|
Новая страница 1
Güntəkin Nəcəfli
Qarabağ xanlığı
ərazisində Rusiyanın erməni dövləti yaratmaq cəhdlərinə dair
XVIII əsrin II yarısında Azərbaycanın ən güclü xanlıqlarından biri Qarabağ
xanlığı idi. Qeyd olunan dövrdə, Qarabağ xanlığı, ərazisində xristian məliklərin
olması ilə başqa xanlıqlardan fərqlənirdi. Rusiya dövlətinin himayə etdiyi bu
xristian məliklərdən bəziləri hələ Pənah xanın dövründən başlayaraq, bir
tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən
Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək
etməklə xanlığın müstəqilliyini sarsıtmağa çalışırdılar.
(Qarabağnamələr, I cild, Bakı,1989, s.36-37).
XVIII əsrin 80-ci illərində II Yekaterina hökumətinin
Cənubi
Qafqaza olan işğalçı siyasətinin həyata keçirilməsində «erməni kartından»
istifadə olunması ön plana keçmişdi. Qarabağ ərazisində erməni dövləti
yaradılmasında, ermənilərin mənfur ideyalarının həyata keçirilməsində, erməni
varlıları, keşişləri ilə əlaqə yaradılmasında rus hərbiçilərindən A.V.Suvorov,
Q.A.Potyomkin və P.S.Potyomkin fəal rol oynamışdı. Rusiya hökuməti
Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu P.S.Potyomkini
isə Qafqaz müdafiə xəttinin rəisi təyin etmişdi. Q.A.Potyomkinin 1782-ci il 6
sentyabr göstərişinə əsasən,
«...şuşalı İbrahim xanı devirməli və Qarabağda Rusiyanın himayəsi
altında müstəqil erməni vilayəti təşkil edilməli» idi
(Маркова О.П. Россия, Закавказе и международные отношения в XVIII в. М, 1966,
с.160).
1782-ci il 21 dekabr tarixində P.S.Potyomkinin erməni arxiyepiskopu
İ.Arqutinskiyə göndərmiş olduğu «13 bənddən ibarət yazılı sorğu»dan məlum olur
ki, general Qarabağ xanlığı üzərinə yürüşə hazırlaşır. O, sorğunun 10-cu
bəndində İ.Arqutinskiyə yazırdı: «Şuşa xanının möhkəmləndiyi qala harada
yerləşir, onun ətrafı necədir, bu qalaya necə yaxınlaşmaq olar, xahiş edirəm
mənə bu məşhur və alınmaz hesab edilən qalaya gedən yollar və s. haqqında
məlumat verəsiniz» (Иоаннисян А.Р. Россия и армянское освободительное
движение в 80- х г. XVIII веке. Ереван, 1947. док.3. с.206).
Bu
planı reallaşdırmaq məqsədi ilə Q.A.Potyomkin 1783-cü il aprelin 6-da Qafqaz
komandanına məxvi orderində yazırdı: «Şuşalı İbrahim xan devrilməlidir, çünki
bundan sonra Qarabağ Rusiyadan başqa heç kimdən asılı olmayan erməni vilayətini
təşkil edəcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə
edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar»
(İoannisyan A.R. Göstərilən əsəri, s.68). Aydındır ki, Rusiya hakim dairələri
yaradılacaq «Qarabağ erməni vilayəti»ndə hər cür şərait yaratmağı
planlaşdırmaqla əsas məqsədlərinə külli miqdarda erməninin Qarabağa köçüb
gəlməsinə çalışırdılar ki, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə
edə bilsinlər.
Həmin dövrdə beynəlxalq şəraitin İbrahimxəlil xan üçün əlverişsiz olmasını
(Rusiya ilə müharibədə məğlub olan Osmanlı imperiyası artıq Azərbaycan
xanlıqlarını müdafiə edə bilmirdi) nəzərə alsaq, Qarabağ xanlığına qarşı
yaxınlaşan təhlükəni aydın dərk edən xanın siyasi manevr etməkdən başqa çıxış
yolu qalmırdı. Həmin il aprelin 6-da P.S.Potyomkin İbrahimxəlil xandan «artıq
çoxdan bəri Rusiya taxt-tacının və hədsiz səxavətə malik imperatriçənin sadiq
təbəəsi olmaq arzusunu» bildirən məktub aldı (İoannisyan A.R. Göstərilən əsəri,
s.71-72). Qarabağ xanının müraciəti ilə tanış olan II Yekaterina bildirdi ki,
əgər İbrahimxəlil xanın Rusiya himayəsinə qəbul olunması üçün heç bir çətinlik
və ya şübhə yoxdursa, onunla II İrakli ilə bağlanacaq təbəəlik müqaviləsinə
oxşar müqavilə bağlamaq olar (Сборник Русского исторического общества. т.XXVII,
с.256).
Hadisələrin sonrakı gedişi göstərir ki, İbrahimxəlil xanın bu uzaqgörən,
diplomatik addımından sonra Q.A.Potyomkin onu devirmək niyyətinin
gerçəkləşməsini bir qədər təxirə saldı. 1783-cü il 19 may tarixli məxvi
orderində knyaz etiraf edərək yazırdı ki, «şuşalı İbrahim xanın itaət
göstərməsi və onun Rusiya təbəəliyinə qəbul olunmaq haqqında xahişi
xanlığın süqutunun qarşısını aldı»
(Бутков Г.П. Материалы для новой истории Кавказа s1722 po 1803 q. SPb, 1869,
ç.III, s.170).
Lakin, knyaz Q.A.Potyomkin İbrahimxəlil xanı devirmək haqqında aprelin 6-da
vermiş olduğu sərəncamını dəyişsə də, xanın müraciətinə qeyri-müəyyən cavab
verərək, həm Qarabağ xanından Quba xanına qarşı istifadə etmək fürsətini əldən
vermir, həm də gizli olaraq erməniləri «əzizləmək» siyasətini davam etdirirdi.
Mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya yazırdı: «Əlverişli şərait yaranan
kimi İbrahim xanı tabe edərək, onun vilayətini milli hakimiyyətə (xristian
məlikləri nəzərdə tutulur-G.N.) vermək lazımdır. Bununla da Asiyada sizin
söz verməyinizə uyğun olaraq və mənim vasitəmlə ermənilərə çatdırılacaq
xristian dövləti yaranacaqdır» (İoannisyan A.R. Göstərilən əsəri, s.74;
Butkov Q.P. Göstərilən əsəri, II cild, s.142).
1783-cü ilin mayında knyaz A.Q.Potyomkin general P.S.Potyomkinə belə bir əmr
verdi: «Rusiyanın ali himayəsi altında ..Qarabağ ərazisində güclü xristian
dövləti yaratmaq üçün erməniləri əzizləmək lazımdır». (Butkov Q.P.
Göstərilən əsəri, III cild, s.170).
Rusiyanın agenti Reyneqsin «rus qoşunlarının yürüşü nəticəsində İbrahim xanın
hakimiyyətdən məhrum edilməsi və «erməni çarlığının bərpası» haqqında məlumat
verən, məlik Abova göndərdiyi məktub Qarabağ xanının əlinə keçmişdir».(Eзов Q.A.
Снощениие Pетра Великого с армянским народам, СPб, 1898, с.ЛХХХВЫЫ-ЛХХХХХЫХ).
Qarabağ xanı yüksək diplomatik məharətlə məliklərin xəyanətkar mövqeyini sübuta
yetirərək, onların müqavimətini qıra bilmişdi.
Rusların Qarabağı zəbt etmək fikrindən əl cəkmədiklərini və sadəcə olaraq vaxt
qazanmaq istədiklərini anlayan İbrahimxəlil xan yaxın adamlarından min nəfərə
qədər toplayıb yenidən Şuşa qalasını möhkəmləndirməyə başladı. (İoannisyan A.R.
Göstərilən əsəri, s.79).
Bundan əlavə, P.S.Potyomkin istəyirdi ki, II İrakli İbrahimxəlil xana məsləhət
görsün ki, o öz əyanlarını generalın yanına göndərsin. Görünür, II İrakli
vasitəsilə Qarabağ xanına təsir etmək istəyən rus komandanlığı bu yolla xanı
hərbi hazırlıq görməkdən çəkindirməyə çalışırdı. Nəhayət, 1784-cü il fevralın
6-da Tiflisə gələn İbrahim xanın elçisi Mirzə Vəli özü ilə xanın II
Yekaterinanın adına yazdığı müraciətini gətirmişdi. Həmin məktubunda İbrahim xan
Rusiya himayəsinə keçmək arzusunu bildirməklə yanaşı, belə bir sualına da cavab
istəyirdi ki, «əgər xan Rusiya təbəəliyini qəbul edərsə, onun daxili işlərinə
və mülklərinin idarəçiliyinə heç kimin qarışmayacağına, düşmənlərinə qarşı
mübarizədə ona yardım göstəriləcəyinə təminat veriləcəkmi?» (İoannisyan A.R.
Göstərilən əsəri, s.98). İbrahimxəlil xanın sualından bəlli olur ki, həmin
dövrdə xan artıq ona qarşı hazırlanan Səlib yürüşündən xəbərdar idi və bu
yürüşü dəf etmək üçün tədbirli davranırdı.
Bir az keçməmiş İbrahimxəlil xanın daha cəsarətli bir addım atdığını görürük.
Belə ki, 1784-cü il mayın əvvəlində İbrahim xanın inanılmış şəxslərindən
biri-Hacı İsmayıl Tiflisə gələrək xanın adından II İrakli qarşısında belə bir
məsələ qoydu: «Əgər xan Rusiyanın təbəəliyini qəbul etsə, onun mülklərinin
hər hansı bir hissəsinin qoparılıb başqasına verilməyəcəyinə o, (II İrakli-
G.N.) zəmanət verə bilərmi?» (İoannisyan A.R. Göstərilən əsəri, s.101).
Xristian məliklərin bəzilərinin məkrli niyyətlərinin qarşısını almaq məqsədi ilə
İbrahimxəlil xan öz diplomatik bacarığından istifadə edərək, Rusiya ilə
qarşılıqlı münasibətlərini qoruyub saxlamağa çalışırdı. 1784-cü ilin iyulunda
xanın vəziri Musa Sultan knyaz Q.A.Potyomkinin yanına gəlmiş və oradan
Peterburqa göndərilmişdi. Peterburqda Musa Sultana böyük dövlətin səfiri kimi
hörmət göstərilmişdi (Markova O.P. Göstərilən əsəri, s.184).Görünür, Rusiya
dövləti İbrahimxəlil xanın nüfuzunu və xanlığın qüdrətini nəzərə almış, həm də
Azərbaycan xanlıqlarını ayrı-ayrılıqda öz tərəfinə çəkmək istədiyinə görə
İbrahimxəlil xanla diplomatik münasibətlərdə ehtiyatla hərəkət etmişdi.
Həmin dövrdə İbrahimxəlil xanın diplomatik bacarığı sayəsində Qarabağ xanlığı
ərazisində erməni dövləti yaradılması reallaşmadı.
|