|
Новая страница 1
Təvəkkül Əliyev
Qarabağ
Azərbaycanın
qədim sivilizasiya mərkəzi kimi
PROLOQ ƏVƏZİ. Gözəl çağlar idi… Çürümüş beyinlərdən yaranan qurdlar
hərəkətsizdi. Qara buludlar ulu Qarabağ dağlarının şiş zirvələrinə toxunmaqdan
ehtiyat edib uzaq qaçırdı. Yaşıl yamaclar, şəffaf sulu bulaqlar, ahəstə axan
çaylar göz oxşayır, mavi göylərə dikilən gümüş qayalar günəşin gur şəfəqlərindən
bərq bururdu. El adətincə dağa qalxan, doğma yollara öyrəncəli sürülər, Laçın,
Kəlbəcər yaylaqlarına gözüyumulu gedirdi.
İl yaman quraqlıq keçdi… Dağların yaşıl örtüyü saraldı, soldu, gül-çiçəklər
torpağa qısındı, tikanlı kol-kossa artdı, çoxaldı. Yollar keçilməz oldu, yağış
yağmadı, qar düşmədi, köhnə qarınsa barmaq boyda qurdları ayaq açdı, yala-yamaca
yayıldı. Qara buludların qovhaqovu başlandı. Qurumuş bulaqların gözündən
irinçirik qaynadı, çaylara axdı, çaylar bulandı. Eşq-məhəbbət, sevgi-səadət
mahnıları ah-zar burulğanında eşidilməz oldu.
1989-cu il. On gündür payız girib. Ağır-ağır gəlib, onsuz da yarpaqlar çoxdan
tökülüb. Bu gün Qubadlıdan Laçına gedib qayıtmışam. Qubadlı-Laçın yolu mən
tanıyan yol deyildi. Bütün yol boyunca getdiyim maşının sürəti piyada yerişindən
artıq olmadı: maşınlar saysız-hesabsız vaqonları olan qatar kimi uzanırdı. El
dağdan arana qayıdırdı, sürülər bir-birinin ardınca gedir, sanki güclü yağışdan
sonra suyu bulanıb sarıya çalan Həkərinin yanınca başqa bir Həkəri də
qıvrıla-qıvrıla axırdı. Ensiz, qurtarmaq bilməyən yollar darısqallıq edirdi naşı
sürülərə. Sürüyə tanış deyildi bu Həkəri boyu yollar. Mildəki qışlaq yataqlarına
çatmaq üçün 50-60 km əvəzinə 180-200 km yol qət etməli idi bu dilsiz-ağılsızlar,
ağlını itirmişlərin ucbatından. Çoban atının yəhərindən yenicə doğulmuş bir quzu
əllərindən asılmışdı, yellənirdi. Görəsən hələ neçə gün bu nabələd yollarda
yellənəcəkdi o körpə quzu?!
Qubadlı-Laçın yolu necə tab gətirir bu axına, bu döyəcə? Adamlar da, maşınlar
da, sürülər də azıb yolu. Axın Ələm ağacının - Qarabağ dağlarının başına
dolanırdı. Bunları seyr etdikcə fikrimdə Qarabağın uzaq keçmişinə, ulu
başlanğıca, müqəddəs kökə gedib çıxdım. Milyon yaşlı qibləgahım Tuğ çökəyinin,
Quruçay vadisinin yaraşığı Azıx mağarasına üz tutdum.
Azıx dünyaya açılan pəncərəmdi. İlk dəfə burada ocaq qalamış, göylərə can atan
alov dilimlərinin sehrini, qüdrətini görmüş, günəş hərarətinin
oxşarını duymuşam. Bu od, bu ocaq sönməsin deyə əsrlərlə onun keşiyini çəkmişəm.
Məni əhatə edən aləmin sonsuz möcüzələri qarşısında çox aciz qalmışam. Mənasını
bilmədiyim, səbəbini dərk etmədiyim hadisələrlə üz-üzə dayanmışam. Yerə işıq
saçarlar, bulud, yağış, qar, aşıb-daşan çaylar, od-ocaq, gah boz, gah yaşıl, gah
da sarı don geyinən, hərdən qorxunc uğultu ilə ayaqlarım altından qaçan torpaq…
Hər biri bir inam, bir etiqad dayağım olub. Azığımın divarlarını oyub xüsusi
taxçalar düzəltmişəm. Bu taxçalara düzdüyüm ayı kəllələrinə - totemlərə
inanmışam. Rəqəm, say haqqında ilk təsəvvürümü həmin kəllə sümükləri üzərində
çəkdiyim çərtiklərlə bildirmişəm. Daşları yan-yana düzüb bir nəfərin, bir
ailənin, bir kəndin - azəri yurdunun ilk sığınacağını, ilk evini qurmuşam.
Quruçaydan yığdığım daşları parçalamaqla düzəltdiyim alətlər kobud da olsa
karıma gəlib. Bir gün Azıxdan çıxıb ətrafa boylandım, nabələd, lakin beşik
qoxulu səmtlərə yönəldim. Dörd bir yanı gəzdikcə gördüm ki, dünya təkcə dağdan,
dərədən ibarət deyilmiş, ucu-bucağı bilinməyən düzənlər də varmış: mənim beşiyim
Qarabağsa üzük qaşıymış.
İllər keçdi, əsirlər ötdü. Doğma yurda, torpağa təpinən qanbirlərim çoxaldı,
artdı. Beşiyimin dörd bir yanında ocaq qalandı. Quruçay, Köndələnçay
vadilərindən yüksələn hay-haray sədaları aləmə yayıldı. Azıxda, Tağlarda
yaşayanların nəsilləri yeni-yeni məskənlər saldılar: Torağaytəpə, Qaraköpəktəpə,
Leylatəpə, Günəştəpə, Xantəpə, Zərgərtəpə, Kültəpə, Üzərliktəpə, Govurqala…
TARİXİMİZİ YAŞADAN ABİDƏLƏR. Füzuli şəhərinin girəcəyində, Köndələnçayın sağ
sahilində yerləşən Qaraköpəktəpə Qarabağın ən möhtəşəm abidələrindəndir.
Professor Qüdrət İsmayılovun on beş ilə yaxın apardığı arxeolci qazıntılar bu
qədim məskən haqqında bitkin məlumat vermişdir.
Qaraköpəktəpə 10 minillik uzun bir dövrü əhatə edən yaşayış yerinin qalığıdır. O
öz mədəni təbəqələrinin müxtəlifliyinə və qalınlığına görə ölkəmizdə ən nadir
maddi-mədəniyyət abidələrindən biridir. Əsrlərin tufanı neçə-neçə dövləti,
şəhəri, yurdu tarix səhnəsindən silib atmışdır, Qaraköpəktəpədə isə həyat öz
axarını itirməmişdir. O, Şərq ölkələrinə gedən yol ayrıcında yerləşdiyindən
minilliklər boyu mühüm ictimai-siyasi hadisələrin şahidi olmuşdur. Qazıntılar
zamanı buradan əldə olunmuş əmək aləti və silahlar, təsərrüfat və məişət
qabları, geyim və bəzək əşyaları, tikinti və memarlıq elementləri tarixi
keçmişimizin qaranlıq səhifələrini vərəqləməyə, istehsal təsərrüfatının
yaranmasını, oturaq həyata keçilməsini, əkinçi-maldar təsərrüfatın
formalaşmasını, ilk metalın – misin, daha sonra isə tuncun kəşfi və istehsal
olunmasını, Şərq ölkələrii ilə mədəni-iqtisadi əlaqələri, yeni ictimai
münasibətlərin və dini baxışların təşəkkülünü izləməyə imkan verir. Eramızdan
öncə II minilliyin əvvəllərində Qaraköpəktəpə yaşayış yerinin ətrafına iri qaya
parçalarından 3 metr enində nəhəng divar çəkilmişdir ki, bu da onu alınmaz
qalaya çevirmişdi. Maraqlıdır ki, Qarabağda başqa bir yaşayış yerinin –
Üzərliktəpənin də sədd vasitəsilə möhkəmləndirilməsi həmin dövrə təsadüf edir.
Qaraköpəktəpədə üç qanad mis ox ucluqlarına tez-tez rast gəlinməsi göstərir ki,
e.ə. VII əsrdə Ön Asiyanın siyasi həyatında mühüm rol oynamış skif tayfaları
Şərq yürüşləri zamanı bu təpə sakinlərini də dinc buraxmamışlar.
Skif hücumlarından sonra bir müddət - e.ə. IV əsrin ortalarınadək
Qaraköpəktəpədə əmin-amanlıq olmuşdur. Bu dinclik həmin yüzilliyin II yarısında
gözlənilmədən pozulmuş, yaşayış məskəni dəhşətli yanğından dağılıb bütünlüklə
kül və kömür qatının altında qalmışdır. Antik müəlliflərin qeydlərini arxeoloi
materiallarla müqayisə edən Q. İsmayılovun ehtimalına görə, o vaxt Qaraköpəktəpə
yunan-makedon əskərləri tərəfindən talan olunaraq yandırılmışdır.
III-VI əsrlərdə Qaraköpəktəpə sasani şahlarının strateci məntəqəsinə,
Elədəgizlər zamanında iqtsadi və mədəni mərkəzə, xeyli əhali yaşayan böyük bir
feodal qəsrinə çevrilmişdi. Monqol yürüşlərinin ağır zərbəsinə məruz qalan bu
yaşayış yeri bir müddət tənəzzül dövrü keçirdikdən sonra Hülakülər dövründə
yenidən dirçəlmişdi. Teymurilər, Qaraqoyunlu və Ağqoyunlu hökmdarları dövründə
də Qaraköpəktəpədə gur həyat davam etmişdi.
Qarabağın qəbir abidələri arasında Xocalının qədim qəbiristanlığı xüsusi yer
tutur. Bu abidənin elm aləmində tanınmasında alman alimi, pedaqoq və arxeoloqu,
1891-1899-cu illərdə Şuşa realnı məktəbində müəllimlik etmiş Emil Reslerin
xidmətləri təqdirəlayiqdir. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid bir çox
abidələrin (Xocalı, Ballıqaya, Balçılı, Quşçu və s.) tədqiqi onun adı ilə
bağlıdır. E.Resler 1893-1894-cü illərdə Xaçınçay dərəsində nəhəng bir kurqan
açmış, 1 saylı bu kurqanın altındakı daş qutu qəbirdə 4 skelet olduğunu
aşkarlamışdı. Onlardan biri başı şərqə tərəf olmaqla uzadılmış, üçü isə
oturulmuş vəziyyətdə idi. Qəbir avadanlığı zəngindir: tunc qılınc, ox ucluqları,
xəncər, təbərzin balta, dəbilqə, müxtəlif biçimli qablar.
Az sonra – 1895-ci ildə E.Resler qədim Xocalı qəbiristanlığında tədqiqat
aparmışdı. Onun açdığı qəbirlər arasında 11 saylı qəbir daha çox maraq doğurur.
Yaşlı bir adamın dəfn olunduğu bu daş qutu qəbirdən tariximiz üçün əhəmiyyətli
olan xeyli maddi-mədəniyyət nümunəsi toplanmışdır. Qəbir avadvnlığı arasında gil
qablarla yanaşı tuncdan quş fiquru, bıçaq, bir cüt üzük, qızıldan muncuq, üzəri
naxışlı lövhə və əqiqdən muncuq vardır. Əqiq muncuğun üzərində mixi yazı ilə
Assur çarı Adadninarinin adı həkk olunmuşdu. İlk baxışdan E.Resler belə hesab
etmişdi ki, muncuğun üzərindəki yazı deyil, sadəcə moabit və ya nəbati yazını
xatırladan işarələrdir. Az sonra akademik İ.Meşşaninov bu fikrin səhv olduğunu
göstərmiş və həmin yazı haqqında xüsusi məqalələrlə çıxış etmişdi. R.Virxov,
T.Passek, B.Latınin, İ.Cəfərzadə, İ.Dyakonov və başqa alimlər də Xocalı muncuğu
ilə bağlı tədqiqat aparmışlar.
Assuriyada e.ə. XIV əsrin sonlarından VIII əsrin ortalarınadək Adadnirari adlı 4
hökmdar olmuşdur: I, II, III, IV Adadnirari. Haqqında danışdığımız muncuq
Xocalıya hansı yolla gəlib düşmüş və neçənci Adadnirariyə məxsus imiş? Bu
suallara alimlərin yekdil cavabı yoxdur. Çoxları muncuğun I və ya IV
Adadnirariyə aid olmasnı israr edir. İ.Dyakonov isə belə hesab edir ki, Xocalı
muncuğu hələ uşaq ikən taxta çıxmış III Adadnirariyə məxsusdur. Onun hakimiyyəti
dövründə (e.ə.811-781) assur qoşunları Urmiya ətrafında yaşayan mannalıların və
midiyalıların üzərinə yürüşlər etmiş, hətta «günəşin doğduğu dənizə», yəni
Xəzərədək gedib çıxmışdı. Çox güman ki, məhz elə bu yürüş zamanı əqiq muncuq
qədim Xocalının qəhrəman sakinlərinin əlinə keçmişdir.
Xocalıda 20-yə yaxın kurqan qazmış E.Resler belə qənaətə gəlmişdi ki, qədim
Xocalı qəbiristanlığı təqribən 600 ilə yaxın bir müddətdə (e.ə.XIV-VIII əsrlər)
fəaliyyətdə olmuşdur. O, Xocalı kurqanlarını 5 qrupa ayırmışdır ki, sonralar –
1926-cı ildə həmin yerdə bir neçə kurqan tədqiq etmiş İ.Meşşaninov və
İ.Cəfərzadə də bu fikirlə razılaşmışlar. Erməni-rus hərbi birləşmələri
tərəfindən Xocalı işğal olumazdan bir neçə il əvvəl arxeoloq H.Cəfərovun burada
apardığı qazıntılar da deyilənləri təsdiq etmiş, Azərbaycanın Ön Asiya ölkələri
ilə mədəni-iqtisadi əlaqələrinə dair yeni materiallar aşkara çıxarmışdı.
Xocalı kurqanlarında tez-tez rast gəlinən silah nümunələri: xəncər, bıçaq, nizə
ucluğu və s. göstərir ki, qeyd olunan dövrdə əkinçilik, maldarlıq və sənətkarlıq
sahələri ilə yanaşı, hərb sənəti də Qarabağ əhalisinin əsas məşğuliyyəti
olmuşdur. Qarabağın əlverişli təbii-coğrafi şəraiti, zəngin nemətləri qonşu
tayfaları tamahlandırmış və buna görə də yerli əhali əsrlər boyu səksəkəli
vəziyyətdə əlində silah öz yurd-yuvasını qorumaq məcburiyyətində qalmışdır.
Qarabağın ilk orta əsrlərə aid şəhər tipli ən möhtəşəm yaşayış məskəni Ağdam
rayonunun Boyəhmədli kəndi yaxınlığında xarabalığı olan Govurqaladır. Burada
memarlıq sənətinin gözəl nümunələrinə rast gəlinmişdir. Axtarışlar zamanı ağ
daşdan xristian məbədi açılmış və onun içərisindəki daş sənduqədə Alban hökmdarı
Hamamanın qardaşının dəfn edildiyi müəyyən edilmişdir. Govurqalanın «Xırman
yeri» adlanan hissəsində antik dövrün sonlarına aid geniş salonlu məbəd
kompleksi üzə çıxarılmışdır. Əldə edilən arxeoloji tapıntılar (nəfis düzəldilmiş
şüşə qablar, bəzək əşyaları, pullar və s.) qədim şəhər sakinlərinin Suriya,
Bizans, İran və digər qonşu ölkələrlə əlaqəsindən xəbər verir. Hökmdar nəslinə
aid qəbiristanlığın olmasına və bəzi tarixi məlumatlara əsaslanan professor
R.Göyüşov Govurqalanı Alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış,
Bərdə – Dəbil (Dvin) ticarət yolunun üzərində yerləşən Aluen şəhərinin qalıqları
hesab edir. Qeyd edək ki, Qarabağın dağlıq hissəsindəki bir neçə xristian məbədi
də (Amaras, müqəddəs Yelisey və b.) uzun müddət R.Göyüşovun tədqiqat obyekti
olmuşdur.
1979-cu ildə Moskvada nəşr olunmuş «Azərbaycan SSR-in atlası» adlı tədris
məlumat vəsaitinin sonuncu səhifəsində verilən arxeoloji xəritədə
Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisi «ağ ləkə» kimi
göstərilmişdir. Halbuki həmin nəşrdən on il sonra bu rayonlarda aparılan
arxeoloji kəşfiyyat işləri zamanı onlarla abidə aşkara çıxarılmışdır. Hətta
Cəbrayıl rayonu ərazisində mağara tipli ən qədim insan düşərgələrinə («Divlər
sarayı») rast gəlinmişdir. Digər qərb rayonlarımız kimi Cəbrayılda da bütün
tarixi dövrlərə aid abidələr vardır. Karxulu, Torağaytəpə, Qışlaq, Abbashələkən
yaşayış yerləri, Niftalı kurqanları, Sirik və Qız qalaları, Xubyarlı
və Çələbilər son orta əsr memarlıq kompleksləri belə abidələrdəndir.
Qəbirüstü qoç fiqurlarına Qarabağda, eləcə də Qərbi Azərbaycanda (indi
«Ermənistan» adlanan torpaqlarda) tez-tez rast gəlinir. Epiqrafik abidələrin
tanınmış tədqiqatçısı, AMEA-nın müxbir üzvü professor Məşədixanım Nemət həmin
fiqurları paleoqrafik xüsusiyyətlərinə və hazırlanma texnikasına görə XIV-XV
əsrlərin yadigarları hesab edir. Xəzər dənizinin cənub qərb sahillərindən tutmuş
Göyçə gölünün ətrafınadək geniş bir sahədə təsadüf olunan qoç fiqurları yalnız
bizim xalqımıza məxsusdur, maldar Azərbaycan tayfalarının mədəni irsinin bariz
nümunələridir. Hər biri oricinal heykəltəraşlıq əsəri olan daş qoç fiqurları
azərbaycanlıların əsrlərlə yaşadığı torpağa hüququnu təsdiq edən əbədi
paspotlardır. Sisyan rayonunun Urud kəndinin qəbiristanlığındakı XV yüzilliyin
ikinci yarısına aid daş qoç fiquru üzərində həkk olunmuş «Ağvan nəslindən olan
İbrahim» kəlməsinin tariximiz üçün əhəmiyyətindən geniş danışmağa ehtiyac
yoxdur. Erməni vandalları Türkmənçaydan üzü bəri Urmiyadan Göyçəyədək uzanan
ərazilərdə səpələnmiş bu nadir sənət incilərini – tarixi köklərimizi sındırıb
dağıtmaq, yox etmək üçün nə qədər səy göstərmişlər! Cəfəng fikirlərlə qidalanan
bəzi erməni «ziyalıları» tarixi həqiqətləri ört-basdır etmək, saxtalaşdırmaq
üçün nə qədər sərsəmləyirlər! Qarabağın cənubunda, Araz çayı üzərindəki
11-aşırımlı və 15-aşırımlı Xudafərin körpülərinin salınma tarixi, son min ildə
bu körpülərin hər iki tərəfində azəri türklərinin yaşaması tarixçi olmayan
şəxslərə belə məlumdur. 1989-cu ilin yazında erməni «Kommunist» qəzetində çıxış
edən S.Xanzadyan «erməni körpüsalma sənətinin ən qədim və möhtəşəm nümunəsi,
şimali Ermənistanı cənubi Ermənistanın Atropat vilayəti ilə birləşdirən
Xudapirin körpüsü» kimi sərsəm uydurmalarla «tarixi həqiqəti kəşf edirdi».
Qarabağda və Qərbi Azərbaycanda rast gəlinən, yuxarıda bəhs etdiyimiz və bu
məqalədə adını çəkə bilmədiyimiz yüzlərlə abidə, bütün II minilliyi əhatə edən
minlərlə ərəb qrafikalı, müqəddəs Quran kəlməli daş kitabələr, erkən orta
əsrlərə aid yerli yazı nümunələri xalqımızın maddi mədəniyyətindəki, təsərrüfat
və məişət həyatındakı ənənə və varisliyi nümayiş etdirir. Qarabağda Azıxdan
başlanan, qədim və orta əsrlər boyu davam edən həyat göstərir ki, bu bölgə
Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biridir.
EPİLOQ ƏVƏZİ. Qarabağda işğal altında qalan, vandal əllərə tuş gələn
abidələrimiz onları yaşadan və yağı düşmən tapdağında inləyən torpaqlarımızla
birgə xilas gününü gözləyir. Qəlbində Vətən məhəbbəti yaşadan milyonlarla
soydaşımız Qarabağı azad etmək arzusundan və əzmindən heç zaman dönməyəcək.
Qarabağa çökmüş duman tezliklə dağılacaq, yala-yamaca yayılmış qar qurdları al
şəfəqlərdən əriyib yox olacaq, sıxılmış dodaqlara təbəssüm qayıdacaq, ulu
Tanrının ulu Beşiyində dinclik, əmin-amanlıq yaranacaqdır.
|