|
Новая страница 1
Qasım Hacıyev
Qarabağın
maddi mədəniyyəti Azərbaycanın maddi və
mənəvi
mədəniyyətinin tərkib hissəsidir
İki yüz ildir ki, Qarabağı faciələr meydanına çevirən ermənilər bütün
vasitələrdən istifadə edərək zaman-zaman tariximizi saxtalaşdırır, uydurma tarix
yaradır, azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarırlar.
Siyasətbazların əlində alətə çevrilmiş erməni “tarixçiləri” Qarabağ
torpaqlarının ermənilərə məxsus olmasını «sübut edən faktlar” toplayır, “hüquqi
sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyindirməyə
çalışırlar.
Erməni ideoloq və «arxeoloqları” Qarabağın alban xristian
abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim
mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı
ərazilərin «əzəli erməni torpaqları» olduğunu sübut etmək istəyirlər. Hansı ki,
ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə
məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi.
Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə,
Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə
arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri,
numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni
vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini,
ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini
hərtərəfli əks etdirir.
Albaniyada V əsrin başlanğıcında istifadə edilmiş yeni formada və rəsmi
yazılarda işlənməsi hesab edilən alban əlifbası icad edilmişdir. Bununla
əlaqədar təhsil ocaqları yaranmışdır ki, bunun da əsas mərkəzi Qarabağın qədim
şəhəri Bərdə idi.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra
Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti
mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda
tikililər- alban xristian dini abidələri yaradılmışdır. Ağdərədə Amaras (qədim
türk dilində bu söz «ağ hun» deməkdir), Ağdamda Govurqala (qeyri müsəlman- alban
xristianlığına məxsus-Q.H. qala), Qəbələdə (Böyük Əmidli kəndi), Laçında
(Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xotavəng), Çahartağ), Zaqatalada (Kilsədağ,
Mamrux) və Qaxda (Ləkit) alban xristian məbədləri, həmçinin Xocavənd alban
kilsəsi (Sos kəndi), Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki üçnefli
bazilikalı bina, Bərdə şəhərində aşkar olunmuş üç yarım dairəvi apsidalı məbəd
Azərbaycanın Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və
mədəniyyətini səciyyələndirir.
Orta əsr mənbələrində hətta İslam dininin Azərbaycanda qəbud edildiyi və sonrakı
dövrlərdə Azərbaycanda eyni vaxtda alban xristian məbədlərinin mövcud olduğunu
və qorunub saxlandığını göstərən məlumatlar verilir.
Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz
etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı olan yerli xalqın tarixi
taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda
olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu
həmişə və hər yerdə eyni olmamışdır.
Qarabağda müxtəlif dinlərin mövcud olması cəmiyyətin ictimai həyatına böyük
təsir göstərmişdir. Bu insanların məişətində, mənəvi dünyasında, habelə
şəhərsalma mədəniyyətində - ictimai və dini binaların, tikinti komplekslərinin
memarlıq üslubunda, şəhərlərin quruluşu və planlaşdırılmasında müəyyən rol
oynamışdır.
Bu
regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət
etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk
mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur.
Zaman və dövrün təsirindən asılı olaraq, müxtəlif həyat tərzi, dini ideologiya
mövcud olmuş, bununla əlaqədar mənəvi mədəniyyətin fərqli xüsusiyyətləri
meydana çıxmışdır. Azərbaycanın digər ərazilərindən fərqli olaraq, Qarabağ
ərazisində dini ayrılığın davam etməsi bölgədə sonralar böyük dəyişikliklərin
yaranmasına gətirib çıxarmışdır. Albaniyada xristianlığın müsəlmanlıqla əvəz
olunduğu zaman Qarabağın dağlıq ərazisində yaşayan və xristianlıq dini
ideologiyasına sitayiş etməkdə davam edən avtoxton albanların xristian
olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi
köçürülmüşdür. Onlar yerli xristian albanları qriqoryanlaşdıraraq, assimilyasiya
etmiş, hayklar adlandırmış, ərazini isə “hayk ölkəsinin bir hissəsi” kimi qələmə
vermişlər. Vaxtilə gəlib sığınacaq tapdığı Azərbaycan torpaqlarını son dövrlərdə
«Şərqi Ermənistan» adlandıraraq, «Böyük Ermənistan»ın tərkibinə daxil olan
ərazi kimi tanıtmaqla, həmin əraziləri tarixi vətənləri hesab edib, «erməni
mədəniyyəti məskənləri» adı altında tarixi uydurma yaratmışlar.
Beləliklə, tədqiqatlar Yuxarı (Dağlıq) Qarabağın maddi və mənəvi mədəniyyətinin
Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu aydın
şəkildə göstərir və bu barədə əks fikirlərin əsassız olduğunu sübut etməyə əsas
verir.
|