|
Новая страница 1
Nigar Qədir
Musiqi mədəniyyəti tarixinin öyrənilməsinə dair
Tarixi reallığımız budur ki, Azərbaycanın tarixinə və mədəniyyətinə dair
tədqiqatlar ölkəmizin sağlam siyasi gələcəyini təmin edə biləcək mühüm strateji
“silahlardan” biridir. Heç kəsə sirr deyil ki, bizim üçün “günahların
cəzasından” betər bir cəzaya dönmüş Cənub-Qərb qonşularımız “yiyəsiz görünən nə
varsa, hamısına sahib çıx!” prinsipini qanlı əllərində bayraq edib, Azərbaycanın
abidələrini, mədəniyyətini, hətta kulinariyasını, nəhayət, bütövlükdə tarixini
mənimsəməyə çalışırlar. Təəssüf ki, bizim ləng tərpənişimiz, bəlkə də xalqımızın
gələcəyi qarşısında cinayətkarcasına ləngliyimiz dünya ictimai fikrinin
ümumilikdə bizim əleyhimizə formalaşmasına şərait yaradır. Bunun nəticəsidir ki,
biz hər dəfə haqsız ittihamlarla qarşılaşır və bu ittihamların əsassız olduğunu
sübut etməli oluruq. Əlimizdə minlərlə, bəlkə də milyonlarla danılmaz sübutlar
olduğu halda, daim gecikən təkziblərimiz və ittihamlarımız lazımi effekt vermir.
Hansısa iqtisadi maraqlar səbəbindən bizə loyal olduğunu “nümayiş etdirən” dünya
ictimaiyyəti, əslində, “azərbaycanlıların cılız, cinayətkarın özünə bəraət
qazandırmaq cəhdi kimi qiymətləndirilməli olan çıxışlarının heç bir əsası
yoxdur” mövqeyini üstün tutur. Belə olmasa idi, vaxtaşırı “Qarabağ erməniləri öz
müqəddəratlarını müstəqil dövlət qurmaqla həll etməlidir,” “Dünyada başı
bəlalar çəkməkdə yəhudi millətini çoxdan kölgədə qoymuş ermənilərə qarşı Osmanlı
Türkiyəsinin həyata keçirdiyi “soyqırım siyasəti” ittiham edilməlidir” kimi
cəfəngiyat ideyalar siyasi palemika mövzusuna çevrilməzdi.
Əlbəttə, illər boyu görülmüş bütün işləri heçə bərabər tutmaq haqsızlıq olardı.
Lakin ədaləti, vicdanı iqtisadi maraqlarının qulu etmiş, “əcaib monstrların”
hegemon olduğu dünya siyasətində, daimi maraqlarımız deyil, daimi “dostlar”
“axtarışında” bulunan dövlətimiz, bu cəhdlərin tutarlılıq səviyyəsinin sıfıra
enməsinə “yardım” edir. Dövlət strukturları tarix elminin inkişafını, daha dəqiq
desək, dövlətimizin dünya siyasi aləmindəki mövqeyinin möhkəmlənməsinə birbaşa
xidmət edə biləcək tədqiqatları lazımı səviyyədə maliyyələşdirməklə, Azərbaycan
xalqının, Azərbaycan dövlətinin tapdanan haqqının bərpası yolunda düzgün addım
atmış olardı.
Bildiyimiz kimi, mədəniyyət tarixinin, xüsusilə də, musiqi mədəniyyəti tarixinin
öyrənilməsi sahəsində bir sıra çətinliklər mövcuddur. Əgər mədəniyyət tarixinə
dair araşdırmalarda tarixi salnamələr və digər yazılı mənbələrlə yanaşı,
arxeoloji tapıntılar böyük rol oynayırsa, musiqi mədəniyyəti tarixinin
aşkarlanması prosesində ilk növbədə yazılı təsvirlər, yəni mənbə məlumatları
lazımi qədər olmadığı halda, arxeoloji tapıntıların verə biləcəyi bəzən birbaşa,
çox hallarda isə dolayı məlumatlar mühüm məna kəsb edə bilir. Bununla yanaşı,
müasir dövrümüzədək gəlib çatmış musiqi mədəniyyətimizin nümunələri də
müqayisəli, eləcə də təbəqəli təhlil nəticəsində bir çox qaranlıq məqamlara
aydınlıq gətirə bilər.
Azərbaycan musiqi mədəniyyəti tarixi bir sıra tədqiqatlara araşdırma obyekti
olub. Belə araşdırmalar ilk növbədə incəsənət tarixinin öyrənilməsi
nöqteyi-nəzərindən, digər hallarda isə nəzəri problemlərin həlli baxımından
aparılmışdır. Tədqiqat istiqamətindən asılı olmayaraq, bu tip elmi işlərin
araşdırılması prosesində qarşıya çıxan mühüm çətinlik dil problemidir. Antik
dövrlərə aid məlumatların yunan, latın, sonrakı dövrlərə dair məlumatların isə
əsasən ərəb, fars dillərində olması çox vaxt tədqiqatın orijinal mənbə üzərində
deyil, tərcümələr üzərində aparılması məcburiyyəti qarşısında qoyur. Təbii ki,
ötürülmüş ən kiçik ifadə, hətta, durğu işarəsinin məlumatın oxunuşunda nə
dərəcədə fərqli variantların meydana gəlməsinə şərait yaratdığını inkar etmək
çətindir.
Keyfiyyətli tədqiqat işlərinin aparılmasına maneə yaradan başqa bir cəhət
tarixin maddi sübutları olan arxeoloji materialların bu sahədə lazımi dərəcədə
istifadə edilməsi yolunda əmələ gəlmiş süni çətinliklərdir. Azərbaycan
Respublikası MEA Arxeologiya və Etnoqrafiya Institutunun arxivindən istifadə
etməyin qeyri-mümkünlüyü, aşkar edilmiş arxeoloji materialların
əsasən bağlı fondlarda saxlanılması, müasir dövrədək əldə edilmiş qiymətli
tapıntıların əsrlər üzrə xəritələr halında işlənməməsi bizi “qızıl üstündə
oturub, ac qalanlar” vəziyyətinə salır.
Qeyd olunan çətinliklər Azərbaycan musiqi tarixinin öyrənilməsi prosesində
tədqiqat istiqamətlərinin seçiminə də xeyli təsir göstərir. Təəssüf ki,
Azərbaycan musiqi mədəniyyətinin tarixi bir sıra nadir məqalələri və bir neçə
kitabları çıxmaq şərtilə demək olar ki, öyrənilməyib.
Həmin bir neçə kitabda isə musiqi-yaradıcılıq istiqamətlərinin müxtəlif janr və
formaları nəzəri baxımdan tədqiq edilir.
Tədqiqatlar müasir dövrdə əldə olan musiqi materialları üzərində, yəni xalq
yaddaşında qorunub saxlanmış və müəyyən vaxtlarda tanınmış bəstəkar və
nəzəriyyəçilərimiz tərəfindən nota köçürülmüş muğam dəstgahları, aşıq havaları
və fərqli janrlara aid xalq mahnıları əsasında aparılmış nəzəri təhlillərdən
ibarətdir. Son dərəcə vacib olan bu təhlillər Azərbaycan musiqi nəzəriyyəsi
elminin inkişafında mühüm rol oynamasına baxmayaraq, Azərbaycanımızın xalq
musiqisi adlandırılan professional musiqi yaradıcılığı prosesinin konkret tarixi
dövrlənməsi hələ də aparılmayıb. Yaranma səbəbləri və formalaşma mühiti lazımi
səviyyədə açıqlanmayıb.
Əlbəttə, bütün bu məsələlərə çox asanlıqla həll tapa biləcəyimizi iddia etmək ən
azı sadəlövhlük olardı. Hansısa bir elmi iş çərçivəsində, bu elmi işin həcmi nə
qədər böyük olsa da, bütün Azərbaycanın və ya heç olmasa, Şimali Azərbaycanın
musiqisinin tarixini sistemləşmiş halda tam təqdim etmək mümkün deyil. Lakin
Azərbaycan musiqi mədəniyyətinin tarixini, dövrümüzə nisbətən yaxın olan orta
əsrlər və yeni dövr tarixini sistem halında, mərhələ-mərhələ, dini, mərasim,
saray, hərbi və xalq şənlik musiqi yaradıcılıq forma və janrları üzrə
araşdırmalar aparılmasına imkan yaradılması çox vacibdir.
Biz nə qədər tariximiz, o cümlədən, musiqi tariximizlə bağlı qaranlıq
səhifələrin mövcudluğuna göz yumsaq, Azərbaycan dövlətçiliyinin, xalqının
düşmənləri bu şəraitdən bir o qədər çox istifadə edərək, “oğru elə bağırdı ki,
doğrunun bağrı yarıldı” atalar məsəlinin tam bizə aid iddiasında bulunacaqlar.
|