|
Новая страница 1
Rəna
Mirzəzadə
Qarabağın gender tarixi: ictimai-siyasi mənzərə
Qarabağın tarixi keçmişinə ekskurs edəndə aydın olur ki, əzəli Azərbaycan
ərazisi olan bu diyarın da ensiklopedik bir gender tarixi var. Qarabağın tarixi
açıq-aşkar göstərir ki, kişi-qadın münasibətlərinin identifikasiyasının köklü
fərqində, nə qədər paradoksal olsa da, xüsusilə seçilən qadınlar olmuşdur. Bu
qadınlar öz xeyriyyəçilik, maarifçilik missiyası ilə hətta kişilərin də
birliyinə nail olmağa cəhd etmiş, praktik olaraq öz əməlləri ilə öz dövrünün
fədakar şəxsləri kimi hörmət və nüfuz qazanmışlar.
Bu prosesdə bir sıra amillər də təsiredici şərt idi. Əvvəla, Qarabağda ən qədim
dövrdən bəri formalaşan Azərbaycan-Türk mədəni-ədəbi mühitinin mövcudluğu idi.
İkincisi, Qarabağın kişi ziyallıları arasında Avropada təhsil alanların da
dünyagörüşündə Qərb mədəniyyətinə inteqrasiyanın baş verməsi də önəm daşıyırdı.
Nəhayət, həm də Qarabağ Azərbaycanın mədəniyyət Mərkəzi kimi tanınırdı.
Kimdir bu qadınlar? Tarix nə yazır? Tarix yazır və göstərir ki, məhz bu qadınlar
hesabına bəzən müharibə, savaş dayanmışdır. Tarixdə bu günə kimi qalan «nigah
diplomatiyası» məhz ən əsas səbəblərdən biri kimi xüsu-si vurğulanmalıdır. Hər
tərəfdən separatçı məliklərlə əhatələnmiş İbrahim xan, Qarabağda hökranlığı tam
ələ almaq və atası Pənah xanın işini davam etdirmək üçün özünə müttəfiqlər
aramağa çalışırdı. O, ilk addım kimi, Car-Balakən camaatının başçısı Ümmə xanın
bacısı ilə evləndi. Bu «nigah diplomatiyası» sonralar da onun çox işinə yaradı.
Pənah xandan sonra güclənən çəkişmələrin, mərkəzdənqaçma qüvvələrinin qarşısı
alındı. Əhməd bəy Cavanşir yazır: «Nadir şahın sərdarlarından biri olan Urmiyalı
Fətəlixan Afşar Azərbaycan, Urmiya və başqa vilayətlərin əhalisindən çoxlu qoşun
toplayıb Qarabağı ələ keçirmək və Pənah xanı aradan götürmək məqsədilə Şuşa
qalasına gəlib qalanın bir ağaclığında düşərgə qurdu… Bu hücumda Fətəli xan
Afşar qoşunundan təxminən iki min nəfər piyada və su-vari qırıldı, əsir düşdü…
Bu hadisədən sonra Fətəli xan Afşar qoşunun məğlub olmasına görə sülh və barışıq
təklif etdi ki, əgər Pənah xan əsirlərimi geri qaytarsa, qızımın kəbinini onun
böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm və biz əbədi qohum və dost olacayıq.
Bir şərtlə ki, oğlunu mənim yanıma göndəsin. O isə orduda şirni içilib kəbin
kəsildikdən və iki-üç gün burada(qonaq) qaldıqdan sonra geri qayıtsın» (bax:
Azərbaycan tarixi, 1996, s.515). Burada diqqəti çəkən məqam nədir? Əsrlərdən
gələn adət-ənənəyə görə, adətən oğlan tərəf qız tərəfə elçi düşər. Burada isə
paradoksal olsa da, hadisə tamam əks bir mövqe göstərir. Hər halda yaranan
situasiya, münasibətlər bəzən əsrlərin yazdığı «qayda»ları pozub yenisini diqtə
edir.
Digər bir tarixi fakta nəzər yetirək. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada
qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah «hər iki
tərəfin xatircəmliyi üçün» İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşud Banu
Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha qol
qoyur və razı olur. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla
bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların
zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum
edilmişlərin əfv olunmasına nail olurdu. Maraqlı olan bu faktdan çıxış etsək və
bu günün prizmasından dövrü gender müstəvisində təhlil etsək, Ağabəyim Ağa insan
hüquqçusu qismində çıxış etməyibmi?! Bu, Azərbaycanın qadın tarixidir.
Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi
idi və sonradan fransız dilini öyrəqərək, avropalılarla sərbəst danışmış, dövrün
bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransız
imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napaleon Bonaparta məktub
göndərmişdi. Rusiya – İran münasibətlərinin barışıqla nəticələnməsi işində də
Ağabəyim Ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim Ağaya göndərdiyi
məktubunda yazırdı: «Ey Bəyim, Siz öz müdrikliyinizlə
mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz» (bax: «Qadın, gözəllik
və ülviyyət, B., 2001, s.46). Ağabəyim Ağaya Qarabağı çox sevən, öz torpağının
həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də
demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı «Sarı Aslan» ləqəbli
Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən
qurtarmışdı.
Qarabağın gender tarixindən danışarkən müxtəlif isimlər içərisində XIX əsr
Azərbaycan ictimai mühitində Xan qızı adı ilə tanınmış Xurşud Banu Natəvanın
müstəsna yerini unutmamalıyıq. Kim olub Natəvan? Dövrünün ziyalısı, əsilzadə,
çox məşhur, ictimai fəallığı ilə seçilən bir qadın. Rza Əlləddin İbn Fəxrəddinin
1904-cü ildə çapdan çıxmış qızı Zeynəbə həsr etdiyi «Məşhur xatunlar» əsərində
Natəvan haqqında yazır: «Zirək, aqilə olub, türki və farsı, həm ərəbi bilir və
əksər ömrünü mütailə ilə keçirirdi. Füqarəyə mərhəmətli olub, ümum faidəsi üçün
mal sərf etməkdən ləzzətlənir olmuşdur. Yüz bin rüblə rus ağcası fəda edərək
Şuşa (Qarabağ) şəhərinə çeşmə, şirin su gətirmişdi» (İfadələr eyni ilə
verilmişdir… R.M.)
Azərbaycanlı tarixçi alim S. Gəncəli yazır: «Ömrünü xeyirxah işlərə, mədəniyyət
və maarifin yayılmasına sərf edən bu həssas qəlbli şairə, rəssam qadın 1867-ci
il Paris Dünya sərgisinin, 1869-cu il Moskva və 1882-ci il Tiflis bədii kənd
təsərrüfatı sərgisinin iştirakçısı olmuşdur. Sərgidə Natəvanın saxladığı məhşur
Qarabağ atları, əl işləri, Qarabağda yetişdirilən taxıl növləri nümayiş
etdirilmişdir. O, birinci yeri qazanmış, qızıl medala layiq görülmüşdür. Bu
haqda Rusiyada çap olunan «Konnozavodstva» curnalının 2 və 11-ci saylarında
məlumatlara rast gəlirik.
Gender tarixindən bəhs edərəkən niyə məhz Natəvanın adını qeyd etməyi zəruri
hesab etdik? Professor Əzizə Cəfərzadə göstərdiyi kimi Natəvan Şuşa şəhərində
ədəbi qüvvələri birləşdirmək məqsədilə 1872-ci ildə «Məclisi-üns» adlı bir ədəbi
məclis təşkil edir və uzun müddət onun rəhbəri olur. O zamankı Azərbaycanda heç
bir nəşriyyatın olmadığınıa baxmayaraq, Natəvanın əsərləri tezliklə yayılır,
müzakirə edilir. «Nə gah olaydı, nə zindan, nə karivan güzari» söyləyən Natəvan
«Ərəstu ilə həm Loğman, Fəlatuni – zaman ağlar» - ifadəsində bir loğman – dahi
alim kimi Aristotelə müraciətində zəmanəsinin ağlar vəziyyətinə etiraz etmiş,
«bəla sərmənzilində gör nə qəfil aşiyan eylər?» - sorğusuna özü cavab verir.
«Çünki bu gülşəndə sərgərdən gəzənlər çoxdu, çox» - və yaxud da «dövrü dönmüş
dövr dövran etmədi kamımca ah!» - söyləyir. Natəvan haqqında fransız yazıçısı
ata A.Düma da yaxşı fikirlər söyləmişdir. Adətən cəhalət, gerilik, mövhumat
məkanı kimi təsvir edilən Şərq mühüti haqqında A.Düma yazır: «Mənim dəvət
olunduğum evdə iki knyaz qadını məclisdə iştirak edirdi». Bu şairə, abadlıq və
mədəniyyət yayan, ictimai və mədəni fəaliyyəti nəinki Şərq, həm də Qərb üçün
örnək olan, Qarabağ mahalından Xan qızı Natəvan idi. Azad fikirli, cəsarətli bir
qadın olan Natəvan üçün, təbii ki, hüquq tələb etmək gərək deyildi. O, qadın
olaraq vətəndaş, ziyalı, ictimaiyyətçi kimi, cəmiyyətdə fəaliyyət göstərmişdir.
XX əsrin Azərbaycan şairəsi Nigar Rəfibəyli haqlı olaraq göstərir ki,
«Azərbaycanlı şairələr xalqın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara,
müharibə qırğınlarına, ölənlərə, itənlərə yas tuturlar. Şairələr Şərq qadının
ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də
hər şairənin, hər qadının öz şəxsi yaraları, şəxsi dərdi, itkisi var». Şərq
şairəsinin islam ölkələrində yaşayıb yaradan qadın sənətkarın işi isə liberal
feministlərin təbirincə, ikiqat zəhmətdən başqa, həm də beşqat, onqat cəsarət,
hünər idi. Onlar qadının hüquqsuzluğuna şerlə, bayatı ilə, Qərbdə
M.Uolstounkraft esse ilə, Natəvan ictimai-mədəni fəaliyyəti ilə, Olimpiya da Quc
edam olunması ilə cavab verirdilər. Bu paralellikdə bir maraqlı cəhət diqqət
çəkir. Bir-birindən xəbərsiz olan, hətta ayrı-ayrı dövrlərdə yaşayan, müxtəlif
millətlərin, dinlərin nümayəndəsi olmuş bu qadınların mövzu, fikir və
baxışlarının uyğunluğu, bir-biri ilə səsləşməsini görürük. Müəyyən mənada bu
eyni olan qadın taleyinin real əksi idi. Yaxud, XVII əsrin I-ci yarısında
yaşamış «Təsnifi-Gülşad» adlı yeganə əsərindən başqa əldə heç bir yazısı mövcud
olmayan Gülşad Xanımın «Bizi apardılar Tatar xanına, fitva verdilər yesirin
qanına, bir namə göndərdim Məşhəd Kanına» - kəlmələri qadın cəsarətinin, qadın
kamilliyinin, cəmiyyətin haqsızlığına qarşı şerlə üsyanında da ədalətə bir
çağırış var.
Qarabağın məşhur gender tarixini işıqlandırarkən Şuşanın digər bir məşhur
xanımı, Fatma xanım Kəminənin də adını qeyd etməliyik. Bu qadın 500-ə yaxın şer
və qəzəlin müəllifidir. Firudin bəy Köçərli onun haqqında «Azərbaycan ədəbiyyatı
tarixi materialları» adlı kitabında geniş məlumat verir. Fatma xanım Kəminə
Qarabağın ədəbi-mədəni tarixində öz ictimai dəyəri ilə seçilmiş, Şuşada təşkil
olunan «Məclisi-Fərəmuşan»da fəaliyyət göstərmişdir.
Bu dövrdə qadın tarixini şərəfləndirənlər içərisində İbrahim xanın digər qızı
Gövhər ağanın da adı xüsusi qeyd olunmalıdır. Öz xeyriyyə işləri ilə xüsusi
fərqlənən bu kübar xanım, atasının Şuşada inşa etdirdiyi Cümə məscidini əsaslı
surətdə yenidən düzəltdirmiş, öz şəxsi əmlakını da buraya vermişdi. Məhz bu
var-dövlət sayəsində də Şuşada «Darrüs-Şəfa» və mədrəsə açılmış, bütün əhaliyə
ərməğan edilmişdi. Ağdama gedən yolda, «Ağa körpüsü» adlanan bir körpü də
saldıran bu xanım, öz geniş xeyriyyəçilik missiyası ilə tanınırdı. Belə ki, o
iki məktəb, iki hamam, iki körpü, xəstəxananı da yoxsulların istifadəsinə
vermişdi.
XIX əsrin tərəqqiyə meylli olanlardan Qarabağın tarixini yazanlardan biri də
Həmidə xanım Cavanşir (Cəlil Məmmədquluzadənin həyat yoldaşı) idi. O öz yaşadığı
kənddə qız məktəbi açmış, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin
təsisində yaxından iştirak etmişdi. Qeyd edək ki, Həmidə Cavanşir Azərbaycan
qadın hərəkatı tarixinin aparıcı simalarından biri hesab olunur. Onun
ictimai-siyasi, ədəbi-mədəni mühitdə fəaliyyəti özü öyrənilməli bir məktəbdir.
Belə demək olarsa, Qarabağın bu səviyyəli və bacarıqlı qadının Cəlil
Məmmədquluzadənin də həyat və yaradıcılığında önəmli yeri olmuşdu. Həmidə xanım
1912-ci ildə Zaqafqaziyada keçirilən pambıqçıların 13-cü qurultayında məruzə ilə
çıxış etmişdi. Onu da nəzərə alaq ki, belə yüksək tribunadan çıxış edən ilk
azərbaycanlı qadındır.
Qeyd etmək lazımdır ki, Azərbaycan elmi ədəbiyyatında fenimizmi adlanmasa da,
qadın məsələsi – qadın probleminə həmişə mütərəqqi nöqteyi-nəzərdən yanaşılmış,
qadın azadlığı, onun təlim-tərbiyədəki rolu müsbət qiymətləndirilmişdir. Düzdür,
cəmiyyət mənfiliklərdən də xali deyildi. Döyülən, söyülən, haqqı tapdanan,
istismar olunan həm qadın idi, həm də kişi. Buna baxmayaraq, ədəbi publisistik
əsərlərin çoxu məhz qadın məsələsinə həsr edilmişdi.
Fikrimizi yekunlaşdıraraq belə nəticə ilə çıxış edək: mübariz, xeyriyyəçi,
maarifpərvər, icmaiyyətçi, mədəniyyət xadimi, ziyallılığın ali rütbəsində
yetişən Qarabağ tarixinin Qadınlarından öyrənmək, bəhrələnmək və onları təbliğ
etmək çox əhəmiyyətlidir. Hər bir həyat məktəbi olan bu qadınlar
bərabərhüquqluluq məsələsini öz işlərində həyata keçirmiş, kişilərlə cəmiyyətdə
birgə fəaliyyətdən qaçmamışlar.
Bu, Qarabağın Qadını, Azərbaycanın Gender tarixidir.
|