|
Новая страница 1
Ağayar Şükürov
Etnik münaqişələrin nizamlanmasının üsulları
və Qarabağ problemi
Müasir geosiyasi məkanda yaranan və genişlənən etnik münaqişələr heç də
qeyri-adi unikal tarixi hadisələr sırasında sayılmır. Onların hamısının həm
keçmiş tarixdə, həm də müasir tarixdə analoqlarına rast gəlmək mümkündür. Bütün
bunlar isə həmin münaqişələrin inkişafını proqnozlaşdırmaq və mümkün nəticələri
təsəvvür etmək imkanı yaradır. Hər bir etnik münaqişələrin özünəməxsus cəhətləri
olmasına baxmayaraq, onların təbiəti ümumilikdə vahiddir və buna görə də onların
həllinin, nizamlanmasının işlənib hazırlanmış forma və üsulları mövcuddur.
Şübhəsiz, hər bir konkret halda münaqişənin miqyasını, onun inkişaf formasını,
yayılma ərazisinin siyasi vəziyyətini və münaqişəyə girmiş tərəflərin güc və
resurslarını nəzərə almaq lazımdır. Deyilən həmin faktorlardan münaqişənin
üsulları və imkanları sıx surətdə asılıdır. Bu halda etnik münaqişələrin
nizamlanmasının texnologiyası müəyyən fəaliyyət alqoritmini nəzərdə tutur. Həmin
alqoritmə müvafiq olaraq münaqişənin səbəbləri, onun tarixşünaslığı, münaqişənin
subyektləri, tərəflərin münasibətləri və mövqeləri, fəaliyyətin göstərişi və
məqsədləri dərindən təhlil edilməlidir.
Hər hansı bir etnik münaqişənin meydana gəlməsi etnosların qeyri-bərabərliyinin
bu və ya digər formasının mövcudluğu ilə şərtlənir. Elə buna görə də, etnik
münaqişələrin nizamlanması, maraqların qarşılıqlı surətdə bir-birini təmin
edəcək, münaqişə tərəfləri arasında tarazlıq yarada biləcək yeni kompromis
variantların tapılmasını tələb edir. Bu tarazlığa nail olmaqdan ötəri üç zəruri
şərtin yerinə yetirilməsi vacibdir.
Birincisi,
münaqişənin hər bir tərəfi münaqişə situasiyasının
mövcudluğunu qəbul etməlidir. Bununla bərabər münaqişənin hər bir tərəfinin
mövcud olmaq hüququ etiraf edilir, lakin bütün bunlar heç də iddiaların və
tələblərin ədalətli olduğunun təsdiq edilməsi demək deyildir. Əgər, münaqişə
tərəflərinin hər hansı biri elan etsə ki, onun opponentinin mövcud olmaq hüququ
yoxdur, onun mövqeyi hər hansı bir əsasdan məhrumdur, o zaman münaqişənin həll
olunması faydasız və qeyri-mümkündür. (Əlbəttə bunu biz yalnız
Ermənistan-Azərbaycan tərəflərinə aid edə bilərik. Heç bir halda qondarma
«Dağlıq Qarabağ» qurumu Azərbaycan kimi münaqişə tərəfi olaraq qəbul edilə
bilməz. Bu prosesdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları çıxış edə
bilər)
İkincisi,
münaqişənin nizamlanması tərəflərin təşkil olunmasını tələb edir. Onlar nə qədər
yaxşı təşkil olunsalar, bir o qədər asanlıqla razılığa gəlib müqavilə şərtlərini
yerinə yetirə bilərlər. Və əksinə, maraqların diffuz (qarışmış) xarakteri, onun
qeyri-müəyyənlik və anlaşılmazlığı münaqişə situasiyasının həllini bir o qədər
də çətinləşdirir.
Üçüncüsü,
münaqişə edən tərəflər möhkəm şəkildə qərarlaşmış qaydaları qəbul etməlidirlər.
Yalnız həmin qaydalara əməl edilməsi əsasında danışıqlar prosesi mümkündür. Bu
qaydalar hər iki tərəfin imkanlarının bərabərliyini nəzərə almalı, onların
qarşılıqlı münasibətlərində maraqların ağıllı tarazlığını bərpa etməlidir.
Nizamlanmanın sonuncu şərti mövcud etnik münaqişələrdə faktiki olaraq ağıla
batmır, çünki tərəflər ayrılığa meylli olduqlarından, əvvəlcədən mövcud
olduqları dövlət tərəfindən qeyri-bərabər vəziyyətə salınırlar. (Bu vəziyyətin
Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti vardır) Keçmiş SSRİ məkanında
Ermənistanın Azərbaycan torpaqlarına ərazi iddiası kimi meydana çıxan bu problem
mərkəzi hakimiyyət tərəfindən müdafiə edilmiş, nəticədə azərbaycanlılar
qeyri-bərabər vəziyyətə düşmüşdülər. Mərkəzi hakimiyyət Qarabağ ermənilərinə
bütün sahələrdə kömək edirdi. Mərkəzi mətbuat «yazıq, əziyyət çəkən erməni»
obrazının yaradılmasında yaxından iştirak edirdi. Nəticədə dünya ictimaiyyəti
hadisələrin gedişinə düzgün obyektiv qiymət verə bilmirdi. Radio, televiziya,
qəzet və jurnallarda
«vəhşi azərbaycanlı» surəti (Sumqayıt hadisələri) yaradılırdı.
Siyasi, iqtisadi və etnik münaqişələrdə bir tərəfin güzəştə getməsi tələb olunsa
da, bu ümumiyyətlə qeyri- mümkündür. Çünki obyektiv həll bərabərlik, tarazlıqdan
başlanır və hər şeyi yerinə qoyur. Narazı qalmaq isə burada adi hala çevrilir.
Etnik münaqişələrin inkişafında bir çox oxşar, eyni tipli proseslər baş verir,
hər bir konkret münaqişədə insanlar öz əqidələri,təsəvvürləri, ehtirasları,
davranış stereotipləri ilə iştirak edirlər. Münaqişə situasiyaları üçün
səciyyəvi olan gərginlik atmosferində insanların davranışı çox vaxt təhlil
edilə bilmir, sağlam düşüncəyə əsaslanmır. Ona görə də hər iki münaqişə tərəfini
razı sala biləcək həll yolunu tapmaq ehtimalı olduqca azdır. Ən yaxşı halda
tərəflər kompromis qərarlar çıxarmağa məcbur olurlar. Bu isə münaqişəni tam
şəkildə həll etmir və yalnız onu latent (gizli) vəziyyətinə keçirir. Bu isə
gələcək nəsillərdə həmin münaqişələrin aradan qaldırılması imkanını heçə
endirir. Nəticədə açıq münaqişə ocağı formalaşır.
Bu
halda söhbət nizamlanmadan deyil, münaqişənin neytrallaşmasından gedə bilər.
Nəticədə etnik münaqişələr müvafiq partiya və hərəkatlar arasında leqal siyasi
mübarizə çərçivəsinə keçirilir. Bu cür həll isə etnik münaqişənin
konservasiyasına gətirib çıxarır. Etnik münaqişələrin neytrallaşması məsələsinə
praktikada tez-tez rast gəlmək mümkündür. Həmin vəziyyət kütləvi zorakılıq
təhlükəsini, çoxetnoslu əhaliyə malik dövlətin süqutunu və yaxud qaçqınların
geniş miqyaslı miqrasiyasını aradan qaldırır. Tarixi praktika bir daha göstərir
ki, etnoslararası ərazi münaqişələrinin həll edilməsi xüsusilə mürəkkəbdir.
Dünyanın müasir siyasi xəritəsi mürəkkəb geosiyasi proseslərin nəticəsində, o
cümlədən iki dünya müharibəsindən sonra formalaşmışdır. Deməli, dünyanın indiki
siyasi xəritəsi onu ədalətsiz hesab edən bir çox etnosları təmin etmir. Əlbəttə
«ədalətsizliyi» aradan qaldırmaq o qədər də asan deyildir. Əslində buradakı
«ədalətsizlik» anlayışı da nisbidir. Baxır, o, kimin üçün ədalətsiz, kimin üçün
ədalətlidir.
Etnoərazi münaqişələrin nizamlanmasında özünün effektivliyini göstərən
metodlardan biri alternativlər metodudur. Onun mahiyyəti problemin həllinin
müxtəlif variantları içərisində birinin seçilməsilə ifadə olunur. İndiyə qədər
bu metodlardan birinin seçilməsi məsələsi hələ də özünü doğrultmamışdır.
Bunlardan «sülh xatirinə ərazi mübadiləsi» və yaxud imtiyazların alınması
müqabilində iqtisadi, eləcə də ərazi güzəşti, müəyyən etnik qrupların
hüquqlarının bərpa edilməsi və s. qeyd etmək olar. Bu metod sayəsində münaqişə
edən tərəfləri ayıran yeni dövlət sərhədlərinin çəkilməsi nəticəsində ərazilər
dəyişir. Eyni zamanda qaçqın və məcburi köçkünlərin sayəsində ərazinin
əhalisinin etnik tərkibi dəyişir. Metod Bosniyada, Abxaziyada, Dnestryanı və s.
ərazilərdə tətbiq olunmuşdur.
Etnik münaqişələrin nizamlanması üçün tez-tez danışıqlar metoduna da müraciət
edirlər. Ondan istifadənin müəyyən texnologiyası işlənib hazırlanmışdır. Birinci
növbədə danışıqlar predmeti ardıcıl mərhələlərə bölünür. Adətən, tərəflər
birinci növbəli və təcili məsələlər üzrə tezliklə razılığa gələ bilirlər. Bunun
da sayəsində ya barışıq, yaxud da müvəqqəti razılaşma bərqərar olur ki, bu da öz
növbəsində sənədlərlə təsdiqini tapır. İkinci mərhələdə tərəflər sosial və
iqtisadi məsələlərin həllinə keçirlər. Kifayət qədər çətin olan siyasi məsələlər
sonuncu olaraq müzakirə və həll olunur. Əgər müəyyən məqamlarda siyasi
məsələlərin həllinin qeyri-mümkünüyü məlum olursa, o zaman «həllolunmanı sonraya
saxlamaq» taktikasına əl atırlar. Bu zaman danışıqlara girən hər iki tərəfin
təkcə mövqeyi deyil, qarşılıqlı marağı da nəzərə alınmalıdır.
Bu
metodun tətbiq texnologiyası danışıqlara vasitəçilərin cəlb olunmasını tələb
edir. Vasitəçilər də öz növbəsində, tərəflərin razılıq əldə etməsinə yardımçı
olurlar. Vasitəçilər rolunda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri,
xalq diplomatiyasının qeyri-rəsmi üzvləri münsif rolunda, maraqların tarazlığını
qoruyanlar sülh gətirən rolunda çıxış edirlər.
Neytrallaşma praktikası və etnik münaqişələrin nizamlanması bir daha göstərir
ki, qeyd edilən metodlardan istifadə olunması onların həllinin üç variantını
almağa kömək edir:
1.
Qüvvələr mövqeyindən situasiyanın həlli nəticəsində bir tərəfin digər tərəf
üzərində tam qələbəsi. Münaqişənin ilkin mərhələlərində tərəflər həmin
istiqamətə oriyentasiya götürürlər. Lakin əsas səbəblər həll edilməmiş qalır,
onlar ancaq konservasiya olunurlar, münaqişə açıq vəziyyətdən latent vəziyyətinə
keçirilir.
2.
Münaqişə edən tərəflərin qarşılıqlı məğlubiyyəti, bu zaman hər iki tərəf
mübarizədə qüvvələrini tükəndirir, nəticədə heç bir tərəf o biri üzərində diqqət
çəkən qələbə qazana bilmir. Tərəflər vasitəçiyə müraciət etməyə məcbur olurlar.
Problemin kompromis variantının tapılması xahiş edilir. Bu variant heç bir
tərəfi kifayət qədər təmin edə bilmir. Münaqişə latent vəziyyətə keçir, tərəflər
bir-birinə rəqib kimi baxır. Münaqişənin aktuallaşması ehtimalı yüksək olur.
3.
Əsas məsələlər üzrə razılığa gəlinməsi və konstruktiv qarşılıqlı təsir
mexanizminin yaradılması ilə nəticələnən, tərəflərin qarşılıqlı uduşu və uğuru.
Bu cür nəticə yalnız o halda mümkündür ki, hər iki tərəfdə münaqişənin pozitiv
həlli üçün siyasi iradənin mövcudluğu şəraiti olsun. Müstəqil vasitəçilər
münaqişə edən tərəflərə əməkdaşlıq yolunu öyrədər və ümumi problemlərin
həllində yardımçı ola bilər. Nizamlanmanın bu forması az-çox təsirlidir,
realist məna daşıyır. Çünki o münaqişəyə dağıdıcı deyil, yaradıcı istiqamət
verir.
Etnoslararası münaqişələrin nizamlanması və həlli hər bir çoxetnoslu cəmiyyətin
mövcudluğunun həyati cəhətdən zəruri şərtidir. Münaqişəli etnik münasibətlər
həmişə hər bir dövlətin sosial-iqtisadi, mədəni və siyasi inkişafının əsas
proseslərinə neqativ surətdə təsir edir. Onlar nəinki ictimai inkişafın gedişini
ləngidir və yaxud pozur, hətta onun oriyentasiyasını dəyişməyə, yeni neqativ
tendensiyalar doğurmağa qadirdir, gələcək nəsillərin münaqişəsi üçün əsas
yarada bilir.
Bütün bu deyilənlər yalnız nəzəri cəhətdən diqqəti cəlb edir. Lakin praktikada
tamam başqa fikirlər ifadə edir. Elə Dağlıq Qarabağ münaqişəsini götürək. Vaxtı
ilə təkcə Azərbaycanla Ermənistan arasında baş vermiş münaqişə tədricən
beynəlmiləl status əldə etdi. Bir sıra hallarda bu ermənilər tərəfindən
xristian-müsəlman konfrontasiyası kimi təqdim olunmağa və müxtəlif qüvvələri öz
tərəflərinə çəkməyə çalışdılar. Çox vaxt buna nail də ola bildilər. Ən hiyləgər
metodlara əl atan ermənilər özlərinin məzlum obrazını yaradıb, rus-sovet
ordusunun və texnikasının köməyi ilə Azərbaycanın xeyli hissəsini işğal edə
bilmiş, indi də həmin əraziləri işğal altında saxlamaqdadır.
Sülhməramlı təkliflərlə gələn superdövlətlərin təmsilçiləri Azərbaycandan hər
dəfə hansısa güzəşti qoparmağa çalışırlar. Mən belə düşünürəm ki, əgər
superdövlətlərin öz maraqları olmasa, bu problem heç vaxt sülh yolu ilə həll
edilməyəcəkdir. Hətta həll edilsə belə, Azərbaycan burada Ermənistanla
münasibətdə heç nə qazanmayacaqdır.
Müxtəlif təkliflər, mülahizələr və yerdəyişmələrin heç birisi bizim Milli
mentalitetimizə başıucalıq gətirə bilməz. Hələ ki, indiyə qədər ermənilər
qazanıblar. Buna son qoymaq vaxtı gəlib çatmışdır.
Mənim fikrimcə, Azərbaycan torpaqlarını yalnız silah gücünə, əlahəzrət
azərbaycanlının qeyrəti azad etməlidir. 1905, 1918, 1988-1992-ci illərdəki
itkilərin əvəzi alınmalıdır. Zaqafqaziyada «Kim kimdir?» sualı açıqdır.
Erməniləri birdəfəlik yerində oturtmalı, onlara genosid (soyqırım) sözlərini
hərf-hərf yedirtmək lazımdır. Yalnız bu halda şəhidlərimizin narahat ruhları
birdəfəlik rahatlıq tapa bilər.
|