|
Новая страница 1
Cəmil Həsənli
Qarabağ faciəsinin 200 illiyi
Bu il may ayının 14-də Kürəkçay müqaviləsinin imzalanmasının və Qarabağ
xanlığının Rusiya imperiyasının asılılığına keçməsinin 200 illiyi tamam olur.
Bu, mühüm bir tarixi hadisədir və bu hadisə bilavasitə Azərbaycanın Qarabağ
xanlığına və Rusiyaya aiddir. Bir sıra rus və erməni alimləri, jurnalistləri,
hətta siyasətçiləri bu hadisə ilə bağlı tarixi həqiqətləri saxtalaşdırmaqdan
çəkinməyərək Qarabatın guya bir erməni vilayəti olaraq Rusiyaya birləşməsi
haqqında yalanlar uydururlar. Axı, bu elə də uzaq dövrün hadisəsi deyil və bu
hadisələri özündə əks etdirən çoxlu sənədlər mövcuddur. Qarabağ xanlığının
Kürəkçay müqaviləsini imzalaması və Rusiya asılılığını qəbul etməsinin
ermənilərə heç bir dəxli yoxdur. Həmin vaxtlar Qarabağda ermənilər o qədər az
idilər ki, onlar siyasəti müəyyən edə bilməzdilər. Nadir şahın imperiyası
dağıldıqdan sonra XVIII əsrin 40-cı illərində Azərbaycanda təxminən 20-ə yaxın
xanlıq yaranmışdı. Qarabağ xanlığı bunların birincilərindən və ən böyüklərindən
idi. Həmin dövrdə yaranan Şəki xanlığı, Quba xanlığı, Bakı xanlığı, Gəncə
xanlığı, Talış xanlığı, Dərbənd, Şamaxı, Naxçıvan, İrəvan xanlıqları da bugünkü
tarixi anlamda Azərbaycanın Şimalında yaranmış müstəqil dövlət qurumları idi.
Qarabağ xanlığının əsasını Cavanşir tayfasından olan Pənahəli xan qoymuşdu. O
1748-ci ildə Bayat qalasını tikdirdi və məşhur tarixçi Mirzə Camal Cavanşirin
yazdığı kimi "xan bütün ailəsini, qohumlarını və el böyüklərinin əhlüəyalını
oraya topladı". Pənahəli xan Qarabağ xanlığını quranda orada xristian azlığı
mövcud idi və bunlar Dizaq, Vərənd, Xaçın və Çiləbörd məliklikləri idi. Lakin
xanlığın 130 min əhalisi içərisində bu məlikliklərin əhalisi siyasətə təsir
göstərəcək qədər çox deyildilər. Qonşu xanlıqlarla olan müharibələr, xüsusilə
Şəki xanlığı ilə baş vermiş "Bayat savaşı" Pənahəli xan tərəfindən 1751-ci ildə
Şuşa qalasının salınması ilə nəticələndi. Pənahəli xanın vəfatından sonra onun
oğlu İbrahimxəlil xanın dövründə (1763-1806) Qarabağ xanlığı daha da gücləndi.
XIX əsrin əvvəllərində Rusiya Qafqazla bağlı hələ I Pyotr dövründə hazırlanan,
II Yekaterina dövründə əməli xarakter alan planlarını gerçəkləşdirməyə başladı.
1801-ci ildə Gürcüstan Rusiyaya qatıldı. 1803-cü ilin mart ayında Car
Balakən tutulduqdan sonra Gəncə uğrunda döyüşlər başlandı. 9 aylıq mühasirədən
sonra Gəncə təslim oldu. Gəncədən sonra növbə Şəki və Qarabağ xanlığının idi.
Nəzərə almaq lazımdır ki, tez-tez İran şahlarının istilası ilə üzləşən bəzi
Azərbaycan xanları qüdrətli Rusiya dövlətinin timsalında uzaq bir himayədara elə
də pis baxmırdılar. Onlar elə düşünürdülər ki, Peterburq çox uzaqdadır və uzaq
himayədarın yardımı ilə xanlar öz müstəqilliklərini saxlayacaqlar. Bu səhvlər
ilk növbədə onların Rusiya haqqında təsəvvürlərinin məhdud olması ilə bağlı idi.
1804-cü ildə İranla Rusiya arasında böyük müharibənin başlanması Azərbaycanda
ağır bir durum yaratmışdı. Gəncə təslim olduqdan sonra rus qoşunlarının
komandanı general Sisianov 1804-cü ilin əvvəllərində mayor Lisaneviçi Qarabağa
İbrahimxəlil xanın yanına göndərərək ondan "Rusiya təbəəliyinə" keçməyi tələb
etdi. İbrahimxəlil xan xanlığı qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə
razılıq verdi. 1805-ci ilin mayında İbrahimxəlil xan oğlanları Məhəmmədhəsən
ağa, Mehdiqulu ağa, Xanlar ağa və kürəkəni Şəki hakimi Səlim xanla birlikdə
Sisianovun Kürəkçay üzərində saldığı düşərgəyə gəldilər. May ayının 14-də
Qarabağ xanı İbrahimxəlil xan tarixə Kürəkçay müqaviləsi kimi daxil olmuş "Andlı
öhdəliyə" öz möhürünü basdı, Sisianov isə öz imzasını qoydu. Bütün hadisələr
belə olub və göründüyü kimi burada heç bir erməni amili, erməni izi yoxdur.
Kürəkçay müqaviləsi 11 maddədən ibarətdir. Birinci maddəyə görə, Qarabağ xanı,
onun varisləri və xanlığın bütün əhalisi Rusiya çarının vassalı olmağa razılıq
verirdi, Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq
qalmaq təhəddüdü qoyulurdu. İkinci maddəyə görə, Rusiya çarı özünün və
vəliəhdlərinin adından "zati alilərinin (İbrahimxəlil xanın) və onun
varislərinin ölkəsinin (Qarabağ xanlığının) bütövlüyünün saxlanmasına öz
imperator zəmanətini verirdi. Dördüncü maddəyə görə, İbrahimxəlil xan müstəqil
xarici siyasət hüququndan çarın xeyrinə imtina edirdi. Beşinci maddəyə görə, çar
söz verirdi ki, xanın varis və arxasının "Qarabağ xanlığı üzərində hakimiyyəti
dəyişməz saxlanılacaq, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və
divanxana, ölkədən yığılan gəlir "zati-alilərinin (İbrahimxəlil xanın)
səlahiyyətlərində qalacaq. Səkkizinci maddəyə görə Qarabağ xanı çar xəzinəsinə
hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü.
Sənədin ən ağır maddələrindən biri bu idi ki, Rusiya xanlığın mərkəzində Şuşa
qalasına bitişik Xan bağında toplarla təchiz olunmaqla 500 nəfərlik komendantlıq
saxlamaq hüququ əldə edirdi. Kürəkçay müqaviləsinə görə, xan nəvələrindən birini
əmanət olaraq Tiflisə baş komandanın qərargahına göndərməli və onun xərcini də
özü çəkməli idi. Müqaviləyə görə, çarın fərmanı ilə İbrahimxəlil xana rus
ordusunun general-leytenant, oğanları Məhəmmədhəsən və Mehdiqulu ağaya
general-mayor, Xanlar ağaya isə polkovnik rütbələri verilirdi. Bu rütbəni
almaqla Qarabağ xanı və onun oğlanları Qafqaz komandanlığının əmrlərini yerinə
yetirməli idi. Eyni məzmunda müqavilə bir həftə sonra 21 may 1805-ci ildə Şəki
xanlığı ilə imzalandı.
Kürəkçay müqaviləsinin 11 maddəsi içərisində elə bir maddə yoxdur ki, orada
ermənilərlə bağlı nə isə olsun. Bu müqavilə Qarabağın bir Azərbaycan xanlığı
olaraq Rusiyanın vassallığına keçməsini özündə əks etdirən siyasi-hüquqi aktdır
və orada hər şey çox aydın formada yazılıb. Özünü tarixçi, ya siyasətçi hesab
edən adamların həqiqəti çox qabarıq formada əks etdirən belə mühüm sənəddən
yayınmasını heç cürə anlamaq olmur.
Göründüyü kimi, müqavilədə bütün öhdəliklər və imtiyazlar alban məlikləri ilə
deyil, bilavasitə Şuşalı, qarabağlı İbrahimxəlil xəlil xanla bağlıdır.
Həmişə olduğu kimi Rusiya öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Halbuki,
Kürəkçay müqaviləsi əbədilik imzalanmışdı. 1806-cı ildə İran qoşunları Şuşaya
yaxınlaşarkən, öz ailəsini Şuşa qalasının yaxınlı-ğındakı Xankəndinə köçürmüş
Qarabağ xanı İbrahimxəlil xan oğlu Mehdiqulu ağa istisna olmaqla bütün ailəsi
ilə birlikdə mayor Lisaneviç tərəfindən qətlə yetirildi. Bu ağır qətl hadisəsi
Kürəkçay müqaviləsi üzrə Rusiyanın üzərinə götürdüyü öhdəliklərin müvəqqəti
xarakter daşıdığını göstərdi. Bununla belə, nə qədər ki, İranla müharibə davam
edirdi Rusiya Qarabağ xanlığın statusunun dəyişdirilməsinə getmədi.
1806-cı ilin sentyabr ayının 10-da imperator I Aleksandrın fərmanı ilə Mehdiqulu
ağa qətlə yetirilmiş atası İbrahimxəlil xanın yerinə Qarabağ xanı təyin edildi.
Orada deyilirdi: "Biz ali məqamlı və ali cəlallı ehsani ümumə şamil olan allahın
mərhəmət və köməyi ilə bütün Rusiya məmləkətinin, habelə başqa vilayət və
ölkələrin istiqlal və rifahını təmin edən imperator I Aleksandr, bildiririk:
Qoy, bizim şahanə lütf və qayğımıza, imperatorluq qüdrət və mərhəmətimizə ümid
bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və
şərafətli əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün
rəiyyətləri bilsinlər ki, keçən ildə mərhum İbrahimxəlil xan bizim şahlıq
canişinimiz olan general knyaz Sisianovla birlikdə bir "Əhdnamə" tərtib
etmişdilər və general onu dərhal imperatorluq dərgahına çatdırmışdı. Biz həmin
"Əhdnamənin" tələb və şərtləri ilə tanış olduqdan sonra mərhum xanın irəli
sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə
qarşılayıb, onu bütün Qarabağ əhalisi ilə birlikdə himayəmizə alıb, mərhum
İbrahimxəlil xanı xüsusi imperator fərmanı ilə Qarabağ vilayətinin müstəqil
hakimi təyin etdik. Və təminat verdik ki, Qarabağın imperatorluq təbəəliyinə
daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri nəsildən-nəslə Qarabağın
xanlıq taxtında oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin
olunacaqlar". Daha sonra fərmanda deyilirdi: "İbrahimxəlil xanın bir iğtişaş
nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli
rəiyyətlərinin müstəqilliyini təmin etmək sahəsində əlahəzrətin xeyirxah
fikirləri və münasibəti dəyişməz olaraq qalır. Əlahəzrət verdiyi sözə əməl
edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general-mayor
Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib Qarabağ vilayətinin xanlıq
taxtında oturdub və bu qərarı imperator fərmanı ilə təsdiq edir". Bu fərmanda
İbrahimxəlil xana verilmiş bütün hüquqlar Mehdiququ xana verilirdi və Qarabağda
"bütün əhalinin ona baş əyib sözündən çıxmaması, xanın əmrinə və hakimiyyətinə
aid olan bütün qayda-qanunlara əməl etmələri" təsbit olunurdu. Fərmanda
ermənilərlə bağlı heç nə yox idi. Qarabağın kimə məxsusluğunu öyrənmək üçün
1806-cı il 10 sentyabr tarixli imperator I Aleksandrın fərmanı çox mühüm tarixi
sənəddir.
1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiya Azərbaycanda xeyli möhkəmləndi
və "əbədi" olaraq imzalanmış "Əhdnamələrə" məhəl qoymayaraq, xanlıqları ləğv
etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv
edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant
üsul-idarəsi təsis edildi. Beləliklə, 17 ildən sonra Kürəkçay müqaviləsi öz
əhəmiyyətini itirdi.
Qarabağ xanlığı ləğv edildikdən və rus üsul-idarəsi yarandıqdan 1 il sonra
1823-cü ildə rus idarəsi tərəfindən "Qarabağ əyalətinin təsviri..." (Opisanie
Karabaxskoy provinüii, sostavlennoe v 1823 qodu po rasporəce-niö
qlavnoupravləöheqo v Qruzii Ermolova deystvitelğnım statskim sovetnikom
Moqilevskim i polkovnikom Ermolovım. Tiflis, 1866) hazırlandı. Qarabağda
əhalinin sayı, etnik tərkibi haqqında az-çox etibarlı mənbə məhz bu kitabdır.
Prof. S.Əliyarlının bu mənbə ilə bağlı araşdırmalarına görə, 1823-cü ildə rus
idarəçiliyinin Qarabağda qeydə aldığı 18563 ailədən 1559 ailə, yəni 8,4% beş
alban məlikliyinin payına düşür. Erməni alimləri isə bu mənbəyə istinadən
1823-cü ildə Qarabağda 20 mindən artıq ailədən 5107-nin erməni ailəsi olduğunu
yazırlar.
Hətta bu halda belə Qarabağa İran və Türkiyədən ermənilərin kütləvi
köçürülməsinə qədər onların azərbaycanlı əhali ilə müqayisədə çox azlıqda
qalmalarını ermənilər özləri də təsdiq edirlər. "Qarabağ əyalətinin təsviri..."
ermənilərə sərf etmədiyi üçün demək olar ki, Rusiyanın bütün kitabxanalarından
bu mənbəni müxtəlif vasitələrlə çıxarıb məhv etdilər. Bu qiymətli mənbənin daha
dərindən tədqiqinə, kütləvi nəşrinə (o cümlədən xarici dillərdə) və təbliğinə
böyük ehtiyac vardır.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra ermənilərin İrandan Qarabağa
köçürülməsi kütləvi və mütəşəkkil xarakter almağa başladı. Həmin dövrdə bu
işlərə general Paskeviç və onun köməkçisi, milliyyətcə erməni olan Lazarov
başçılıq edirdi. 1828-ci il fevral ayının 29-da general Paskeviç göstəriş
vermişdi ki, ermənilər "başlıca olaraq İrəvan və Naxçıvan vilayətlərində və
qismən Qarabağda" yerləşdirilsin, "bir sıra müsəlman kəndləri dindaşlarının ən
çox məskunlaşdığı yerlərə köçürülsün" və həmin yerlər ermənilərə verilsin. İran
ermənilərinin köçürülməsi işlərinə başçılıq edən Lazarov Paskeviçə yazırdı:
"Qabaqca Marağa erməniləri, sonra isə bütün ermənilər yerlərini tərk etməyi
qərara aldılar. Ermənilərin köçürülməsini təsvir edən S.Qlinka 1831-ci ildə
yazırdı: Türkmənçayla həmhüdud kəndlərin erməniləri Qarabağa yollandılar. Üç ay
yarım ərzində 8 min erməni ailəsi Araz çayını keçdi.
Rus müəlliflərinin, ilk növbədə N.Şavrovun yazdığına görə, məhz 1828-1830-cu
illər ərzində 40 000 İran və 84 600 Türkiyə ermənisi Qarabağın da daxil olduğu
Yelizavetpol və İrəvan quberniyalarına köçürüldü. Şavrov həm də yazmışdır ki,
Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı gəlmə
ermənidir. N.Şavrovun bu fikrini vaxtı ilə XIX əsrin 8 cilddən ibarət olan
tarixini hazırlamış fransız müəllifləri Lavissa və Rambo da təsdiq edirlər.
1925-ci ildə Fransada nəşr olunmuş bu mükəmməl əsər akademik E.V.Tarlenin
redaktəsi ilə 30-cu illərin sonunda SSRİ-də də nəşr olundu. Onlar da təsdiq
edirdilər ki, İrəvan quberniyası istisna olmaqla ermənilər özləri Qafqazda yeni
gələnlər idilər (ermənilərin özləri Yerevan quberniyası istisna olmaqla Qafqazda
gəlmə idilər) (XIX əsr tarixi. Professor Lavissa və Rambonun redaktəsi altında;
1939,c.8,s.298). Yəni, Azərbaycanı və Qafqazı işğal etdikdən sonra Rusiyanın
yeritdiyi siyasət ermənilərin simasında bölgənin xristianlaşdırılmasına
yönəldilmişdi və məhz bu siyasət nəticəsində Azərbaycanın qədim ərazilərində
ermənilərin sayı artmağa başladı ki, bu da sonrakı problemlərin başlanğıcını
qoydu.
İstər birinci, istərsə də ikinci rus inqilabından sonra regionda ağır hadisələr
baş verdi. Nümunə üçün Gəncədən I Dövlət Dumasına deputat seçilmiş İsmayıl xan
Ziyadxanovun 1906-cı ilin iyun ayının 12-də Dumada çıxışına diqqət yetirək. O
deyirdi: "Hörmətli millət vəkilləri, hər dəqiqə ölkəmizdən qorxulu xəbərlər
alıram. Cənabalar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən
keçirik. Artıq səbrimiz tükənib. Biz anaların qucağından alınıb havaya atılan
südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə
qadınların qarnına salınan xəncərlərin açdığı yarıqlardan uşaq əllərinin bayıra
sallandığının şahidi olmuşuq. Qoy, dəlik-deşik edilən cəsədlərdən, anaların,
uşaqların fəryadlarından, iniltisindən həzz alanlar rədd olsunlar". Bu mənzərə
oktyabr inqilabından sonrakı dövr üçün də xarakterik idi. Bolşevizmin Qafqazda
erməni donunda zühur etməsi Azərbaycan türklərinə böyük fəlakətlər gətirdi.
Təkcə Bakıda 1918-ci ilin mart ayında dini və milli əlamətlərə görə 3 gün
ərzində 12 min adam vəhşicəsinə qətlə yetirildi. Eyni hadisə Şamaxıda,
Qarabağda, Naxçıvanda, İrəvanda və digər yerlərdə də təkrar edildi. Yalnız
1918-ci ilin mayında Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra bu
fəlakətlərin qarşısını almaq mümkün oldu.
Yeri gəlmişkən, 1918-20-ci illərdə Ermənistan Cənubi Qafqazda 10 min kv.km.
ərazisi olan dövlət idi. Sovetləşmədən sonra 29,8 min kv.km. oldu. Heç kəs
maraqlanmaq istəmir ki, bu ərazilər haradan gəldi. Axı, Ermənistanın indiki
ərazisinə əlavə edilən bu 19,8 min kv.km. ərazi hamısı Azərbaycanın idi.
Qarabağa gəldikdə isə Xalq Cümhuriyyəti dövründə orada vəziyyəti stabilləşdirmək
mümkün oldu. 1919-cu ildə Ermənistandan gəlmiş milli Şuranın üzvləri Qarabağdan
çıxarıldıqdan sonra erməni əhalisi qurultay çağırıb Azərbaycan hökumətinə tabe
olmaq barədə qətnamə qəbul etdi. Hökumətin Paris sülh konfransında Azərbaycan
nümayəndə heyətinin başçısına göndərdiyi həmin qətnamə Ə.M.Topçubaşov tərəfindən
Versal Ali Şurasına təqdim edildi. Orada deyilirdi: "Qarabağın erməni əhalisinin
nümayəndələri bu əhalinin Azərbaycan hökumətinə tabe olması haqqında qətnamə
qəbul etmişdir".
Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Belə yanlış fikirlərlə dünya
ictimaiyyətini aldadırlar, guya nə vaxtsa Qarabağ Ermənistanın tərkibində olub
və sonra onu Stalin alıb Azərbaycana verib. Bununla, sadəcə olaraq, SSRİ-nin
dağılmasından sonra ermənilər Stalin əleyhinə başlanan kampaniyadan yararlanmaq
istəyirdilər. Məsələ tama-milə əksinədir. Qarabağın dağı da, aranı da tarixən
bir vahid olub və həmişə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Məhz
Moskvanın təşəbbüsü ilə, Stalinin yardımı ilə Qarabağın dağlıq hissəsi inzibati
vahid olaraq onun aran hissəsindən ayrıldı və 1923-cü ilin iyul ayında
Azərbaycanın tərkibində DQMV yaradılmaqla respublikanın altına gec partlayan
mina qoyuldu.
Azərbaycan rəhbərliyi o zaman çox ciddi səhvə yol verdi. DQMV-nin yarandığı
dövrdə tərkibinə qatılan yaşayış məntəqələrinin yalnız adlarına diqqət yetirilsə
bunun 90% Azərbaycan yaşayış məntəqələridir. Bir də əgər Rusiya ordusunun
Mərkəzi dövlət arxivinin sənədlərinə diqqət yetirilsə orada Azərbaycan-
Ermənistan sərhədlərini əks etdirən çox qiymətli sənədlər var. Məsələn onların
biri belədir: "Azərbaycan Sovet Sosialistik Respublikasının mübahisəsiz
ərazisinin Ermənistanla sərhəddinin təsviri". Orada göstərilir: "Azərbaycanla
Ermənistanın sərhəddi Sürməli qəzasından Araz çayınadək olan əvvəlki inzibati
sərhəddən keçir: Ağamzalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra
Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dönür
ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarçəqər kəndləri Azərbaycana
keçir. Sərhəd Göyçə gölünü yarıdan bölür, sonradan Gəncə və İrəvan
quberniyalarından elə keçir ki, Çubuğlu kəndi Ermənistana, Göyçə gölünün qalan
şərq sahili isə Azərbaycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə
quberniyası və Sürməli, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quberniyalarının bütün
qəzaları, eləcə də Kəmərlü, Böyük-Vedi və Dəvəli kəndəli ilə birlikdə İrəvan
quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir".
Qarabağla bağlı növbəti kampaniya ikinci dünya müharibəsindən sonra başlandı.
Türkiyənin Qars və Ərdahan vilayətlərinə iddialar irəli sürülməklə eyni vaxtda
1945-ci ilin noyabr ayının 28-də Ermənistan Kompartiyasının katibi Q.Arutinovun
İ.Stalinə DQMV-nin Ermənistana birləşdirilməsi haqda məktubu var. İ.Stalin
məktubu araşdırmaq üçün G.Malenkova, o da fikrini bildirmək üçün Azərbaycan
Kompartiyasının katibi M.C.Bağırova göndərdi.
1945-ci ilin dekabr ayının 10-da sonuncunun G.Malenkova cavabı var. O bunu
məqbul saymır, əgər Moskva təkid edirsə M.C.Bağırov DQMV-nin verilməsini yox,
ərazi dəyişikliyini mümkün sayır. O yazırdı ki, birincisi Şuşa şəhəri müzakirə
mövzusu ola bilməz, ikincisi Ermənistanın əhalisi bütövlükdə azərbaycanlılardan
ibarət olan Vedi, Qarabağlar və Əzizbəyov rayonlarının Azərbaycana verilməsi,
üçüncüsü isə yaxın vaxtlara qədər Azərbaycanın tərkibində olmuş Dərbənd və
Qasımkənd rayonlarının respublikaya qaytarılması şərtilə bu məsələyə baxmaq
olar. Bu cavabdan sonra Moskva bir də həmin dövrdə sərhədlərin dəyişdirilməsi
məsələsinə qayıtmadı.
Lakin Ermənistan rəhbərliyi 1947-ci ilin dekabrında azərbaycanlıların
Ermənistandan köçürülməsi haqqında İ.Stalinin imzaladığı qərarın verilməsinə
nail oldu. Burada məsələ heç də qərarda deyildiyi kimi Azərbaycanın kənd
təsərrüfatını işçi qüvəsi ilə təmin etməklə bağlı deyildi. Məsələ onda idi ki,
Moskva Türkiyəyə qarşı ərazi tələblərini əsaslandırmaq üçün xaricdə yaşayan
ermənilərin Sovet Ermənistanına repatriasiyası haqqında 1945-ci ilin dekabrında
Xalq komissarları Sovetinin qərarını elan etmişdi. 360-400 min erməninin
köçürülməsi nəzərdə tutulurdu. Bu qərar gözlənildiyinin əksinə olaraq dünyada
yaxşı qarşılanmadı. 1947-ci ildə bu qərarla bağlı 50 mindən bir qədər artıq
erməni Sovet Ermənistanına gəlmişdi. Bütövlükdə isə 1946-49-cu illərdə
repatriantların sayı 90 mindən artıq olmadı. Türkiyədən torpaq almaq mümkün
olmayanda repatriantları yerləşdirmək üçün Ermənistandan azərbaycanlıların
köçürülməsi haqda qərar verildi. Bu barədə 1947-ci ilin dekabr ayının 3-də
Q.Arutinov və M.C.Bağırovun İ.Stalinə məktubu var. Məktubda məhz bu köçürmənin
xaricdən gələn ermənilərin torpaqla təmin edilməsi, onların mənzil-məişət
vəziyyətinin yaxşılaşdırılması məqsədilə azərbaycanlıların köçürülməsi
əsaslandırılmırdı. Bu məktubdan 2 həftə qabaq Moskvada Siyasi Büroda noyabr
ayının 21-də Azərbaycan Kompartiyasının məsələsi müzakirə edilmişdi. Həmin
sənədlər Rusiya Dövlət Sosial Siyasi tarix arxivində bu gün də qapalı
saxlanılır. Orada nə baş verdisə M.C.Bağırov dekabrın 3-də azərbaycanlıların
köçürülməsi ilə bağlı məsələyə razılıq verdi. Təsəvvür edin ki, 100 min
azərbaycanlı evləri və əmanətləri əlindən alınaraq doğma yurdundan deportasiya
edilirdi. Köçürülən əhalinin buna münasibəti son dərəcə mənfi idi.
1948-ci ilin may ayının 3-də Ermənistan SSR Daxili İşlər Nazirliyi general-mayor
Qriqoryanın imzası ilə 11 səhifədən ibarət belə bir sənəd hazırlayıb:
"Ermənistanın azərbaycanlı əhalisi arasında onun Azərbaycan SSR-ə gözlənilən
köçürülməsi ilə əlaqədar əhval-ruhiyyəsi barədə arayış". Orada deyilirdi: "Bizim
tərəfimizdən onların yeni yaşayış yerlərinə köçmək istəmədiklərinə dair,
bəzilərinin isə qəbiristanlığa gedərək yaxınlarının qəbri üzərində ağlayaraq
köçürülməmələri üçün dua etdiklərinə dair çoxsaylı faktlar qeydə alınıb". 100
min insanın deportasiya edilməsində ermənilərin özlərinin təsbit etdiyi həqiqət
bu idi.
Dağlıq Qarabağ termini Azərbaycana sovetləşmə gətirdi. 1921-ci ilin avqust
ayının 1-də Şuşa qəzası sovetlərinin fövqəladə qurultayı keçirildi. Orada çıxış
edən L.Mirzoyan Zaqafqaziya komitəsinin Qarabağın dağlıq hissəsindən Bakıya tabe
olan xüsusi inzibati vahid yaratmaq qərarını tamamilə doğru və məqsədəuyğun
sayırdı. 1921-ci ilin sentyabrında orqbüro və siyasi büroda Qarabağın Dağlıq
hissəsinin muxtəriyyətinin elan olunması barədə Qafqaz bürosuna təklif verilməsi
müzakirə ediləndə N.Nərimanov və D.Bünyadzadə bunun əleyhinə olduğundan qərar
qəbul edilmədi. 1922-ci ilin dekabrında Dağlıq Qarabağ üzrə Komitənin üzvləri
(Qaragözov, Şaduns, Manusyan, Mirzəbekyan) Qarabağın dağ və aran inzibati ərazi
vahidlərinə bölünməsi məsələsini yenidən qaldırdılar. Bu məsələni hazırlamaq
üçün Qarayev, Dövlətov və Mirzəyandan ibarət komissiya təklif hazırlayıb Rusiya
Kommunist Partiyasının Zakkraykomunu plenumuna təqdim etdi. Zakkraykomun
tövsiyəsi ilə Azərbaycan Kompartiyası 1923-cü ilin iyulun 1-də Qarabağın Dağlıq
hissəsini onun qalan hissəsindən ayırıb ora muxtariyyət hüququ verdi. İyulun
7-də qərar elan edildi və DQMV yarandı. Göründüyü kimi, bu termini və bu bəlanı
kommunistlər gətirdilər Azərbaycana.
Təəssüflər olsun ki, DQMV-in yaranması da daxil olmaqla bütün sonrakı dövrdə
Azərbaycan rəhbərliyi bu məsələyə münasibətdə ciddi səhvlərə yol verib. Aydın,
düşünülmüş, əsaslandırılmış mövqe nümayiş etdirmək əvəzinə Azərbaycan rəhbərliyi
xırda istisnalarla bir qayda olaraq ermənilərin iddialarına münasibətdə təslimçi
və barışdırıcı mövqe tutmağa üstünlük verib. Məsələn, 60-cı illərdə
Ermənistandan gələn emissarlar DQMV-nin Ermənistana birləşdirilməsi
istiqamətində imza toplamağa cəhd göstərmişdilər. 1961-ci ildə N.Xruşovun
Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlı Yerevana
səfəri gözlənilirdi. Erməni rəhbərliyi belə bir şayiə yayırdı ki, N.Xruşov
"hədiyyə" ilə gəlir, 1954-cü ildə Ukrayna-Rusiya uniyasının 300 illiyi
münasibətilə Krımı Ukraynaya verdiyi kimi DQMV-i də Ermənistana verəcək. Yeri
gəlmişkən, Yerevanın bu niyyəti ona görə baş tutmadı ki, həmin dövrdə Qarabağ
erməniləri belə avantürist məqsədlər üçün imza verməkdən imtina etdilər. Bunun
əvəzində isə Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlı əhali üçün
dözülməz vəziyyət yartmışdı. Uydurma erməni genosidinin 50 illiyi ilə bağlı
Ermənistanda yaşayan azərbaycanlılar tərəfindən 1965-ci ilin mart ayında
L.Brejnev və A.Qromıkoya göndərilən anonim məktublarda xəbərdarlıq edilirdi ki,
"hazırda Ermənistan partlayıcı maddə ilə doldurulmuş və ilk qığılcımdan alışmağa
hazır nəhəng kürəyə bənzəyir". Məktub müəllifləri "genosid" günü Ermənistanda
yaşayan türklərin qətl olunmaq təhlükəsinin olduğunu yazırdılar. 1977-ci ildə
SSRİ yeni konstitusiyasını qəbul edərkən Ermənistan rəhbərliyi DTMV-nin
Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdı. Lakin Azərbaycan
hakimiyyətinin qəti etirazı nəticəsində bu iddialar rədd olundu.
Yəni, Sovet hakimiyyətinin bütün dövründə Ermənistan rəhbərliyi ermənilərin
qonşu xalqlara nifrətini, məcazi mənada desək, kökdə saxlaya bilib. Bizdə isə
1981-ci ilin iyununda Azərbaycan SSR Ali Soveti DQMV-nin statusu haqqında qanun
qəbul edərkən ciddi səhvlərə yol verdi. Həmin dövrdə SSRİ-də muxtar qurumlar
üçün nəzərdə tutulmayan hüquqlar 1981-ci il 24 iyun qanunu ilə yeganə olaraq
Dağlıq Qarabağa verildi. Məsələn orada deyilirdi ki, DQMV-nin vilayət Sovetinin
razılığı olmadan onun inzibati ərazi quruluşunda dəyişiklik edilə bilməz. Əlavə
olaraq DQMV-ə daha iki imtiyaz verilmişdi. Rusiya Federasiyasında olan muxtar
vilayətlərin heç birinin belə imtiyazları yox idi.
H.Əliyev Moskvaya getdikdən sonra respublikaya bir-birinin ardınca zəif
adamların rəhbərlik etməsindən ermənilər bacarıqla istifadə edə bildi.
Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvanın onları millətçilikdə ittiham
etməsindən çox ehtiyat etdiklərindən Yerevanın Qarabağdakı əməllərinə göz
yumurdu və bu da ideoloji baxımdan Qarabağ ermənilərinin bir hissəsinin
Ermənistanın nəzarətinə düşməsi ilə nəticələndi. Əlbəttə, 1985-ci ildə
M.Qorbaçovun Moskvada hakimiyyətə gəlməsi ermənilərin iddialarının
aktivləşməsində mühüm rol oynadı. Mən siyasi Büronun iclaslarının stenoqramları
ilə tanış olduqda gördüm ki, M.Qorbaçovun ermənipərəstliyi hələ onun hakimiyyətə
gəlməsindən əvvəl başlanıb. K.Çernenko xəstə olanda partiyada ikinci adam idi
ki, Katibliyin və Siyasi Büronun iclaslarını Qorbaçov aparırdı.
Diqqət yetirin, 1985-ci ilin fevral ayının 21-də Siyasi Büronun iclasına Sov.
İKP MK katibliyinin qərarı ilə hansı məsələni çıxardı. "Erməni genosidinin 70
illiyi ilə əlaqədar tədbirlər haqqında". Məqsədi 24 apreli "Genosid
qurbanlarının xatirə günü" qeyd etmək üçün Siyasi Büronun qərarını almaq idi.
Lakin Siyasi Büronun təcrübəli üzvlərindən N.Tixonov, A.Qromıko, V.Qrişin,
M.Zimyanin tamamilə məsələnin əksinə çıxdılar. V.Qrişin demişdi: "70 il biz
Respublika Ali Şurası Prezidiumunun bu məsələ ilə bağlı qərarı olmadan
keçinirdik, indi isə qərar qəbul etmək təklif olunur. Bunu nəyə görə etmək
lazımdır? Mən ümumilikdə xatirə günü haqqında respublika qərarının qəbul
olunmasının vacibliyinə böyük şübhə ilə yanaşıram". A.Qromıko qeyd etmişdi ki,
"bu, Türkiyə Sultanlığının və Rus çarizminin çirkin cinayəti idi. Lakin məlum
olduğu kimi, 6 il ərzində respublikamıza başçılıq edən Leninin hakimiyyəti
zamanı, genosidlə bağlı bu kimi məsələlər meydana çıxmırdı". N.Tixonov isə
bildirmişdi ki, "Ermənistan Kommunist partiyasının MK-nin təklifini oxuyanda çox
narahat oldum. Bizim Türkiyə ilə münasibətlərimiz təzəcə yoluna düşməyə
başlayıb". Bax belə, onda M.Qorbaçovun ermənipərəst avantüralarının qabağını
almaq mümkün idi. O, baş katib olandan sonra bu mümkün olmadı. Nəticədə erməni
separtizmi Kremldən böyük dəstək gördü və 1989-cu ilin 1 dekabrında beynəlxalq
hüquqa və SSRİ konstitusiyasına və qanunlarına zidd olaraq Ermənistan Ali Soveti
DQMV-in Ermənistana birləşdirilməsi, yəni ilhaq edilməsi haqda qanun qəbul etdi.
Bu qanun hələ də ləğv edilməyib. Bu hadisələr başlayanda Respublika
rəhbərliyində olan adamlar ona hazır deyildilər. Məsələn, 1988-ci ilin iyulun
18-də SSRİ Ali Soveti Rəyasət heyəti məsələni müzakirə edəndə Azərbaycan tərəfi
son dərəcə məsuliyyətli iclasa probleminin tarixini öyrənmədən və yaxşı bilmədən
gediblər. Məsələn, Ermənistan və DQMV nümayəndələri həmin iclasda guya 1921-ci
ildə Dağlıq Qarabağın Ermənistandan mexaniki olaraq qoparılıb Azərbaycana
verilməsi haqqında tarixə zidd uydurmalar danışanda Azərbaycan tərəfi belə
saxtakarlığa, Dağlıq Qarabağın heç vaxt Ermənistanın tərkibində olmadığı
haqqında prinsipial məsələyə aydınlıq gətirməyə cəhd belə göstərmədir.
Vaxtilə Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalında bu məsələyə toxunanda
özünəməxsus yumorla yazırdı: "Görüm Uriseti xaraba qalsın, Uriset gələndən bəri
müsəlmanın işi düz gətirmir". Əlbəttə, bu, mayasına həqiqət qatılmış bir yumor
idi. Rusiyanın tərkibində Azərbaycan böyük, tarixi bir yol keçmişdir. Lakin bu
yolun itkiləri də böyük olmuşdur. Dağlıq Qarabağ da 200 ildə Rusiyadan bizə
qalmış sonuncu "yadigardır". XIX əsrin əvvəllərindəki rus işğalları, XX əsrin
20-ci illərindəki bolşevik eksperimentləri, 80-ci illərin sonundakı kommunist
avantürası Azərbaycanı Qarabağın Dağlıq hissəsinin itirilməsi təhlükəsi
ilə üz-üzə qoymuşdur. Qarabağa münasibətdə son 200 ilin tarixi yekunu bundan
ibarətdir.
|