|
Новая страница 1
Nurlan Əliyev
Qarabağ münaqişəsi və yəhudi icmaları
Azərbaycanda uzun əsrlərdən bəri mövcud olan yəhudi icmaları Qarabağ
münaqişəsinin həllində özünəməxsus rol oynaya bilərlər. Bu yanaşmada, ABŞ və
dünyanın bir çox ölkələrində güclü nüfuza malik yəhudi milli təşkilatları ilə
Azərbaycandakı icmalarının sıx əlaqələri, digər tərəfdən, İsraildə xeyli sayda
həmin icmaların nümayəndələrinin yaşaması mühüm amil kimi ortaya çıxır. 1998-ci
ilin 16-21 noyabrında Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının
rəhbərləri ABŞ-da səfərdə oldular. Səfərin əsas məqsədi Azərbaycan
reallıqlarını, «907-ci düzəlişin» səhv qərar olduğunu Amerika ictimaiyyyətinə
çatdırmaq və həmçinin Amerikada nüfuzlu mövqeyə malik yerli yəhudi milli
təşkilatlarının Azərbaycan maraqlarını müdafiə etmələrinə nail olmaq idi.
Həmin səfərdə iştirak etmiş Qırmızı qəsəbə dağ yəhudiləri icmasının rəhbəri B.
Simanduyev Amerikadakı görüşlərinin məqsəd və vəzifələrini belə izah edirdi:
«ABŞ Departamentində olarkən bizdən dönə-dönə soruşurdular ki, məgər siz
yəhudilər orada pis yaşayırsınız ki, mövcud hadisələrdən bu qədər narahat
olursunuz. Dönə-dönə onları başa saldıq ki, biz neçə əsrdir ki, Azərbaycanın
çörəyini yeyir, suyunu içirik. Və ən başlıcası biz Azərbaycan vətəndaşıyıq.
Doğma torpağımız uğrunda canımızdan keçməyə hazırıq. Haqsızlığa qarşı necə
biganə qala bilərik?!» Sonra B. Simanduyev Dövlət Departamentində və Konqresdəki
görüşlərindən bəhs etdi. Görüşlər zamanı Azərbaycandan gedən nümayəndələr
konqresmenləri inandırmağa çalışmışlar ki, ABŞ-la əlaqələri daha da
möhkəmləndirmək üçün onların gündəlik məqsədyönlü köməyi gərəkdir, «907-ci
Porter düzəlişi» aradan qaldırılmalıdır. Amerika Dövlət Departamentində
görüşləri zamanı onlar bildiriblər ki, Azərbaycanda hüquqi, dünyəvi, beynəlmiləl
dövlət qurulur. Bu dövlətdə müxtəlif millətlərin nümayəndələri mehriban
yaşayırlar. Halbuki Ermənistanda nəinki yəhudilər yaşayır, onlar ən yaxın
dostları olan rusları da sıxışdırıb məcburi köçürürlər: «Ermənilər Amerikada öz
xeyirlərinə çox güclü təbliğat aparırlar. Departamentdə bir ermənipərəst
konqresmen bizə dedi ki, guya Ermənistanda beş mindən çox yəhudi yaşayır. Biz
məsələni qəti qoyub tələb etdik ki, əgər orada doğrudan da yəhudi yaşayırsa,
günü bu gün oraya gedib onlarla görüşmək istəyirik. Departamentdə yüksək
vəzifəli məmurları inandıra bildik ki, Ermənistanda bir nəfər belə yəhudi
yoxdur. Əhalinin tərkibi etibarilə Ermənistan demək olar ki, mono dövlətdir.»
(1)
Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə
yəhudi dini icmalarıı fəal iş aparırlar. Həmin icma dünyanın müxtəlif
ölkələrinin parlamentlərinə, dini icma rəhbərlərinə, ictimai və siyasi
təşkilatlarına Azərbaycan maraqlarından çıxış edərək, dəfələrlə müraciətlər
etmişdir. Azərbaycanda olan yəhudi dini icmaları ölkədə mövcud olan başqa
dinlərin analoji təşkilatları ilə birgə tez-tez bu və ya digər hadisələrə eyni
prizmadan münasibət bildirirlər. Belə hadisələrdən biri 2001-ci ilin martında
baş verdi. 1918-ci ilin 30 martında erməni hərbi dəstələrinin Bakı və ətraf
ərazilərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın növbəti
ildönümündə Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbərliyi ilə birlikdə digər
dini təşkilatların və o cümlədən yəhudi dini icmalarının da rəhbərləri bütün
dünya ictimaiyyətinə müraciət qəbul etdilər. Müraciətdə erməni hərbçilərinin
törətdikləri vəhşiliklər pislənilir və dünya dövlətləri parlamentlərindən bu
tarixi hadisəyə münasibət bildirmək xahiş olunurdu.
Analoji müraciət Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar 2003-cü il
fevralın 24-də qəbul edildi. Həmin müraciətdə dini liderlər təəssüflə qeyd
edirdilər ki, 11 ildir dünya ictimaiyyəti təcavüzkarın cəzalandırılması üçün
edilən cağırışlara laqeyd yanaşır. Müraciət müəlliflərinin fikrincə, Xocalı
faciəsinin təşkilatçılarının və icraçılarının cəzasız qalmaları onları yeni
cinayətlərə sövq edir. Müraciətdə Azərbaycandakı müxtəlif dini konvessiyaların
11 sentyabr terror aktlarını pislədikləri və bu hadisələri millətindən və
dinindən asılı olmayaraq bütün insanlara qarşı törədilən, bağışlanılmaz günah
kimi qiymətləndirilməsi xatırlanır: «Ümid edirik ki, bəşəriyyət bizi
dəstəkləyəcək və terrorizmin bütün təzahürlərini və o cümlədən erməni
separatçılarının cinayətlərini mühakimə edəcəkdir.» (2.) ABŞ-da Azərbaycan
maraqlarının müdafiəsinə başlayan yəhudi təşkilatları sırasında «Bney-Brit» ilə
yanaşı, «Aparıcı yəhudi təşkilatlarının prezidentlərinin konferensiyası»,
«Amerika yəhudi konqresi», «Amerika yəhudi komitəsi», «Böhtana qarşı liqa»,
«Sovet yəhudiləri üzrə milli konfederasiya»sı da var idi. Həmin yəhudi
təşkilatları bu yöndə fəaliyyət göstərərkən, başda «Amerika erməni asambleyası»
olmaqla, erməni milli təşkilatlarının sərt etirazı ilə qarşılaşmalı oldular.
Məsələn, ermənipərəst mövqeyi ilə seçilən, İllinoys ştatından olan respublikaçı
konqresmen Jon Edvard Porter həmin yəhudi təşkilatlarını «Ermənistana arxa
çevirdiklərinə» görə kəskin tənqid etmişdi. Erməni icmasının nümayəndələri və
tərəfdarları qarşı tərəfi Türkiyə və Azərbaycanın maraqlarını müdafiə etməkdə,
satqınlıqda günahlandırırdılar. Yəhudi icmasının üzvlərindən biri «Bney-Brit» in
ictimaiyyətlə əlaqələr üzrə direktoru D.S. Maryaşin belə ittihamlara cavab
olaraq bildirirdi: «Biz İsrail haqqında düşündüyümüzə görə üzr istəmək fikrində
deyilik. İsrail müsəlman dövlətləri arasında dostlarının dairəsini
genişləndirmək üçün yaranmış unikal tarixi imkandan istifadə edir və bu imkan
həmişə olmayacaqdır». Digər təşkilatın nümayəndəsi - «Amerika yəhudi
komitəsi»nin beynəlxalq məsələlər üzrə müavini Barri Jeykobs prosesə
İsrail-Türkiyə əlaqələri prizmasından nəzər salaraq, «Türkiyəni dəstəkləməyimiz
bizi Azərbaycan üzərinə gətirib çıxartdı» (3) fikrini bildirmişdir. XX əsrin
əvvəllərindən 1999-cu ilədək Azərbaycanın da daxil olduğu çar Rusiyası və
SSRİ-dən İsrailə 1 091 545 nəfər yəhudi köçmüşdür. (4) «Rus aliya»sı
adlandırılan bu köç sayına görə digər ölkələrdən olanlardan xeyli çoxdur. Bu
faktiki olaraq, bir ölkədən olan əhalinin kütləvi köçü demək idi. Nəzərə almaq
lazımdır ki, burada söhbət İsrail əhalisinin əhəmiyyətli hissəsini əhatə edən
sosial qrupdan gedir. Artıq 1991-ci ildə yeni gələnlər yəhudi əhalisinin 10%-ni
təşkil edirdisə, indi bu rəqəm 20%-ə çatmışdır.
Beləliklə, keçən əsrin 90-cı illərində İsrailə gələnlər ümumi dildə (rus)
danışan, eyni sosial-siyasi sistemdən olan, vahid normalar çərçivəsində təhsil
almış, ümumi və ya yaxın mədəni, sosial-fəlsəfi dəyərlərlə birləşmiş insanlar
idi. «İmmiqrasiya-1990» adlandırılan bu qrup özünün bütün xüsusiyyətləri ilə
İsraildə yeni icmanın formalaşması üçün bünövrə qoydu. İmmiqrasiyanın ilk
vaxtlarından təşkilatlanmış icma həyatının əlamətləri hiss olunurdu. Bu prosesdə
SSRİ-dən köçənlərin arasında çoxluq təşkil edən ziyalıların böyük rolu oldu.
Onlar keçmiş SSRİ-dən olan yəhudilərin sosial-mədəni inteqrasiya prosesinə
əhəmiyyətli dərəcədə təsir edirdilər.
90-cı illər ərzində İsrailə gələn immiqrantlar cəmiyyətdə böhran kütləsi kimi
çıxış edərək, keçmiş SSRİ-dən çıxanların adət-ənənələrini və həyat formasının
qorunmasını təmin edəcək ictimai, siyasi, biznes və mədəni elitalar yaratmaq
iqtidarındadır. 1989-cu ildən 1996-cı ilədək İsraildə bütün hakimiyyət
qollarında nümayəndələri, mətbuat orqanları, ictimai birlikləri olan rusdilli
icmalar yarandı. Həmin icma sübut etdi ki, o nəinki öz taleyini həll etmək
qabiliyyətinə malikdir və həmçinin çox hallarda onu qəbul edən cəmiyyətlə
münasibətlərə öz rəngini verə bilməsini də göstərdi.
Bu
icma Azərbaycanın İsrail cəmiyyətində tanınması və onun maraqlarının əks
olunmasında da əhəmiyyətli rol oynayır. Azərbaycandan gələn Avropa və dağ
yəhudilərinin də daxil olduğu rusdilli icmanı müəyyən mənada azərbaycanlı
diasporası kimi də qəbul etmək mümkündür. Belə ki, Azərbaycandan gələn
yəhudilərlə yanaşı, İsraildə qarışıq ailələrdən olanları və mənşəcə təmiz
azərbaycanlıları da həmin icmaya aid etmək olar.
Beləliklə, dünyanın 102 ölkəsindən olan yəhudi qruplarının üzvləri olduğu (5)
İsrail cəmiyyətində Azərbaycanın da təmsil olunduğunu söyləmək mümkündür. Həmin
icma üzvləri Azərbaycanda əxz etdikləri mədəni, ənənəvi özünəməxsusluqları ilə
rəngarəng İsrail cəmiyyətinə yeni çalarlar gətirmişdir. Müasir dövrdə Qarabağ
konflikti haqqında İsrail cəmiyyətinə düzgün informasiyaların ötürülməsində, bu
məsələdə Azərbaycanın maraqlarının gözlənilməsində həmin icma mühüm rol oynaya
bilər.
İstifadə olunmuş ədəbiyyat
1.
«Şəfəq»№41(7, 687) 31.12.1998.
2.
«Эхо» №36(528), 25.02.
2003,
3.
“The Washington - Post”. February 9. 1999.№ 48
4.
Семенченко.
Н.А.
«Иммиграция 1990-х годов в Израиль: некоторые осебенности». // «Восток» №3.
2002. стр. 97-103. (стр-97.)
5. Гольд М. Г. «Феномен Восточноевропейский элиты как фактор
межэтнических противоречий в государстве Израиль ». // «Восток». №3. 1998. стр.
62-78. (стр-68).
|