|
Новая страница 1
Əlikram Tağıyev, Kəmalə
Qasımova
müharibə və sülh
mədəniyyətinə dair
Müharibə
dövründə sülhün, sülh dövründə isə müharibələrin taktika və strategiyasının
işlənib hazırlanması qədim dövrlərdən indiyədək yaşayıb fəaliyyət göstərən bütün
siyasətçiləri və strateqləri düşündürən əsas məsələlərdən biridir. İnsanlar daim
əbədi sülh sorağında olmuşlar. Onlar daim müharibəsiz, münaqişəsiz, dinc və
sakit həyat arzulamışlar. Lakin müxtəlif ambisiyalar və maraqlar, sinfi, dini,
milli və irqi mənafelər müharibələri doğurmuşdur. Müharibə dövrü özünə uyğun bir
ədalət meyarı da yaratmışdır. Aparılma prinsiplərindən asılı olaraq,
müharibələrin xarakteri də müxtəlif olmuş, onda iştirak etməyən mülki əhalinin
həyatı üçün qarant verə biləcək siyasi və hərbi liderlərin mövqeləri də fərqli
olmuşdur. Bəşəriyyətin qabaqcıl dahiləri daim müharibələri, zorakılığı
pisləmiş, mehriban qonşuluğu təbliğ etmişlər. Onlar müharibə dövrlərində belə
qarşıdakı yad xalqın maddi və mənəvi mədəniyyətinə hörmətlə yanaşmağı, onların
mülki əhalisinə, qocalara və uşaqlara, silahsız adamlara rəhmlə yanaşmağı
təlqin etmişlər.
BMT özünün
yarandığı ilk günlərdən öz nizamnaməsində elan etmişdir ki, "Birləşmiş
millətlərin xalqları, gələcək nəsilləri müharibə fəlakətindən xilas etmək
qətiyyətilə insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə
inam hissini yenidən tədqiq etmək və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək
və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamaq
əzmindəyik".
Beynəlxalq
miqyasda müharibələrin aparılması, bu zaman mülki əhalinin qorunması, qaçqın və
köçkünlərin yerləşdirilməsi, yaralılara yardım göstərilməsi, ölənlərin ailə və
uşaqlarına konsepsiyaların verilməsi və s. kimi məsələlər hələ 1949-cu ildən üzü
bəri beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müəyyən hüquqi aktlarla
tənzimlənir. Məlumdur ki, humanitar hüquq –
beynəlxalq hüququn tərkib hissəsi olub, humanist prinsiplərə əsaslanaraq
müharibə vaxtı fərdin hüquqlarını qoruyur. 1949-cu il dörd Cenevrə Konvensiyasına və 1947-ci ildə
ona əlavə olunan protokollara əsaslanan bu sənəd
600 maddədən ibarətdir.
Cenevrə
hüququ sırf humanitar xarakter daşıyır və
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əsas ideyasını özündə əks
etdirir.
Haaqa
Hüququndan fərqli olaraq Cenevrə
hüququ müharibə qurbanlarının tam mənafelərini əks etdirir və müharibədə
zərər çəkənlərin hüquqlarını tapdalamaq üçün heç bir dövlətə əl yeri qoymur.
Haaqa hüququ da dövlətlər arasında müharibələr aparılmasına dair humanist
prinsipləri əldə rəhbər tutur. Amma bununla belə, o, müharibələrin labüdlüyü,
habelə müharibədən məğlub çıxmış dövlətin saxlanılması və s. məsələlərlə daha
çox bağlıdır.
1995-ci il
YUNESKO-nun təşəbbüsü ilə BMT tərəfindən Beynəlxalq Tolerantlıq ili elan
edilmişdir. 1995-ci il noyabrın 16-da da Parisdə YUNESKO-nun üzvü olan 185
dövlət tolerantlıq prinsipləri Bəyannaməsini qəbul etmişlər. BMT-nin üzv
dövlətləri hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq günü elan etmişlər.
1998-ci ilin sonunda isə BMT yenə də YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ili
rəsmən Sülh mədəniyyəti ili elan etmişdir. Bununla əlaqədar olaraq, Nobel
mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlandı və
YUNESKO bu təşəbbüsü bəyəndi. Sülh mədəniyyəti - qeyri-zorakılığa, əsas
hüquqlara və azadlıqlara hörmət, qarşılıqlı anlaşmaya, dözümlülüyə və
həmrəyliyə, qadınların fəal iştiraka cəlb edilməsinə və onlara hakim
funksiyaların tapşırılmasına, azad məlumat axınının qəbul edilməsinə və
mübadiləsinə əsaslanmış ümumi məqsədlər, məqamlar, nəzərlər və davranışlar
məcmusudur. Onu da deyək ki, Azərbaycan respublikası Sülh manifestini imzalayan
ilk dövlətlərdən biridir.
Erməni
millətçiləri isə yuxarıda deyilən bu insani dözümlülük və sülh manifesti
prinsiplərindən heç birinə əməl etmir, beynəlxalq hüquqi sənədləri belə ayaq
altına alıb tapdalayırlar. Onlar mülki əhalini öz ev eşiklərindən didərgin
salır, qoca və uşaqları öldürür, qız-gəlinləri əsir aparır, əlsiz-ayaqsız,
köməksiz və kimsəsiz adamları qul vəziyyətinə salırlar. Belə ki, ermənilər
özlərindən zəif gördükləri hər hansı xalqın nümayəndəsinə rəhm etmir, fəxrlə də
bunu "Böyük Ermənistan yaratmaq naminə" etdiklərini bildirirlər. Bütün bunlar
ermənilərin bizə qarşı mədəniyyətsiz müharibə apardıqlarını sübut edir.
Onlar atəşkəsi pozur, işğal etdikləri torpaqların ilhaq olunmasına çalışır, bu
yolda bütün vasitələrdən istifadə edirlər. 1975-ci il Helsinki Sülh müqaviləsinə
əsaslanan sərhədlərin toxunulmazlığı prinsipi, habelə BMT tərəfindən ermənilərin
işğal etdikləri torpaqlardan çıxmaları haqda qəbul edilmiş 4 qətnamə yerinə
yetirilməmiş qalır. Öz havadarlarının dəstəyinə arxalanan bu "qədim mədəni xalq"
özgə torpaqlarını tutarkən heç də mədəniliyini göstərmir, əksinə özünün barbar
hərəkətlərilə özünə ancaq nifrət qazandırır. İşğal etdiyi yerlərin
maddi-mədəniyyət abidələrini çox qəddarlıq və vəhşiliklə məhv edirlər. Bunu
hansı mədəniyyətin ayağına yazmaq olar?! Buna vəhşilik və vandalizmdən başqa ad
vermək mümkün deyil. Əbədi, yaxud, müəyyən müddətli sülh yaratmaq üçün bəzən
müharibə zəruri olur. Roma imperiyası hər yerdə "Romana Pax"ın (Roma sülhü)
təmin olunmasına çalışırdılar. Napoleon Bonapart Avropada aramsız müharibələr
aparırdı ki, buna oxşar sülhə nail olsun. Ermənilər Azərbaycanın beşdə bir
hissəsini işğal etmişlər. Bəhanə də bu olmuşdur ki, bununla onlar "düşmənin atəş
nöqtələrini susdurublar", ərazimizin işğal olunduğu bir dövrdə bütün beynəlxalq
təşkilatlar və ermənipərəst qüvvələr bizdən tələb edirlər ki, məsələni ancaq
sülh yolu ilə həll edək. Sülh yolu isə erməniləri öz iddialarından
çəkindirməyəcək. Ona görə də xalq silaha sarılıb öz torpaqlarını azad etməlidir.
Məsələ belə qoyulmalıdır: "Ya Vətən, ya da ölüm!". Bu, sülhü təmin etməyin ən
yaxşı vasitəsidir.
Bütün
bunlara görədir ki, bu gün Qarabağ düyünü "nə sülh, nə də müharibə"
dixotomiyasında ilişib qalmışdır. Problemin bu şəkildə qalması ermənilərə və
ermənipərəst qüvvələrə sərfəlidir. Onlar məsələni bu şəkildə dondurmaqla
xalqımızın unutqanlığına və problemin bir növ köhnələcəyinə ümid bəsləyirlər.
Daha aydın desək, onlar belə fikirləşirlər ki, yeni gələn nəsillər üçün bu
problem bir növ köhnələcək.
Фредрик Морис и Жан де
Куртен. Действия МККК в интересах беженцев и гражданских перспешениях лиц. М.,
1994 (16 с.)
Cenevrə hüququ – silahlı
münaqişələr hüququ– öz mahiyyətinə görə humanitar hüquq olub silahlı
münaqişələrdə iştirak etməyənlərin və iştirakçı olub zərərçəkənlərin
(yaralıların, əsirlərin və s.) hüquqlarının keşiyində dayanır. 1974-1977-ci
illərdə Cenevrə diplomatik konfranslarında humanitar beynəlxalq hüququn
tərkib hissəsi kimi nəzərdən keçirilmişdir.
Haaqa hüququ 1899-cu ildə
qəbul olunmuş, 1907-ci ildə ona bir sıra əlavələr olunmuşdur. Burada çox mühüm
maddələr: hərbi əsirlərin statusu, yaralıların və işğal zonasındakı mülki
əhalinin hüquqlarının qorunması və s. vardır. Bu sonuncular 1929, 1949-cu
illərdə Cenevrə hüququ ilə birləşmişlər. Çünki onlar biri-birilə çox bağlı
məsələlərdir və onlar arasında fərq getdikcə də aradan qalxmaqdadır. 1954-ildə
Haaqa Konvensiyasına və 1980-ci ildə Cenevrədə təsdiq olunduğuna görə: 1) Mədəni
dəyərlərin qorunması; 2) müəyyən silah növlərinin qadağan olunması və
məhdudlaşdırılması Haqqa hüququna daxil edilmişdir.
Ə. Abbasov, F. Məmmədov.
Sülh mədəniyyəti nədir?, Bakı, 2002, s.52, 61
(71s.)
|