|
Новая страница 1
Məryəm Oruclu
Müasir dünyada
münaqişələrin həlli modelləri
və Qarabağ
məsələsi
XX
əsrin 80-cı
illərinin sonlarında postsovet məkanında meydana çıxan Dağlıq Qarabağ konflikti
ən uzun sürən və qanlı konflikt olaraq minlərlə insan həyatına son qoydu.
Maraqlısı odur ki, SSRİ dağılandan sonra avtomatik olaraq iki yeni müstəqil
dövlətarası münaqişəyə çevrilən Qarabağ probleminin həlli perspektivi görünməyən
sonsuzluğa qədər uzanır. 1994-cü ilin may ayında atəşkəs elan edilməsinə və
konflikt tərəflərinin, çoxsaylı beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq,
problemin siyasi həllinə nail olunmamışdır.
Mövcud şəraitdə Dağlıq Qarabağ probleminin həlli üsulunun tapılması cəhdləri heç
bir nəticə vermir. Problemin həlli ilə əlaqədar dunyada analoji konfliktlərin
həlli təcrübəsinə müraciət edilir. Problemin həlli üsulunun tapılması cəhdləri
içərisində «yüksək muxtariyyat, dövlət yox» tezisi üstünlük təşkil edir.
İndi daha çox mövcud etnik konfliktlərin qan tökülməsi yolu ilə deyil, xüsusi
statusun tapılması və özünü təyinetmə sərhədləri çərçivəsində həll edilmiş Aland
adaları nümunəsinə tez–tez müraciət edilir. Bu adaların əhalisi 1808–ci ilə
qədər İsveç krallığının tərkibində olmuş və isveç dilində danışmışlar. Həmin
dövrdə Norveç və Finlandiya da İsveçin tərkibində idi:
1808–1809–cu illər müharibəsi nəticəsində İsveç Finlandiyanı və Aland adalarını
Rusiyaya verməyə məcbur oldu. 1856–cı ildə isə, Krım müharibəsindəki
məğlubiyyətdən sonra, Rusiya Aland adalarını demilitarizasiya edilmiş zona kimi
tanımağa məcbur oldu.
XX
əsrin əvvəllərində gedən proseslər nəticəsində ümumxalq referendumu keçirildi və
Norveç dinc yolla İsveçdən ayrıldı. 1917–ci ildə isə, Rusiya Finlandiyanın da
müstəqilliyini tanımağa məcbur oldu.
Cərəyan
edən proseslər zəminində, Aland adalarının İsveç əhalisi öz qədim vətəni İsveçə
birləşmək arzusunu ifadə etdi və adanın bütün yetkin əhalisinin imzaladığı
müraciəti İsveç kralına təqdim etdi.
1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin iradəsinin əksinə gedərək,
onlara özünü təyinetmənin şərtlərini qəbul etməyi təklif etdi. Aland əhalisi bu
təklifi rədd etdikdə konflikt dərinləşdidi.
Nəhayət, 1921-ci ildə Millətlər Liqası Aland adaları ilə əlaqədar mühüm qərar
qəbul etdi. Bu qərara əsasən, Aland adaları Finlandiyanın ərazisi olaraq neytral
və demilitarizasiya edilmiş zona elan edilir. 1921-ci il iyun qərarına görə isə,
Finlandiyaya, ada əhalisinin isveç dilini, adət–ənənələrini saxlamaq və isveç
mədəniyyətinin inkişafına təminatla bağlı borclu olduğu bəyan edilirdi.
1922-ci ildə qəbul edilmiş özünü idarəetmə qanununa görə, Alandın yerli
parlamenti – Laqtinq adanın daxili işləri və büdcəsi haqqında qanunlar qəbul edə
bilər. Laqtinqi hökumət təyin edir. Laqtinqin hüquqi səlahiyyəti aşağıdakı
sahələri əhatə edir: təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, nəqliyyat,
kommunal təsərrüfat, polis, poçt, radio və televiziya. Bu sahələrdə Aland
əhalisi suveren dövlət səlahiyyətinə malikdir. Bütün qalan qanunverici
səlahiyyət Finlandiyaya məxsusdur. Bunlara xarici siyasət, mülki kodeksin əsas
hissəsi; məhkəmə və cinayət hüququ, gömrük və pul aiddir.
Aland əhalisinin maraqlarının müdafiəsi üçün arxipelaqdan fin parlamentinə bir
deputat seçilir. Finlandiyanın prezidenti Laqtinqin razılığı ilə adanın
qubernatorunu təyin edir. Qubernator paritet əsasda formalaşmış Aland adaları
nümayəndələr Şurasına rəhbərlik etmək, Laqtinqin sessiyalarını açmaq və bağlamaq
səlahiyyətinə malikdir.
Laqtinqin qəbul etdiyi qanunlar veto hüququna malik olan Finlandiya prezidentinə
göndərilir. Prezident vetonu yalnız 2 halda qoya bilər: Adanın parlamenti öz
səlahiyyətlərini aşmışsa və qəbul olunan qanun Finlandiyanın daxili və xarici
təhlükəsizliyinə ziyan gətirirsə.
Aland vətəndaşı fin ordusunda xidmət etməkdən azaddır. Adada hərbi hissələr
yerləşdirmək olmaz. Aland əhalisi Skandinav ölkələri ilə birbaşa əməkdaşlıq edə
bilər. Aland hökuməti eyni zamanda Skandinav ölkələri Nazirlər Sovetinin işində
iştirak edir. Xarici siyasət səlahiyyəti Finland hökuməti və parlamentinə
aiddir. Əgər Finlandiya hökuməti Alandın daxili işlərinə təsir edən beynəlxalq
müqavilə imzalayarsa, bunu Laqtinqlə razılaşdırmalıdır.
Beləliklə, münaqişənin Aland modeli beynəlxalq vasitəçilər tərəfindən Dağlıq
Qarabağ və Azərbaycan Respublikası arasındakı münasibətlərin gələcək mümkün
modeli kimi təklif edilirdi. Bu məqsədlə, 1993-cü il dekabrın 21-22-də
Finlandiya və Rusiya Xarici İşlər Nazirliklərinin təklifi ilə Aland adalarında
MDB Parlamentlərarası Assambleyası Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ
parlamentlərinin simpoziumu keçirildi. Bu simpoziumda tərəflərə Aland modelinin
detalları təqdim olundu. Lakin bu təklif ermənilər tərəfindən rədd edildi.
Erməni tərəfi Qarabağ konfliktinin tarixi əsaslarının və psixoloji nəticələrinin
nəzərə alınmaması bəhanəsilə təklifi qəbul etməkdən imtina etdi. Onların
fikrincə,
Cənubi
Qafqazdakı mövcud şərtlərlə Aland modelini Qarabağ konfliktinə tətbiq etmək
olmaz. Buna baxmayaraq, vaxtaşırı olaraq Aland variantı gündəmə gəlir və Qarabağ
konfliktinin həlli üçün irəli sürülür.
Qarabağ konfliktinin nizamlanması yolları və Dağlıq Qarabağın statusu haqqında
diskussiyalar zamanı «Kipr variantı» ideyası da meydana çıxır.
«Kipr modeli»nin mahiyyəti ondan ibarətdir ki, Şimali Kipr Türk Respublikası
rəsmi olaraq heç bir dövlət tərəfindən tanınmır, lakin faktiki olaraq mövcuddur
və de-fakto fəaliyyət göstərir. Kipr modelinin Dağlıq Qarabağa tətbiqi,eləcə də
Dağlıq Qarabağı da de-yure tanımamaq, lakin onun de-fakto mövcudluğunu qəbul
etmək edməkdir. Yəni, Dağlıq Qarabağ Azərbaycan və ya Ermənistan
Respublikasının tərkib hissəsi olmayacaq, rəsmi olaraq müstəqil dövlət kimi
tanınmayacaq, beynəlxalq təşkilatların üzvü olmayacaq, lakin mövcud olacaq və
müstəqil dövlət kimi fəaliyyət göstərəcək.
Erməni tərəfinin fikrincə, Kipr modeli münaqişənin kompromis variantıdır və bu
model konfliktə cəlb olunan bütün tərəflərin milli hisslərini alçaltmadan mövcud
vəziyyətlə barışmağa və eləcə də gələcəkdə problemin həllinə daha geniş yanaşmaq
üçün vaxt qazanmağa şərait yarada bilər. Digər tərəfdən, bu, 2 qonşu
ölkə–Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edə
bilər.
Azərbaycan tərəfinin fikrincə isə, bu model de-fakto olaraq, uzun illərdir
mövcuddur və faktiki olaraq fəaliyyət göstərir. Lakin mövcud vəziyyət heç də
ümidləri doğrultmur.
1996-cı ildə Rusiya ilə Çeçenistan rəhbərləri arasında bağlanan Xasavyurt
sazişindən dərhal sonra Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar daha bir
variant meydana çıxdı. Bu, çeçen variantı olaraq təqdim olundu. Belə ki, Rusiyda
Federasiyası və Çeçenistan uzun və qanlı müharibədən sonra müharibənin
dayandırılması haqqında razılığa gəldilər və Çeçenistanın statusu məsələsini 5
il ərzində təxirə salmaq haqqında qərar qəbul etdilər. Çeçen modelinin əsas və
özünəməxsus mahiyyəti bundan ibarətdir. Rusiya–Çeçenistan razılaşmasından sonra
Rusiya Federasiyası, Ermənistan və Dağlıq Qarabağın müxtəlif dairələrində bu
modelin Qarabağ probleminin həllinə tətbiq etməyin mümkünlüyü haqda danışmağa
başladılar.
Eyni zamanda dunya təcrübəsində Deyton sülh müqaviləsi təcrübəsi də var. Bu
müqavilədə Bosniya və Hersoqoviniyanın serb əhalisinin özünü təyinetmə hüququ
məsələsinin 9 il təxirə salınması nəzərdə tutulur.
Ermənistan və Dağlıq Qarabağ rəhbərliyinin «çeçen variantının» mümkünlüyü haqda
verdiyi bəyanat haqlı olaraq, Azərbaycan tərəfindən qəbul edilmədi. Çünki bu
variantın qəbul edilməsi Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığı prinsipindən geri çəkilməsi demək idi. Bu, həm də o deməkdi ki,
Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyır və bu konfliktə
Azərbaycandaxili anomaliya kimi baxır.
Göründüyü kimi, Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif səviyyələrdə keçirilən
saysız-hesabsız görüşlər və müzakirələr hələ öz real nəticəsini verə
bilmir.Bununla əlaqədar əksər ekspertlərdə belə fikir formalaşır ki, mövcud
şəraitdə konfliktlərin həllinin 2 yolu mümkündür. Birincisi, münaqişənin real
həlli üçün tərəflərdən biri inkişaf səviyyəsinə görə əhəmiyyətli dərəcədə
digərindən önə keçməlidir. İkincisi, yeni səviyyədə strateci balans yaranmalı,
xarici faktorun gücü o qədər artmalıdır ki, tərəfləri hansısa addımlar atmağa
məcbur etsin.
|