|
Новая страница 1
Novruz Novruzbəyli
Qarabağ mövzusu Fransa mətbuatında
Dağlıq Qarabağ münaqişəsinin bu gün beynəlxalq siyasətin mühüm arqumentinə
çevrilməsi onun çevrəsində cəmlənən ölkələrin mətbuatını da daim diqqət
mərkəzinə çəkir.
Münaqişənin həllində fəallıq göstərən ölkələrin mətbuatından götürülmüş
müəyyən dövrü əhatə edən materiallar konkret olaraq hər bir ölkənin və
bütövlükdə münaqişə ilə bağlı ölkələrin fəaliyyətinin məzmunu barədə təsəvvür
yaratmağa imkan verir. Təbii ki, münaqişənin yoluna qoyulmasını “öz öhdəsinə”
götürmüş Minsk Qrupunun üzvü Fransa respublikası da bu mənada istisna təşkil
etmir. Ölkənin “Liberasion”, “Le Mond”, “La Kuqye”, “Nuvel observer”, “Humanite”
kimi sağ və sol təmayüllü və müstəqil nəşrləri bir sıra məqalələrlə Qarabağ
məsələsinə toxunmuş, əsasən konfliktin acı nəticələri və sülhün vacibliyi
yönümündə fikirləri işıqlandırmışlar. Qeyd etmək lazımdır ki, Fransa nəşrləri
arasında Qarabağ mövzusunun işıqlandırılması üzrə “Liberasion” qəzeti irəlidə
gedir. 2005-ci ildə xüsusi müxbirini Azərbaycana göndərən qəzet bir sıra
əhəmiyyətli məsələləri əhatəli işıqlandırmışdır.
Bütövlükdə Fransa mətbuatında dərc olunmuş materialları üç istiqamət üzrə
qruplaşdırmaq olar: 1. Münaqişənin mövcud durumu; 2. Yüksək səviyyəli görüşlərin
xüsusi təbliği; 3. Tərəflərin sülh sazişinin imzalanmasına təşviq olunması.
1.Münaqişənin
mövcud durumu.
Bu sahədə fikir yürüdülərkən əsas diqqət münaqişə obyektində (DQ-müəllif) və
onun ətrafında baş verən hadisələrə verilir, ərazidə yaşayan və münaqişə
zonasında əvvəllər də yaşamaq hüququna malik əhalinin sosial-iqtisadi durumu ön
plana çəkilir, insanların mənəvi-psixoloji sarsıntılarına diqqət yetirilir.
“Liberasion” qəzetinin 10 fevral 2006-cı il tarixli nömrəsində dərc olunmuş
“Müstəqilliyə can atan Dağlıq Qarabağ” sərlövhəli məqalədə (müəllif – L.Miyo) bu
“respublika”nın gündəlik həyatı təsvir olunur. Vəzifəsini peşəkarcasına yerinə
yetirən jurnalist ilk baxışda gördüklərini və eşitdiklərini olduğu kimi qələmə
alaraq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmışdır. Lakin, əslində, müəllif
yazı manerası ilə əsl həqiqətin mahiyyəti barədə öz fikirlərini də bildirməyə
müvəffəq olmuşdur: “Orda-burda binaların üzərində yellənən bayraqlar dünyada
Ermənistandan başqa heç bir dövlət tərəfindən tanınmayan bir respublikanın
nazirliklərini göstərirdi.” Məhz, “Orda-burda” ifadəsi Qarabağın dağlıq
hissəsindəki
separatçı
rejimin
saxtakar
dövlətçiliyinə,”Ermənistandan başqa...” ifadəsi isə Ermənistan respublikasının
qəsbkar roluna işarədir. Daha sonra müəllif Stepanakertdəki (Xankəndi-qeyd
bizimdir) bir neçə piştaxtadan ibarət bazarın miskin görünüşünü və çox az
çeşiddə olan malların bahalığını yazaraq, bu “dövlət”in iqtisadi durğunluğunu
qabarıq nəzərə çarpdırır. Məqalədəki üç mühüm fakt münaqişənin mövcud
durumundakı reallığı daha qabarıq əks etdirir.
Birinci fakt odur ki, yazı müəllifi Azərbaycan prezidenti Ilham Əliyevin tez-tez
təkrarladığı bir fikri misal gətirir: “Azərbaycan nə bu gün, nə sabah, nə də yüz
il sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razı olacaq”. Buna qarşı
isə məqalədə müsahibə verməyə razı olmuş yeganə “rəsmi şəxs”in (fərqlənmə
bizimdir), universitet rektoru Hamlet Qriqoryanın mövqeyi qoyulur: “Nə qədər ki,
biz bu dünyada varıq, yüz prezident Əliyev olsun, Qarabağ heç vaxt Azərbaycanın
bir hissəsi olmayacaq”. Bu iki barışmaz fikrin nəticəsi kimi münaqişənin həlli
yolunun çıxılmaz dalana dirənməsi barədə mülahizə ortaya atılır.
Ikinci fakt isə, məqalə müəllifinin “DQR”-nin saxtakar bir qurum olduğunu
qabarıq nəzərə çarpdırması və hətta buna mükəmməl yazı manerası ilə ustalıqla
istehza etməsidir: “...onun prezidenti, baş naziri (hər ikisi o dərəcədə “məşğul
idilər” ki, müsahibə verməkdən imtina etdilər), 33 deputatlıq parlamenti,
hökuməti, bayrağı...” Fikir verin, müəllif “məşğul idilər” ifadəsini dırnaqda və
kursivlə verməklə, əslində, prezidentlə baş nazir adlanan şəxslərin boş-bekar
olduqlarını, bununla da təmsil etdikləri “dövlət”in saxtakarlığını açıq bəyan
edir. Cümlənin axırında 3 nöqtə qoyulması isə çıxarılan bu məlum həqiqətin nə
vaxta qədər uzanacağının naməlumluğuna işarədir.
Göstərilən üçüncü fakt ilə bağlı məqalədə oxuyuruq: “...Onların (“DQ”-da
yaşayanların-qeyd bizimdir) hamısının erməni pasportu vardır və Ermənistan
“Qarabağ ordusunu” çağırışlılarla təmin edir”. Bu sətirlər “DQR”-in danışıqlar
stolu ətrafında oturması fikrinin tərəfdarlarına aydın və mənfi cavabdır və
sübut edir ki, münaqişənin qəsbkar tərəfi Ermənistan respublikasıdır.”
Mövcud durumla bağlı “La Kuqye” qəzetinin 24 fevral 2006-cı il nömrəsində dərc
olunmuş “Nə üçün Azərbaycan tərpənmədi?” sərlövhəli geniş yazıda Cenevrədən olan
jurnalist Liken Ceterian internet saytlarından götürdüyü məlumatlar əsasında son
bir neçə onillik ərzində Azərbaycanda baş verən iqtisadi-siyasi hadisələrin
təhlilinə cəhd göstərir,
Əliyevlər
sülaləsinin hakimiyyəti ələ keçirməsini təsvir edir və Qarabağ münaqişəsinin
həllini ölkədə gedən siyasi proseslər və regionun geostrateji mövqeyilə
bağlamağa çalışır.
2.Yüksək səviyyəli görüşlərin xüsusi təbliği.
Fransa mətbuatında dərc olunmuş materialların zaman ardıcıllığını tutuşdurarkən
məlum olur ki, Qarabağ münaqişəsinin işıqlandırılması daha çox kampaniya
xarakteri daşıyır. Yəni, kütləvi informasiya nümayəndələri əslində Minsk
Qrupunun fəaliyyətini izləyir və bu Qrupun təşəbbüsü ilə təşkil olunan yüksək
səviyyəli görüşlər ərəfəsində daha intensiv işləyirlər. Bu isə o deməkdir ki,
mətbuat Minsk Qrupunun daxil olduğu formatdan kənara çıxmır, sülhün təbliğini,
Qrup iştirakçılarının təkliflərini bəyan etməklə kifayətlənirlər. Bu mövqe
sonuncu Rambuye danışıqlarında özünü açıq şəkildə büruzə verdi. Fransanın
prezidenti Jak Şirakın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü ərəfəsində dalbadal bir neçə gün qəzetlərdə
informasiyalar verildi. Bu informasiyalarda sülhün vacibliyi barədə danışılsa
da, onun mahiyyəti açıqlanmırdı. Əslində, bu Minsk Qrupunun qapalı fəaliyyətinə
və münaqişə tərəflərinin mövqeyinin bu Qrupun işindən asılı olduğuna dəlalət
edir. Bu cür səbatsızlıq isə azad qələm sahibi olan jurnalistlərin sərbəst
manevr imkanlarını məhdudlaşdırır. Bununla əlaqədar “Le Mond” qəzetinin 11
fevral 2006-cı il tarixli nömrəsində dərc olunmuş “Rusiya Dağlıq Qarabağ
“dondurulmuş münaqişəsinin” asan nizamlanma imkanını göstərir” sərlövhəli yazıda
deyilir: “Belə ki, neft gəlirləri hesabına öz hərbi büdcəsini şişirdən
Azərbaycan hərbi yolla hakimiyyətini bərpa etmək ideyasını aydın bildirmir.”
Məhz belə qeyri-müəyyən mövqe, daim tərəddüdlü mülahizələr qəzet materiallarının
xarakterinə də öz təsirini göstərir.
3.Tərəflərin sülh sazişinin imzalanmasına təşviq olunması.
Bu məsələdə də mətbuat öz üzərinə heç bir məsuliyyət götürmədən Minsk Qrupu
nümayəndələrinin dəlillərini dərc etməklə kifayətlənir.
Ümumiyyətlə, son yarım il ərzində Fransa mətbuatı Qarabağ münaqişəsinə seyrək
müraciət etsə də, dərc olunmuş yazılar hər halda müəyyən nəticələrə gəlməyə
imkan verir. Bizcə, konkret olaraq bu nəticəni aşağıdakı müddəalarla ifadə etmək
olar:
-
Qarabağ münaqişəsi mətbuat səhifələrinə çıxarılarkən aydın və konkret mövqe
nümayiş etdirilmir, çünki iri dövlətlərin və ya dövlət qruplarının regiondakı
maraqları buna imkan vermir.
-
Qəsbkarla (Ermənistan) qəsb olunan (Azərbaycan) arasında süni paritet yaradılır.
Avropa Şurası Ermənistanı qəsbkar dövlət kimi tanısa da, bu qəzet səhifələrində
lazımi səviyyədə işıqlandırılmır və sanki geniş oxucu kütlələrindən gizlədilir.
Azərbaycan Respublikası rəsmi dairələrinin,
ictimai-siyasi təşkilatlarının və kütləvi informasiya vasitələrinin xarici
mətbuatla əlaqələri hələ ki,
istənilən
səviyyəyə yüksələ bilməmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, Azərbaycan
malik olduğu tarixi faktları və reallığı beynəlxalq təşkilatların istifadəsinə
tam çıxara bilməmişdir.
|