|
Новая страница 1
Fazil Qəzənfəroğlu
dağlıq
qarabağ: uduzulmuş gələcək
Qarabağ məsələsi barədə həm Azərbaycanın mövcud iqtidarının, həm
də onu gələcəkdə əvəzləməsi mümkün sayılan müxalifətinin beynində və ya
sandığında aydın şəkildə çözüm proqramının olması hər bir azərbaycanlıda haqlı
olaraq şübhə doğura bilər. Ancaq bir tezis hamıya bəllidir ki, Azərbaycanın
dəyişməz mənafeyi baxımından məsələnin iki həll yolu var: ya torpaqların işğalı
ilə razılaşıb ərazilərin itkisini qəbul etməklə əbədi sülh bağlamaq, ya da
ordunu səfərbər edib düşməni torpaqlardan çıxarmaq və bu zaman erməniləri himayə
edən əksər güclü dövlətlərlə üz-üzə qalmaq. Birinci və ikinci yolun hər ikisi
real görünmür. Belə olan halda hamı diqqətini beynəlxalq iradənin nəyi bizə
diqtə edə biləcəyinə yönəldib. Beynəlxalq iradə isə Ermənistanı himayəetmə
kursundan vaz keçəcək kimi görünmür. Əvvəllər olduğu kimi, Azərbaycanın bu
məsələ ətrafında Türkiyə ilə intensiv məsləhətləşmə imkanı da xeyli
məhdudlaşdırılmışdır. Xüsusilə də, Türkiyənin Minsk Qrupunun həmsədrləri
sırasında yer almaması və Şimali Kipr probleminin həllinin də başa çatdırıla
bilməməsi «bir millət, iki dövlət»in hər ikisini bu gerçəkliklə barışmağa məhkum
etmişdir. Ancaq unudulmamalıdır ki, Qarabağ problemi Kipr məsələsindən daha ağır
problemdir və birincidə ən mühüm kartlar Türkiyənin əlində olsa da, ikinci
durumda Azərbaycan heç bir ciddi təzyiq imkanına sahib deyildir. Artıq 15 ildir
ki, Azərbaycan Dağlıq Qarabağın siyasi, iqtisadi, mədəni və sosial
təsisatlarında iştirak etmir. Atəşkəsin artıq 12 il davam etməsinə baxmayaraq,
tərəflər münaqişənin həllinə yaxınlaşdıra biləcək bir sənəd imzalaya bilməmiş və
atəşkəs dövründə ölənlərin sayı durmadan artmaqdadır.
Beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda nə
baş verməsindən asılı olmayaraq, müharibənin yenidən başlanması əsl təhlükə
kimi görünür. Bu istiqamətdə Azərbaycan rəsmilərinin tez-tez «sülh danışıqları
uğurla başa çatmasa, müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik» ifadəsinin
də çox işlədilməsinə baxmayaraq, unudulmamalıdır ki, yalnız ermənilərdən ibarət
olan Dağlıq Qarabağ dünyanın ən hərbiləşdirilmiş cəmiyyətlərindən birinə
çevrilmişdir. Digər tərəfdən, bir-birinə zidd mövqedə dayanan ABŞ, Rusiya və
İran kimi dövlətlərin Ermənistana açıq dəstəyi faktı da Azərbaycanın yalnız
Dağlıq Qarabağla və ya Ermənistanla müharibə aparmayacağını göstərir.
Şərtlər həm də ona görə ağırdır ki, on ildən artıq bir müddətdə
Azərbaycan hakimiyyəti ictimaiyyəti tam şəkildə bu problemin həllində iştirakdan
uzaqlaşdırmış və problem konfedensial dövlət sirri kimi qapalı olaraq bir neçə
məmurun ixtiyarına buraxılmışdır. Acınacaqlı cəhət odur ki, Azərbaycan
Respublikasının Milli Məclisində dəfələrlə təşəbbüs qaldırılmasına baxmayaraq,
məsələni sadə formada olsa belə müzakirəyə çıxarmaqdan hakim çoxluq imtina
etmişdir. Buradan belə çıxır ki, Qarabağ məsələsi ilə bağlı gələcəkdə də
cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi şəkildə alınacaq qərarlara təsir
göstərə biləcək müzakirələrin aparılmasına imkan verilməyəcəkdir. Buna görə də,
həm problem haqqında aydın təsəvvürü olan Azərbaycan hakimiyyəti, həm də
problemin həllindən kənarda saxlanılan və informasiyasız Azərbaycan cəmiyyəti
ciddi səviyyədə ABŞ, Rusiya və ya ATƏT-dən gələcək təkliflərin nəhayət ki,
birində möcüzə baş verəcəyini gözləyir. Möcüzə isə baş verməyəcək. Çünki Qərbin
aparıcı dövlətlərinin, ATƏT-ın, Avropa İttifaqının, Beynəlxalq Böhran Qrupunun,
Minsk Qrupunun gəldiyi ortaq qənaət budur: Azərbaycanın ərazi bütövlüyü üzərində
vurğu işarəsi qoymadan müharibəsiz Dağlıq Qarabağ məsələsini həll etmək. Hətta
Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması mövzusu da bilərəkdən heç
bir danışıqlarda kontekstdən çıxarılmır və bu faktı da Ermənistanın bilavasitə
işğalı kimi qeyd etməyə maraqlı görünmürlər. İndiyədək, yəni atəşkəs elan olunan
dövrdən sonra konkret təklifləri müqayisə etməklə bunu açıqca görmək mümkündür:
Dağlıq Qarabağa geniş muxtariyyət verməklə Azərbaycan tərkibində saxlanılması
və son status məsələsinin sonrakı dövrlərə qədər təxirə salınması; Dağlıq
Qarabağın və Azərbaycanın «ümumi bir dövlət»in tərkib hissəsi kimi qəbul
edilməsi; Azərbaycan və Ermənistan dövlətlərinin protektoratı altında Dağlıq
Qarabağın hər iki dövlət tərəfindən idarə olunması; Dağlıq Qarabağla
Ermənistanın Mehri dəhlizinin ərazi mübadiləsi formasında dəyişdirilməsi; Dağlıq
Qarabağa keçid suverenliyinin verilməsi yolu ilə 25 və ya 50 il sonra onun
müstəqilliyinin tanınması;
Daha geniş regional çözüm kontekstində status məsələsinin həll
olunması kimi variantlar ayrı-ayrı dövrlərdə gündəmdə olmuşdur. Bu təkliflərdən
ən konkretini xatırlatmaq lazımdır ki, 1997- ci ildə ATƏT-in Minsk Qrupu təklif
etmişdi. Bu təklifə əsasən, Dağlıq Qarabağ geniş hüquqları və zəmanətləri olmaq
şərtilə Azərbaycanın hüdudlarında dövlət və ərazi qurumu sayıla bilərdi. Dağlıq
Qarabağ rəhbərliyi bu təklifi rədd etsə də, Ermənistan Dağlıq Qarabağa formal
olaraq Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə bağlı razılaşmanı
müzakirə etmək niyyətini göstərirdi. Lakin Ermənistanın, «Azərbaycanla Dağlıq
Qarabağ arasında vertikal münasibətlər olmamalıdır» tezisi haqlı olaraq
Azərbaycan tərəfindən rədd edildi. Digər tərəfdən, Azərbaycan konfederasiya
çözümünü də müzakirə etməkdən qəti şəkildə imtina edərək, bu gün ən real status
variantının Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkibində, de-fakto müstəqil
saxlamaqla status-quo-nun dəyişdirilməməsi olduğunu büruzə verməkdədir. Bu isə
Azərbaycan üçün mövcud variantlardan ən əlverişsizidir və işğalın davam etməsinə
bərabərdir. Lakin bu eyni zamanda geniş vaxt qazanma strategiyasının bir hissəsi
kimi də görünə bilər. Belə ki, status məsələsi həll edilməyənə kimi Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək hüququnu saxlayır.
Beynəlxalq Böhran Qrupunun ehtimalına görə status-quo-nun saxlanması həm də
Ermənistan və Dağlıq Qarabağın vaxt udma strategiyasına uyğun gəlir.
Beynəlxalq güclər özləri də anlayırlar ki, işğal olunmuş 7
rayonun boşaldılması həyata keçirilmədən Dağlıq Qarabağın hansısa statusunun
müəyyənləşdirilməsi mümkün deyildir. Praqa prosesi başladıqdan sonra bu
istiqamətdə ümidverici sayılacaq məqamlar Rambuye danışıqlarının yarımçıq
qalması ilə daha mücərrəd mahiyyət almağa başladı. Əlbəttə, vasitəçilər ara-sıra
maksimal mövqelərini bir qədər yumşaldaraq, Kəlbəcər və Laçın arxa planda
saxlanmaqla, Dağlıq Qarabağ və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın
ətrafındakı digər 5 işğal edilmiş rayonlardan çıxarılmasının ardınca status
məsələsindən danışmağın mümkünlüyünü dilə gətirirlər və artıq məlumdur ki, son
illərin danışıqlarında status məsələsini dərhal həll edən paket çözümü əsasən
müzakirə obyekti olmaqdan çıxarılmışdır.
Ermənilərin özləri də status məsələsinin indiki mübahisələrdən
kənarda saxlanmasını qəbul edərək, sadəcə, onun daha sabit məzmun almasına rəvac
verəcək bir zəmin hazırlamağa çalışırlar. Onların rəsmi mövqeləri, Ermənistan
xarici işlər nazirinin təbirincə deyilsə, hər hansı çözüm üçün əsas olan «Dağlıq
Qarabağ əhalisinin юз müqəddəratını təyinetmə hüququnun təsbit edilməsi və bu
hüququn beynəlxalq səviyyədə tanınmasıdır. Azərbaycanın sadəcə bu faktı qəbul
etməsi və sazişdə formallaşdırması məsələnin həllinə başlamağı mümkün edər».
Məhz bu addımın atılması statusun gələcəkdə ermənilərin cızdığı plana uyğun
olaraq müəyyənləşməsinə imkan verir və bu manevr ermənilərin guya edə biləcəyi
güzəştin ən mühüm atributu sayılmaqdadır. Bəzən erməni rəsmiləri «müvəqqəti
qarşılıqlı fəaliyyət rejimi» kimi amorf bir anlayışı gündəmə gətirirlər ki, bu
rejim müddətində işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasının həyata
keçirilməsini nəzərdə tutur. Bu təklifin mahiyyətinə görə, son status məsələsi
açıq qalmaqla yanaşı, bütün işarələr 10, 15 və ya 20 il sonra Dağlıq Qarabağda
keçiriləcək referenduma istiqamətləndirilir.
Qarabağı çözümsüzlükdən qurtarmağa ermənilərdən daha çox biz
maraqlı olmalıyıq. Çünki bu məsələnin uzanması ermənilərin bölgədə dövlətçilik
resurslarını günbəgün artırmasına gətirib çıxarır. Biz nə qədər neft gəlirlərinə
arxayın vəziyyətdə saxta şəkildə «iqtisadi inkişafın Azərbaycan modeli»
uyduraraq, ermənilərin öz torpaqlarından qaçacaqları barədə nağıllar hazırlasaq
da, ötən müddətdə bütün proqnozlarımızın doğrulmadığı kimi, bunun da
doğrulacağına inamımız azdır. Real vəziyyət budur ki, biz ərazi olaraq Dağlıq
Qarabağ və ona bitişik ərazimizin əhəmiyyətli bir hissəsini itirmişik. Günün
tələbi Qarabağda pay sahibi olmaq və digər Qarabağətrafı ərazilərin itkisiz
Azərbaycana qaytarılmasından ibarət olmalıdır.
Qarabağ məsələsi ilə bağlı, Şimali Kiprin taleyini həll etmək
üçün Türkiyənin qarşısına qoyulmuş Annan planı tipli bir sənədin nə zamansa
masamızın üzərinə qoyulacağı olduqca realdır. Əslində, ATƏT-in Minsk Qrupunun və
digər bəzi beynəlxalq təşkilatların ortaya qoyduqları təkliflər nə zamansa real
plan kimi qətiləşdirilə bilər. Məsələn, Beynəlxalq Böhran Qrupunun ortaya
qoyduğu plana görə: «yaxın müddət ərzində Ermənistanın dəstəklədiyi Dağlıq
Qarabağ qoşunlarının qurum ətrafındakı zəbt edilmiş ərazilərdən çıxarılmasına
başlana bilər. Bunun əvəzində Ermənistan Azərbaycandan gücə əl atmamaq
barəsində zəmanət və Dağlıq Qarabağ əhalisi üçün beynəlxalq təhlükəsizlik
zəmanəti ala bilər. Dağlıq Qarabağın son statusu isə gələcək qeyri-müəyyən
tarixdə, məsələn sülh sazişində təsbit edilmiş mexanizm vasitəsilə təyin edilə
bilər. Bu halda Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış keçid statusunu
özünə təmin edə, cari fəaliyyəti və institutların əksəriyyətini Azərbaycanın
suverenliyini daha pozmadığından «qanunsuz» sayılmayacağına görə saxlaya bilər.
Sakinlər üçün beynəlxalq səviyyədə rəhbərlik edilən seçkilərdə nümayəndələrini
seçmək imkanı yaradıla bilər. Müdafiə ordusu Milli Qvardiyaya çevrilə bilər.
Ticarəti açıb gömrük vergilərinin yığılmasına başlana bilər. Donorlar müxtəlif
proqramlar həyata keçirər, beynəlxalq səviyyədə tanınan səyahət sənədləri
buraxılardı». Əlbəttə, bu, Azərbaycanın rəsmi mövqeyinə uyğun gəlmədiyinə görə,
müzakirə olunmasa da, yaxın gələcəkdə tələb kimi qarşımıza qoyula bilər.
Azərbaycanın isə indiyə qədər bəlli olan açıq mövqeyi budur ki, ilk öncə,
Azərbaycan ərazilərinin işğalı başa çatmalı, qoşunlar çıxarılmalı və məcburi
köçkünlərin qayıtması başlamalıdır. Bununla belə, Dağlıq Qarabağın Azərbaycanın
ərazi bütövlüyünü pozan hər hansı status alması mümkün sayılmasa da, yaxın
gələcəkdə Dağlıq Qarabağın ən azı de-fakto müstəqilliyinə imkan yaradan
variantlarda Azərbaycanın etməli olduğu güzəştlərin də gündəmə gətiriləcəyi
istisna deyildir.
Önləyici tədbirlərə hazır olmayan Azərbaycan dövləti və cəmiyyəti
ən azı köçürmə variantında zərərsizləşdirici tədbirlərə əl atmalı, ermənilərin
beynəlxalq arenada fəaliyyətlərini qismən məhdudlaşdırmağa çalışmalıdır. Avropa
Parlamentində Naxçıvanda erməni qəbirlərinin dağıdılması ilə bağlı qəbul olunan
qətnamə bizim ləngliyimizin ən bariz göstəricisi oldu. Buna görə də aşağıdakı
tədbirlərin təxirəsalınmadan görülməsi gələcəkdə irəliləyiş üçün müəyyən
addımlar atmağa şərait yarada bilər:
1.
İlk olaraq, 1988-ci ildən başlayaraq keçmiş Ermənistan SSR ərazisindən Sovet
Ordusunun yardımı ilə qovulmuş azərbaycanlıların qaçqın statusunun bərpası
istiqamətində təcili tədbirlər görülməli, onların köhnə şəxsiyyət vəsiqələrinin
hüquqi qüvvəsi tanınmalıdır.
Ermənistan azərbaycanlılarının Muxtar Respublikası yaradılmalı, parlamenti
seçilməli,
parlament tərəfindən dövlət başçısı seçilməli
və
mühacirət hökuməti formalaşdırılmalıdır.
Bu dövlətin rəsmi qurumlarının fəaliyyəti üçün Azərbaycanın böyük şəhərlərindən
birində müvəqqəti iqamətgah formalaşmalı, onun beynəlxalq hüququn subyektinə
çevrilməsi üçün diplomatik çalışmalar başlamalıdır. Dağlıq Qarabağ
Respublikasını qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyində qeydə almış
ABŞ-dan öz müttəfiqlik səmimiyyətini göstərərək, Ermənistan azərbaycanlılarının
da nümayəndəliyini ABŞ-da qeydiyyatdan keçirməsini tələb etməlidir. ABŞ-ın belə
bir istəkdə olmaması açıq şəkildə bu dövlətin tərəfkeşliyini bir daha nümayiş
etdirəcək, yaxud ən pis halda, ABŞ Dağlıq Qarabağ nümayəndəliyinin qeyri-hökumət
təşkilatı kimi qeydiyyatından imtina etməyə məcbur olacaqdır.
2. Parlamentdə işğal olunmuş ərazilərdən seçilmiş millət
vəkillərindən ibarət Qarabağın azərbaycanlı icmasının deputat fraksiyası
yaradılmalıdır. Danışıqlar prosesinə statusu ləğv olunmuş Dağlıq Qarabağın
deyil, bütövlükdə Qarabağın işğal olunmuş ərazilərinin legitim təmsilçilərinin
daxil olması həm də Azərbaycan parlamentinin bu prosesdən kənarda qalması
faktını ortadan qaldıra bilərdi. Uzun müddətdir ki, Milli Məclisdə Dağlıq
Qarabağla bağlı müzakirələrin aparılmasının bir növ məqbul sayılmaması bu
məsələdə bürokratik ağlın öncüllüyünə imkan yaratmış və ya yeni təkliflərin
müzakirəsi imkanını məhdudlaşdırmışdır.
3. Yaxın zamanlarda gözlənilən hər hansı formada ABŞ-İran
münaqişəsində bitərəfliyin qorunması mümkün olmadıqda, Azərbaycan Ermənistanla
paralel şəkildə ABŞ-la müttəfiqlik münasibətlərində yer almağa çalışmalıdır.
Çünki Dağlıq Qarabağ məsələsində Rusiya və İran kimi qonşu dövlətlərlə ABŞ-a
görə düşmən münasibətlərə məhkum olmağımız, Ermənistana daha böyük imkanlar
yarada bilər.
4. Xüsusilə yaxın dövrlərdə ATƏT-in Minsk Qrupunun
həmsədrliyindən Fransanın çıxarılaraq Türkiyənin yer alması tələbi Azərbaycan
tərəfindən qəti şəkildə qoyulmalıdır.
5. Orduda
ciddi kadr dəyişiklikləri aparılmalı, Azərbaycan ordusunun korrupsiyadan xilas
olması yolları axtarılmalıdır. Korrupsiyanın ən geniş yayıldığı müəssisə olan
orduya daha çox büdcə vəsaitinin ayrılmasının da, döyüş qabiliyyətini
gücləndirməyə xeyri olacağını düşünmək sadəlövhlük olardı.
Cənubi Qafqaz bölgəsinin siyasi seysmikliyinin artması göstərir
ki, zəlzələyə hansı ölkə daha hazırlıqlı olacaqsa, o daha az itkiyə məruz
qalacaqdır.
Dağlıq Qarabağ oyunu: Nə ağlar, nə qaralar başlayır. Bu oyunu
kimin oynadığı da bəlli deyil. Hamıya bəlli olan bir həqiqət var: Şahmat
taxtasının ətrafında laqeyd gəzişən Azərbaycan cəmiyyəti. Bir azdan uduzan da
bəlli olacaq.
|