|
Новая страница 1
Mübariz
Xəlilov
qarabağın
daş heykəlləri və onların taleyi
Dağlıq Qarabağ ərazisinin arxeoloji baxımdan öyrənilməsinə XIX əsrin 90-cı
illərində başlanılmasına baxmayaraq, yüz ildən çox müddət ərzində bölgənin
zəngin qədim mədəniyyətini arzu edilən səviyyədə üzə çıxarmaq mümkün olmamışdır.
Bunun başlıca səbəblərindən biri Dağlıq Qarabağda uzunmüddətli stasionar elmi
tədqiqatların aparılması əvəzinə, epizodik xarakterli, qısamüddətli elmi
səfərlərə üstünlük verilməsidir. Dağlıq Qarabağın qədim maddi mədəniyyətinin
etnik mənsubiyyəti probleminin araşdırılmasında, azərbaycanlı icmasının bu
bölgənin ən qədim, avtoxton əhalisi olduğunun sübut edilməsində kurqanların,
erkən alban dövrünə aid küp qəbir abidələrinin, daş heykəllərin, orta əsr
müsəlman və xristian epiqrafıka abidələrinin, müsəlman türbələrinin və s.
tədqiqi müstəsna əhəmiyyətə malikdir. Məlum hadisələrlə əlaqədar bu abidələrə
istər Ermənistanda, istərsə də Azərbaycanda marağın çox artması nəticəsində
onlar iki dövlət arasında ideoloji mübarizənin təməl əhəmiyyətli obyektinə
çevrilmişdir.
Belə abidələrin bir qrupu Dağlıq Qarabağda və Qarabağ düzündə aşkar edilmiş
insan təsvirindən ibarət daş heykəllərdir. Bu heykəllərin xüsusi mövzu
çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış, bir sıra əsərlər
nəşr edilmişdir (baxın: 9-12). Lakin son zamanlar arxeoloq olmayan bəzi
müəlliflər mövzu ilə bağlı elmi ədəbiyyatı öyrənmədən, abidələri əyani surətdə
müşahidə etmədən bu sahədə “sensasiya yaratmağa” çalışırlar (baxın: 1;2). Onları
vətənpərvər bir azərbaycanlı övladları kimi başa düşmək mümkündür, lakin həmin
heykəlləri «bizimkiləşdirmək» istiqamətində etdikləri belə cəhdlərə ehtiyac
varmı? Bu proses bir qəzet məqaləsi ilə başlanmışdır. Müəllif yazır: «...1984-cü
ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında tapılmış insan fiqurlu qədim
məzar daşının foto-şəklini nəzərdən keçirərkən, abidənin üzərində alban əlifbası
ilə həkk edilmiş xeyli naməlum yazılar olduğunu aşkar etdim. Bir müddət gərgin
çalışdıqdan sonra, nəhayət, bu yazıları oxumaq cəhdim uğurla nəticələndi» (1).
Beləliklə, buradan məlum olur ki, müəllif yalnız foto-şəkil əsasında bu nəticəyə
gəlmiş, həmin heykəlin qrafik rəsminin özü tərəfindən hazırlanmış «yazılı
variantı»nı məqaləyə əlavə etmişdir. Qeyd olunan daş heykəl hələ 1982-ci ildə
Bərdə rayonunun Şatırlı kəndi yaxınlığındakı Şortəpə abidəsində çöl tədqiqatları
zamanı bizim tərəfimizdən yerindəcə öyrənilmiş (9), onun və oradan tapılan daha
bir heykəlin ətraflı təsviri yazıya alınmış, abidələrin foto-şəkilləri çəkilmiş,
Şatırlı heykəllərindən bəhs edən ayrıca bir məqalə nəşr edilmişdir (10).
Qarış-qarış müşahidə etdiyimiz bu heykəllərin üzərində nəinki yazı, heç buna
bənzər cızıqlar da yoxdur.
Digər bir müəllif Şatırlı heykəli ilə yanaşı, Ağdam rayonunun Boyəhmədli kəndi
yaxınlığından tapılmış daş heykəlin də üzərində guya aşkar edilmiş yazılardan
bəhs edir və heykəllərin normal foto-şəkilləri ilə yanaşı, onların qrafik
çəkilmiş «yazılı variantlar»ını yerləşdirir (2, s. 22-23, şəkil 2, 3). 1982-ci
ildə çöl tədqiqatları zamanı (9) bizim tərəfimizdən əyani surətdə çox diqqətlə
aparılan müşahidələr əsasında (baxın: şəkil 1) tam məsuliyyət hissi ilə təsdiq
edə bilərik ki, Ağdam heykəllərinin üzərində heç bir yazı yoxdur. Hələ bizdən
əvvəl 1973-cü ildə həmin heykəlləri yerindəcə tədqiq etmiş bir qrup arxeoloq da
onların səthində hər hansı bir yazı nümunəsini aşkar etməmişdir (5). Əslində bu
heykəllər Boyəhmədli kəndindən deyil, Boyəhmədli kənd inzibati – ərazi
vahidliyinin Mollalar kəndi yaxınlığından tapılmışdır. İndiki zamanda Ağdama
getmək mümkün deyilsə də, həmin müəlliflər Bərdəyə səfər edib Şatırlı
heykəllərinə baxa bilərdilər.
Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayanadək Azərbaycan arxeoloqları tərəfindən
Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır (12). Bu abidələr
Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu),
Canyataq
(Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar
edilmişdir. Sonuncu iki kənd əvvəllər keçmiş Mardakert rayonu tərkibinə daxil
idi.
Bu
heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik
hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Bəlkə də,
qədim yazılı mənbəyimiz olan «Alban tarixi» əsərində Artsax bütləri dedikdə
Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən
məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq
xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan «öz
hakimiyyəti altında olan Artsax vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş
etməkdən əl çəkməyi əmr etmişdir» («Alban tarixi», I hissə: 17-ci fəsil).
Qarabağ heykəlləri Avrasiyanın «daş babalar» şərti adı altında cəmlənmiş daş
heykəllər dairəsinə daxildir. Albaniya dövləti və alban mədəniyyətinin mövcud
olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir
ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında
yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya
əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri
nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni
varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ
heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə
Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını
qeyd etmişlər (6, s. 106; 7, s. 85-86).
Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e.ə. XXIII əsrdə
indiki Cənubi
Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin
uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi
Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e.ə. I
minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun
saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır
(11, s. 15). Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç
saxlamaq skit kişiləri üçün xarakterik idi («Toksaris və ya dostluq» əsəri,
51-ci parça). «Alban tarixi» əsərində xəzərlər və digər türk qəbilələri onların
kişilərinə də xas olan əlamətə görə «hörüklülər xalqı» adlandırılmışlar («Alban
tarixi», II hissə: 12-ci fəsil). Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın
digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində
yaşamış «köçərilərə» yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə
mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq
keçmişdə Avrasiya «köçəriləri» ilə eyni kökdən intişar taparaq sonralar müstəqil
tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir.
Belə bir şəraitdə bir sıra erməni müəlliflərinin Dağlıq Qarabağın daş
heykəllərini qədim erməni mədəniyyəti abidələri sırasına aid etmələri elmdən çox
uzaq bir fərziyyə təsiri bağışlayır (4, s. 36; 8, s. 166). Etiraf etmək lazımdır
ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxdığı ilk illərdə əsasən keçmiş
Mardakert rayonu ərazisində yerli əhali tərəfindən onlarla daş heykəl nümunələri
aşkar edilmişdir (4, s. 36). Bu heykəllər də əvvəlkilər kimi uzun saçlı kişi
təsvirləridir. Kişilərin hörük saxlamaq adətinin qədim dövrlərdə ermənilər
arasında yayılması qədim yazılı tarixi mənbələrdə və təsviri sənət nümunələrində
öz əksini tapmamışdır. Bu məqamda hələ 1982-ci ildə Xankəndi muzeyindəki Qarabağ
heykəlləri ilə tanış olarkən mənə yaxınlaşan bir erməni ziyalısı və müəyyən
sorğu-sualdan sonra onun mənə verdiyi «məsləhət» yadıma düşür. O mənim diqqətimi
Qarabağın bir sıra heykəllərinin sifət hissəsində qazıma üsulu ilə təsvir
edilmiş insan burnunun əslində burun deyil, erməni əlifbasının «U» (tələffüzü
«se») hərfi olmasına yönəltməyə cəhd edirdi (?!). Bizim fikrimizcə, burada əlavə
şərhə ehtiyac yoxdur. Erməni müəlliflərinin gətirdikləri daha bir «dəlil» ondan
ibarətdir ki, heykəllərin tapıldığı
Canyataq
və Seysulan kəndlərinin əhalisi ermənilərdir. Lakin tarixi sənədlər təsdiq edir
ki, ermənilər Canyataq
kəndində 1826-1828-ci illərdə məskunlaşmışlar (3, s. 154). Kəndin türk mənşəli
adı da ermənilərin buraya gəlmə olduğunu sübut edir. Seysulan kəndinin əhalisi
isə XIX əsrədək türk dilli utilərdən ibarət olmuşdur (3, s. 121).
Qarabağ heykəllərinin taleyi həyəcan doğurur. Hələ 1973-cü ildə Qarabağda qeydə
alınmış 10 heykəl məlum idi (5, s. 447). Bu heykəllərdən 7 ədədi ermənilərin
yaşadığı Canyataq
kəndi yaxınlığında tapılmışdır. 1982-ci ildə biz bu kənddə olarkən burada heç
bir heykələ rast gəlmədik. Doğrudur,
Canyataq
heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası
yanında, açıq səma altında saxlanılır. İtmiş heykəlləri tapmaq ümidi ilə biz
Xankəndi muzeyinə üz tutduq, lakin heykəllərin izinə burada da düşmək mümkün
olmadı. Hər halda muzeyə səfər müəyyən fayda verdi. Burada Seysulan kəndindən
gətirilmiş heykəllər bizim tərəfimizdən qeydə alınaraq (şəkil 2) sonralar nəşr
edildi (9; 12).
Beləliklə, Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş 19 heykəldən 6 ədədi
ermənilərin yaşadığı Canyataq
kəndində yoxa çıxmışdır. Ağdam rayonunun 8 heykəlin tapıldığı ərazisinin Qarabağ
müharibəsinin gedişində Ermənistan tərəfindən işğal edilməsi səbəbindən buradakı
heykəllərin taleyini müəyyənləşdirmək hələlik çətindir.
ədəbiyyat
siyahısı
1.Əsədov
Vaqif. Nadir tapıntı. – «Azərbaycan» qəzeti, 16 fevral 2003-cü il.
2.Qarabağlı
Rizvan. Qarabağ şəhəri. – «Elm və həyat» jurnalı, №1-2, 2004, s. 21-23.
3.Qeybullayev
Qiyasəddin. Qarabağ. Bakı, 1990.
4.Баратов
Борис. Ангел Арцаха. Памйатники армйанского искусства Нагорного Карабаха,
Москва, издателство «Лингвист», 1992.
5.Ваидов
Р.М., Гейушев Р.Б., Гулиев Н.М. Новые находки каменных баб в Азербайджане. – В
сборнике: Археологические открытие 1973 года. Москва, 1974, с. 446-447.
6.Войтов
В.Е., Каменные извйание из Унгету. – Центральная Азия: новые памятники
письменности и искусства. Москва, 1987, с. 92-109.
7.Кубарев
В.Д. Древние изваяния Алтая (Оленные камни). Новосибирск, 1979.
8.Мкртычян
Шаген. Археология Нагорно-Карабахской автономной области. Ереван, 1980 (на
армянском языке).
9.Халилов
М.Дж. Исследование каменных изваяний Карабаха. – В сборнике: Археологические
открытия 1982 года. Москва, 1984, с. 438-439.
10.Халилов
М.Дж. Древнее святилище, связанное с каменными изваяниями у с. Шатырлы. –
Доклады АН Азербайджанской ССР, т.
XLII,
№7, 1986, с. 78-82.
11.Халилов
М.Дж. Каменные изваяния Азербайджана (II
пол.
I
тыс. до н. э. –
I
тыс. н.э.). – Автореферат диссертации ... кандидата исторических наук. Москва,
1988.
12.Халилов
Мубариз. Антропоморфные каменные изваяния Карабаха. – В журнале:
«Азербайджанская археология», № 1-4, 2004, с. 100-104.

Şəkil 1. Daş heykəllər. Mollalar kəndi (Ağdam rayonu). 1982-ci il.

Şəkil 2. Xankəndi Tarix-diyarşünaslıq muzeyi. 1982-ci il. Seysulandan tapılmış
daş heykəl.
|