi Sun Tszi (e.ə. VI -V əsrlər) yazırdı ki, ordu
öz sabitliyi ilə, dövlət öz bütövlüyü ilə qalib gəlir. Onun fikrinə görə,
müharibə, güc tətbiqi hər bir dövlət üçün vacib və əsas məsələdir. Dövlətin
mövcudluğu onun gücündən, güc tətbiq edə bilməsindən asılıdır. Ərazi bütövlüyünə
qəsd edilmiş Azərbaycan dilemma qarşısındadır: ya reallıqla razılaşıb bir dövlət
kimi məhvə doğru yolunu davam etdirməlidir, ya da öz gücünə arxalanıb müharibə
yolunu seçməlidir. Lakin hərbi nəzəriyyəçi K. Klauzevitsin ifadəsi ilə desək,
“müharibə - siyasətin başqa vasitələrlə davamıdır”. Ona görə də Azərbaycanda
müharibəyə gətirəcək, davamı müharibə olacaq siyasət bu gün aparılmalıdır. Bu
siyasəti həyata keçirməklə müharibəni başlayıb qələbə çalmaq üçün Azərbaycanın
bütün imkanları vardır. Başqa amillərin üzərində dayanmadan maddi və maliyyə
imkanlarını önə çəkirəm. Hazırda Ermənistanın illik dövlət büdcəsi 800 milyon
ABŞ dolları həcmindədir. Bu ölkənin 2005-ci il üçün hərbi büdcəsi 84 milyon
dollar planlaşdırılıb. Ermənistan işğal olunmuş ərazilərdə hərbi hissələrin
saxlanılmasına ildə 12 milyon dollar xərcləyir. İşğalçı dövlətin zəbt olunmuş
Azərbaycan ərazilərində saxladığı 25 minlik hərbi qüvvənin 3200 nəfərini xarici
muzdlular, 7 min nəfərini isə ermənistanlı hərbi çağırışçılar təşkil edir.
Ekspertlərin hesablamalarına görə, müharibə başlayarsa, hərbi əməliyyatların hər
günü tərəflərə 25 milyon dollara başa gələcəkdir. Buraya hər iki ölkənin insan
ehtiyatları amilini də əlavə edirəm. Görünür ki, müharibə ağır maddi, maliyyə
xərcləri, böyük insan ehtiyatları tələb edir. Ancaq hər kəsə aydındır ki,
Azərbaycanla Ermənistanın imkanları və buradan da şansları heç müqayisə də oluna
bilməz.
“Güc nəzəriyyəsi”nin tərəfdarları kimi tanınan R. Nibur, F. Şuman, H. Kissincer,
E. Karr, H. Morgentau, P. Aron və digərləri “güc” kateqoriyasına mühüm əhəmiyyət
verirlər. Bu nəzəriyyəyə görə, beynəlxalq siyasət ilk növbədə gücə əsaslanır.
Yəni hər hansı dövlətin güc toplamaq istiqamətində səyləri beynəlxalq
münasibətlərin inkişafına birbaşa təsir göstərən mühüm amildir. Güc mərkəzləri
arasında təşəkkül tapan “qüvvələr tarazlığı” sistemi beynəlxalq münasibətlərin
həm sabitliyini, həm də inkişafını təmin edir. H. Morqantau “Millətlər arasında
siyasi münasibətlər. Hakimiyyət uğrunda mübarizə” kitabında göstərir ki,
beynəlxalq aləmdə dövlət öz mövqeyini iki yolla – hərbi strategiya və
diplomatiya vasitəsilə həyata keçirir. Diplomatiya isə yalnız gücə söykənəndə
real nəticələr verir. Diplomatiya öz ixtiyarında olan güc elementlərindən
istifadə etməklə səmərəli olur. Dünya münasibətlərində hər bir dövlətin yeri
milli güc deyilən kriteriya ilə müəyyənləşir. Milli güc özündə siyasi, iqtisadi,
hərbi, demoqrafik, coğrafi, elmi-texniki, sosial-psixoloji və mədəni gücləri
birləşdirir.
Beynəlxalq hüququn əsas prinsipləri BMT Nizamnaməsində, BMT Baş Assambleyasının
qəbul etdiyi Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə (1970-ci il),
Helsinki Müşavirəsinin Yekun Aktında (1975) və digər normativ sənədlərdə təsbit
edilmişdir. Bu prinsiplərdən biri zor işlətməmək və zor işlətməklə hədələməmək
prinsipidir. Bu prinsipə əsasən, bütün ölkələr öz beynəlxalq münasibətlərində
hər hansı bir dövlətin ərazi toxunulmazlığına və siyasi müstəqilliyinə qarşı zor
işlətməkdən və zor işlətməklə hədələməkdən imtina edirlər. Azərbaycanın ərazi
bütövlüyünə qəsd etmiş Ermənistan artıq bu prinsipi pozmuşdur. Beynəlxalq hüquqa
görə, dövlətin üzərinə silahlı basqın olarsa, işğala məruz qalarsa, o, müdafiə,
öz torpaqlarını işğaldan azad etmək məqsədilə silahlı qüvvə, güc tətbiq edə
bilər. Göründüyü kimi, beynəlxalq hüquq konkret hallarda güc tətbiq edilməsini
birmənalı şəkildə təsbit edir.
Beləliklə, bütün növ münaqişələrin nizama salınmasında, aradan qaldırılmasında
zorun, gücün tətbiqi, radikal yanaşma metodları daha səmərəli, çevik, effektli,
ədalətli forma, yol kimi qəbul olunmalıdır.
|