|
Новая страница 1
Kərim Şükürov
Kürəkçay müqaviləsi:əsas müddəalar, həyata keçirilməsi
və ləğvinin nəticələrinə dair
Rusiya imperiyasının
XIX
yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq
müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından
istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından
istifadə edirdi. Azərbaycanın Çar-Balakən camaatı (1803) və Gəncənin işğalından
(1804) sonra Qarabağ xanlığı ilə 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi
imzalanmışdı
(Акты
Кавказской Археографической комиссии. Под ред. Ад.Берcе.
т.
II.
Тифлис, 1868, док. 1436, с. 702-705.).
Bu müqavilənin bağlanması şəraiti, şərtləri, xüsusilə Qarabağ xanlığının üzərinə
götürdüyü vəzifələrdən tarixi ədəbiyyatda müəyyən qədər bəhs edilmişdir
(Ибрагимбейли
Х.М. Россия и Азербайджан в первой трети
XIX
века. М., 1969; Azərbaycan tarixi. Yeddi cilddə.
IV
c.
Bakı, 2000, s. 22.).
Lakin Kürəkçay müqaviləsinin şərtlərinin formalaşdırılması təcrübəsi, onun
qarşısına qoyulan məqsədə müvafiq olaraq tərəflərin, ən başlıcası isə Rusiyanın
təəhhüdləri və mahiyyəti, müqavilənin həyata keçirilməsi, ləğvinin nəticələri,
onun Rusiyanın Cənubi Qafqazın müstəqil və yarımmüstəqil hakimləri ilə bağladığı
müqavilələr içərisində yeri və s. çox mühüm problemlər kompleks şəkildə
araşdırılmamışdır.
Kürəkçay müqaviləsinin mətnini xüsusi təhlil etməklə bərabər çarizmin
Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələr, bu və ya digər
dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv
sənədlər və s. də nəzərdən keçirilməlidir. Bu baxımdan Rusiya ilə Quba xanlığı
arasında 1782-ci il müqaviləsi
(Братya
на веки. Документы и материалы. В двух томах. Т.1.
IX
в. - 1922 г. Баку, 1987, с. 103-104.),
Kartli-Kaxet çarlığı ilə 1783-cü il Georgievsk müqaviləsi
(Бутков
П.Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год. ч.
II,
СПб, 1869, с. 122-129; Вопросы истории внешней политики грузинских феодальных
государств. Тбилиси,
1970,
с.
186-245.),
I
Pavelin 1801-ci il yanvar və
I
Aleksandrın 12 sentyabr manifestləri
(ПСЗ.
Собрание
I,
т.XXVII,
№20620;
АКАК,
т.I,
Тифлис,
1866,
с.
132-133.),
Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgievsk müqaviləsi
(АКАК,
т.
II,
Тифлис,
1868,
с.
1009-1011.);
Çar-Balakənin andlı öhdəliyini
(Там
cе.
док.
1179.),
Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtləri , Qərbi Gürcüstanın knyazlıq
və çarlıqları ilə münasibətlərə dair müqavilələri
(Очерки
истории Грузии.
т.V,
Тифлис,
1990,
с.
41.)
və b. qeyd etmək olar.
Quba xanlığı ilə Rusiya arasında 1782-ci il müqaviləsi ticarət əlaqələrinə həsr
edilmişdi. Cənubi Qafqazda Rusiya himayəçiliyi ilə bağlı ilk müqavilə 1783-cü il
Georgievsk müqaviləsi idi.
Georgievsk müqaviləsi on yeddi il qüvvədə olmuş,
I
Pavelin 1801-ci il 18 yanvar və
I
Aleksandrın 1801-ci il 12 sentyabr manifestləri ilə ləğv edilmişdi
(Новосельцев
А.П.
Георгиевский трактат
1783
года и его историческое значение
//
История СССР,
1983, №4,
с.
51-40.).
1802-ci il 28 dekabr Georgievsk müqaviləsi isə Rusiyanın ali himayəsi altında
sülh və dostluq ittifaqı adlandırılmışdı. Lakin Qafqazdakı rus qoşunlarının baş
komandanı təyin edilən P.D.Sisianov Rusiyanın Qafqazdakı işğal siyasətini də
fəallaşdırdı. Çar-Balakənin işğalından sonra ağır şərtlər qoyuldu. Sisianovun
Gəncə xanlığını diplomatik yol ilə tabe etmək niyyəti baş tutmadıqda ona qarşı
daha kəskin şərtlər irəli sürüldü. Bunlar aşağıdakılar idi:
1. Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya
padşahının təbəəliyinə and içir;
2. Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı
yerləşdirilir;
3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki
ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu
maddələri imzalayan zaman 1804-cü il üçün həmin məbləği əlüstü ödəyir;
4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;
5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki
onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər. Yuxarıdakılara sədaqətlə
əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş
idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir
(АКАК, т.II, док. 1179.
Azərbaycan
dilinə tərcüməsi:
Məmmədoğlu Ə.
Məktublar:Sisyanov-CAvad
xan//
Respublikaг.
1990-cı
il
22
sentyabr.).
Sisianov 1804-cü ilin yanvarında Gəncənin işğalından Kürəkçay müqaviləsinin
imzalanmasınadək olan dövrdə Qarabağ xanlığını Rusiyanın himayəsinə keçmək üçün
diplomatik tədbirlər görməyə başlayır. Bu diplomatik tədbirlərin müqavilə
bağlanması ilə başa çatmasında onun əsas müddəaları da müəyyən rol oynadı.
Aparılan tekstoloji təhlil göstərir ki, Qarabağ xanlığı ilə müqavilə bağlanarkən
bəzi istisnalarla məhz Kartli-Kaxet çarlığı ilə 1783-cü ildə bağlanmış
Georgievsk müqaviləsinin başlıca müddəaları əsas götürül-müşdü. Faktlar sübut
edir ki, Qarabağ xanı İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin
müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ
xanlığının da adı çəkilirdi
(Русско-Дагестанские отношения в XVIII – начале XIX в. Сб.
документов.
М., 1989, с. 181; Həmçinin baxın: Алияров С.С., Алиева Ф.М.
Георгиевский трактат в контексте оценки внешне-политического положения
Азербайджана // Роль рабочих организаций в развитии революционного движения в
Азербайджане. Баку, 1984, с. 75-83.).
Bununla birgə Qarabağ xanının vəziri M.P.Vaqif Tiflisdə həmin müqavilənin
bağlanması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş və burada, nəinki
poetik, eləcə də diplomatik-siyasi baxımdan əhəmiyyətli şer oxumuşdu
(Molla
Pənah Vaqif. Əsərləri. Bakı, 1988, s. 140.).
Sisianovun İbrahim xanla yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü
zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki,
İbrahim xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Buna nə
dərəcədə nail olmuşdu? Bu suala cavab vermək üçün 1783-cü il Georgiyevsk
müqaviləsinin şərtlərinə nəzər salaq. Bu müqavilə 13 əsas və 4 separat
artikuldan (latınca artisulus – bölmə, maddə deməkdir) ibarət idi. Birinci
artikula görə Kartli və Kaxet çarı Rusiya himayəsini, qəbul edirdi. İkinci
artikula görə Rusiya
II
İraklinin torpaqlarının saxlanmasına söz verirdi. Üçüncü artikulda Kartli və
Kaxet çarlarının hakimiyyətə gəlməsi qaydasından, dördüncü artikul isə Kartli və
Kaxet çarlığının xarici siyasət hüququndan məhrum olunmasından bəhs edilirdi.
Beşinci artikul gürcü çarının Rusiya imperator sarayında, rus çarına isə
Tiflisdə nümayəndəsi olmasını təmin edirdi (Burada və sonra seçmə ilə
ayrılmış artikullar Kürəkçayda yoxdur – K.Ş.). Altıncı artikulla Rusiya
imperatoru Kartli və Kaxet çarlığının daxili müstəqilliyini qəbul edirdi.
Yeddinci artikula görə Kartli və Kaxet çarlığı Rusiyanın tələbi ilə düşmənə
qarşı birgə çıxış etməli idi. Səkkizinci artikulda gürcü katalikosunun 8-ci
Rusiya arxiyepiskopu və Sinodun üzvü olmasından, doqquzuncu artikulda gürcü
knyaz və zadəganlarının Rusiya zadəganları ilə eyni imtiyazları almasından,
onuncu artikulda Kartli və Kaxet sakinlərinin Rusiyada məskunlaşmaq imkanından,
on birinci artikulda Kartli və Kaxet çarlığı tacirlərinin Rusiyada sərbəst
ticarətindən söz açılırdı. On ikinci artikulda müqavilənin əbədi
zamanadək imzalanması, on üçüncü artikulda isə ratifikasiya məsələsi qeyd
olunurdu. Separat artikullardan birincisində İmeretiya ilə xeyirxah
münasibətlərin möhkəmləndirilməsindən, ikinci və üçüncü artikullarda
Kartli və Kaxet çarlığında rus batalyonları yerləşdirilməsi və yerli hərbi
qüvvələrdən istifadədən, dördüncü artikulda isə hərbi və ya sülh yolu ilə Kartli
və Kaxet çarlığının itirdiyi torpaqların geri qaytarılmasından bəhs edilirdi.
Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında
traktat bağlamaqla ona ciddi önəm verirdi.
Müqavilə preambula və on bir artikuldan ibarət idi. Müqavilənin preambulasında
Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi
təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi.
Kürəkçay müqaviləsinin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5
və 7-ci maddələrində Rusiya imperatorunun öhdəlikləri əks olunmuşdu. Rusiya
birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim
xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm
məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda Şuşalı və Qarabağlı
İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının
bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi.
Müqavilənin onuncu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə
bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. On birinci maddə
müqavilənin ratifikasiyası haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ
məliklikləri və ya enmənilərin xanlığa hər hansı iddia və münasibətindən bir
kəlmə belə yoxdur. Bütün bunlarla bərabər Qarabağ xanlığının müsəlman dövləti
olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi
şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və başqa artikullarda irəli sürülən
müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə digər yeni şərtlərlə
Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində
imzalanan 1783-cü il Georgievsk müqaviləsindən fərqli olaraq Kürəkçay müqaviləsi
yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə
Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgievsk
müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının
formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi
Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay
müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr
müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı
olan bəzi dəyişikliklər (bacın miqdarı və s. ) edilmişdi
(АКАК,
т.
II,
док.
1301, 1366.).
Kürəkçay müqaviləsinin tarixinin ən mühüm məsələlərindən biri də onun həyata
keçirilməsi ilə bağlıdır. Burada da Rusiyanın Cənubi Qafqazda bağladığı
müqavilələrin tarixi təcrübəsinə nəzər salmaq zərurəti yaranır. Bu sahədə tarixi
faktlardan aydın olur ki, Rusiya imperiyası Cənubi Qafqaz hakimləri ilə
bağladığı heç bir müqaviləyə, o cümlədən 1805-ci il 14 may Kürəkçay müqaviləsinə
onun şərtlərində elan edildiyi kimi əbədi müddətə əməl edilməmişdi: Kürəkçay
müqaviləsi on yeddi ildən sonra, 1822-ci ildə ləğv edilmişdi.Lakin müqavilənin
qüvvədə olduğu on yeddilik dövrün özündə də onun, əsasən, Rusiya tərəfindən
pozulması ilə bağlı bəzi faktların, xüsusilə İbrahim xanın qətli kimi qəddar
hadisə
(İbrahim
xanın qətli haqqında baxın: Axundov N. Qarabağ salnamələri.
Bakı, 1989, s. 140-145; Ибрагимбейли Х.М. Россия и Азербайджан в
первой трети
XIX
века. М., 1969.)
ilə birgə, bundan sonra yaranmış təəhhüdün də yerinə yetirilməsi üzərində
dayanmaq lazımdır. Kürəkçay müqaviləsinin üçüncü artikuluna görə Rusiya Qarabağ
xanlığında İbrahim xanın irsi hakimiyyətini təmin etməli idi. Belə bir şəraitdə
Qarabağda hakimiyyətin xanı oğlu Mehdiqulu xana keçməsi barədə xüsusi fərman
verilmişdi. Bu fərmanın mətni də (onu Azərbaycan dilində Ş.Cəmşidov
nəşr etdirmişdir – K.Ş.) Kürəkçay müqaviləsinin qiymətləndirilməsi baxımından
mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq fərmanın mətnini burada verməyi
məqsədəuyğun hesab edirik: «
I
Aleksandrın İbrahim xanın ölümündən
sonra onun oğlu Mehdiqulu ağanın xan elan edilməsi haqqında FƏRMANI: Biz, alli
məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan Allahın mərhəməti və köməyi ilə
bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal və
rifahını təmin edən imperator
I
Aleksandr, bildiririk: Qoy bizim şahanə lütf və qayğımıza imperatorluq qüdrət və
mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli
başbilənləri, görkəmli və şərafətli əyanları, bəyləri, sərkərdəri, kəndxudaları,
ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən il – 1220-ci il (1805-ci)
ildə mərhum İbrahim xan bizim şahlıq sanişinimiz olan general knyaz Sisianovla
birlikdə bir «Andlı öhdəlik» tərtib etmişlərdi və general onu dərhal
imperatorluq dərgahına çatdırmışdır. Biz həmin «Andlı öhdəliyin» tələb və
şərtləri ilə tanış olduqdan sonra, mərhum xanın irəli sürdüyü bütün arzu və
tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb onu bütün
Qarabağ xalqı ilə birlikdə himayəmizə alıb, onları ali Rusiya dövlətimizin qədim
sədaqətli təbəələri sırasına daxil edərək, mərhum İbrahim xanı xüsusi
imperatorluq Fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi elan etdik və
təminat veririk ki, Qarabağın imperatorluq təbəəliyinə daxil olan bütün
rəiyyətləri, mərhum xanın varisləri daima imperatorluq tərəfindən lazımınca
mühafizə olunacaq və dünya durduqca bu ocaqdan çıxan onun varisləri
nəsildən-nəslə Qarabağın xanlıq taxtına oturub, müstəqil surətdə hökmranlıq
etmək hüququ ilə təmin olunacaqlar.
İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir
hadisədən sonra yenə sədaqətli vilayət rəiyyətlərinin məişətlərini təmin etmək
sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişilməmiş qaldı.
Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək
rütbəli vərəsə general mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar
edib, Qarabağ vilayətinin xanlıq taxtında oturtdu və bu Qərarı imperatorluq
tuqrası (fərmanı) ilə təsbit etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat
üçün bütün Elbrus və Gürcüstan əyalətlərində şahlıq sanişini olan qraf Qudoviçə
də göndərilsin. Ali məqam Mehdiqulu xana da qətiyyətlə bildirirk ki, o, Qarabağ
vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xanı
möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədələr və
şərtlərin hamısının təmini eynilə qüvvədə saxlanılsın.
Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, həmin bu
şahanə fərman və elamnamə vasitəsilə Qarabağ xalqının böyük üləma fazilləri,
görkəmli şəxsləri, əyan-əşrəfləri, bəyləri, sərkərdələri, kəndxudaları,
ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir ki, ali məqam general
Mehdiqulu xan əlahəzrət imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb
Qarabağ vilayətinə müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona
tabe olub, baş əyərək, sözündən çıxmasın. Xanın əmrinə və hakimiyyətinə aid olan
bütün qayda-qanunlara əməl etsinlər. Xalqın xeyrinə olan işlərdə ona kömək edib,
zərərli hərəkət və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki,
imperatorluq öz ali mərhələməti və qayğısı ilə həmişə onlara lazım olan köməyi
əsirgəməyəcəkdir.
Paytaxt Peterburqda 10 sentyabr 1806-cı miladi ilində müvafiq hicri tarixi
1221-ci ildə rəcəb-ül-mürəccəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini
fələk Cəlallı əlahəzrət imperator belə imzalamışdır: Aleksandr».
Fərmanın mətni ilə tanışlıq göstərir ki, o, əslində Mehdiqulu xanın Qarabağ xanı
təyinin bəyan edilməsindən daha böyük məsələləri əhatə edir. Burada mərhum
İbrahim xanın Qarabağ vilayətinin müstəqil hakimi elan edilməsi bir daha təsdiq
olunur, onun varislərinin Qarabağda hökmranlıq hüququna təminat verilir və s.
Fərmanda mühüm bir məsələ də birmənalı həllini tapır: çar hökuməti İbrahim xanın
qətli ilə yaranan mürəkkəb şəraitdə də nə məlikliklər, nə də ermənilər haqqında
bir kəlmə söyləmir! Elmi və siyasi-hüquqi baxımdan bu böyük məna kəsb edir.
Digər artikullar, əsasən təşkilat-təsərrüfat xarakteri daşıyırdı.
1804-1813-cü illər rus-İran müharibəsində çarizmin qələbəsi və 1813-cü il 12
oktyabr Gülüstan müqaviləsi
(Юзефович
Т.П. Договоры России с Востоком, политические и торговые. СПб., 1869, с.
208-214.),
Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycanın işğalı, burada
müstəmləkə idarə sisteminin bərqərar edilməsi Qarabağ, Şəki və Şirvan xanlıqları
ilə bağlanmış müqavilələrin həyatiliyini zərbə altında qoydu. Qafqazdakı rus
qoşunlarının baş komandanı A.P.Yermolovun dövründə (1816-1827) adı çəkilən
xanlıqların ləğvi reallaşdırılmağa başladı. 1819-cu ildə Şəki, 1820-ci ildə
Şirvan, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edildi
(Записки
А.П.Ермолова. 1798-1826. М., 1991, с. 338, 366, 382.).
Qarabağ xanlığının ləğvindən sonra o, əyalətə çevrildi. 1823-cü ildə əyalətin
«təsviri» keçirildi
(Описание
Карабахской провинции. Тифлис, 1866.).
Qarabağ xanlığının ləğvindən sonra burada çarizmin müstəmləkə sistemi maneəsiz
şəkildə həyata keçirilməyə başladı. Qarabağın bütövlüyünün saxlanmasına
imperator zəmanəti verən Rusiya sözünə əməl etmədi. Qarabağ xanlığı əsasında
yaradılan əyalət 1840-cı ildə Şuşa qəzası adlandırıldı. Sonralar bu ərazidə Şuşa
qəzası ilə birgə Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları yaradıldı. Qarabağda
İbrahim xan və onun varislərinin hakimiyyəti rus administrasiyası ilə əvəz
olundu. Qarabağ əhalisinin etnik tərkibində ermənilərin sayının artırılması üçün
köçürmə siyasəti həyata keçirilməyə başladı. Qarabağda möhkəmlənməyə çalışan
ermənilər 1905-1906-cı illərdə Azərbaycanın digər yerlərində olduğu kimi burada
da Azərbaycanlılara qarşı genosid törətdilər
(Bu
barədə daha ətraflı baxın: Şükürov K. Qarabağ Rusiya imperiyası tərkibində //
Qarabağ dünən, bu gün və sabah. Bakı, 2004, s. 118-121; Mahmudov Y., Şükürov K.
Qarabağ tarixi: Qədim zamanlardan müasir dövrədək // Qarabağ: suallar və
faktlar. Bakı, 2005, s. 1-52.).
Bütün bunlara baxmayaraq, Qarabağ 1805-ci il 14 may Kürəkçay müqaviləsinin
ləğvindən sonra da Azərbaycanın əsas sosial-iqtisadi, siyasi və mədəni
mərkəzlərindən biri olmuş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalmış,
Azərbaycan tarixinqin ümumi inkişaf istiqamətində tərəqqi etmişdi.
|