|
Новая страница 1
Həcər Qasımova
qarabağ
münaqişəsi hazırkı mərhələdə
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfərləri də nəticəsiz ötüşdü.
«Bağlı qapılar» arxasında aparılan danışıqlar, həmsədrlərin natamam, bəzən də
uğursuz mülahizələri problemə aydınlıq gətirmədi. Hər halda ilk mümkün
mülahizəni söyləmək vacibdir. Birinci nəzəri cəlb edən fenomen budur ki, Ki-Uest
danışıqlarından sonra, Minsk Qrupu həmsədrlərinin konfliktin tənzimlənməsi
sahəsində fəallığı xeyli artmış, xüsusilə Birləşmiş Ştatların KİV-nin Qarabağ
probleminin həllinə diqqəti daha intensiv xarakter kəsb etmişdir. Ən önəmli
cəhət budur ki, Jorc Buş hökuməti Qarabağ konfliktinin tənzimlənməsində
vasitəçiliyə həvəslə qoşulmuş və vaxtilə Florida danışıqlarında nümayiş
etdirdiyi fəallığı davam etdirməkdədir. Saziş əldə olunmasa da, Birləşmiş
Ştatların konfliktin həllində maraqlı olması Azərbaycanın siyasi dairələrində
müəyyən nikbinliyə təkan vermişdir. Lakin realizm belə bir cəhəti də nəzərə
almağı zəruri edir: şübhəsiz konfliktin arzu edilən məcrada həll ediləcəyi
təqdirdə, regiona ABŞ-ın kapitalı axacaqdır ki, bu da təkcə Azərbaycanın işğal
olunmuş ərazilərinin bərpası baxımından deyil, habelə ABŞ-Azərbaycan ticarət
əlaqələrinin inkişafı baxımından hər iki ölkə üçün faydalıdır. Bu, Birləşmiş
Ştatlarla müqayisədə regiona kapital qoyuluşu çox zəif olan Rusiyanı
qıcıqlandırmaya bilməz. Ona görə də, konfliktin tənzimlənməsinə ziyan vurmamaq
məqsədilə, bu iki super dövlət regionda öz mənafelərini rasional əlaqələndirmək
yolunu seçməlidirlər. Nikbinlik əhval-ruhiyyəsini artıran amillərdən biri də
Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvlərinin təşəbbüsü
ilə ABŞ konqresində Amerika-Türkiyə münasibətləri və türk mənşəli amerikalıların
məsələləri ilə məşğul olan İşçi Qrupunun yaranmasıdır.
Lakin bu realizmi erməni diplomatiyasında görmək çətindir. Bunu həmsədrlərin
problemə yanaşdıqları nikbinliklə erməni tərəfinin verdiyi bəyanatlar arasındakı
tam əkslik sübut edir. Ermənistanın son zamanlar uydurma «DQR» kartından
bilərəkdən, yaxud yerli-yersiz istifadə etməsi göstərir ki, bu ölkənin
separatist qüvvələrinin sərt, barışmaz mövqeyində pozitiv irəliləyiş yoxdur.
Etiraf edək ki, konfliktin tənzimlənməsinə belə münasibət ümumi nikbinlik
hissinə neqativ sirayət edir və hər şeydən əvvəl Ermənistanın ciddi danışıqlara
hazır olmasından xəbər verir. Başqa sözlə, bu ölkənin separatist liderləri
güzəştlərə hazır deyillər, onlar dərk etmək istəmirlər ki, böhranın davam etməsi
gələcəkdə Ermənistan üçün mənfi nəticələr verəcək, üstəlik də bu ölkə getdikcə
kasıblaşır, onsuz da çox olmayan əhalisinin böyük əksəriyyəti ölkəni tərk edir.
Fransa Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı xanım Anita Tripolskayanın
dediyinə görə, indi şərait elədir ki, erməni diasporu Ermənistana investisiya
qoymur. Bundan ötrü isə sabitlik olmalı, başqa sözlə, Cənubi Qafqazda konflikt
ocaqları söndürülməli, o cümlədən Qarabağ konflikti tezliklə həll edilməlidir.
Lakin hər iki konflikt tərəfi bunu da bilir ki, bu gün məcburiyyət vasitəsilə
barışığa nail olmaq mümkün deyildir. Necə deyərlər, bu «klassik» barışıq forması
artıq müasir sivilizasiyalı dünyada işləmir. Görünür erməni separatistləri hələ
də dərk etmirlər ki, nə Azərbaycan xalqı, nə də onun dövləti tarixi
torpaqlarının işğalı ilə heç zaman barışmayacaqdır. Ona görə də yaxşı olardı ki,
həmsədrlər öz nikbin proqnozlarının gələcəkdə doğrulması naminə erməni tərəfini
bu həqiqətə inandırsınlar. Hər halda, lap bu yaxınlarda Qarabağ bölgəsində olan
həmsədrlərin «Qarabağın mövqeyini və mənafelərini nəzərə almadan real
tənzimlənməyə nail olmaq mümkün deyil» deməsi hər şeydən əvvəl bi il
danışıqların tezliklə baş tutmayacağından xəbər verir. Xatırlayırsınızsa
rusiyalı həmsədr Qribkov açıqca bildirib ki, «hətta formal baxımdan Dağlıq
Qarabağ konflikt tərəfidir, çünki hələ 1992-ci il ATƏT-in üzvü olan dövlətlərin
Xarici İşlər Nazirləri Şurası öz qərarı ilə Qarabağı maraqlı tərəf
adlandırmışdır. Buna görə də, başqalarının bunu istəyib-istəməməsindən asılı
olmayaraq, Dağlıq Qarabağ konflikt tərəfidir və ciddi amildir».
Əgər belədirsə, birmənalı şəkildə deyilməlidir ki, Azərbaycan Respublikası onun
tarixi torpaqlarını zəbt etmiş və özünü müstəqil dövlət elan etmiş bir qurumu
tanımadığı üçün, təbii ki, onunla danışıqlar masasında əyləşməyəcəkdir. Vaxtilə
amerikalı həmsədr K.Kavanovo da sonuncu səfərində bildirmişdir ki, vasitəçilərin
üzərində işlədikləri təklif «dəqiq müəyyənləşdirilməli və tənzimlənməlidir».
Mətbuata sızan məlumata görə, hətta amerikalı həmsədr demişdir ki, «Ermənistan
və Azərbaycan prezidentləri öz cəmiyyətlərini hazırlamayınca Cenevrədə toplaşmaq
mümkün olmayacaqdır». Deməli, əhalinin mentalitetindən tutmuş, cəmiyyətin siyasi
mədəniyyəti səviyyəsinədək hər cür dəyərlərimiz konfliktin həllində iştirak edə
bilər.
Beləliklə, Qarabağ konfliktinin tənzimlənməsi ilə bağlı reallıqlar belədir. Elə
buna görə də, bu gün milli həmrəylik amili real tarixi şansı
- Qarabağ
konfliktinin Amerika-Azərbaycan beynəlxalq dialoqu vasitəsilə həll olunacağı
fürsətini itirməməsi son dərəcə vacibdir. Bir də unudulmamalıdır ki, zaman
Azərbaycan diplomatiyasına işləyir.
|