|
Новая страница 1
Məhərrəm
Zülfüqarlı
Azərbaycana ermənilərin köçürülməsi siyasətinin müəllifi
XIX əsrin əvvəllərində baş vermiş I və II Rus–İran müharibələri zamanı Rusiyanın
işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da
yaxından iştirak etmişlər ki, bunlardan da biri A.S.Qirboyedov idi. O,
«Türkmənçay» müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində
mühüm rol oynamışdı. Tanınmış rus yazıçısı və diplomatı olan bu şəxs Azərbaycan
xalqının ikiyə bölünməsində, etmənilərin Azərbaycan ərazisinə köçürülməsində
aparıcı rol oynamaqla yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə öz
cinayətkar əməllərinin qurbanı oldu.
Qribayedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində «bədbəxt
həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu»
yazmışdı. Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni general Mədətovla
dostluq edən Qirbayedov ömrünün son iki ilində 30-dan artıq erməni ilə yaxın
təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif planlar hazırlamışdı. Bəzi rus
diplomatları «Türkmənçay» müqaviləsindən sonra İrandan müharibə xərclərinin
alınmasını prioritet məsələ hesab etsələr də, Qirbayedov, onlardan fərqli
olaraq, ermənilərin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsini daha vacib
hesab edirdi.
Erməniləri İranla həmsərhəd əyalətlərə köçürülməklə Rusiya bu ərazilərdə özünə
etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi Azərbaycan əhalisi yaşayan
Naxçıvan, İrəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi.
1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var
idi. Lakin Qirbayedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu
planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını vermiş və bu fikrin rəsmi
dairələrdə təsdiqinə nail olmuşdu. Bu proses İrəvanda milliyətcə erməni olan
polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilirdi. Qısa müddətə 8 min erməni
ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən
ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə
yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ
Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürülmüşdür.
1828-ci ildə çar qoşunları Təbrizi işğal etdikdən sonra məhz Qriboyedovun
təşəbbüsü ilə «Tutulmuş əyalətin (yəni Cənubi Azərbaycanın) idarə edilməsi
haqqında əsasnamə» tərtib edilmişdi.
A.S.Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə
Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən qabıqdan çıxırdı. Onun tərtib
etdiyi «Təlimat layihəsi» də bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi
Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini
Rusiya müstəmləkiçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya –
Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə
rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə tanınmış
gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdu. Onun bu
layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı
düşmən mövqeyindən irəli gəlirdi.
Rusiya İranla Türkiyə arasında olan ziddiyyətləri qızışdıraraq, bundan öz
mənafeyi üçün istifadə etməyə çalışır, iki müsəlman dövlətini bir-birinə qarşı
qoymaqla hər ikisini zəiflətmək və işğalçı niyyətlərini reallaşdırmaq istəyirdi.
Bu təcavüzkar siyasətin də həyata keçirilməsinin əsas ideoloqlarında biri
A.S.Qirboyedov idi. 1828-ci ilin yazında başlamış Rusiya – Türkiyə müharibəsində
çar ordusunun qələbəsini təmin etmək üçün «Türkmənçay» müqaviləsinin şərtlərinin
yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu zaman Cənubi Azərbaycan
ərazisində yerləşdirilmiş 25 minlik rus ordusudan Türkiyəyə qarşı istifadə etmək
üçün A.S.Qirboyedov öz fəaliyyətini daha da genişləndirirdi.
Rusiyanın əksinə olaraq, İngiltərə isə İranla Türkiyə arasında ziddiyyətlərin
aradan qaldırılmasına çalışır və bu dövlətlərin gücündən Rusiyaya qarşı istifadə
etməyi planlaşdırırdı.
Tükmənçay sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi ilə Senat 1828-ci il
aprelin 25-də Tehranda «səlahiyyətli nazir», Təbrizdə baş konsulluq açılması
barədə qərar verdi. Elə həmin vaxt A.S.Qirboyedovun İrana səlahiyyətli səfir
təyin edilməsi çarın və Rusiyanın yüksək diplomatik dairələrinin bu şəxsə necə
yüksək etimad göstərdiklərinin sübut edir. O, özündən əvvəl və özündən sonra
İranda səfir olmuş bütün rus diplomatlarından yerli əhaliyə düşmən münasibəti və
ermənipərəstliyinin qızğınlığı ilə fərqlənmişdi. Lakin rus və sovet
tarixşünaslığında, həmçinin müasir rus tarixşünaslığında akademik M.Neçkinanın
belə bir yanlış fikri müdafiə olunur ki, guya A.S.Qirboyedov dekabristlərin
tərəfdarı olduğu üçün çar onu Peterburqdan uzaqlaşdırmaq üçün bu vəzifəyə təyin
etmişdi. Lakin faktlar bu fikirləri təkzib edir. Onun İrana səfir təyin
edilməsinin əsas səbəbi çara sədaqətlə qulluq etməsi və işğalçılıq siyasətinin
həyata keçirilməsində bir diplomat kimi canfəşanlıq göstərməsi idi.
A.S.Qirboyedova öz ölkəsində müsbət yanaşılması həm bir diplomat kimi çar
Rusiyası hüdudlarının genişləndirilməsindəki rolu, həm də yazıçı olması ilə
əlaqədardır. İndinin özündə də çox az rus ziyalısı tapılar ki, Rusiyanın tarixən
yeritdiyi işğalçı siyasətə mənfi münasibət bəsləsin. Deməli, Qirboyedova Rusiya
vətəndaşlarının gözü ilə deyil, işğala məruz qalmış, təcavüz nəticəsində
faciələrə düçar olmuş xalqların gözü ilə baxmaq daha düzgün olardı.
Səfir təyin olunan kimi A.S.Qirboyedov səlahiyyətlərindən sui – istifadə etmək,
özünü mütləq hakimi kimi aparmağı başlamışdı ki, bu da onun və köməkçilərinin
faciəsi ilə nəticələnmişdi. «Səlahiyyətli nazir» təyin olunan kimi o, 40 nəfərlə
əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin sarayına, daha sonra isə Tehrana
yollandı. Onun bilavasitə göstərişləri ilə «böyük elçiliyin əməkdaşları»
Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə istinad edərək, xristian
əsirləri qurtarmaq, erməniləri yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi
ilə İran vətəndaşlarının daxili işlərinə qarışır, istədikləri evə girərək
vəhşiliklər edirdilər. Qəzvin şəhərində ruslar bir seyidin evinə soxularaq, onun
islam dinini qəbul etmiş milliyyətcə alman olan kəbinli arvadını zorla özləri
ilə aparmaq istəmişlər. Qadının kəskin etirazından və əhalinin qəzəbindən
çəkinərək sonradan onu öz evinə buraxmağa məcbur olmuşlar.
A.S.Qirboyedov ermənipərəst siyasət yeritməklə Azərbaycan əhalisinə həm maddi,
həm də mənəvi zərbələr vurmuşdu. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah
İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim
dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad («Haqq evi»),
Şeyx Səfiəddin kitabxanası Qribayedovun başçılığı ilə qarət edilərək, üzünü
çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərilmişdi. Burada toplanmış əlyazmaların bir
hissəsi parqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin
inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tiflisdə Abbasqulu
Ağa Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan
sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada
saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar
içərisində Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə tökülmüş 7 top və
Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.
1829-cu il yanvarın 12-də Tehrana yetişən A.S.Qirboyedov və köməkçiləri burada
da özlərini ləyaqətsiz aparmış, diplomatik normaları kobud surətdə pozmuşlar.
Onlar kazaklarla birlikdə sərxoş vəziyyətdə bazar və küçələrdə hay-küyü salır,
«xristian əsiri» axtarmaq bəhanəsi ilə evlərə soxulurdular. Bundan başqa
Qirbayedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının
başçısı erməni Mirzə Yaqubu (Markaryanı) öz himayəsinə götürməsi, baş vəzir
Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə
gətirərək hətta şahın da xahişini rədd edərək geri qaytarmaması və digər
hərəkətlər şəhər əhalisinin hiddətinə səbəb olmuşdur.
Tehranın ruhani başçısının çağrışı ilə yüz mindən artıq əhali Qirbayodov və onun
dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplaşdı. Qibayedovun əmri ilə
gözətçilər dinc əhaliyə atəş açdı və bunun nəticəsində çoxlu sayda insan
yaralandı. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü isə əhalinin səbr
kasasını daşdırdı. Onlar binaya daxil olaraq Qribayedovu və 53 nəfər səfarətxan
sakinin (onların 15 nəfəri erməni idi) öldürdülər. Qirbayedovun və digər iki
rusun cəsədi üç gün paytaxt küçələrində atlara bağlyayaraq sürüdüldü və yalnız
dördüncü günü bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri xəlvətcə dəfn
etdilər.
Beləliklə, Rusiyaın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar
siyasətin ideolqu olan A.S.Qirboyedov öz cinayətkar əməllərinin qurbanı oldu.
Azərbaycan xalqına qarşı cinayətlər etmiş şəxslər gec-tez öz layiq olduqları
cəzalarını alırlar. XIX əsrin əvvəllərində Qribayedovun, XX əsrin axırlarında
Polyaniçkonun, Strovoytova və başqalarının faciəsi çoxları üçün ibrət dərsi
olmalıdır.
|