|
Новая страница 1
Kərim Şükürov
Azərbaycan
ermənişünaslığı:
xüsusiyyətləri, tarixi və dövrün tələblərinə dair
Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb
edən bu problem indiyədək xüsusi araşdırılmamış, müzakirə edilməmiş, bir sözlə,
lazımi diqqətdən kənarda qalmışdır. Buna müvafiq olaraq, Azərbaycan
ermənişünaslığı sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranmışdır. Ona görə də ilk
dəfə bu problemi ayrıca tədqiqat predmeti kimi irəli sürməyə, onun ən vacib
məsələləri və zəruri ehtiyacları üzərində dayanmağa çalışmışıq.
Ermənişünaslıq anlayışının ümumi məzmununu müəyyən etmək üçün,
onu bu səpgili digər bilik sahələri ilə tutuşdurmaq zəruridir. Belə bir
tutuşdurmadan sonra demək olar ki, ermənişünaslıq ümumi şəkildə ermənilərin
tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında
elmlərin məcmusudur. Lakin hər hansı konkret ölkədə (Rusiya, Fransa,
Almaniya və b.) ermənişünaslıq ümumi cəhətlərilə birgə, müəyyən spesifikaya
malik olur.
Azərbaycan ermənişünaslığı bu baxımdan daha çox fərqlənir.
Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan
torpaqları (Qərbi Azərbaycan – K.Ş.) olması, həmin torpaqlarda yaşayan
azərbaycanlıların taleyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində (tarixi Arsax)
albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə
köçürülməsi, onların azərbaycanlılara qarşı genosidi və b. məsələlər Azərbaycan
ermənişünaslığının hüdudlarını genişləndirir və tədqiqat prosesində nəzərə
alınmasını tələb edir.
Azərbaycan ermənişünaslığının elmi tarixinin araşdırılması və
elmi-metrik xarakteristikası aşağıdakı vəzifələrin irəli sürülməsini zəruri
edir:
1) Azərbaycan ermənişünaslığının müəyyən edilmiş anlayışına uyğun
gələn əsərlərin biblioqrafiyasının hazırlanması; 2) həmin əsərlərin xronologiya
üzrə say dinamikası (informasiya axını); 3) institutlaşması (tədqiqat
mərkəzlərinin formalaşması); 4) əsas tədqiqat istiqamətləri və müvafiq əsərlərin
təhlili; 5) dünya ermənişünaslığında Azərbaycan ermənişünaslığına istinad
vəziyyəti və ya sitatçəkmə indeksi (citation index).
Azərbaycan ermənişünaslığının tədqiqi üçün həlledici yeri bu
problem üzrə mükəmməl biblioqrafiyanın hazırlanması tutmuşdur. Bu işin
çətinlikləri üzərində dayanmadan qeyd edək ki, onun yerinə yetirilməsi digər
vəzifələrin həllinə əlverişli şərait yaratmışdır. Biblioqrafiyaya daxil edilmiş
ədəbiyyatın illər və dövrlər üzrə (Rusiya imperiyası, Azərbaycan Xalq
Cümhuriyyəti, sovet dövrü və Azərbaycan Respublikası) təsnifatı aparılmışdır.
Məlum olmuşdur ki, üç yüzdən çox kitab, sənədlər toplusu, elmi-publisistik
məqalə və s.-dən böyük əksəriyyəti 1988-ci il fevral hadisələrindən sonraya
aiddir. Azərbaycan ermənişünaslığına dair informasiya axınının güclənməsinə
Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, Azərbaycan Respublikası
prezidentinin «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyası haqqında»
1997-ci il 18 dekabr və «Azərbaycanlıların soyqırımı haqqında» 27 mart 1998-ci
il tarixli fərmanları mühüm təsir göstərmişdir.
Dünyanın bir sıra ermənişünaslıq mərkəzləri, o cümlədən qonşu
Gürcüstandan fərqli olaraq Azərbaycanda ermənişünaslığın institutlaşmasının
demək olar ki, diqqətdən kənarda qalması, ən azı təəccüb doğurur. Azərbaycanda
demək olar ki, bir dənə də ermənişünaslıq mərkəzi yoxdur. Azərbaycan
ermənişünaslığına aid edilən əsərlər isə müxtəlif elmi idarə, mərkəz, ali
məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır.
Müqayisə üçün qeyd edək ki, Tbilisi universitetində 1922-ci ildə armenistika
kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. Həmin universitetdə 1945-ci ildə
şərqşünaslıq fakültəsi təşkil edildikdə armenistika kafedrası əsas kafedralardan
olmuşdu. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun
fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda isə
türkologiya, qafqazşünaslıq, xüsusilə gürcüşünaslıq və albanistikanın,
kürdşünaslığın institutlaşması səviyyəsi qeyd edilə bilər (Востоковедные
центры, 1988).
İndi isə Azərbaycan ermənişünaslığının əhatə dairəsinə daxil
etdiyimiz başlıca tədqiqat süjetlərini tarixi ardıcıllıqla nəzərdən keçirib,
əsas istiqamətlər üzrə ümumiləşdirək:
Erməni qaynaq və tarixi ədəbiyyatından Azərbaycan tarixinin
tədqiqində istifadə olunması.
Bu sahədə yeni dövrdə ilk addımları A.A.Bakıxanov atmışdır. O, «Gülüstani-İrəm»
əsərində (1841) erməni tarixçilərinə (Хоренский М., 1893; Чамчиан М.,
1784)
istinad etmişdir. Bu süjet sonralar Azərbaycan ermənişünaslığında əsas yerlərdən
birini tutmuşdur. 1939-cu ildə Azərbaycan tarixi üzrə qaynaqların icmalı (вып.
II. Армянские источники ) çap edilmişdi (Меликсет-Бек Л., 1939).
Azərbaycan tarixinin dövrləri üzrə monoqrafik tədqiqatlarda digər qaynaqlarla
vəhdətdə erməni qaynaqlarından da tənqidi istifadə
olunmuşdur.
(Мамедова Ф., 1986; Буниятов З., 1965; Шярифли М., 1978; Ализаде А., 1965
və b.).
T.Məmmədov IV-VII əsrlərdə Albaniya və Atropatena tarixini, S.Məmmədov isə
Azərbaycanın XV-XVIII əsrin I yarısı tarixini, əsasən erməni qaynaqları üzrə
araşdırmışdır (Mamedov T., 1977, 1993; Mamedov S., 1993 və s.)
Erməni qaynaqlarının tərcümə olunaraq Bakıda nəşri də həyata keçirilmişdir (Метцопский
Ф., 1957 (rus və azərbaycan dillərində); Армянская анонимная хроника,
1988 və b.).
Ermənilərin Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı
düşmən münasibətin təbliğinə münasibət.
Azərbaycan ermənişünaslığının ümumi tarixində bu süjet mühüm yer tutur. Lakin
Azərbaycanda bu məsələni qeyd edən və ona sərt münasibəti ilə H.B.Zərdabinin
fərqləndiyini xüsusi qeyd etmək lazımdır. O, «Əkinçi» qəzetində (1877, 17
fevral, №4) yazmışdır: «Bizim qəzetin 2-ci nömrəsində Qurban bayramının əsil
mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan
«Mşak» qəzeti erməni dilinə tərcümə etdirib, basdırıbdır… Xülasə, bu tövr çox
danışıb axırda deyir: neçə yüz ildir ki, islam ətrafda olan erməni, gürcü və
qeyri tayfaları güc ilə islam edib və indi siz bu qədər tayfaları ittihadi-islam
ilə birləşdirmək istəyirsiniz… Yox qaytarın bizə… bizim qardaşlarımızı ki,
keçmişdə onları cəbrən islam etmisiniz. Verin bizə, bizim yerləri ki,
keçmişdə onları güc ilə zəbt etmişsiniz (burada və sonra seçmə mənimdir –
K.Ş.) və ondan sonra gedib ittihadi-islamı o səhralarda eyləyin ki, orada islam
bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhalisi biqabiliyyət hesab
edir) birləşdirməyə səy edin…». Zərdabi bundan sonra, həmin qəzetin redaktoruna
müraciətən bildirmişdir: «Ey cənab Arsuruni, … əgərçi cənabınız doğru
buyurursunuz ki, zamanımız elm zamanıdır və bu halda ermənilər bizdən artıq elm
təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq
edirik. İndi cənabınıza eyb deyilmi ki, bizim aramıza ədavət salırsınız…»
(Zərdabi H.B., 1960, 111). Təəssüf ki, Zərdabinin bu xətti sonrakı tarixi
dövrdə, xüsusilə sovet dönəmində kəsərini itirdi. Yalnız Arsurini tərzində çıxış
edən Z.Balayanın «Ocaq» kitabının nəşrindən sonra (1984) vəziyyətdə
qismən dəyişiklik yarandı. Azərbaycanda kövrək etirazlar müqabilində erməni
iddiaları daha kəskin və döyüşkən şəkil alaraq, Ermənistanın Azərbaycana qarşı
müharibəsinin ideoloji cəhətdən hazırlanmasında əsas rol oynadı. 1988-ci illərin
sonlarından bu sahədə müəyyən dönüş yaransa da, əslində yeni meydana gəlmiş
tarixi situasiyaya tam cavab verə bilmir.
1905-1906-cı illər «erməni-müsəlman davası», əslində ermənilərin
azərbaycanlılara qarşı genosidinə münasibət.
Bu məsələyə o zamankı hakimiyyət orqanları və siyasi qüvvələrin münasibəti
tendensiyalı xarakter daşımışdır (Kuzminskiy, 1906 və b.)
Azərbaycanlılara gəldikdə, M.Ə.Sabirin münasibəti daha çox maraq doğurur.
Qeyd olunan məsələ üzrə ən başlıca əsər M.S.Ordubadinin «Qanlı
illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi.
Bakı, 1911» (təkrar nəşri, 1991) hesab olunmalıdır. Ordubadi «Məqsədin ərzi»ndə
əsərin ərsəyə gəlməsindən bəhs edərkən yazmışdır: «… O bir olan allahın
köməkliyi ilə iki il müddətində toplanması və yazıya alınması başında çalışdığım
bu qiymətli əsərin tamamlanmasına nail oldum… Hər tərəfdən müxbirlər vasitəsilə
mənə yetişmiş 245 məktubun hamısı saf-çürük edilmiş, məzmununa xələl yetirmədən,
yalnız tarixin və yazıçının üslubuna müvafiq bir dilə çevrilmişdir» (Ordubadi
M.S., 1991, 6). Ordubadinin kitab üçün material toplaması üsulu oricinallığı
və obyektivliyi ilə diqqəti cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, sonralar
məşhur tarixçi A.Toynbi (1889-1975) «Göy kitab» üçün materialı bu üsul ilə
toplamışdı. Lakin o, bilavasitə erməni və ermənipərəst mənbələrə müraciət etmiş,
əldə etdiyi materialları tənqidi təhlil etmədən çap etdirmişdi. Uydurma erməni
genosidini «əsaslandırmağa» çalışan bu kitab (1916) geniş yayılmış, 1975-ci ildə
ermənilər tərəfindən Nyu-Yorkda yenidən nəşr edilmişdir.
Ordubadinin ermənilərin 1905-1906-ci illərdə azərbaycanlılara
qarşı soyqırımını təsdiq edən əsərisə, ingilis dili bir yana, öz vətənində
ikinci dəfə yalnız 80 ildən sonra çap edildi. Mir Möhsün Nəvvabın qaynaq
xarakteri daşıyan «1905-1906-cı illərdə erməni-müsəlman davası» kitabı isə
1993-cü ildə işıq üzü gördü. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara
qarşı soyqırımına başqa əsərlərdə toxunulsa da, etiraf etmək lazımdır ki,
Ordubadinin əsəri bu baxımdan müqayisəolunmazdır. Fikrimizcə, Ordubadinin bəhs
etdiyi 245 məktub aşkar edilməli və onların üzərində iş davam etdirilməlidir.
Ermənilərin 1917-1920-ci illərdə, xüsusilə 1918-ci ilin martında
törətdikləri türk-müsəlman soyqırımı haqqında.
Bu problemə dair ədəbiyyat xronologiya üzrə sistemləşdirilmiş və tarixşünaslıq
tədqiqatı aparılmışdır (İsgəndərov A., 1997, 2006). Bu Soyqırıma ilk
münasibətlər dövrün özündə, əsasən Azərbaycan Xalq Cümhuriyyəti zamanında
yazılmış əsərlərdə əks olunmuşdur. Sovet dövründə məsələ sosialist inqilabına
dair ümumi əsərlərdə nəzərdən keçirilmiş və mahiyyəti təhrif edilmişdir. Onun
yenidən dərininə öyrənilməsi və genosid kimi araşdırılması 1990-cı illərin
əvvəllərində ortaya çıxmışdır. Burada A.Paşayevin məqaləsini (Что это было:
геноцид или депортация?, 1992) qeyd etmək olar (həmçinin baxın: 2001,
133-147).
C.Həsənov
da məqaləsində (1918-ci ilin martı: vətəndaş müharibəsi, yoxsa türk-müsəlman
soyqırımı, 1994) məsələyə bu şəkildə yanaşmışdır. Bununla da ermənilərin
fəaliyyəti genosid kimi təsdiq edilmiş, Azərbaycan Respublikası prezidentinin
1997-ci il 18 dekabr fərmanından sonra araşdırmalar və sənədlər nəşri
genişlənmişdir.
Ermənilər və İran mövzusu da Azərbaycan ermənişünaslığında
özünəməxsus yer tutmuşdur.
M.Məmmədzadə 1927-ci ildə «Ermənilər və İran» adlı əsərini çap etdirmişdir (Məmmədzadə
M., 1927; təkrar nəşri, 1993). Bu tematika S.Onullahinin tədqiqatlarında
davam etdirilmişdir (Onullahi S., 2002).
Erməni dilində olan Azərbaycan qaynaqlarının öyrənilməsi.
Məlum olduğu kimi, müəyyən tarixi şərait üzündən bəzi alban qaynaqları (M.Kalankatuklu,
K.Qandzaketsi,
Mxitar Qoş və b.)
müasir dövrə erməni dilində gəlib çatmışdır. Erməni tarixşünaslığında olduğu
kimi ilk vaxtlar Azərbaycanda da bu işi ermənilər həyata keçirmişdir
(Т.Тер-Григорйан). Lakin sonra bu sahədə dəyişiklik baş vermişdir (Ямпольский
З., 1957; Буниятов З., 1961., Ворошил Г., 1968, 1970; Мамедова Ф. 1971, 1977).
Kirakos Qandzaketsinin əsəri 1946-cı ildə Bakıda rus dilində çap edilmişdir (Гандзакеци
К., 1946). Z.Bünyadov M.Kalankatuklu və Mxitar Qoşun əsərlərini tərcümə
(ingilis dilindən) etmişdir (Мхитар Гош, 1960; Каланкатуклу М.; Мхитар Гош,
1993).
Albanların (Dağlıq Qarabağda) deetnizasiyası (erməniləşməsi)
məsələsi
Z.Bünyadovun monoqrafiyasında əsaslı şəkildə qoyulmuşdur (Буниятов, 1965).
Ü.Hacıyeva Qafqaz albanlarının deetnizasiyasına (XIX əsr) xüsusi tədqiqat həsr
etmişdir (Гаджиева У., 2004). Y.Mahmudov və K.Şükürov Qarabağa dair
tədqiqatında bu məsələyə toxunmuşdur (Mahmudov Y., Şükürov K., 2005).
Erməni tarixçilərinin əsərlərinin resenziyalaşdırılması.
Bu tipli resenziyalar tarixi tədqiqat növü hesab olunur. Burada V.İşxaniyanın
1919-cu ildə Tiflisdə nəşr olunan kitabına resenziya ilk yeri tutur (газ.
Азербайджан, 1920, №62).
Sonralar Q.Voroşil,
M.Heydərov,
Z.Bünyadov,
M.Nemətova,
V.Qiliyeva
və
b.
resenziyalarını
qeyd etmək olar.
(Гукасян В., 1969; Гейдаров М., 1975; Буниятов З., 1977; Буниятов З.,
Нейматова М., 1988, Кулиева В., 2002).
Azərbaycan və ermənilərin əlaqələri (ədəbi, tarixi və b.)
haqqında.
Bu mövzu əsasən sovet dövründə üstünlük təşkil etmişdir. M.Seyidov (ədəbi
əlaqələr), Q.Voroşil və Z.Budaqovanın (dil əlaqələri) və S.Məmmədovun (tarixi
əlaqələr) monoqrafiya və məqalələri qeyd oluna bilər (Сеидов М., 1969;
yenə onun,
1976; Мамедов С., 1977; Гукасян В., Будагова З., 1979).
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə
dair. Ermənilərin İran və Osmanlı imperiyasından Cənubi Qafqaza
köçürülməsi erməni tarixşünaslığında kifayət qədər öyrənildiyi halda, Azərbaycan
tarixşünaslığı uzun zaman susmuşdur. D.İsmayılzadə 1982-ci ildə Moskvada nəşr
olunan kitabında bu məsələ üzərində dayanmışdır (Исмаилзаде Д., 1982, 28-32).
Bakıda isə K.Şükürov Cənubi Azərbaycan tarixilə əlaqədar bu süjeti nəzərdən
keçirmişdir.
(Шукюров К., 1984). 1980-ci illərin sonlarından bu məsələyə diqqət
artmış, H.Verdiyeva və M.Muradov tərəfindən çarizmin köçürmə siyasətinin tərkib
hissəsi kimi araşdırılmışdır (Вердиева Х., 1999; Мурадов М., 1999).
Ermənilərin 1980-ci illərin sonlarında yeni ərazi iddiaları və
bunun reallaşdırılması üçün siyasi-hərbi fəallığı Azərbaycan ermənişünaslığının
demək olar ki, həyati əhəmiyyətli suallara cavab verə bilmədiyini aşkar etdi.
Belə bir şəraitdə Ermənistan və ermənilər haqqında qeyri-Azərbaycan
müəlliflərin əsərlərinin reprint nəşrləri, xarici ədəbiyyatın tərcüməsi (rus və
Azərbaycan dillərində) və çapı həyata keçirilməyə başladı (Kaçaznuni Ов.,
(1927), 1990; Величко В., (1904), 1990; Глинка С., (1831), 1990; Шавров Н.,
(1911), 1990; Чавчавадзе И., (1902), 1990; Канадеев И., (1902), 1990; Малевил
Ж., 1990; Дашнаки, 1990; Гурко-Кряжин, 1990; щямчинин бахын: История
Азербайджана по документам, 1990; Майкл Э., 1991; «Армянская геноцид», 1992;
Гюрюн К, 1993; Маевский В., (1915), 1993; Дж. и К.Маккарти, 1996; Файгл Э.,
2000; Сямйуел А., 2004 вя б.).
Ermənistanın öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara
qarşı siyasəti, toponimləri dəyişdirməsi, maddi mədəniyyət abidələrini məhv
etməsi və azərbaycanlıların deportasiyası haqqında.
Demək olar ki, uzun müddət üzərindən sükutla keçilən bu məsələlər də 1980-cı
illərin sonlarından öyrənilməyə başlayır. «Didərginlər» adlı toplu (1990) ilk
belə nəşrlərdən biri hesab oluna bilər.
1948-1953-cü illərdə köçürülməsinə dair əsaslı sənədli
tədqiqatların başlanması və onun deportasiya kimi nəzərdən keçirilməsində
A.Paşayevin rolu böyükdür (Paşayev A., 1991, 1992, 1995 və b.) Azərbaycan
Respublikası prezidentinin 1997-ci il 18 dekabr fərmanından sonra deportasiyanın
öyrənilməsi geniş hal almışdır. (Deportasiya, 1998; Veliev İ., 1998;
Deportasiya (Elmi konfransın materialları), 1998; Nəcəfov B., 1998; Arzumanlı
V., Mustafa N., 1998 və b.) Ermənistanın azərbaycanlılara qarşı siyasətinin
araşdırılmasında İ.Məmmədov, S.Əsədov, H.Rəhimoğlu və başqalarının tədqiqatları
xüsusi qeyd oluna bilər. (Məmmədov İ., Əsədov S., 1992; Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası, 1995; Həbib Rəhimoğlu, 1997 və b.)
Ermənistanın Azərbaycan yer adlarını dəyişdirməsi siyasəti və
onun nəticələri B.Budaqov, Q.Qeybullayev, İ.Bayramov və b. tərəfindən
öyrənilmişdir (Budaqov B., Qeybullayev Q., 1998; Bayramov İ., 2002).
Ermənilərin Azərbaycandakı fitnəkar rolu, cinayətkar
fəaliyyətinin öyrənilməsi də son dövrə aiddir.Bu
məsələ üzrə B.Nəcəfov, Q.Sadıxov, R.Məmmədov, L.Məmmədova, V.Quliyevin
tədqiqatlarını, MTN, Azərb. MEA Tarix və İnsan Hüquqları İnstitutlarının
nəşrləri diqqəti жялб едир (Nadcafov B., 1993, 1994, Sadıqov Q., Mamedov R.,
1994; Mamedova L., 1996; Quliyev V., 1999; Prestupleniə armənskix., 2002;
Erməni cinayətkarlığı, 2004 və b.).
Uydurma erməni genosidi, erməni lobbisi, erməni şovinizmi, erməni
terrorizmi, ermənilərin mənşəyi və tarixi haqqında araşdırmalar Azərbaycan
ermənişünaslığında yeni süjetlərdir
(Musayev İ., 2001; Kəngərli Q., 1992; Rzayev A., 1997; Mustafayev R., 2002;
Verdiyeva X., Hüseynzadə R., 2003; Əsədov S., 1999; Məmmədli A., 2005 və b.)
«Qarabağ dünən, bu gün və sabah» elmi-əməli konfransları
respublikada ermənişünaslığın inkişafına da müəyyən təsir göstərmişdir (baxın:
Konfransın materialları, (I) 2002, (II) 2003, (III) 2004, (IV) 2005).
Nəzərdən keçirdiyimiz süjetləri
uyğun istiqamətlər üzrə aşağıdakı kimi ümumiləşdirmək olar: 1) erməni
qaynaqlarının Azərbaycan tarixinin mənbələrindən biri kimi araşdırılması; erməni
müəlliflərinin əsərlərinin resenziyalaşdırılması; Azərbaycan müəlliflərinin bizə
erməni dilində çatmış əsərlərinin öyrənilməsi və s.; 2) ermənilərin Azərbaycana
köçürülməsi, azərbaycanlılara qarşı genosidi; 3) Ermənistanın öz tarixi
torpaqlarında yaşayan azərbaycanlılara qarşı siyasəti; azərbaycanlıların
deportasiyası, Azərbaycana qarşı ərazi iddiaları, müharibəsi və onun ağır
nəticələri; 4) dünya ermənişünaslığından seçmə yolu ilə nəşrlər və tərcümələr;
5) ermənilərin İran və Türkiyədə fəaliyyəti; 6) ermənilərin mənşəyi, tarixi,
terrorçuluğu və s. Bu istiqamətlərdən daha çox Azərbaycanla bağlı olanlar
nisbətən geniş ədəbiyyat yaratmışdır. Ermənişünaslığın mərkəzi məsələlərinə az
diqqət yetirilmiş və ya ümumiyyətlə bu məsələlər qoyulmamışdır. Azərbaycan
ermənişünaslığına beynəlxalq aləmdə istinad olunması faktları isə nadir
hadisədir.
Beləliklə, qarşıya qoyulan vəzifələr üzrə aparılan
araşdırmalardan aydın olur ki, sözün əsl mənasında Azərbaycan
ermənişünaslığının formalaşmasından danışmaq mümkün deyildir. Ermənistanın
Azərbaycana qarşı müharibəsi, ölkə ərazisinin müəyyən hissəsinin işğalı,
ideya-siyasi, hərbi, bir sözlə, həyatın bütün sahələrində Azərbaycana qarşı
düşmənçilik siyasəti həyata keçirdiyi dövrdə Azərbaycan ermənişünaslığının belə
bir vəziyyəti qənaətbəxş hesab oluna bilməz və burada köklü dəyişikliklər
edilməlidir. Azərbaycanın bütün zəruri tələblərini nəzərə alan Azərbaycan
ermənişünaslığı modeli hazırlanmalı (erməni dilinin tədrisi, ermənişünaslıq
mərkəzlərinin təşkili və s. əsas götürülməklə) və həyata keçirilməlidir.
Qısa müddətdə Azərbaycan ermənişünaslığının dünyanın qabaqcıl
ermənişünaslıq mərkəzləri səviyyəsinə çatdırılması təmin edilməlidir. Azərbaycan
ermənişünaslığının dünya ermənişünaslığına inteqrasiyası dövlətin strateji
maraqlarına uyğun elmi-idraki və əməli informasiya əldə etməsini yeni səviyyəyə
yüksəldə bilər.
|