|
Новая страница 1
Rəna Baxışova
XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsində
maarifin vəziyyəti və onun inkişafına mane olan amillər
XIX əsrin sonlarına doğru Azərbaycanda baş verən canlanma yalnız sənaye və
təsərrüfat sahələri ilə məhdudlaşmayıb, mədəniyyət və maarif sahələrinə də
sirayət etdi. Lakin buna baxmayaraq, XX əsrin əvvəllərində əhalinin əksər
hissəsi savadsız idi. Savadsızlığın aradan qaldırılmasının əhəmiyyətli
səbəblərindən biri xalq maarifinə ayrılan xərcin cüzi miqdarda olması idi. Qeyd
etmək lazımdır ki, xalq maarifinə ayrılan maliyyə vəsaitinə görə Rusiya Avropa
dövlətləri arasında sonuncu yerlərdən birini tuturdu.
Çarizm qeyri-rus xalqların savadlanmasını xüsusilə təhlükəli hesab etdiyindən,
milli ucqarlarda maarifin inkişafına hər vəchlə mane olunurdu. Azərbaycan
maarifinə ayrılan xərcə nəzər yetirsək, hər adamın təhsil alması üçün 64 qəpiyin
ayrıldığını görərik. Bu da özlüyündə hər şeyi açıq-aşkar göstərir.
XIX əsrdə yaranan dövlət məktəbləri (ibtidai şəhər məktəbləri, gimnaziyalar,
realnı məktəblər) XX əsrin əvvəllərində də öz fəaliyyətini davam etdirirdi.
Lakin bu dövrdə müxtəlif tipli ibtidai məktəblərin sayı olduqca çox idi. Onlar
bir və ya ikisinifli məktəblər kimi fəaliyyət göstərirdilər. Orada şəriət,
qiraət, yazı, hesab dərsləri keçirilirdi. Təbiət, tarix, coğrafiya fənnləri
haqqında ancaq izahlı şəriət dərslərində məlumat verilirdi. O zaman Qarabağ
məktəblərini də özündə ümumiləşdirən Yelizavetpolda 1900-cü ildə 91 ibtidai
məktəbdə təhsil alan 6303 uşaqdan 1407-si azərbaycanlı idi. 1902-ci ildə bu
tipli məktəblərin sayı artmağa başladı.
Ümumi ibtidai məktəblərlə yanaşı Şuşada ibtidai sənət məktəbləri də
yaradılmışdır. Bu məktəblərdə ixtisaslı savadlı fəhlələr hazırlanırdı.
Orta və natamam orta məktəblərin sayı çox az idi. Bu orta məktəblərdən biri də
Şuşa şəhərində yerləşirdi. 1888-ci il nizamnaməsinə əsasən, orta təhsil hüququ
verən realnı məktəblər XX əsrin əvvəllərində Bakı və Şuşa şəhərlərində fəaliyyət
göstərirdi. Bu məktəblərdə müsəlman uşaqlarının sayı çox az idi. Belə ki,
1900-cü ildə 121, 1902-ci ildə 154, 1903-cü ildə isə 155 müsəlman uşağı təhsil
alırdı.
XX
əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən məktəblərdən biri də Mariya
gimnaziyaları idi. Bu gimnaziyalar qız progimnaziyası hüququnda idi. Gimnaziya
1900-cü ildə Şuşa şəhərində açılmışdır. Təhsil alan 305 qızın yalnız 5 nəfəri
azərbaycanlı idi.
Göstərilən məktəblərdə azərbaycanlı uşaqların azlığı təhsil sistemində əsasən
rus dilinin hökmranlığından irəli gəlirdi. Qafqaz təhsil dairəsinin 1903-cü il
məlumatında ibtidai məktəblərin yalnız 7.6 faizində rus dili ilə yanaşı ana
dilinin də tədris edildiyi göstərilir.
Belə bir şəraitdə savadsızlığı ləğv etmək, təhsili məcburi etmək, təlimdəki
geriliyi, köhnəliyi aradan qaldırmaq, tədris işlərini yaxşılaşdırmaq, təcrübə
mübadiləsi aparmaq vacib məsələyə çevrildi. Bu məsələlərin həlli üçün irəli
sürdükləri fikir və planların Qafqaz təhsil idarəsindən və digər səlahiyyətli
təşkilatlardan rədd cavabı ilə qarşılaşması Azərbaycan müəllimlərini bu məsələni
özləri həll etmək üçün qurultay keçirmək qərarını almağa vadar etdi. Müəllimlər
fikir və ideyalarını cəmləşdirərək, qurultayın keçirilməsi üçün layihələr
hazırlamağa başladılar. Qurultayın çağırılmasında Həsən bəy Zərdabinin, Nəriman
Nərimanovun, Abdulla Şaiqin, o cümlədən Qarabağlı müəllimlərdən Üzeyir
Hacıbəyovun, Fərhad Ağazadənin və digərlərinin böyük əməyi olmuşdur. Qurultayın
(1906) təsis edilməsi üçün xüsusi komissiyanın sədri N.Nərimanov, üzvləri isə
F.Ağazadə, H.Zərdabi, Ə.Cəfərzadə təyin olundular.
Qurultayın müsbət nəticə verməsinə can atan F.Ağazadə 3-cü iclasda “Kənd şkola
müəllimlərinin ehtiyacları” adlı məruzəsində müəllimlərin maaşını artırmaq,
mənzil şəraitini yaxşılaşdırmaq, çarizmin maarif sistemini ifşa etmək,
müəllimlərin ana dilini öyrənmək və mübarizəyə qoşulmaq, faydalı kitablar tapıb
oxumaq kimi fikirlərini geniş açıqladı və I qurultayda məktəblərdə ana dili
dərslərinə verilən saatları artırmaq, yeni mükəmməl proqramlarla fənnləri tədris
etmək, məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, məktəblilərin tətillərini
düzgün bölüşdürmək, vahid dərs bölgüsü və dərs cədvəlinə əməl edilməsi, ibtidai
təhsilin ümumi və məcburi olması, təlimdə yeni üsullardan istifadə edilməsi və
faydalı dərsliklərin hazırlanması qərara alındı.
I
qurultayın
nəticəsi olaraq, F.Ağazadə, M.Mahmudbəyov, S.S.Axundov və H.Məlikovdan ibarət
komissiya dövlət və canişin qarşısında bir neçə tələb qoydu: qurultay tərəfindən
işlənilmiş Azərbaycan dili proqramı təsdiq edilsin; Azərbaycan dili dərsi
azərbaycanlılar üçün əsas fənn hesab edilsin; ana dili dərsi qurultay tərəfindən
tərtib edilmiş tədris planına müvafiq olaraq artırılsın; tədris planındakı
fənnlər qurultay tərəfindən tərtib edilmiş proqram üzrə aparılsın; yerli
dərslərin aparılmasına nəzarət edə bilmək üçün müsəlman əhalisi çox olan
yerlərdə inspektorlardan biri müsəlman təyin edilsin; ana dilindən dərs deyən
müəllimlərin hüquqları başqa müəllimlərin hüquqları ilə bərabər tutulsun;
müsəlman uşaqlarının məktəblərə daxil olmasının norması iki dəfə artırılsın;
şəhər və kənd məktəblərində sənət verən şöbələr açılsın; Zaqafqaziya Müəllimlər
Seminariyasının tatar şöbəsi müsəlman mərkəzlərindən birinə keçirilsin; həmin
şöbə müəllimlər seminariyasına çevrilsin; həmin seminariyada Azərbaycan dili
əsas fənn kimi tədris edilsin; hər bir şəhərdə qız rus-tatar məktəbi açılsın;
müsəlman müəllimlər üçün pedaqoji kurslar təşkil edilsin.
I
qurultayda bütün müəllimlərin iştirak edə bilmədiyini nəzərə alan yuxarıda
adları göstərilən təsisçilər II qurultayın keçirilməsi zərurətini irəli
sürdülər. II qurultayda (1907) təlim-tərbiyə işlərinin qoyuluşu və
təkmilləşdirilməsi, Qafqaz müsəlmanları arasında qadın təhsilinin vəziyyətini
yaxşılaşdırmaq, müəllimlərin sayını çoxaltmaq və onların maddi vəziyyətini
yaxşılaşdırmaq, ərəb əlifbasının qüsurlarını aradan qaldırmaq, doğma Azərbaycan
dilini ədəbi dil əsasında saflaşdırmaq, dərsliklər və onların
təkmilləşdirilməsi, ana dilinin tədris metodunu seçmək, sənət təhsili, hüsnxətt,
musiqi və nəğməni ana dilində tədris etməyin ümumi yollarını işləmək kimi
məsələlərin həll edilməsi nəzərdə tutulmuşdu.
F.Ağazadə qurultayın planını bu şəkildə tərtib etmişdir: qurultayın məqsədi;
qurultayın tərkibi; qurultayın məşğələsi (bu 12 bənddən ibarət idi)
Bütün bunlarla kifayətlənməyən qarabağlı mücahid A.Əfəndiyev S.S.Axundovla birgə
“Əlifba” kitabının layihəsini işləyib hazırladı, həmçinin qurultayda ana dilinin
kontekstinə ərəb əlifbasının çətinliyini əyani surətdə nümayiş etdirdi.
I
və II Azərbaycan müəllimlər qurultayının qərarları bir neçə bəndi çıxmaq şərti
ilə həyata keçirilmədi, lakin məktəb və maarifin inkişafında mühüm rol oynadı.
Birinci rus inqilabı illərində çar hökuməti ictimai siyasi həyatın başqa
sahələrində olduğu kimi, maarif sahəsində də bəzii güzəştlərə getməyə məcbur
oldu. Məktəblərin sayı bir qədər artırıldı, ibtidai məktəblərdə dərslərin ana
dilində aparılmasına, birsinifli məktəblərin üçillik əvəzinə dördillik olmasına
icazə verildi. Lakin 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra
irtica maarif və mədəniyyət sahəsindən də yan keçmədi. Azərbaycanda bir sıra
məktəblər bağlandı, mütərəqqi fikirli müəllimlər təqib edildi. Məktəbdə rus
dilinin əvvəlki hakim mövqeyi bərpa olundu.
Dövlət məktəblərində təhsil rus dilində olduğundan, Azərbaycan dilində təlim
aparılmırdı. Dünyəvi təhsil verən dövlət məktəblərində şəriət tədris planında
ilk fənn idi. Belə məktəblərin məqsədi müxtəlif dövlət idarələrində çara xidmət
edən məmurlar yetişdirmək idi.
1908-1909-cu illərdən başlayaraq dini təhsil istiqamətli məktəblər
genişləndirilsə də, bu məktəblərin bir qisminin fəaliyyəti uzun sürmədi.
1910-1914-cü illərdə yeni inqilabi yüksəlişlə əlaqədar olaraq, məktəblərin sayı
1902-ci illə müqayisədə 4 dəfə artdı. Ticarət, sənət məktəbləri, texniki,
dəmiryolu məktəbləri tək-tək olsa da, peşə təhsilinin bünövrəsini qoydu. XX
əsrin əvvəlləri üçün xarakterik olan yeni məktəb ideyası məktəb işi təşkilinin,
təlimin məzmunu və metodlarının yeniləşdirilməsini irəli sürdü. Çar hökuməti
müstəmləkə ucqarlarında mütləqiyyətə sadiq məmurlar hazırlanması, həmçinin
birinci rus inqilabının təsiri altında oyanmış xalqların milli-mənəvi
tələbatının cüzi də olsa ödənilməsi zəruriyyəti ilə qarşılaşaraq, maarifin
sonrakı inkişafına ciddi müqavimət göstərə bilmədi.
1914-1915-ci dərs ilində 15 orta və 18 natamam orta təhsil müəssisəsinin
fəaliyyət göstərdiyi şəhərlər siyahısına Şuşa şəhəri də daxildir. Ümumtəhsil
məktəblərində azərbaycanlı şagirdlərin sayı nisbətən az idi.
Dünyəvi məktəblərlə yanaşı, dini təhsil müəssisələri – mollaxana və mədrəsələr,
provaslav və erməni-qriqorian, lüteran, katolik kilsə məktəbləri fəaliyyət
göstərirdi.
Birinci Dünya Müharibəsi illərində və çarizm devrildikdən sonra Zaqafqaziyada
yaranmış ictimai-siyasi sabitsizlik şəraitində bütün başqa sahələr kimi maarif
sahəsi də geriləməyə başladı.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra milli məktəb quruculuğuna
başlandı. Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi bu işə güclü təkan
verdi.
1918-ci ilin avqustunda Gəncə, Şuşa, Cavanşir, Zəngəzur, Cəbrayıl qəzalarının
maarif orqanlarında işləyən yüksək vəzifəli erməni və rus məmurları milli
kadrlarla əvəz edildi.
Avqustun 28-də xalq maarifinin milliləşdirilməsi haqqında qanun qəbul olundu.
Mövcud məktəblərin çoxu milliləşdirildi. Azərbaycan dilinin tədrisi bütün məktəb
proqramlarına daxil edildi. Hətta tədris rus dilində olan məktəblərdə də
Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. Lakin milli
kadrların çatışmaması üzündən bir çox hallarda tədris ana dili əvəzinə rus
dilində aparılırdı. Ona görə də ilk tədbir olaraq Gəncə, Şəki və Şuşa
şəhərlərində milli məktəblərin aşağı sinifləri üçün 200 müəllim hazırlayan
qısamüddətli kurslar təşkil edildi.
1919-cu ilin yayında milli müəllim kadrları hazırlamaq üçün Bakı, Gəncə, Şəki,
Şuşa, Qazax, Salyan, Qusar və Zaqatalada xüsusi pedaqoji kurslar təşkil edildi,
savadsızlığın ləğvi üçün bir sıra addımlar atıldı. 1919-cu ildə Bakı, Şəki,
Şuşa, Qazax və Zaqatalada yaşlılar üçün Azərbaycan dilində axşam kursları
açıldı.
|