|
Новая страница 1
Elmira Əliseyran qızı
Qarabağım-qınaq yerim!
Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Aran
dövlətinin, qədim Bərdənin, Əsgəran və Şuşa qalalarının, qədim Albaniya
mədəniyyətinin möhtəşəm qalıqların sinəsində qoruyub saxlayır. Qarabağ Vaqifin,
Natəvanın, Zakirin, Üzeyir Hacıbəyovun, Bülbülün,
Cabbar Qaryağdının vətənidir.
Qarabağ musiqi beşiyidir. Baxtilə Şuşa Zaqafqaziyanın Konservatoriyası
adlandırılırdı.
Nəsillər dəyişir, Qarabağ zəngulələri
və «Qarabağ şikəstəsi» isə dəyişilmir. Bu səsdə min illər boyu bu torpaq uğrunda
qurban getmiş igidlərin ürək atəşini, elin böyük arzularını, bitib tükənməyən,
xoş gün axtarışlarını və qısa ömrün çarəsiz aqibəti duyulur. Elə bil ki, bu səs
dağların, meşələrin lal qayaların səsidir.
Azərbaycan elə ona görə zəngindir ki, yeraltı xəzinəsi olduğu kimi, yerüstü
muğam kimi milyon duyğu çalarlı musiqisi var. Muğamda sevinclə kədər üz-üzə
dayanıb. Muğam Qarabağın havası və suyunda qarabağlının qanındadır.
Musiqiçilərimizin – bəstəkar, müğənni və çalğıçılarımızın əksəriyyəti Qarabağın
yetirməsidir.
Muğam – Azərbaycanlı ruhunun güzgüsüdür; taleyin bizə verdiyi xəzinədir.
Hər mahnının ilkin yaradıcısı və ilkin vətəni var. Məncə, «Qarabağ Şikəstəsi»ni
yaradan bir xalq, muğam kimi sehrli aləmi ürəyində zümzümə edən bir xalq körpə
uşağa, qanına qəltən edə bilməz, ahıl qocanın süngü ilə ürəyini parçalamaz.
Əzəmətli Əsgəran qalasının divarları Azərbaycanın neçə-neçə yerlərindəki –
Balakəndəki, Dəmirqapı Dərbənddəki qala divarının oxşarıdır.
Qarabağda Xocalı faciəsi kimi nağıllara çevrilmiş bir el-oba var idi. Xocalının
da öz «Göygöl»ü var idi. Erməni daşnaklarının sonralar Xan kəndi kimi
Azərbaycanın gözəl bir diyarını gözümüz baxa-baxa Stepanakert adlandıraraq
özlərinə paytaxt eləsələr də, yenə də ayılmadıq. Bir kəs demədi ki, Xan kəndi
nə üçün dönüb Stepanakert oldu? Səs çıxaranda da elə özümüzünkülər başına
vuracaq ki, kəs səsini, qonşu eşidər, yaxşı deyil. Budur bizim xalqın yersiz
qonşupərəstliyi.
İndi isə tarix göstərdi ki, ləyaqətsiz qonşunu evinə buraxmaq, süfrənin başında
oturtmaq nə deməkdir. Dağılmış yurd yerləri, daşları sökülmüş, daşınmış
divarlar, dibindən kəsilib aparılmış çinar meşəsi, o dağlar, o daşlar, o yurd
yerləri uzaqdan boylanır. Vəhşiliyin qurbanı olub. Tarix vəhşiliklər görüb. Amma
erməni vəhşiliyi o vəhşiliyin önündə hesaba gəlməz. Bunları düşündükcə, qəlbimdə
bu misralar yarandı:
Zamanın gedişin tuta bilmirəm
İllər də, aylar da qınayır məni.
O evin qızmayan soyuq bucağı
Yanmayan ocağı qınadı məni.
İllərlə sevilib əzizlənməyən
Yazda bənövşə də qınayır məni.
Məğrur sərkərdə tək qoşunu itmiş
O dağlar, qayalar qınayır məni.
Zəmiləri sovulmuş, təndirləri boş qalmış,
O ellər, obalar qınayır məni.
Anasının üzündə donmuş təbəssüm görmüş,
Südəmər körpə də qınayır məni.
Yasinini itirmiş, cığırları ot basmış
O soyuq məzarlıq qınayır məni.
Düşmənə dost dedirdib,
Dözümümün əvəzinə, yaddaşımı itirdib
Sonra dünya qınayır məni,
dünya qınayır məni
|