|
Новая страница 1
Nazim Məmmədov
Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində
təhsilin
inkişafı (XX yüzilliyin 50-60-cı illəri)
XX
yüzilliyin hansı dövrünə müraciət etsək Azərbaycan hökumətinin Azərbaycanın
başqa əraziləri ilə müqayisədə DQMV-nə üstün münasibətinin şahidi oluruq. Dağlıq
Qarabağ rəhbərliyinin isə bölgədə azərbaycanlılar yaşayan kəndlərə məqsədli
şəkildə biganəlik, laqeyd münasibət bəslədiklərini görürük. 1950-1960-cı illər
Azərbaycan SSR-in DQMV-nin mədəni quruculuq tarixini nəzərdən keçirməklə bir
daha yuxarıda dediklərimizin şahidi olarıq. Bu dövrdə təhsil sahəsində qarşıdakı
ən başlıca vəzifələr- xalq maarifi şəbəkəsinin maddi-tədris bazasını
möhkəmləndirmək, məktəbləri pedaqoji kadrlarla təmin etmək, təlim-tərbiyə
sistemini yaxşılaşdırmaq və tədrisin səviyyəsini yüksəltmək üçün əməli
tədbirlərin həyata keçirilməsi müəyyən edildi. Belə ki, DQMV maarif şöbəsinin 24
mart 1965-ci il tarixli «DQMV-nin məktəblərini pedaqoji kadrlarla təmin etmək və
xalq maarifi şəbəkəsinin maddi –tədris bazasını möhkəmləndirmək tədbirləri
haqqında» qərarı qəbul edildi. Təkcə 1965-ci ildə Azərbaycan hökuməti tərəfindən
DQMV-nin xalq təhsili müəssisələrinin təmirinə 181 min manat, məktəblərin
texniki tədris vasitələrilə təmin olunmasına 70 min manat, laboratoriyalarına və
kitabxanalarına 82 min manat vəsait ayrıldı. Sonrakı dövrlərdə Azərbaycan
hökuməti DQMV-də maarifin inkişafına qoyulan vəsaitin miqdarını artırdı. Belə
ki, 1930-cü ildə DQMV-nin xalq maarifinə ümumi vəsaitin 38,5 faizi
ayrılmışdırsa, 1950-ci ildə bu rəqəm 63,7 faizə (4078 min) qalxmışdı.
1967/1968-ci tədris ilində ayrılan vəsaitin həcmi təxminən 2 dəfədən çox artaraq
9 milyon 625 min manata çatmışdır. Bu Naxçıvan Muxtar Respublikası maarifinə
ayrılan vəsaitdən 25 faiz çox idi. Nəticədə bölgədə tədris-tərbiyə
müəssisələrinin şəbəkəsi tədricən genişlənir, şagirdlərin sayı artırdı. Belə ki,
1940-1960-cı illərdə DQMV-də 19 yeni məktəb tikilib istifadəyə verildi. Bəhs
edilən illərdə müəllimlərin sayı 1696-dan 3030-a çatdı, şagirdlərin sayı isə
40766-dan 36974-ə qədər azaldı. Azərbaycan SSR-in DQMV-də 1940-1960-cı illərdə
ümumtəhsil məktəblərinin, orada dərs deyən müəllimlərin və şagirdlərin artım
dinamikasını aşağıdakı cədvəldən də aydın görmək olar:
|
Tədris ili |
DQMV-nin bütün məktəblərində |
Bundan |
|
İbtidai məktəblər |
Yeddiillik və səkkizillik məktəb |
Orta məktəblər |
|
Məktəb-lərin sayı |
Şagirdlərin sayı |
Müəllim-lərin sayı |
məktəblər |
Şagirdlər |
Müəllimlər |
məktəblər |
Şagirdlər |
Müəllimlər |
məktəblər |
Şagirdlər |
Müəllimlər |
|
1940-1941 |
196 |
40766 |
1696 |
45 |
1907 |
98 |
116 |
20264 |
908 |
35 |
18595 |
690 |
|
1950-1951 |
206 |
33690 |
1929 |
54 |
2000 |
111 |
111 |
15940 |
1001 |
40 |
15631 |
860 |
|
1960-1961 |
208 |
26965 |
2662 |
46 |
1000 |
98 |
108 |
10088 |
1120 |
54 |
15877 |
1444 |
|
1967-1968 |
215 |
36974 |
3030 |
48 |
1340 |
112 |
112 |
13751 |
1359 |
55 |
21883 |
1559 |
1941-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında məktəblərin sayı 196-dan
198-ə, müəllimlərin sayı isə 1039-dan 2018-ə çatdı. Həmin illərdə Naxçıvanda 2
məktəb, Bakı şəhərində 8 məktəb tikilmişdirsə, DQMV-də 10 məktəb tikilib
istifadəyə verilmişdir. 1960-1961-ci tədris ilində Azərbaycanda 300 səkkizillik
məktəb tikilmişdir ki, bundan 13-ü Naxçıvan MSSR-nın, 24-ü isə DQMV-nin payına
düşürdü. Bəhs etdiyimiz tədris ilində DQMV-də hər məktəbə 13 müəllim düşürdüsə,
Naxçıvan Muxtar Respublikasında bu göstərici 11-ə çatırdı. Həmçinin
ümumrespublika üzrə bu göstərici 11-ə bərabər idi. Diqqəti cəlb edən
məsələlərdən biri də ondan ibarətdir ki, arxiv materiallarında yeni tikilmiş
məktəblərin yerləşdiyi ərazilərin hamısı ermənilərin cəmləşdiyi kəndlərdə olması
faktları müəyyənləşmişdir. DQMV-də bütün kargüzarlıq, məhkəmə işləri, erməni
məktəblərində təhsil erməni dilində aparılırdı. DQMV-də idarə orqanlarında
az-çox çalışan azərbaycanlılar erməni dilində danışmalı idi, çünki dövlət
sənədləri, rəsmi yığıncaqlardakı mühazirələr və sair erməni dilində aparılırdı.
Hər yerdə erməni daşnakları tərəfindən məqsədli şəkildə Azərbaycan dili
sıxışdırılır, tariximiz, ədəbiyyatımız yaddaşlardan silinirdi.
1970-ci ildə Azərbaycan Respublikası üzrə 172 məktəbdənkənar uşaq müəssisəsi,
pioner və məktəblilər sarayı, gənc texniklər, təbiət stansiyaları, park və idman
məktəbləri vardır ki, bundan 27-si DQMV-nin, 12-si isə Naxçıvan MSSR-ın payına
düşürdü.
DQMV-dəki müəllimlər Respublika və Bakı müəllimləri təkmilləşdirmə
institutlarında elmi və metodiki cəhətdən öz bilik səviyyələrini yüksəldirdilər.
Təsadüfi deyildir ki, DQMV-də 1940-cı illə müqayisədə 1961-ci ildə ali təhsilli
müəllimlərin sayı 2 dəfə artaraq 1094 nəfərə çatmışdır. Bu DQMV müəllimlərinin
ümumi sayının 41 faizi demək idi. Naxçıvan Muxtar Respublikasında isə bütün
müəllimlərin 29,9 faizi (597 nəfəri) ali təhsil almışdılar. Bu hal Azərbaycan
hökumətinin DQMV-nə göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirilməlidir.
Ümumrespublika üzrə bu göstərici 38,9 faiz təşkil edirdi.
XX
yüzilliyin 50-60-cı illərində DQMV-də təlimin məzmununda bəzi dəyişikliklər
edildi. VIII-X siniflərdə erməni dilinin tədrisinə həftədə 1 saat əlavə vaxt
ayrıldı. Rus dili və erməni dilinə ciddi fikir verilir, rus dili müəllimlərinin
hazırlanması genişləndirilirdi. 1950-ci ildən II-X siniflərdə rus dili və
ədəbiyyatının tədrisinə tədris planlarında həftədə 5-6 saat ayrıldı. Erməni və
rus ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatının tədrisinə xüsusi
diqqət yetirilirdi. 1958-1959-cu tədris ilində orta məktəblərdə «Azərbaycan
tarixi»nin tədrisinə həftədə 1 saat ayrılsa da, həmin fənn tədris edilmirdi.
1960-1961-ci tədris ilindən orta məktəblərin tədris planına «İctimaiyyət» fənni
də əlavə olundu. 1949-1950-ci illərdə DQMV-də ümumi yeddiillik təhsil,
1959-1960-cı illərdə isə icbari səkkizillik təhsil tətbiq olundu. 1966-cı ildən
orta təhsil - ümumtəhsil elan edildi. DQMV-də məktəblərin şəbəkəsi genişləndi və
1950-1951-ci tədris ilində məktəblərin sayı müharibədən əvvəlki səviyyəni ötüb
keçdi. Artıq 1970-1971-ci tədris ilində bölgədə 67 orta, 107 səkkizillik və 40
ibtidai məktəb fəaliyyət göstərirdi. Həmin tədris ilində şagirdlərin sayı
40281-ə (bundan 24452 kənddə), müəllimlərin sayı 2322-yə çatdı. Bəhs etdiyimiz
dövrdə DQMV-də politexnik təlimə diqqət artırıldı. Məktəblərin nəzdində tədris
emalatxanaları, kənd məktəblərində isə məktəb nəzdində tədris-təcrübə sahələri
yaradılırdı. Məktəblərdə istehsalat təliminin tətbiqi ilə vilayətdə minlərlə
ixtisaslı mütəxəssis hazırlanmışdır. Aparılan tədqiqatlar nəticəsində məlum olur
ki, XX yüzilliyin 50-60-cı illərində DQMV-nin ipək kombinatının, elektrotexnika
məmulatları zavodunun, ayaqqabı fabrikinin və digər müəssisələrin istehsal
etdikləri məhsulların keyfiyyəti əvvəlki dövrlə müqayisədə xeyli yüksəlmişdir.
Bu onunla izah edilir ki, zavod və fabriklərə yüksək texniki və ümumtəhsil
hazırlığı olan yeni nəsil gəlmişdir. Texniki peşə məktəblərini bitirən gənclər
müəyyən əməli vərdişlərə yiyələnmişlər. Təkcə Xankəndi peşə məktəbi xalq
təsərrüfatı üçün 3 min nəfərdən çox müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.
DQMV-də orta məktəbi bitirən məzunların 3-dən 1-i öz təhsillərini Azərbaycan,
Ermənistan, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Daşkənd universitet və
institutlarında davam etdirirdilər. Artıq 70-ci illərin sonlarında DQMV-nin xalq
təsərrüfatında çalışan mütəxəssislərin sayı 8 min nəfəri keçmişdi.
İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycanın hər yerində, o
cümlədən, DQMV-də ali təhsil daha da inkişaf etdi. 1938-ci ildə Xankəndində
Müəllimlər İnstitutunun yaradılması Vilayət məktəblərinin ali təhsilli
mütəxəssislərlə təmin edilməsində böyük rol oynadı. İlk yaranan vaxtlar 15
müəllimi, 150 tələbəni birləşdirən İnstitutun 1950-ci ildə daha 3 şöbəsi
yaradıldı. 1940-1950-ci illər ərzində Xankəndi Müəllimlər İnstitutunda
tələbələrin sayı 450-yə, müəllimlərin sayı 60-a çatdı. İnstitutda erməni dili və
ədəbiyyatı, rus dili və ədəbiyyatı, fizika-riyaziyyat, tarix, təbiət və
coğrafiya şöbələri fəaliyyət göstərirdi. Sonrakı illərdə Vilayətin Müəllimlər
İnstitutunun yeni fakültələri (ibtidai təhsilin pedaqoqikası və metodikası,
Ümumi texniki fənnlər) yarandı. 1970-ci ildə Xankəndi Müəllimlər İnstitutunun
həm müəllimlərinin, həm də tələbələrinin sayı 1950-ci illə müqayisədə 2 dəfə
artdı.
XX
yüzilliyin 50-60-cı illərində orta ixtisas təhsilli müəssisələrin sayı da
artırdı. Həmin təhsil ocaqlarında sənaye, tikinti, nəqliyyat və kənd təsərrüfatı
mütəxəssisləri hazırlanırdı. Belə ki, 1927-ci ildə DQMV-də 436 tələbəsi olan 2
texnikum fəaliyyət göstərirdisə, 1940-cı ildə texnikumların sayı 4-ə,
tələbələrin sayı isə 879-a çatdı. 60-cı illərdə Vilayətdə daha bir texnikum
yaranmış, artıq 1970-ci ildə texnikumlarda oxuyanların sayı 2357-yə, oranı
bitirənlərin sayı 390-a çatdı.
DQMV-nin məktəblərinin orta ixtisas təhsilli mütəxəssislərlə təmin olunmasında
Şuşa Mədəni Maarif Məktəbinin böyük rolu olmuşdur. Həmin təhsil müəssisəsi
1921-ci ildə Şuşa Müəllimlər Seminariyası kimi təşəkkül tapmış, 1931-ci ildən
isə pedaqoji texnikum adlandırılmışdır. 1927-1928-ci tədris ilindən texnikumda
erməni bölməsi də fəaliyyətə başlamışdır. 1931-ci ildən Şuşa Mədəni Maarif
Məktəbi adlanan texnikuma 1938-ci ildə M.Əzizbəyovun adı verilib. Texnikum
ibtidai sinif müəllimləri, kitabxana və mədəni-maarif işçiləri, pioner baş dəstə
rəhbərləri hazırlayırdı. XX yüzilliyin 70-ci illərində həmin texnikumda 500
tələbə təhsil alırdı. Müəllimlərin sayı isə 60-a çatırdı. Bəhs etdiyimiz dövrdə,
Xankəndində və Şuşada Kənd Təsərrüfatı Texnikumu, Xankəndində tibb və musiqi
məktəbləri, habelə inşaat məktəbi var idi.
1969-cu ildən ali məktəblərin nəzdində fəhlə, kolxozçu və ordudan tərxis
edilənlər üçün hazırlıq şöbələri yaradılmışdı.
Beləliklə, 1950-1960-cı illərdə, Azərbaycanın başqa bölgələri ilə müqayisədə,
DQMV-də təhsil səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi. Həmin dövrdə
yeddiillik, səkkizillik və orta icbari təhsilə keçid baş verdi. Ali təhsilin
şəbəkəsi genişləndi və DQMV-də müxtəlif ixtisaslı erməni, rus və digər
millətlərdən olan kadrların sayı xeyli artdı. Eyni zamanda, həmin kadrların
yerləşdirilməsinə «beynəlmiləlçilik» pərdəsi altında xüsusi diqqət yetirildi.
Vilayətin idarə orqanlarında qeyri-azərbaycanlıların yerləşdirilməsi sovet
imperiyasının bölgədə dayaqlarının daha da möhkəmlənməsinə ciddi təsir göstərdi.
İstər mərkəzdə, istərsə də DQMV-də təhsil işinə rəhbərlik edən
qeyri-azərbaycanlılar «Azərbaycan dilində təhsilin gələcəyinin olmadığı» iddiası
ilə gördükləri tədbirlər nəticəsində DQMV-də azərbaycanlılar yaşayan kəndlərdə
tədris işlərinə ağır zərbə vurmuşdular. Həmçinin, azərbaycanlılar yaşayan
kəndlərə biganə münasibət həmin kəndlərin süni surətdə boşalmasına şərait
yaratdı.
|