|
Новая страница 1
Məsud
Şükürov
Dağlıq Qarabağ etnososial və
etnosiyasi münaqişələrin obyekti kimi
XX əsrin
sonu və XXI əsrin əvvəlləri bəşəriyyətin ictimai, siyasi, mədəni və mənəvi həyat
sahələrində böyük sürprizlərlə özünü göstərdi. Hər şeydən əvvəl Avropa və
Amerikanın şər imperiyası adlandırdığı Sovet totalitar recimi dağıldı. (Qeyd
etmək lazımdır ki, müasir rus politoloqlarının əksəriyyəti ABŞ-ı öz növbəsində
«şər imperiyası» adlandırırlar. Bu sahədə külli miqdarda məqalələr və bir sıra
kitablar da yazılmışdır). Lakin recim dağıldıqdan sonra da öz mənfi rolunu davam
etdirmişdir. Fikrimizi bir qədər açıqlayaq.
Bu
recim Sovet imperiyası dağılmağa başlayan andan keçmiş sovet respublikalarında
yaşayan xalqlar və millətlər arasında nifaq salmağa başlayaraq, buna nail ola
bildi. Nəticədə Qafqazda erməni-azərbaycanlı, gürcü-abxaz, Moldaviyada, eləcə də
başqa yerlərdə milli-etnik zəmində qanlı toqquşmalar yarandı və hələ bu gün də
davam etməkdədir. Bütün bunların başvermə səbəbləri, təşkilatçıları,
ideoloqları, maliyyə mənbələri və idarəetmə mərkəzləri haqqında çox yazılmışdır
və mən həmin məlum məsələləri bir daha təkrar etmək istəyirəm. (Yeri gəlmişkən,
həmin mövzu ətrafında mənim də 10-dan çox məqaləm və iki kitabım çap
olunmuşdur). Əslində son on illiklərdə dünya siyasətində etno-milli faktorların
rolu xeyli dərəcədə artmış və bu gün də artmaqda davam edir. Yaranıb, qol-qanad
açan separatist tendensiyalar nə Avropa, nə Asiya, nə də Afrikadan yan
keçməmişdir. Həmin qitələrin bir sıra ölkələrində separatist meyllər bu gün də
davam etməkdədir. SSRİ, Yuqoslaviya, Çexoslovakiya kimi Federativ Dövlətlər
Birliyi dağıldı və onun haqqında bundan sonra biz yalnız tarix kitablarından
oxuya biləcəyik. Lakin həmin ölkələrin çoxunda milli məsələ bu gün zəmanəmizin
ən ağrılı problemi olaraq qalmaqdadır. Lakin milli problemlər təkcə dağılmış
xanədanların xalqlarına aid deyildir. Məsələn, milli problemlər Kanadanın
(Kvebek), ABŞ-ın (zənci, meksikalı, hindular) ən mürəkkəb daxili siyasi problemi
olaraq qalmaqdadır. Əgər statistik məlumatlara müraciət etsək görərik ki,
dünyada 5000-dən çox etnos mövcuddur. Onlardan 269-u bir milyondan artıqdır.
Millət və xalqların 90 faizi çoxmillətli dövlətlərin tərkibinə daxildir. Yalnız
bizim yaxın qonşuda- Rusiyada 1000-dən çox etnos və xalq yaşayır. Və onların
demək olar ki, heç biri özlərinin mövcud tələbatlarının ödənilməsi səviyyəsi ilə
razı deyildir. Hər bir xalq çalışır ki, minimum qədər öz maraqlarını təmin
etsinlər. Həmin maraqlar sırasında inkişaf azadlığı, müstəqillik və özünütəsdiq
əsas yer tutur. Bunu keçmiş SSRİ məkanına daxil olan digər xalqlar haqqında da
demək olar. Çünki həmin xalqların hüquqları həm rus imperiyası, həm də totalitar
sovet imperiyası dövründə daha çox tapdalanmışdır. İndi isə nisbi azadlıq əldə
edib, daha doğrusu, buna imkan əldə edib həmin xalqların əksəriyyəti ölüm-dirim
mübarizəsinə girişmişlər.
Ümumiyyətlə, etno-milli münasibətlər o qədər də konkret şəkildə mövcud deyildir.
Onlar siyasi, sosial, dini, ekoloji və digər problemlərin kompleksi kimi
mövcuddur. Ona görə də bu və digər hadisələrdə, eləcə də proseslərdə milli
faktoru ayırıb seçmək olduqca mürəkkəb və çətindir. Lakin son onilliklərin
hadisələri və prosesləri bir daha sübut etdi ki, etno-milli faktor məlum
mərhələdə avtonom (muxtar), nisbi müstəqilliyə malikdir. Elə buna görə əksər
dövlətlərin siyasətində etnosların bir çox mühüm maraqları ifadə olunur və
reallaşır. Etno-milli münasibətlərə siyasətin obyekti kimi baxılması üçün etnos,
millət, milli dövlət anlayışlarının qarşılıqlı nisbəti və strukturunu
aydınlaşdırmaq zəruridir.
Etnos - (yunanca ethnos – qəbilə, tayfa, xalq) mənşəcə (qan qohumluğu
baxımından) tarix, dil və mədəniyyət ümumiliyinə malik olan adamların davamlı və
sabit qruplarına deyilir.
Millət – (latınca natis – tayfa, xalq) tarixən mənşə birliyi (qan birliyi),
mədəniyyət,birgə yaşayış və kommunikasiya (iqtisadi, siyasi və s.) əsasında
formalaşan adamların sabit birliyidir. Millətin strukturunda etnik (mənşə, dil,
mədəniyyət) və sosial (iqtisadi həyat birliyi, inkişaf kommunikasiyası və qrup
identifikasiyası) komponentlər birlikdə çıxış edir.
Millətlərin formalaşması müxtəlif siyasi təşkil formalarına və müstəqillik
səviyyələrinə malik olan dövlətlərin yaranmasına gətirib çıxarır. Yuxarıda qeyd
etdiyimiz mənada götürsək, millət və dövlət yaxın anlayışlardır. Milləti
yetişdirən etnos, eyni zamanda dövləti yaradır. Adətən bu xüsusi şəkildə
ayrılmış, seçilmiş etnos deyil, etnoslar qrupu olub vahid millətdə birləşir.
Əslinə qalanda, hər bir millət, polietnik, daha dəqiq desək, bir sıra etnosların
birliyi hesab olunmalıdır. Elə buna görə dünya ölkələrinin mütləq əksəriyyətinin
dövlət quruluşunun əsas və başlıca prinsipi belədir ki, millət dövlət etnosu
kimi başa düşülür. Dövlətdən kənarda, dövlətə dəxli olmayan millət yoxdur və ola
da bilməz. Bütün bu yuxarıda deyilənləri nəzərə alsaq, deyə bilərik ki, etnik
münasibətlər milli münasibətlərə aparan yoldur, daha dəqiq desək, sabahın milli
münasibətləridir. Milli münasibətlər isə milli-etnik inkişafın subyektləri
(millət, xalq, milli azlıqlar və s. milli qruplar) arasında, həm də onların
dövlət qurumları ilə, eləcə də müxtəlif millətlərdən olan adamlar arasında milli
birliklərin qarşılıqlı təsiri və həyat fəaliyyəti prosesində yaranan
münasibətlərdir.
Milli münasibətlərdəki başlıca məsələ bir tərəfdən, bərabərlik, tabeçilik
məsələsi, etibarsızlıq, inamsızlıq, düşmənçilik məsələsi, millətlər arasında
iqtisadi və mədəni inkişaf səviyyəsindəki qeyri-bərabərlik məsələsidir. Digər
tərəfdən, bu, çoxmillətli cəmiyyətdə mövcud hakimiyyət sistemi ilə millətlər
arasındakı məsələ, dinc yanaşı yaşamaq, mehriban qonşuluq, bərabərlik,
müstəqillik və demokratizm əsasında millətlərin tərəqqisi naminə mövcud
problemlərin həlli şəraiti, onun metod və formaları deməkdir.
XX
əsrin 70-90-cı illərində dünya ictimai-siyasi fikrində fəal surətdə etnosiyasi
ideya və konsepsiyalar işlənib hazırlanır ki, burada da etnosların müxtəlif
formalarının (qəbilə-tayfa, xalq, millət) müxtəlif maraq və səylərini şərh etmək
vacib və zəruri hesab edilir. Bütün bunlar isə onunla əlaqədardır ki, hazırda
etnik proseslər demək olar ki, dünyanın hər yerində özünü göstərir. Eyni zamanda
bir də onunla əlaqədardır ki, dünya tarixində özünəməxsus yeri olan və unikal
mədəniyyətə malik bir sıra xalqlar yaxın zamanlarda müstəqillik əldə etmiş və
tarix səhnəsinə müstəqil dövlət kimi çıxmışlar. Dövlət müstəqilliyi əldə etmiş
həmin xalqlar özünütəsdiqlə məşğul olduğu bir dövrdə onun ərazisində yaşayan bir
sıra xalqlar müstəqillik tələbi ilə çıxış etməyə başlamışlar. Hələ demək olar
ki, öz ordusunu yaratmamış, dövlət strukturlarını yaratmağı başa çatdırmamış
gənc dövlətlər olduqca mürəkkəb vəziyyətə düşmüşlər. Eyni zamanda başqa səbəblər
də özünü göstərməkdədir. Gənc dövlətlərin tərkibində olan xalqların başqa-başqa
mərkəzlərdən təmiz olmayan niyyətlərlə idarə olunması bir sıra problemləri
doğurmuşdur. Məsələn, Azərbaycandakı münaqişə ocağını götürək. Dağlıq Qarabağ
ermənilərini bu çıxışlara sövq edən qüvvələr çox-çox uzaqlarda, Moskvada və
planetimizn digər uzaq nöqtələrindədir.
Həmin qüvvələr mövcud etnik ziddiyyətlərdən özlərinin bir sıra maraqları üçün
istifadə edirlər. Maraqların sahəsi isə olduqca geniş və çoxsaylıdır. Bunlara
iqtisadi fayda götürməkdən tutmuş, müxtəlif regionlarda nüfuz dairəsinə
yiyələnməyə qədər olan maraqları daxil etmək olar. Lakin həmin maraq sahibləri
bir şeyi unudurlar ki, gec-tez münaqişə aparan tərəflər ortaq məxrəcə gələ
biləcəklər. O zaman isə arxada gizlənən «qızışdırıcı qüvvələrin» həqiqi siması
görünəcək.
Bütün bunlara baxmayaraq, etnik şüurun mühafizəkar elementləri uzun müddət özünü
qoruyub saxlaya bilir. Bir məsələni də qeyd etmək lazımdır ki, «postindustrial
cəmiyyətdə» etnik şüurun funksiyası, mədəni ənənələrə və spesifik milli varlığı
hədələyən müasir texnologiya və həyat tərzi modelinə qarşıdır. Elə buna görə də
milli özünüdərk və millətçilik anlayışı dünyada gedən qloballaşma prosesinə
etiraz kimi də qəbul edilə bilər. Qloballaşma dünyanın hər yerində özünü
göstərir. O heç bir milli sərhəd, milli spesifiklik və ənənə tanımır və yaxud
tanımaq istəmir. İqtisadi ekspanisya kimi başlanan qloballaşma güclü informasiya
vasitələrinə malik olduğundan, istədiyini etdiyindən, öz mədəniyyəti,
adət-ənənələri, həyat tərzi üzərində əsən xalqları sözün həqiqi mənasında
qorxuya salır. Etnik şüurun bu protestini alimlərin xeyli hissəsi «etnik
renessans»- «müasir dövrün etnik paradoksu» hesab edirlər.
Özlüyündə etnik intibah etnik münaqişə deyildir, lakin o qüdrətli münaqişə
doğura bilən potensiala malikdir. Elə buna görə müasir dövrdə etnik
vətənpərvərlik ilə millətçilik arasında olan hədd aradan qaldırılmış, etnik olan
nə varsa, hərəkətə gəlmişdir. Aksentlərin o qədər də böyük olmayan
dəyişiklikləri həmin həddi tezliklə aradan qaldırmağa imkan verməklə,
intellektual və mənəvi münaqişə üçün əlverişli imkan - şərait yaradır. Bir sıra
tədqiqatçılar (bu ən çox rus politoloqlarına aiddir) etnosiyasi münaqişə
dedikdə, etnik birlik xətti ilə baş verən, təşkil olunmuş siyasi fəaliyyətin
müəyyən səviyyəsini səciyyələndirən ictimai hərəkatları, kütləvi qayda-qanun
pozuntularını, separat çıxışları və hətta vətəndaş müharibəsini başa düşürlər.
Müasir münaqişələrin etnosiyasi ölçüsünün xassələri onunla izah olunur ki,
burada münaqişə gizlin şəkildə formalaşma mərhələsini keçirir və birdən-birə
etnoslararası ziddiyyətlər mərhələsinə keçir. Hər bir münaqişədə o müxtəlif
müddət ardıcıllığına malik olur. Əslində elə həmin dövr münaqişənin etnosiyasi
perspektivləri artır və sözün həqiqi mənasında ziddiyyətlər etnoslararası
ziddiyyətlərə - düşmənçiliyə aparıb çıxarır. Burada iştirakçıların milli
strukturunun dərk edilməsi, hər bir etnosun öz statusunu digər xalq və millətin
statusu ilə müqayisə etməsi, onların münasibəti də formalaşır. Əslində elə bu
dövrdə hakimiyyət uğrunda mübarizə yolları məsələsi və maddi resursların bölgüsü
məsələsi həll olunur. Öz milli statusu ilə razılaşmamaq tarixi yaddaşı,
millətlərarası mübarizənin qədim stereotiplərini bir daha aktuallaşdırır. Müasir
elmi ədəbiyyatda etnosiyasi münaqişələrin mahiyyəti və təkamülünün səbəblərinin
təhlilinə iki yanaşma prinsipi mövcuddur.
Birincisi, sosioloji yanaşma hesab olunur. Sosioloji yanaşmada münaqişələrin
səbəbləri əsas sosial qrup və təbəqələrin etnik parametrlərinin təhlili əsasında
izah edilir. Həmçinin etnosiyasi gərginliyi yaşayan regionların etniki
xarakteristikası ilə əmək bölgüsü və cəmiyyətin sosial stratifikasiyasının
qarşılıqlı əlaqəsi və qarşılıqlı təsirinin tədqiqi ilə şərh olunur.
İkincisi, politoloji yanaşmadır. Burada əsas diqqət etnoslararası gərginliyin və
onun açıq münaqişə səviyyəsinə qaldırılması prosesində milli elitanın
hissələrinin səfərbərliyə alınmasında rolunun şərhində özünü göstərir. Həmin
prosesdə əsas məsələ kimi hakimiyyət uğrunda mübarizə, resurslarının əldə
edilməsində kimin daha çox hüquqa malik olması məsələsi mühüm yer tutur.
Etnosiyasi münaqişələrin sosial-psixoloji mexanizmləri hərtərəfli təhlil edilir.
Bir sıra alimlər etnosiyasi münaqişələrin əmələ gəlməsi məsələsinin səbəblərini
izah edərkən nəzərə çatdırırlar ki, burada həlledici və əsas səbəblər ümumi
sivilizasiya xarakterinə malikdir. Bütün bunlar isə özlüyündə bəşəriyyətin
obyektiv inkişafının doğurduğu məsələlərdir. Məsələn, tanınmış tədqiqatçı E.Blek
belə hesab edir ki, modernizasiya prosesinin qeyri-bərabər gedişi (bura sosial
struktur, iqtisadiyyat, milli dövlət quruculuğu və s. daxildir) etnomilli
areallarda bir tərəfdən etnik qruplar arasındakı iddialara əsasən münaqişələr
doğurur, digər tərəfdən isə dövlətin öz vətəndaşlarının hüquqlarının təmin
edilməsinə real zəmanət vermək imkanlarını üzə çıxarır. Digər tədqiqatçı A.Deyç
təsdiq edir ki, modernləşdirilmə etnik şüuru fəallaşdırır, milli muxtariyyat
üçün siyasi cəhdlərə həqiqi və real imkanlar açır.
Etnosiyasi problemin determinasiya problemini nəzərdən keçirərək M.Hexter
«daxili müstəmləkəçilik» konsepsiyasını irəli sürür. Burada o, etnosiyasi
gərginliyin əmələ gəlməsinin «üçlük modelini» əsaslandırır. Həmin modelin mühüm
prinsipləri aşağıdakı kimi verilmişdir:
1)
obyektiv olaraq çoxmillətli dövlətdə onun qeyri-bərabər modernizasiya prosesində
etnik əyalət qruplarının öz təbiətinə görə münaqişəli olması;
2)
etnik qrupun üzvləri tərəfindən bu vəziyyətin, istismarın mərkəz - əyalət
münasibəti obrazının dərk edilməsi;
3)
etnomillətçiliyin formalaşması mərkəzin «daxili müstəmləkəçiliyində istismar
olan birliyin etirazı kimi başa düşülməsi;
Qeyd etmək lazımdır ki, etnosiyasi münaqişələrin bir sıra səbəbləri etnosların
nəsildən-nəslə keçən tarixində, onların qarşılıqlı təsirində formalaşan milli
ağıl və düşüncə tərzində, milli şüur, psixologiya, ənənə, ideoloji mif və
stereotiplərdə kök salmışdır.
Dağıdılmış, bir sıra hallarda birdəfəlik məhv edilmiş sosial əlaqələr şəraitində
sosial identifikasiyasının ənənəvi mühüm kanalı kimi milliliyin rolu artır.
Etnomərkəzçiliyin bir sıra cərəyanları, o cümlədən millətçiliyin və qatı
şovinizmin müxtəlif növləri marginal təbəqələrə xas olan qeyri-mükəmməllik
kompleksinin aradan qaldırılmasının xüsusi formasına çevrilir. Millətçilik bir
sıra hallarda siyasi partiyaların geniş kütləni öz təsir dairəsinə salmaq üçün
tələyə çevrilə bilər. Çünki siyasi partiyalar geniş kütləni səfərbərliyə
almaqdan ötəri bütün vasitələrdən istifadə etməyə çalışırlar. Görkəmli
tədqiqatçı Ç.Fosterin fikrincə, etnosiyasi münaqişəni doğuran səbəblər
içərisində, «etnik həmrəyliyin siyasiləşməsi» prinsipi özünəməxsus yer tutur.
Həqiqətən keçimş SSRİ-də yenidənqurma dövründə siyasi sistemin liberallaşması
şəraitində həmin prinsip öz inkişafında dəyərli təsdiqini tapa bilmişdir.
Eyni zamanda etnosiyasi münaqişələrin situasiya mənbələrini sadalamaq mümkündür.
Bunlar əsasən aşağıdakılardır:
1.
Xarici mühiti qoruyub saxlayan faktorların qəfildən yox olması, Ali siyasi
hakimiyyətin sürətlə zəifləməsi və yaxud xarici təhlükənin gözlənilmədən yox
olması;
2.
Etnoslararası münasibətlərin tarixi irsi;
3.
Etnik qrup çərçivəsində liderlik uğrunda daxili mübarizə;
4.
İqtisadi situasiya;
5.
Etnosiyasi münaqişələr ocaqlarında ümumi və siyasi mədəniyyətin səviyyəsi və s.
Keçmiş SSRİ ərazisində etnosiyasi münaqişələrin bütün məcmusu aşağıdakı əsas
tiplərlə müəyyənləşdirilə bilər:
-
çox vaxt parçalanmış etnosların təzədən birləşməsi ilə sıx surətdə əlaqədar olan
ərazi münaqişələri. Onların mənbəyi – siyasətdaxili, çox vaxt isə silahlı
toqquşmalardır. Hökumətlər arasında toqquşmalar və milli azadlıq hərəkatı, yaxud
da separatist qruplar arasında (xüsusilə qonşu dövlətlərin hərbi-siyasi köməyinə
arxalananlar) olan münaqişə (Dağlıq Qarabağ, Cənubi Osetiya, Qazaxıstanın,
Cənubi Dağıstanın şimal-şərq regionları və s.);
-
etnik azlığın müstəqil dövlət qurumu formasında özünütəyin hüququ mübarizə
səylərindən doğan münaqişələr (Abxaziya, Dnestryanı və s.);
-
deportasiyaya məruz qalmış xalqların (osetin və inquşlar arasında, Krım
tatarları və s. xalqlar arasında) əraziləri uğrunda mübarizədən doğan
münaqişələr və s.;
-
bu və ya digər dövlətlərə ərazi iddiasından doğan münaqişələr (Estoniya və
Latviyanın Pskov vilayətinin bir sıra rayonlarına iddiası)
həmin ərazilər 1940-cı ildə RSFSR-ə birləşdirilmişdi;
-
sovet dövründə özbaşına ərazi dəyişiklikləri ilə əlaqədar yaranan münaqişələr
(bu Krım, Orta Asiya, Zaqafqaziyadakı ərazilərə aiddir);
-
deportasiya nəticəsində bir sıra xalqların uzun müddət ərazisində yaşadığı
xalqlarlai mübarizəsindən doğan münaqişələr (mesheti türklərinin Özbəkistanda,
çeçenlərin Qazaxıstanda olması və onların arasında yaranan ziddiyyətlər bu
qəbildəndir).
-dövlətlərin ərazi bütövlüyünə təhlükə olan xalqların özünütəyininin - kütlənin
dirilməsi ilə yaranan münaqişələr (burada yerli (titullu) sosial-siyasi
üstünlüyün legitimləşdirilməsi və digər xalqlar üzərində dövlətin, bir millətin
hökm etmək iddiası ilə yaranan münaqişə həlledici rol oynayır);
-
bir sıra MDB ölkələrində rusların diskriminasiyası ilə əlaqədar yaranan
münaqişələr;
-
linqvist mübahisələr (dövlət dili haqqında) nəticəsində yaranan münaqişələr
(məsələn, Moldaviyada olduğu kimi);
Etnosiyasi münaqişələrin təhlili zamanı nəzərə almaq lazımdır ki, çox vaxt bəzi
münaqişələr çoxlaylı olur və bir-birinə təsir göstərir. Dünyada mövcud olan
bütün etnosiyasi münaqişələrin prinsipləri və həlli yolları haqqında təsəvvürlər
üç əsas kateqoriyaya bölünə bilər. Bunlar operativ, taktiki və strateci həll
yollarıdır.
1)
Operativ həll dedikdə, bir sıra tədbirlər görülməsi sayəsində münaqişənin
genişlənməsinə yol verilməməsi nəzərdə tutulur. Yəni həyati cəhətdən zəruri
obyektlərin mühafizəsinin güclənməsi, «boyeviklər»in («azadlıq fədailərinin») –
neytrallaşdırılması, münaqişənin az-çox hiss edilən nəticələrinin aradan
qaldırılması (qaçqınların yerləşdirilməsi, dağıdılmış binaların kommunikasiya
vasitələrinin bərpa edilməsi və s. bura daxildir. Bundan başqa münaqişənin
yaranması riskinin minimuma endirilməsi (talançılığın təşkilatçılarının
cəzalandırılması, informasiya-izahedici işlərin gücləndirilməsi və s.) də bu
qəbildəndir.
2)
Məsələnin taktiki həlli danışıqlar yolu ilə münaqişə iştirakçılarının iqtisadi
və güc təzyiqi ilə təsir göstərməsi ilə əlaqədardır.
3)
Strateci həll, isə əvvəlcədən yaradılan hüquqi, siyasi, iqtisadi və
siyasi-psixoloji şərait əsasında milli münasibətlər sahəsində münaqişənin necə
böhrana aparıb çıxardacağına xəbərdarlıq etməklə əlaqədardır. Bu isə həmin
proseslərin ağrısız, sivilizasiyalı inkişafına yardımçı olur.
Əlbəttə, bu ölkələrin sülhpərəst təklifləri ilk baxışdan xeyirxah niyyətdən
xəbər versə də, əslində vəziyyət tamamilə başqa cürdür. Konkret faktlara keçsək
deyə bilərik ki, Ermənistan və Azərbaycan, Gürcüstan və Abxaziya, Cənubi Osetiya
və Gürcüstan arasındakı münaqişələrin səbəbkarı və ilhamvericisi Rusiyadır.
Dnestryanı ərazidə, Tacikistanda da Rusiya həmin rolunu oynamaqdadır. Ancaq son
illərdə bir sıra ideoloqlar aydın şəkildə başa düşmüşlər ki, münaqişələri həll
etmədən MDB məkanında heç bir sosial-iqtisadi islahat və inteqrasiyanı həyata
keçirmək mümkün olmayacaqdır. Bura həmin ölkələrdə demokratiyanın inkişafı da
daxildir.
Yuxarıda deyilənləri ümumiləşdirib yekunlaşdırsaq, qeyd edə bilərik ki, siyasi,
o cümlədən etnik münaqişələr xalqların bir-birindən ayrılıb uzaqlaşmasına mühüm
təsir göstərir. Bu cür yadlaşma, özgələşmə bütövlükdə bütün dünyada gedən
inteqrasiya proseslərinin ləngiməsinə yardımçı olur. Hər şeydən əvvəl, siyasi
münaqişə siyasi subyektlərin toqquşması və bir-birilə gərgin mübarizə
aparmasıdır. Burada siyasi maraqlar, dəyərlər və baxışlar toqquşur.
İştirakçıların səviyyəsinə görə siyasi münaqişələr dövlətlərarası, dövlətdaxili,
regional yerli mahiyyətə malik ola bilər. Daxili-siyasi münaqişələrdə mövqe
horizontal, müxalif (vertikal) ola bilər. İkincisi, siyasi böhran – mövcud
münaqişələrin kəskinləşməsi və dərinləşməsi ilə ifadə olunan, siyasi gərginliyin
kəskin şəkildə güclənməsi ilə özünü göstərən cəmiyyətin siyasi sisteminin
vəziyyətidir. Üçüncüsü, münaqişələrin nizamlanması: a) zorakılıq əməllərilə
müşayiət olunan və açıq şəkildə təzahür edən münaqişələrin xəbərdarlığı ilə
əlaqədardır; b) münaqişələri doğura bilən səbəblərin aradan qaldırılması,
iştirakçıların yeni səviyyəsi, ziddiyyətlərin qaydaya salınması, bura daxildir;
Dördüncü, etnosiyasi münaqişə dedikdə, təşkil olunmuş siyasi fəaliyyətin müəyyən
səviyyəsi, ictimai hərəkatların iştirakı, kütləvi şəkildə qanun pozuntuları,
separatist çıxışlar, hətta vətəndaş müharibələri nəzərdə tutulur. Əsas
ziddiyyətlər isə etnik birliyin özündən, onun iddia və maraqlarından doğur.
|