|
Новая страница 1
Akif Məhərrəmzadə
Qarabağ münaqişəsi Türkiyə - Ermənistan
münasibətlərində mühüm amil kimi
Yerləşdiyi coğrafi məkan, nəqliyyat amili, ölkələrarası iqtisadi inteqrasiyanın
güclənməsi Türkiyənin qonşu Ermənistanla münasibətlərini ilk baxışda labüd etsə
də, Qarabağ münaqişəsi, ermənilərin uydurma «soyqırım» və Şərqi Anadoluya olan
ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir əngəl olmaqda
davam edir.
Qarabağ münaqişəsində Türkiyə ictimaiyyəti açıq şəkildə Azərbaycanın mövqeyini
müdafiə etmişdir. Türkiyə ictimaiyyəti hökumətin Qarabağ məsələsində bitərəf
qalmasına qarşı etiraz aksiyaları keçirmiş və Azərbaycanın haqlı mübarizəsini
dəstəkləmişlər. Türkiyə hökuməti bir tərəfdən Qafqazdakı gələcək nüfuzu
baxımından, digər tətəfdən isə bölgədə hegemonluğu əldə edərək, Rusiya, ABŞ,
NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ
məsələsinin həllində fəal rol oynamağa çalışsa da, lakin bu heç də gözlənilən
nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi nəticəsində daha
passiv bir siyasətlə nəticələndi. Odur ki, istər yerli, istər türkiyəli, istərsə
də xarici yazarlar Türkiyənin bölgədəki maraqlarını izah edərkən yazırlar ki,
rəsmi Ankara regionda Qarabağ münaqişəsinin nizamlanmasında öz imkanlarından
nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə
istifadə etmədi.
Qarabağ probleminin həllinin belə, Türkiyə-Ermənistan
münasibətlərinin yaxınlaşmasına elə bir ciddi təsir göstərməyəcəyni bildirən
siyasi icmalçılar erməni diasporunun bu münasibətlərin yaxınlaşmasına mənfi
təsirini qeyd etmişlər. Analitiklər belə hesab edir ki, Qarabağ problemi həll
olunsa belə, erməni soyqırımı iddiaları və erməni diasporunun pozucu fəaliyyəti
Türkiyə–Ermənistan münasibətlərinə kölgə salmaqda davam edəcəkdir. Ankaranın
İrəvana ünvanlanmış və qarşılıqlı anlaşmaya əsaslanan siyasəti nə Ermənistanı
Türkiyəyə yaxınlaşdırdı, nə də Qarabağ məsələsində hər hansı irəliləyişə səbəb
oldu. Tam əksinə, Türkiyənin bir qədər yumşaq mövqeyi, xüsusilə Qarabağ
münaqişəsinə münasibətdə sərt mövqeyinin yetərincə olmaması, məsələnin
beynəlxalq mexanizmlər yolu ilə həll edilməsinə inandığını elan etməsi
Ermənistanı daha da cəsarətləndirdi. Cəzasızlıq şəraitində Ermənistan Dağlıq
Qarabağda yeritdiyi işğalçı təcavüzkar siyasətini bir qədər də gücləndirərək
Qarabağın ətraf rayonlarının da işğalına nail ola bildi.
Türkiyə ictimaiyyətinin Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana olan
nifrətinə baxmayaraq, Türkiyə hökuməti Ermənistan müstəqillik qazandıqdan dərhal
sonra onu tanımış, hətta 25 iyun 1992-ci ildə yaradılan Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsinə mane olmamışdır.
Qarabağ münaqişəsinin həlli rəsmi Ankaranın xarici siyasətinin ən aktual
istiqamətlərindən biridir. Məhz bu səbəbdən də münaqişənin alovlanmağa başladığı
ilk günlərdən Türkiyə Böyük Millət Məclisi məsələyə biganə qalmamış və mütəmadi
olaraq problemlə bağlı müzakirələr aparmış, yerli və dünya ictimaiyyətinin
diqqətinə Ermənistanın təcavüzkarlıq siyasəti haqqında məlumatlar çatdırmışdır.
TMBB İnsan Haqları Tədqiqat Komissiyasının rəhbəri 1992-ci ildə ölkə
parlamentində çıxış edərkən bildirmişdir ki, Qarabağda 1988-ci ildən başlayaraq
hər gün şiddətlənən və insanlığın faciəsinə çevrilmiş dramın dayandırılması üçün
komissiya 04.03.1992-ci il tarixli iclasında məsələ ilə bağlı fövqəladə
toplantının keçirilməsini qərara almış, 05.03.1992-ci il tarixli iclasında
məsələni müzakirə etmiş və aşağıdakıların Türkiyə və dünya ictimaiyyətinə
çatdırılmasını zəruri saymışdır:
1.
Qarabağda meydana gələn hadisələr artıq çoxsaylı insan qırğını ilə müşayiət
olunmaqdadır. Bütün dünyanın gözləri qarşısında cərəyan edən bu vəhşı soyqırım
faktlarına dərhal son qoyulması, məcburi köçkün düşmüş insanların geri-öz
yurdlarına dönmələrinin təmin edilməsi və bu durumun normal hala gətirilməsi
məcburidir.
2.
Komissiya məsələni daha yaxından izləmək və dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq üçün bütün partiyaları təmsil edən beş üzvünü hadisələr cərəyan edən
bölgədə tədqiqat aparmaq üçün oraya ezam etmişdir. Komissiya beynəlxalq insan
haqları qurumları ilə əlaqə yaradaraq, onları da bu hadisəyə həssas yanaşmağa
dəvət etmişdir.
Türkiyə beynəlxalq arenada Azərbayanın haqlı mövqeyini dəstəkləmiş, Ermənistana
qarşı embarqo tətbiq etmişdir. Təbii ki, bunun kökündə tarixi erməni-türk
münasibətlərinin təsiri olsa da,
Türkiyənin bu münaqişənin həllində Azərbaycanın yanında yer almaq
istəməsini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyildir ki, Türkiyə hökuməti
dəfələrlə bəyan etmişdir ki, Ermənistana tətbiq etdiyimiz embarqonun aradan
qaldırılması yalnız Azərbaycan torpaqları işğaldan azad ediləcəyi təqdirdə
mümkün olacaqdır.
Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədilə hər iki
tərəfdən müvafiq addımlar atılmağa cəhd olunsa da, son nəticədə Ermənistan
tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından indiyədək buna nail olunmamışdır.
Türkiyə tərəfi Ermənistanla münasibətləri normallaşdırmaq və Qarabağ məsələsində
sülh razılığına gəlmək üçün «Əsrin müqaviləsi» çərçivəsində neft boru xəttinin
Ermənistan ərazisindən keçməsinin mümkünlüyünü gündəmə gətirdi. Eyni zamanda
1996-cı ildə Türkiyə baş naziri Məsud Yılmaz bildirmişdi ki, əgər Azərbaycan və
Ermənistan Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial məsələlərdə
razılığa gələrlərsə, Türkiyə Ermənistanla sərhəddini açacaq. Bu məsələdə qarşı
tərəfdən heç bir müsbət addımın atılmaması vəziyyətin normallaşdırılmasına
imkan vermədi.
Regionda sabitliyə daim maraqlı olan rəsmi Ankara xarici siyasətində Atatürkün
«yurdda sülh, cahanda sülh» ideallarına sadiqlik nümayiş etdirərək, Ermənistanı
təcavüzkar siyasətindən yayındırmaq naminə onunla diplomatik əlaqələr qurmaqdan
imtina etmiş, Ermənistanla münasibətlərinin yalnız işğal olunmuş Azərbaycan
torpaqları azad olacağı təqdirdə normallaşacağını dəfələrlə bəyan etmişdir.
Respublikamızın xarici siyasətinin ən mühüm prioriteti həm regional səviyyədə,
həm də beynəlxalq miqyasda Ermənistan-Azərbaycan münaqişəsinin optimal həllinin
axtarışından ibarətdir. Qeyd etmək lazımdır ki, müxtəlif səviyyələrdə olan
konfranslarda və bütün beynəlxalq forumlarda, həmçinin BMT, ATƏT və İKT kimi
təşkilatlarda Türkiyə hər zaman Azərbaycan Respublikasının maraqlarına uyğun
hərəkət edir, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı Ermənistanın
təcavüzünü kəskin olaraq pisləyir, respublikamızın bütün işğal olunmuş
ərazilərini danışıqsız və təxirə salınmadan azad olunmasını, Azərbaycan
qaçqınlarının öz doğma yurdlarına qayıtmalarını tələb edir. Yeri gəlmişkən,
Türkiyə ilə birgə fəaliyyəti sayəsində Azərbaycan beynəlxalq səviyyədə müəyyən
uğurlara nail olmuşdur. Burada Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT TŞ
sədrinin 7 bəyanatını və 4 qətnaməsini, İKT-nın qətnamələrini, ATƏT-in Lissabon
və Budapeşt sammitlərindəki qətnamələri və qərarları, o cümlədən Lissabon
sammitində ATƏT sədrinin və ATƏT-in mövqeyini əks etdirən yekun sənədini və
bəyanatını xüsusi vurğulamaq lazımdır.
Bu
Türkiyənin rəsmi mövqeyidir. Hansı ki, bu mövqeyi Türkiyə üçün az problem
yaratmamışdır. Söhbət Avropa İttifaqı və digər beynəlxalq qurumların bu
problemlə bağlı Türkiyəyə göstərdiyi təzyiqlərdən gedir. Rəsmi Ankara hələ ki bu
təzyiqlərə davam gətirir. Perspektivdə, mövqedə hər hansı bir yumşalmalar
olarsa, bu qarşı tərəfin – Ermənistanın da müvafiq güzəştləri hesabına reallaşa
bilər. Bu, Azərbaycan tərəfinin istəyidir. Bu istəyin kökündə Azərbaycan
torpaqlarının toxunulmazlığı prinsipi dayanır.
|