|
Новая страница 1
Mərziyyə
Nəcəfova
vətən
ruhuna hakim kəsilən şerlər
Ədəbiyyat aləmindən, “Karvan körpüdən keçir” (1997), “Baş daşımın yazıları”
(1998), ”Yurdun övladları” (E .Kamalla birlikdə 2000) publisistik kitabları ilə
Əli Rza Xələfli bizə yaxşı tanışdır. Daha sonralar isə “Ocağımın işığı” (2001)
kitabı müəllifinin imzasını oxucularına şair kimi təqdim etdi. Və çox cəsarətlə
demək olar ki,“Həsrət körpüsü” (2004) şerlər kitabı Əli Rza Xələfli imzasını
təsdiq etdi.
Müəllifin əsas yaradıcılığı XX əsrin sonlarına - Azərbaycan xalqının sınaq
illərində yaşadığı faciələrə təsadüf etdi. Bəlkə də elə içində odu-alovu, üsyanı
olan, şerin, poeziyanın, sözün sehri ilə yaşayan Əli Rzanın qəlbindəki qığılcımı
bu XX əsrin sonunda yaşadığımız faciələr - qanımız, canımız bahasına əldə
etdiyimiz azadlığımız, müstəqilliyimiz yolunda verdiyimiz şəhidlər, Qarabağ
ağrısı, yurd həsrəti, torpaq itkisi közərtdi.
Əli Rza Xələfli yaradıcılığını izləyərkən, istər publisistik əsərlərinin,
istərsə də poeziyasının ana xəttinin Vətən mövzusu olduğunu görürük. Bu da
təbiidir. Elə ikinci şerlər kitabına verilən ad da, bunu təsdiq edir. “Həsrət
körpüsü” - adı rəmzi seçim olmayıb, bütöv kitabın qayəsini, mahiyyətini əks
etdirir. Vaqif Yusifli demişkən, “Körpülər birliyə vəhdətə gedən yolun canlı
simvollarıdır”. Amma dünyada həsrət körpüləri də var.
Bu
körpülər üstündən səadət, ümid, arzu addımlamır.
Tənhalıq, həsrət, ağrı, kədər, ümidsizlik o körpülərin nişanıdır,
insan üzünə həsrətdir o körpülər:
İllər ayrıcıyam, qərib sahildən,
Araz muştuluğa bir ah gətirib.
Təbriz ağrısına ürəkdən, dildən,
Qarabağ ağrısı pənah gətirib.
Bu
həsrət körpüsü - həsrət körpülərinə dönür . Bu həsrət körpüləri şairin içində
əzaba, ağrıya, ağıya çevrilir. Bulağın gözündən damla–damla süzülüb gələn bulaq
suyu kimi, şairin qəlbindən süzülüb misralara çevrilir.
Şairin ən ağrılı yeri qoyub gəldiyimiz ata- babalarımızın qərib
məzarlarıdır:
Vətən üçün göz yaşıdı,
İldən- ilə qəm daşıdı.
Sual, nida -baş daşıdı,
Qürbət eldə qərib məzar.
Əsir kəndin acısıdı,
Qarabağın ağrısıdı,
İçilməyən acı sudu.
Qürbət eldə qərib məzar.
Vətən həsrəti, yurd itkisi, qərib məzarlar, keçən ömür-gün, onu sıxır, dəhşətə
gətirir. Qovuşmaq, vüsala yetmək, yaranan bu həsrət körpüsünü keçmək istəyi onu
rahat olmağa qoymur. Sözün həqiqi mənasında, yurdsuz-yuvasız didərginlərimiz
dərd-ələmin, əlacsızlığın məngənəsində boğularaq, canlı şəhidlərə çevrilirlər.
Şair ürək ağrısı ilə qələmə alır:
Tikanlar üstündə şərqilər deyən,
Neçə əzablara, dərdə şahidəm.
Son ucu hardasa ilğımı döyən,
Zülməti dolaşan yolda şəhidəm.
Əli Rzanın poeziyasının xüsusiyyətlərindən biri də onun poeziyasının təbiiliyi,
səmimiliyidir. Kitaba daxil olan şerlər yanğıdan yoğrulub. Bu da onun
poeziyasını fərqləndirir. Axı Əli Rza poeziyası Cəbrayıl elinin didərgin
düşməsində erməni vəhşiliklərinin şahidi olub və bütün bu faciəni yaşamaq,
poeziyaya gətirmək şairin tale yazısı olmuşdur. Bunları qeyd edərkən, Qarabağ
ağrılarını yaşayan və yazan şair Ələmdar Quluzadə poeziyasını xatırlayıram.
M.Yusifli bir məqaləsində şair Ələmdar Quluzadə haqqında yazmışdır: “Ələmdar
Quluzadə dünyanın dərdlərının içində yaşayan zamanın ağrılarını içində yaşadan
Vətən, torpaq duyğularını, bəşəri sevgi hisslərini xalq hikmətləri ilə poeziyaya
çevirməyi bacaran şairdir”.
Bu
kəlamları təsadüfi qeyd etmirəm. Bu gün bu kəlamı Əli Rza Xələfli poeziyasına da
şamil etmək olar. Düzdür, bu, bir tərəfdən, şairin yaşadığı və içində olduğu
faciələrdən, vətəni Cəbrayıl elinin düşmən tapdağında ol masından irəli gəlir.
Digər tərəfdənsə, onun yaradıcılığını vərəqləyərkən hiss edirik ki, Vətən
sevgisi, el–oba, yurd məhəbbəti onun iliyindən, qanın-dan axır. Onun
poeziyasının gücü, mövzularının poetik həlli şairin şəxsiyyət və səmimiyyətində,
vətən məhəbbətini qəlbinin dərinliklərində yaşatmasındadır. Müəllif öz
dərdini-hamımızın dərdini ümumiləşdirə bilir:
Vətən oğlu, vətən qızı,
rəva görmə yağıların
vətən üstə
torpaqların
bağrın sökə,
Ana yurda pərşim çəkə.
Müəllif çox suallara cavab axtarır. Bu cavabların ən birincisi mübarizə
apararaq, qalib gəlməkdir. Ancaq sonda ölüm də var, vətən uğrunda qurban getmək
də. Belə vəziyyətdə qəhrəman Vətən yolunda qurban getməyi şərəf bilir və bu
kədəri şərbət kimi içməyi tövsiyyə edir:
Atam mənim,
Çörəyini halal eylə .
Anam mənim,
Sən südünə halallıq ver.
Ürəyini halal eylə
Öz oğlundan keçməlisən,
Kədərini şərbət bilib
İçməlisən.
Vətənin müdafiəsi üçün yaşayan qəhrəman “Bir qəlpənin istisini sinəm üstə
soyutmağa yer gəzirəm” - deyərək, şair arzularını poetik bir dillə ifadə edir:
Bir əmrə müntəzirəm
Bir qəlpənin istisini
Sinəm üstə soyutmağa
Yer gəzirəm.
Savalan bağlarına,
Su
yerinə, qan verərəm.
O
yaralı dağlarına
Baxışımla
Məlhəm olub,
Can verərəm.
və
yaxud:
Keçən zaman,
Ötən illər,
Qoy ömrümə yazılmasın .
Vətən üstə bircə qarış
Torpaq payım
Qəbrim üçün qazılmasın .
“Həsrət körpüsü”nə şairin üç poeması da daxil olunub. Poemaların hər biri
ədəbiyyatşünaslar tərəfindən az da olsa təhlil edilib. Mən, “Bir Xələfli var
imiş” poeması üzərində dayanmaq istəyirəm. Bu poemada Əli Rza keçmişimizə
söykənərək bu günümüzü, bu günümüzün yaşantılarını, ağrı-acılarını qələmə
almışdır. Poemanın “Heydər babaya salam” üstündə köklənməsi əsərin gücünü daha
da artırır. O, Şəhriyar poeziyasının ruhunu əsərinə gətirə bilir. Bu, poemanı
təkrarlamır, əksinə təbiiləşdirir, oxucunun ruhuna yaxınlaşdırır. Əkbər Əlioğlu
haqlı olaraq yazır: “Əli Rza da böyük ustad kimi yaxın keçmişini soraqlayır,
əzizlərini anır, yurdun təbii gözəlliklərindən özünəməxsus lövhələr yaradır.
Yaradarkən ustad böyüklüyünü, onun ruhunun səsini daima öz üzərində hiss
etdiyindən, teztez etiraflara üz tutur və hər yeni parçada Əli Rza möhürünü
vurur”
Ustad sözün yaxşısını deyibdi,
Gülü dərib, tikanları əyibdi,
Şerin, sözün zərxanasın deyibdi,
“Salam”ımın şəkər dili bal kəsər,
Şirinliyi damaqlarda qənd əzər.
Cəsarətlə yazmaq olar ki, Əli Rzanın da poeması bal dadır, hətta bu əsər ustad
salamının daş-divarını hörməyin mümkünlüyünün klassik nümunəsini göstərə bilir.
Müəllif təvazökarlığı da onun yaradıcılığının, şəxsiyyətinin böyüklüyündən xəbər
verir.
Poemada Cəbrayıl elinin Xələfli kəndinin təbiəti, tarixi yerləri, abidələrinin,
dağlarının adları çəkilir, təbiətin füsunkar gözəllikləri bir vətənpərvər şair
dilindən poetik duyğularla ifadə olunur. Ancaq o bu gözəllikləri əks elədikcə
əzab çəkir. Bu torpaqların bərəkət əlçatmazlığı şairin içində fəryada, aha
çevrilir:
Xələflilər harda olsa qoçaqdı ,
Qorxu, hürkü Xələflidən qaçaqdı,
El
dağılıb, yol bağlanıb haçaqdı,
Bir də ola gedə billik o yurda
Ürəklərdən qəmi sillik o yurdda.
Şairə qərib düşmüş şəhid məzarları daha çox əzab verir. Qərib məzar itkisi əzabı
onun poemasında da əsas yer tutur:
Şirvan qəbri tarixlərin şahidi,
Nə yamandır qəbirlərin şəhidi,
Bu dərd mənim gözlərimin şahidi,
Kimsə bilməz məni necə yandırır,
Fərqi yoxdu gündüz-gecə yandırır.
Ümidvarıq ki, şairin “Həsrət körpüsü” mübarizliyin, qalibiyyətin körpüsünə
çevriləcək, ədəbiyyatımızın aktual mövzuları - həsrət, didərginlik, qürbət
mövzularından,
zəfər, qalibiyyət, azadlıq mövzularına doğru istiqamətlənəcək.
|