|
Новая страница 1
Namiq Musalı
səfəvilər
zamaninda qarabağ bəylərbəyiliyinin yaradilmasi və onun inzibati
quruluşu
Qarabağ tarixinin hərtərəfli araşdırılması Azərbaycan tarix elmi qarşısında
duran zəruri və aktual məsələlərdən ən önəmlisidir. Sözügedən sahədə milli
tarixşünaslığımızda xeyli işlərin görülməsinə baxmayaraq, bu istiqamətdə
tədqiqatların daha da genişləndirilməsinə kəskin ehtiyac duyulmaqdadır.
Xalqımızın tarixində önəmli rol oynamış Səfəvilər sülaləsinin (1501-1736)
hakimiyyəti dövründə mövcud olmuş Qarabağ bəylərbəyiliyinin tarixinin müxtəlif
aspektlərinə Azərbaycan tarixçilərindən O.Əfəndiyevin, Ə.Rəhmaninin,
Z.Bayramovun və başqalarının araşdırmalarında toxunulmuşdur. Bu məqalədə bəzi
ilkin mənbələr əsasında Qarabağ bəylərbəyiliyinin tarixi ilə əlaqədar müəyyən
dəqiqləşdirmələr aparmağı və yeni faktlar təqdim etməyi qarşımıza məqsəd
qoymuşuq.
Azərbaycan Səfəvilər dövləti yarandığı vaxtdan etibarən Qarabağ torpaqları onun
tərkibinə daxil olmuşdur. Hələ ilk Səfəvi şahları öz nəzarətlərində olan
əyalətlərdə bəylərbəyiliklər yaradır və həmin bəylərbəyiliklərin idarəçiliyini
müxtəlif türk qızılbaş tayfalarının əmirlərinə həvalə edirdilər. Mərkəzi Gəncə
şəhəri olan Qarabağ bəylərbəyiliyində qacar tayfasının ziyadoğlular qolunun
kiçik zaman fasilələri istisna olmaqla, XVI əsrin 50-ci illərindən Nadir şah
Əfşarın (1736-47) taxt-tacı ələ keçirməsinə qədər hakimiyyət sürməsi məlum olan
həqiqətdir. Gürcü mənbələrinə istinad edən alman tarixçisi K.M.Rohrborn Qarabağ
bəylərbəyiliyinin yaradılmasını 1554-cü ilə aid etmiş və qacar tayfasından olan
Şahverdi sultan Ziyadoğlunun Qarabağın ilk bəylərbəyisi olduğunu bildirmişdir.
Bu fikir hələ də tarix elmində dominantlıq təşkil etməkdədir. Lakin bu zaman
ortaya sual çıxır: bəs Azərbaycan Səfəvilər dövlətinin mövcudluğunun ilk yarım
əsrində Qarabağın idarəçiliyi hansı formada həyata keçirilmişdir? Tarixi
qaynaqların əksəriyyətində bu barədə informasiyaya rast gəlmək mümkün olmasa da,
h. 1086 (m.1675/76)-cı ildə naməlum bir azərbaycanlı müəllif tərəfindən qələmə
alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən
tarixi”) adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir.
Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin
banisi I Şah İsmayılın (1501-1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə
təsvir edilmişdir. Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi
və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin
etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə
edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin
fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş
əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük
vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki,
Şah İsmayıl “Qarabağın və o sərhədin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm
bəyə inayət etmişdi”.
Buradan aydın olur ki, Qarabağ bəylərbəyiliyi heç də 1554-cü ildə I Təhmasib
tərəfindən deyil, hələ I Şah İsmayılın hakimiyyətinin ilk dönəmlərində
yaradılmışdı və oranın ilk qızılbaş bəylərbəyisi heç də Şahverdi sultan deyil,
“Tozqoparan” ləqəbli məşhur sərkərdə Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar
olmuşdur. F.Sümer müəyyənləşdirmişdir ki, Qara Piri bəy ziyadoğlular nəslinə
deyil, qacarların başqa bir qoluna mənsub idi.
Ziyadoğlular nəslinə gəlincə, İ.K.Pavlova aşkar etmişdir ki, bu nəslin məlum
olan ilk nümayəndəsi I Şah Təhmasib (1524-1576) dövrünün əvvəllərində, XVI əsrin
20-ci illərində Səfəvi xidmətinə girmiş Xəzər bəy olmuş, onun oğlu Ümmət xan da
Təhmasibə sədaqətlə xidmət etmiş, nəhayət, Ümmətin ölümündən sonra onun oğlu
Şahverdi sultan Gəncə (Qarabağ) bəylərbəyisi təyin olunmuşdu.
Məlumdur ki, qacarlar hələ Ağqoyunlu dövründən Qarabağda fəaliyyət göstərmişlər.
Beləliklə aydın olur ki, I İsmayıl dövrünün əvvəllərində yaradılmış Qarabağ
bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy Qacarın nəslinə mənsub olmuş, yalnız
1554-cü ildə bəylərbəyilik qacarların digər bir qolu olan ziyadoğlular nəslinə
verilmişdi. Onlar, 1590-1606 və 1725-1735-ci illərdəki Osmanlı fəthləri və I Şah
Abbas (1587-1629) dövrünün sonları və Şah Səfi (1629-1642) hakimiyyətinin ilk
illəri (1632-ci ilədək) istisna olmaqla, Səfəvilər dövlətinin süqutu və Nadir
şah Əfşarın hakimiyyətə gəlməsinə qədər Qarabağ bəylərbəyiliyini idarə etmişlər.
Mənbələrdə bir-birinin ardınca Qarabağ bəylərbəyiləri olmuş ziyadoğlulardan
Şahverdi sultanın, İbrahim xanın, Yusif xəlifənin, Peykər sultanın, İmamqulu
xanın, Məhəmməd xanın, Mürşüdqulu xanın, Məhəmmədqulu xanın, Mürtəzaqulu xanın
və başqalarının adları qeyd olunmuşdur.
Səfəvilərin dövlət məmuru olmuş Mirzə Səmia dövlət quruluşu məsələlərinə həsr
etdiyi “Təzkirətül-müluk” adlı əsərdə (1725-ci il) Qarabağ bəylərbəyiliyinin
coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı
məlumatlar vermişdir. O, əsərin “Xatimə” hissəsinin II məqaləsində Səfəvilər
dövlətinə daxil olan ölkələr və onların inzibati bölgüsündən bəhs edir və bu
zaman ilk növbədə dövlətin ən önəmli əyaləti olan Azərbaycan ölkəsi barədə
məlumat verir. Müəllif Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən ibarət
olduğunu göstərir və onları sadalayır: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan.
Bu fakt Qarabağın tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir
daha əsaslı surətdə sübut edir.
Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə
edirdi. “Təzkirətül-müluk”da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər
tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır və onların iqtisadi və
hərbi vəziyyəti haqqında maraqlı statistik məlumatlar verilir. Zəyəm hakimi 5998
tümən 5980 dinar illik mədaxilə və 1200 nəfərlik qoşuna, Bərdə hakimi 3792 tümən
2735 dinar mədaxilə və 515 nəfərlik qoşuna, Ağstafa hakimi 852 tümən 5930 dinar
mədaxilə və 700 nəfərlik qoşuna, Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və
832 nəfərlik qoşuna, Bərgüşad hakimi 341 tümən 2750 dinar gəlirə və 300 nəfərlik
qoşuna, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi) hakimi 636
tümən 5434 dinar gəlirə və 210 nəfərlik qoşuna, Lori və Pəmbək hakimi 1545 tümən
8434 dinar gəlirə və 550 nəfərlik qoşuna, Arazbar ölkəsinin və Bayəzidli elinin
hakimi 601 tümən 8345 dinara və 300 döyüşçüyə, Simavi və Tərkür ölkəsinin hakimi
isə 300 tümən 2945 dinara və 47 döyüşçüyə malik idi. “Təzkirətül-müluk”a görə
Qarabağ bəylərbəyiliyinə tabe olan bu 9 nahiyədən toplanan ümumi illik gəlir
16172 tümən 553 dinar təşkil edirdi. Gəncədə oturan bəylərbəyinin illik mədaxili
28614 tümən 9435 dinar, xidmətində olan qoşunun sayı isə 1430 nəfər təşkil
edirdi. Mirzə Səmia Qarabağ bəylərbəyiliyinin ümumi illik gəlirinin 24726 tümən
978 dinar olduğunu göstərir. Lakin bu zaman rəqəmlər arasında uyğunsuzluq
yaranır. Çünki belə olduqda bəylərbəyinin gəliri ümumi mədaxili üstələmiş olur.
V.Minorski bəylərbəyiyə aid məbləğin əvvəlinə “2” rəqəminin səhvən yazıldığını
müəyyənləşdirmişdir. Belə olduqda bəylərbəyinin və ona tabe olan nahiyə
hakimlərinin ümumi gəliri 24780 tümən 9988 dinar təşkil edir ki, bu da mətndəki
rəqəmə çox yaxındır. Qarabağ bəylərbəyiliyinin daimi qoşununun ümumi sayı 6084
nəfərdən ibarət idi.
Diqqəti çəkən cəhət ondan ibarətdir ki, Səfəvi dövrünün rəsmi dövlət quruluşu və
inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan “Təzkirətül-müluk”da
Qarabağ ərazisində hər hansı bir xristian məlikliyin mövcud olduğu qeyd
edilməmişdir. Mənbələrdə Qarabağ bəylərbəyiliyinin ictimai-siyasi həyatında
qacarlarla yanaşı, bayəzidli, şahsevən, cavanşir, otuzikilər, iyirmidördlər,
şəmsəddinli və s. kimi türk tayfalarının mühüm rol oynadıqları qeyd olunmuşdur.
Bəzi ədəbiyyatlarda Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin “Kür və Araz
çayları arasında yerləşib, Ağstafa və Ordubada qədər uzandığı”
göstərilsə də, biz bu fikirlə razılaşmırıq. Qarabağ bəylərbəyiliyi Azərbaycanın
Gəncəbasar və Qarabağ regionları, eləcə də bəzi digər rayonları ilə yanaşı, indi
Ermənistan adlandırılan respublikanın Pəmbək dağ silsiləsi və ondan şimaldakı
ərazilərini, Göyçə mahalını, Zəngəzurun böyük bir hissəsini, hal-hazırda
Gürcüstan respublikasına daxil olan tarixi Borçalı mahalını, həmçinin Kaxeti
vilayətini əhatə edirdi. Bəzi vaxtlarda hətta Tiflis şəhəri də Qarabağ
bəylərbəyilərinə tabe olmuşdur.
Rohrborn K.M. Provinzen und Zentralgewalt Persiens im 16 und
17 Jahrhundert. Berlin, 1966, s.4.
Aləmara-ye Şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer
Saheb). Tehran, 1349, s.170.
Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin
rolü. Ankara, 1992, s.54.
Pavlova İ.K. Xronika vremen Sefevidov (сочинения
Muxammed –Masuma İsfaxani «Xulasat as-siyar»). Moskva, 1993,
c.59.
Minorsky V.F. “Tadhkirat al-muluk”: A Manual of Safavid Adminstration
circa 1137 / 1725.
London, 1943, p.39; Mirza Səmia.
Təzkirətul-muluk
(be kuшeш-e doktor Seyid Məhəmməd
Dəbirseyaqi).
Tehran, 1368, s.72-78.
Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S.M.Dəbirseyaqi). Tehran,
1368, s.76-78; Sazman-e edari-ye hokumət-e Səfəvi ya təliqat-e Minorski bər
“Təzkirətul-muluk” (tərcome-ye Məsud Rəcəbniya). Tehran, 1368, s.179,181.
Сумбатзаде А.С. Азербайджанцы
– етногенез и формированийе народа. Баку, 1990, c.241.
|