|
Новая страница 1
Məryəm Oruclu
Ermənistan – Azərbaycan münaqişəsi və
böyük
dövlətlərin maraqları
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi ilə əlaqədar vasitəçilik
missiyası və apardığı danışıqlar prosesi uzandıqca həm onun fəaliyyətinin
səmərəsinə, həm də problemin həllinə müxtəlif səviyyələrdə bəslənilən ümidlər də
getdikcə azalır. Qeyd edək ki, konkret situasiyalarda ATƏT-in Minsk Qrupunun
həmsədrlik edən dövlətlər üçün Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar
aparılması aktuallaşır. Onların fəallağı cəmiyyətdə Dağlıq Qarabağ probleminin
həlli ilə əlaqədar ciddi addımlar atılacağı barədə fikir formalaşdırır və xalq
innanmağa başlayır ki, bu münaqişənin sülh yolu ilə həll edilməsinin
mümkünlüyünə xalqda inam oyadır.
Digər situasiyada isə problemin həllinin həmsədr dövlətləri üçün o qədər aktual
olmadığı fikri formalaşır və proseslə bağlı süstlük hökm sürür. Bu daha çox
Azərbaycan cəmiyyətini narahat edir və münaqişənin həllinin yalnız müharibə yolu
ilə mümkünlüyünü diqqət mərkəzinə çəkir. Bu amil cəmiyyətdə müharibə ovqatının
güclənməsinə ciddi şəkildə təsir edir.
Vaxtaşırı olaraq bu iki halın bir-birini əvəz etməsi prosesi davam edir və
problemin həlli ilə əlaqədar sonuc görünməz olur.
Müşahidələr göstərir ki, 2001-ci ilədək Azərbaycan cəmiyyətinin böyük bir
hissəsi münaqişənin sülh yolu ilə həlli prosesinə müəyyən dərəcədə inam və
ümidlə yanaşırdı. Lakin 2001-ci ilin ortalarında Azərbaycanın rəsmi dairələri
ermərilərin hər hansı güzəştə hazır olmadıgını bəyan edən zaman Qarabağla bağlı
aparılan danışıqlar mövzusu yenidən aktuallıq qazandı. Belə ki, ATƏT-in Minsk
qurupunun Ermənistan – Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair irəli
sürdüyü 3 təklif lahiyəsi ilk dəfə olaraq kütləvi informasiya vasitələrində dərc
edildi və lahiyələrin geniş ictimayyətin, siyasi partiyaların və mütəxəssislərin
müzakirəsinə verildiyi elan edildi.
Digər tərəfdən Qarabağa dair Azərbaycan Milli Məclisində aparılan müzakirələr də
Ermənistandan həqiqətən nə isə gözləməyin çətin olduğunu bir daha cəmiyyətə
aşıladı. Eyni zamanda o da etiraf olundu ki, beynəlxalq birliklər,
fövqəldövlətlər işğalçıya təzyiq etmək fikrində deyillər. 2001-ci ilin
əvvəllərində Ermənistanın hakimiyyətdə və müxalifətdə olan siyasi qüvvələri
Ermənistan – Azərbaycan münaqişəsinin «həlli» üzrə birgə hazırladıqları
prinsipləri bəyan etdilər. Həmin sənədə ultimativ şəkildə aşağıdakılar tələb
edilirdi:
1) Dağlıq
Qarabağın Azərbaycana heç bir şaquli tabeçiliyi olmasın;
2) Dağlıq
Qarabağ anklav şəklində qalmasın;
3) Beynəlxalq
ictimaiyyət Dağlıq Qarabağın təhlükəsizliyinə təminat yaratsın.
Əlbəttə, bu şərtlər Azərbaycanın milli və dövlət maraqlarına zidd olduğuna görə
onun tərəfindən qəbul edilə bilməzdi. Təbii olaraq münaqişəsinin həlli üzrə
Azərbaycan cəmiyyətində hamının rəsmən təsdiq etdiyi ümumi və yekdil rəyin
ortaya qoyulmasına ehtiyacı yarandı. «Ermənistan – Azərbaycan münaqişəsinin
həlli üzrə ümummilli Xartiya» da bu zərurətdən meydana çıxdı.
Xartiya münaqişənin həlli üçün ümumilli səciyyə daşıyan aşağıdakı prinsipləri
əsas tutur:
1. Azərbaycan
Respublikasının işğal altındakı bütün əraziləri azad edilməli, dövlətin ərazi
bütövlüyü bərpa olunmalıdır.
2. Məcburi
köçkünlər öz daimi yaşayış yerlərinə (Şuşa, Xocalı və Dağlıq Qarabağdakı digər
məntəqələr də daxil olmaqla) qaytarılmalı və onların təhlükəsizliyinə təminat
yaradılmalıdır.
3. Dağlıq
Qarabağın erməni və azərbaycanlı əhalisinə özünüidarə hüququ verilə bilər, lakin
Azərbaycan Respublikasının dövlət suverenliyini təmin edən səlahiyyətlər ali
dövlət hakimiyyət orqanlarının icraatında saxlanılmalıdır. Problemin sülh
danışıqları yolu ilə həlli mümkün olmadığı təqdirdə Azərbaycan Respublikasının
Konstitusiyasına, BMT-nin Nizamnaməsinə və onun Təhlükəsizlik Şurasının müvafiq
qərarlarna uyğun olaraq, güc tətbiq etməklə təcavüzkar Azərbaycan ərazisindən
çıxarılmalıdır.
Bu göstərirdi ki, cəmiyyətdə artıq Qarabağ məsələsi ilə əlaqədar yekdil rəy
formalaşmağa başlayıb və məsələnin həlli üçün güc tətbiq edilməsi heç də istisna
olunmur. Əlbəttə cəmiyyətdə müharibə ovqatının vaxtaşırı güclənməsi regionda öz
nüfuzunun zəiflətməsi üçün rəqabət aparan fövqəldövlətlərin narahatlığına səbəb
olur. Bu vəziyyət xüsusilə ABŞ və Rusiya arasındakı rəqabəti tamamilə yeni
müstəviyə keçirir.
Ümumiyyətlə, 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi qüvvələrini dünyanın
müxtəlif ölkələrinə, o cümlədən postsovet məkanına yaymaqdadır. Rusiyanın sərt
ehtirazına baxmayaraq, Amerika Yuqoslaviya, Əfqanıstan, İraq məsələlərində
müəyyən etdiyi kursu həyata keçirdi və postsovet məkanında (Ukrayna, Gürcüstan
və s.) demokratik qüvvələrə ciddi dəstək verməkdə davam edir. Belə vəziyyətdə
Rusiya hesab edir ki, itirilmiş mövqelerini xüsusilə Qafqazda qaytarmaq onun
üçün vacibdir. Tarixən Qafqazda möhkəmlənmək üçün ermənilər Rusiyanın əlində
alət olub. Rusiya kənardan təsir vasitələri ilə Dağlıq Qarabağla bağlı
prosesləri Ermənistan vasitəsilə idarə edir. Digər tərəfdən, Rusiyanın
Ermənistanla hərbi müqaviləsi var və əgər hərbi əməliyyatlar başlayarsa, Rusiya
təbii olaraq öz müttəfiqinin tərəfində olacaq. Müşahidələr göstərir ki, Qafqaz
regio-nunda qarışıqlıq və qeyri-sabitliyin yaranmasında ən maraqlı dövlət
Rusiyadır. Çünki belə olan təqdirdə Rusiya həm neftin qiymətinin yüksək həddə
çatmasından, silah alverindən yararlanacaq, həm də Bakı-Ceyhan neft kəmərinin
reallaşmaması ehtimalı artacaq. Ona görə də Rusiya Dağlıq Qarabağ probleminin
həllində də bir o qədər maraqlı ola bilməz. Rusiya yalnız vəziyyətdən istifadə
edib iqtisadi maraqlarını təmin etməyə çalışır. Bütün bu hadisələr fonunda
cəmiyyətdə getdikcə daha çox belə bir fikir formalaşır ki, Rusiya, ümumiyyətlə,
Dağlıq Qarabağ məsələsinin həllinin əleyhinədir. Çünki Ermənistan–Azərbaycan
münaqişəsi ilə əlaqədar hər hansı həll modelinin reallaşması Ermənistan və
Azərbaycanın Rusiyanın əlindən çıxması demək olardı. İndiyə qədər münaqişənin
həlli üçün üç həll planı hazırlanıb. Rusiyanın fəal iştirakı ilə hazırlanan bu
həll variantları elə hazırlanıb ki, tərəflər bunu qəbul etməsinlər və problem
həll olunmamış qalsın. Münaqişənin sülh yolu ilə həlli barədə həqiqət ondan
ibarətdir ki, aparıcı dövlətlər konfiliktin həllinə obyektiv və konstruktiv
yanaşsalar, problemi qısa zamanda çözmək və nizamlamaq mümkündür. Hətta təkcə
ABŞ-nın obyektiv mövqeyi kifayətdir ki, münaqişəni ədalətli şəkildə nizamlamaq
mümkün olsun. Bunun üçün isə ABŞ təcavüzkar Ermənistanı təcavüzkar kimi
tanıtması yetərlidir.
Hazırda Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar aparılan sülh danışıqları
yolunda əsas maneə olaraq Rusiya başa düşülür. Hesab edilir ki, Rusiya bu
məsələdə vasitəçi olduqca problem çözülməmiş qalacaq. Lakin Rusiyanın çöküş
prosesinin dərinləşməsi problemin həlli istiqamətində müsbət addımlar atılmasına
kömək edə bilər.
|